Heyvan mənşəli məhsulların daşınması zamanı temperatur və qablaşdırma tələblərinə riayət olunmalıdır
4 Avqust 2025 16:15
Heyvan mənşəli məhsulların (o cümlədən ət, süd və digərləri, habelə emal yolu ilə onlardan alınan məhsullar) dövriyyəsinə nəzarət “Baytarlıq haqqında” və “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası qanunları və digər hüquqi normativ aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 sentyabr 2006-cı il 209 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq, istehsal və emal müəssisələrində istehsal edilən məhsulun hər bir partiyasına ( bir sutka və ya istehsal növbəsi ərzində istehsal edilmiş məhsula) onun baytarlıq normalarına cavab verməsini təsdiq edən və məhsulun sahibinə həmin məhsulun satışına icazə verən ekspertiza aktı tərtib edilir. Ekspertiza aktı dövri hesabat sənədi kimi müəssisədə saxlanılır. Ekspertiza aktının verilməsinə görə “Dövlət rüsumu haqqında” Qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.
Heyvanların və heyvan mənşəli məhsulların ölkə daxilində daşınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2009-cu il tarixli 66 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət baytarlıq nəzarətində olan məhsullara, o cümlədən idxal və ixrac edilən yüklərə dövlət baytarlıq nəzarətinin təşkili, dövlət baytarlıq nəzarətində olan yüklərin Azərbaycan Respublikasına gətirilməsi və ölkə daxilində daşınması Qaydaları”na uyğun olaraq həyata keçirilir. Qaydalara görə, yükün daşındığı hər bir nəqliyyat vasitəsinə şəhər (rayon) ərazisində daşınma üçün baytarlıq arayışı, ölkə ərazisində (bir şəhərdən və ya rayondan digərinə) daşınma üçün isə baytarlıq şəhadətnaməsi verilir.
Baytarlıq arayışının verilməsi üçün hər hansı ödəniş tələb olunmur. Baytarlıq şəhadətnaməsinin verilməsinə görə isə “Dövlət rüsumu haqqında” Qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilməlidir.
Baytarlıq arayışında və şəhadətnaməsində göstərilən məlumatlar ekspertiza aktında qeyd edilmiş məlumatlara uyğun olmalı, daşınan məhsulun miqdarı baytarlıq sənədləri və ekspertiza aktında göstərilmiş miqdardan artıq olmamalıdır.
Baytarlıq sənədində göstərilən istehsal tarixi ilə daşınan məhsulun istehsal tarixi uyğun olmalıdır. İstifadə müddəti bitmiş və ya geriyə qaytarılan məhsullar yeni məhsullarla eyni nəqliyyat vasitələrində daşınmamalıdır.
Baytarlıq arayışı və şəhadətnaməsi Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi vasitəsilə onlayn rejimdə, sahibkarın müraciəti əsasında tərtib edilir. Sahibkar öz şəxsi kabinetindən müraciət etməklə sözügedən sənədləri əldə edə bilər.
Bildiririk ki, heyvan mənşəli məhsulların istehsalı, emalı və satışı ilə məşğul olan sahibkarlar bu məhsulların daşınması zamanı temperatur və qablaşdırma tələblərinə riayət olunmasına görə məsuliyyət daşıyırlar.
Oxşar xəbərlər
AQTİ-də “Qida subyektlərinə dair gigiyena tələbləri” mövzusunda təlim keçirilib
AQTİ mütəxəssisləri tərəfindən növbəti təlim “Qida subyektlərinə dair gigiyena tələbləri” mövzusunda təşkil olunub. Təlim iştirakçılarına “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu və bu qanundan irəli gələn tələblər haqqında ətraflı məlumat verilib. Qida subyektlərinin nümayəndələri müəssisələrdə qida məhsullarının qəbulu, emalı, saxlanması, daşınması zamanı gigiyena qaydalarının tətbiqi, eləcə də təhlükəli amillər, çirklənmə növləri və digər məsələlər barədə məlumatlandırılıb. İnteraktiv formada təşkil edilən təlimin sonunda bəhs olunan mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların mövzu ilə bağlı bilik səviyyəsi qiymətləndirilib. Qiymətləndirmənin nəticəsinə uyğun olaraq iştirakçılara sertifikatlar təqdim ediləcək.
“Gəncə Təndiri"ndə keçirilən yoxlama zamanı nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Ağsu şəhəri, S.Vurğun küçəsində fəaliyyət göstərən “Gəncə Təndiri” ictimai iaşə obyektində yoxlama aparılıb. Yoxlama zamanı ictimai iaşə obyektində sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən edilib. Belə ki, obyektin ümumi sanitar vəziyyətinin qənaətbəxş olmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, həmçinin döşəmə və divar səthlərinin asan təmizlənən, dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, qida ilə təmasda olan səthlərin təmirsiz vəziyyətdə olduğu və digər nöqsanlar müəyyən edilib. Nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati tədbir görülüb.
Azərbaycan Dabaq Xəstəliklərinə Nəzarət üzrə Avropa Komissiyasına üzv seçilib
Azərbaycan Dabaq Xəstəliklərinə Nəzarət üzrə Avropa Komissiyasına (EuFMD) üzv seçilib. Üzvlük çərçivəsində ölkəmiz dabaq xəstəliyinə və oxşar transsərhəd heyvan xəstəliklərə qarşı hazırlığın və nəzarətin gücləndirilməsində Komissiya ilə sıx əməkdaşlıq edəcək. Azərbaycan EuFMD proqramı vasitəsilə təklif olunan geniş texniki dəstək və imkanlardan faydalanacaq. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri iki il ərzində təlim proqramlarında iştirak edəcəklər. Qeyd edək ki, üzv ölkələr dabaq və oxşar transsərhəd heyvan xəstəliklərinə nəzarət ilə bağlı bütün məsələlər üzrə texniki məsləhətlər ala biləcək, fövqəladə hallar zamanı yardım, o cümlədən böhranların koordinasiyası və cavab tədbirlərində dəstək göstəriləcək.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş