Qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyatı və dövlət reyestrinin aparılması qaydaları
Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlər «Yeyinti məhsulları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən qida təhlükəsizliyi qeydiyyatına alınır. Qeydiyyata alınmış subyektlər “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestri”nə daxil edilir və həmin subyektlərə reyestrdən çıxarış təqdim olunur.
Subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli 303 nömrəli qərarı ilə tənzimlənir.
Subyektlər qeydiyyat üçün Agentliyə və ya Agentliyin “ASAN xidmət” mərkəzlərində, kiçik və orta biznes evlərində və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində fəaliyyət göstərən nümayəndəsinə forması bu Qaydaların 1 nömrəli əlavəsində göstərilən ərizə ilə müraciət etməlidirlər. Bununla yanaşı, müraciət ərizələri Agentliyin e-afsa.gov.az elektron xidmətlər portalı vasitəsi ilə elektron qaydada tərtib edilərək avtomatlaşdırılmış rejimdə də təqdim oluna bilər.
Ərizəyə aşağıdaki sənədlər əlavə olunur:
- ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin (VÖEN) surəti;
- hüquqi şəxsin dövlət reyestrindən çıxarışının sürəti;
- ərizəçinin nümayəndəsi müraciət etdikdə onun səlahiyyətlərini təsdiq edən sənəd;
- ərizədə qeyd olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və icarə müqaviləsinin notarial qaydada təsdiq edilmiş surəti;
- ərizəçi idxalçı və ya xarici təsərrüfat subyekti olduqda ixracatçı ölkənin səlahiyyətlli orqanı tərəfindən subketin (onun obyektinin) qeydiyyata alınmasını təsdiq edən və məhsulun təhlükəsizliyini xarakterizə edən müvafiq sertifikatın (mövcud olduqda) notariat qaydada təsdiq edilmiş surəti;
Müraciət ərizəsi əsasında Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan qiymətləndirmə və ekspertiza nəticələrinə uyğun olaraq subyektin qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair qərar qebul edildiyi halda “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş dövlət rüsumu ödənildikdən sonra subyekt “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestri”nə daxil edilir və həmin subyektə “Lisenziya və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ərizənin qeydiyyata alındığı tarixdən etibarən 7 iş günü ərzində dövlət reyestrindən çıxarış təqdim olunur.