Quş qripi xəstəliyi ilə bağlı bəzi ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb
29 Noyabr 2024 11:47

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Nepal Federativ Demokratik Respublikasının Şərq, Qandaki, Madheş əyalətlərində, Kanadanın Manitoba, Nyu-Brunsvik, Şahzadə Eduard Adası, Nyufaundlend-Labrador əyalətlərində, Şotlandiyanın Şetland, Eilean-Siar, Pert və Kinross, Anqus, Damfris-Qalloyey, Şərqi Ayrşir, Fafe, Haylənd, Na-h-Elanan-Şiar inzibati ərazi vahidlərində, İngiltərənin Şərqi İngiltərə, Cənub-Şərqi İngiltərə, Qərbi Midland, Şimal-Qərbi İngiltərə, Şimal-Şərqi İngiltərə regionlarında, İtaliya Respublikasının Toskana regionunda, Uelsin Anqlesey, Pouis inzibati ərazi vahidlərində, Amerika Birləşmiş Ştatlarının Kolorado, Florida, Minnesota ştatlarında qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan inzibati ərazi vahidlərində WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub.
Bununla əlaqədar, respublika ərazisinin həmin yoluxucu xəstəlikdən qorunması məqsədilə adıçəkilən ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Oxşar xəbərlər

AQTA əməkdaşları arasında Ümumdünya Qida Təhlükəsizliyi Gününə həsr olunmuş minifutbol turniri keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları arasında Ümumdünya Qida Təhlükəsizliyi Gününə həsr olunmuş minifutbol turnirinin final mərhələsi keçirilib. Əvvəlcə 3-cü yer uğrunda “Qazax-Tovuz RB” və “AQTİ B” komandaları mübarizə aparıb. “Qazax-Tovuz RB” 3-1 hesabı ilə qalib gələrək turnirin bürünc medalını qazanıb. Final oyununda isə “Bakı RB A” ilə “AQTİ A” komandaları üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən qarşılaşma “Bakı RB A”nın 3-2 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, “Bakı RB A” komandası turnirin qalibi olaraq qızıl, “AQTİ A” isə gümüş medala layiq görülüb. Turnirin sonunda rəsmi mükafatlandırma mərasimi keçirilib. Yarışda yer tutan komandalara medal və diplomlar təqdim olunub. Agentliyin rəhbərliyi çempionatda iştirak edən bütün komandaları təbrik edib, belə idman tədbirlərinin əməkdaşlar arasında həmrəylik və sağlam rəqabət mühitinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb. Qeyd edək ki, Agentliyin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən turnirin əsas məqsədi işçilər arasında sağlam həyat tərzinin təşviqi, bədən tərbiyəsi və idmanın əhəmiyyətinin təbliği, eləcə də əməkdaşların asudə vaxtlarının səmərəli şəkildə təşkil olunması və əməkdaşlar arasında sağlam rəqabət mühitinin yaradılması olub.

Azərbaycandan Çinə quş əti məhsullarının ixracı imkanları müzakirə edilib
Ölkəmizdən Çin Xalq Respublikasına quş əti və quş əti məhsullarının ixracı ilə bağlı müvafiq tədbirlər davam etdirilir. Hazırda bu çərçivədə AQTA ilə Çinin Baş Gömrük Administrasiyası arasında müvafiq işlər görülməkdədir Eyni zamanda, Çinə həmin məhsulların ixracını həyata keçirmək istəyən quş əti istehsalçıları ilə görüş keçirilib və bu ölkənin idxal tələbləri barədə ətraflı məlumatlar verilib.

AQTA əməkdaşı EPPO-nun tədbirində iştirak edib
Özbəkistanın paytaxtı Daşkənddə Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatının (EPPO) Bitki Mühafizə Vasitələri üzrə İşçi Qrupunun 55-ci iclası keçirilib. Tədbirdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı Cavidan Quliyev iştirak edib. İclasda pestisidlərin effektivliyinin qiymətləndirilməsi, beynəlxalq standartların yenilənməsi, preparatların istifadəsi zamanı insan sağlamlığı və ətraf mühitin qorunması məsələləri müzakirə olunub, gələcək əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib. Tədbirdə “Azərbaycanda pestisidlərin qeydiyyatı və dövriyyəsinə nəzarət” mövzusunda təqdimatlar olunub.
