AQTA tərəfindən həyata keçirilən “Sağlam məktəbli” layihəsinin ilkin mərhələsi başa çatıb
Posted on 26.12.2018 00:00



Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin maarifləndirmə tədbirləri çərçivəsində həyata keçirdiyi “Sağlam məktəbli” layihəsinin ilkin mərhələsi yekunlaşıb. AQTA əməkdaşları layihə çərçivəsində dekabrın 26-da Nizami rayonu 10 nömrəli orta məktəbdə olublar. Tədbirdə Agentlik mütəxəssisləri “Qida etiketləri”, “Məktəblinin sağlam qidalanması”, “Qida zəhərlənmələri” ilə bağlı təqdimatlarla çıxış ediblər.
Qeyd edək ki, layihə cari ilin oktyabr-dekabr aylarında Bakı şəhərində fəaliyyət göstərən 9 ümumtəhsil müəssəsində həyata keçirilib. Ümumilikdə 3000-dən artıq müəllim-şagird kollektivi layihəyə cəlb olunub. Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun peşəkar mütəxəssisləri bu sahədə şagirdləri maraqlandıran nəzəri və praktiki təqdimatlarla çıxış ediblər. Bundan başqa Agentlik tərəfindən hazırlanan maarifləndirici video-çarxlar və materiallar şagirdlərə təqdim olunub, onların qida təhlükəsizliyi ilə bağlı sualları mütəxəssislər tərəfindən cavablandırılıb.
Xatırladaq ki, “Sağlam məktəbli” layihəsi Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, AQTA-nın Bakı Şəhəri İdarəsi və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşlarının iştirakı ilə həyata keçirilib. Məqsəd məktəblilər arasında qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması olub. “Sağlam məktəbli” layihəsinin 2019-cu ildə yeni formatda və daha geniş auditoriyanı cəlb etməklə respublikanın digər regionlarında da həyata keçirilməsi nəzərdə tutulub.