AQTİ laboratoriyaları “Balda keyfiyyət göstəriciləri” üzrə səriştəlilik test proqramında yüksək nəticə göstərib


Paylaşılıb 18.09.2020 15:30



Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən Milli Referens Laboratoriyasında bal və arıçılıq məhsullarında keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə orqanoleptik, reduksiyaedici şəkər, suyun kütlə payı, diastaza ədədi, qlükoza, fruktoza, saxarozanın ayrı-ayrılıqda kütlə payı, qlükoza və fruktoza cəmi, elektrik keçiriciliyinin səviyyəsi, hidroksimetilfurfurolun miqdarı (HMF), hidroksimetilfurfurolun keyfiyyət analizi, mexaniki qarışıqlar, qıcqırma əlaməti, sərbəst turşuluq, eyni zamanda təhlükəsizlik göstəricilərindən ağır metallar, radionuklidlər, pestisid qalıqları, antibiotik qalıqları və digər sınaqlar həyata keçirilir.

Sınaqlar ən müasir cihaz və avadanlıqlarla Amerika Kimyaçılar Birliyi Assosiasiyası (AOAC) metodları əsasında aparılır. Belə ki, balda 200 adda pestisid qalığı və 18 adda antibiotik qalığı İkiqat Kütlə Spektrometrli Maye Xromotoqrafı cihazı (LC-MSMS) vasitəsilə təyin edilir. Balın keyfiyyət göstəriciləri olan saxaroza, fruktoza və qlükozanın təyini Randox cihazı ilə həyata keçirilir. Bu cihaz nəticələrin daha qısa zamanda əldə edilməsinə imkan verir. Laboratoriyada saxarozanı spekrtofotometrik metodla da təyin etmək mümkündür.

Sınaq metodlarının düzgünlüyünü və sınaq nəticələrinin etibarlılığını təmin etmək üçün laboratoriyada tətbiq edilən metodlar validasiya edilmiş, həmçinin müayinə zamanı istiifadə edilən sınaq və ölçü vasitələri metroloji baxışdan keçirilmişdir. Cari ildə laboratoriya bal məhsullarında müayinə parametrləri üzrə Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditə olunmuşdur. Hazırda Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Milli Referens Laboratoriyasında balda keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə beynəlxalq akkreditasiyanın alınması üçün Beynəlxalq Akkreditasiya Qurumuna müraciət edilmişdir.

Qeyd etmək lazımdır ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları mütəmadi olaraq personalın səriştəliliyinin artırılması məqsədilə təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik (Proficiency test) sınaqlarında iştirak edir.

Belə ki, cari ilin mart ayında İnstitutun nəzdində fəaliyyət göstərən Milli Referens Laboratoriyası 45-dən çox xarici laboratoriyaların da iştirakçısı olduğu İngiltərənin FAPAS şirkətinin “Balda keyfiyyət göstəriciləri” üzrə təşkil etdiyi səriştəlilik test proqramında (Proficiency test) “Nəmlik, qlükoza, fruktoza, saxaroza, sərbəst turşuluq, HMF və diastaza ədədi” parametrləri üzrə iştirak etmiş və ən yüksək nəticə göstərən laboratoriyalar sırasında yer almışdır.