“Caspian Energy Club” AQTA sədrinin müavininin iştirakı ilə ONLAYN B2G FORUM təşkil edib


Paylaşılıb 15.09.2020 14:32


“Caspian Energy Club”un Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Rəşad Mafusov ilə birgə təşkil etdiyi ənənəvi Online B2G Forum çərçivəsində COVID-19 koronavirus pandemiyası dövründə yerli və xarici şirkətlərin rəhbər və nümayəndələrinin sual və təklifləri müzakirə olunub.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən son illərdə aparılan geniş sosial-iqtisadi islahatlar çərçivəsində digər sahələrdə olduğu kimi qida təhlükəsizliyi sahəsində də çox ciddi institusional və sistemli islahatlar həyata keçirilir”, - deyə Rəşad Mafusov 2018-2020 ci illərdə görülən işlər və həyata keçirilən layihələr haqqında forum iştirakçılarına ətraflı məlumat verib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Rəşad Mafusov çıxışında bildirib: “Agentlik fəaliyyətə başladığı ilk gündən sahibkarlarla, o cümlədən müvafiq sahə üzrə assosiasiyalar, ictimai birliklər və vətəndaş cəmiyyəti təşkilatları ilə sıx əməkdaşlıq əlaqələri qurub, qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi işində ictimai iştirakçılığı təmin edib.

2020-ci ilin ilk 6 ayı ərzində sahibkarların yeni qida təhlükəsizliyi sistemi barədə məlumatlandırılması, sahibkarlarla tərəfdaşlıq prinsipi əsasında əməkdaşlığın qurulması, o cümlədən pandemiya ilə əlaqədar Operativ Qərargahın və agentliyin tətbiq etdiyi yeni qaydalarla bağlı maarifləndirilməsi məqsədilə onları təmsil edən bir sıra biznes assosiasiyalarla, ticarət palataları ilə birlikdə 26 tədbir təşkil edilib, 3000-dən çox sahibkarla görüşlər keçirilib.

COVID-19 virusu ilə mübarizə tədbirləri çərçivəsində 2020-ci ilin altı ayı ərzində qida təhlükəsizliyi qeydiyyatında olan topdan və pərakəndə satış obyektlərində, ictimai iaşə obyektlərində, eləcə də digər qida zənciri mərhələlərini təmsil edən obyektlərdə maarifləndirici görüşlər keçirilib, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın müəyyən etdiyi tövsiyələr, eləcə də agentliyin hazırladığı metodiki göstərişlərlə bağlı posterlər, buklet və broşürlər paylanılıb. Görüşlərdə sahibkarların maarifləndirilməsi, karantin dövrü çərçivəsində tətbiq edilən iş rejimləri və məhdudiyyətlərlə bağlı fəaliyyətin təşkili ilə bağlı tövsiyələr verilib. Keçirilən görüşlər sahibkarlara göstərilən xidmətlərin daha effektiv təşkil olunmasına və onların qaldırdıqları məsələlərin agentliyin fəaliyyətində nəzərə alınmasına imkan verilib. Yerli sahibkarlarla yanaşı, xarici sahibkarlarla da agentlik arasında əməkdaşlıq əlaqələri qurulub. Belə ki, 2019-2020 ci illər ərzində ölkəmizə heyvan mənşəli məhsul ixrac etmək istəyən 50 dən artıq xarici müəssisə agentlik tərəfindən qiymətləndirilib, sözügedən müəssisələrin ölkəmizə məhsul ixracı üçün lazımi tədbirlər görülüb.

Bununla yanaşı, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən təlim, tədris, dəyirmi masalar, elmi konfranslar, “Codex alimentarius” komissiyası üzrə işçi qruplar və s. birliklər sahibkarların iştirakı ilə tətbiq edilib və uğurlu nəticə əldə olunub. Hazırda AQTİ-də sahibkarların iştirakı ilə müxtəlif sahələr üzrə “Qida biznes klubu”nun təsis edilməsi nəzərdə tutulub. Fürsətdən istifadə edib bu forumdan da sahibkarlarımızı çağırış etmək istəyirəm ki, təsis etdiyimiz biznes kluba üzv olsunlar və agentliyin təqdim etdiyi xidmətlərdən faydalansınlar, agentliyin fəaliyyətinin təkmilləşdirilməsində aktiv iştirak etsinlər.”

“Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev açıq və səmimi dialoqa görə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Rəşad Mafusova minnətdarlığını bildirib.

Telman Əliyev təşəbbüsü dəstəkləməyi, “Caspian Energy Club” ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi arasında daimi işçi qrupunun fəaliyyətini daha da gücləndirməyi xahiş edib.

İkitərəfli işçi qrupu biznes nümayəndələri ilə dövlət qurumları arasında dialoqu lazımi səviyyədə saxlamağa, eləcə də “Caspian Energy Club”un üzvü olan şirkətlərin top-menecerlərindən daxil olan sual və təkliflərə operativ cavab verməyə imkan verir.

Təxminən 2 saat davam edən Online B2G Forum şirkətlərin rəhbərlərinə onları narahat edən sualların əksəriyyətinə cavab almaqlarına imkan yaradıb.

Telman Əliyevin sözlərinə görə, sıralarında dünyanın 50 ölkəsindən 5 000 artıq şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. “Caspian Energy Club”un mənzil-qərargahı Bakıda yerləşir, Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.