AQTA Samux rayonunda fitosanitar monitorinqlər keçirib


Paylaşılıb 13.08.2020 12:08


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində fitosanitar vəziyyətin müəyyənləşdirilib qiymətləndirilməsi məqsədilə fitosanitar müşahidələri davam etdirir.

Agentliyin fitosanitar müfəttişləri bu dəfə Samux rayonu, Sarıqamış kənd ərazisində yerləşən bostan sahəsində monitorinq keçiriblər. Monitorinq zamanı təsərrüfat sahiblərinə aqrokimyəvi maddələrdən istifadə qaydaları ilə bağlı maarifləndirici məlumatlar verilib. Torpağın aqrokimyəvi analizi aparılmadan ammonium nitrat gübrəsinin normadan artıq verilməsinin bitkilərdə, xüsusilə qarpız və yemişdə nitrat və nitritin qalıq miqdarının yığılmasına səbəb olduğu diqqətə çatdırılıb. Bunun da insan orqanizmində bəzi fəsadlara gətirib çıxara biləcəyi vurğulanıb.

Təsərrüfat sahiblərinə aqrokimyəvi maddələrdən istifadə qaydaları ilə bağlı bir sıra tövsiyələr verilib. Məhsullardan götürülmüş nümunələr analiz üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib.