Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
Qoşqar İlahi oğlu Təhməzli

Qoşqar İlahi oğlu Təhməzli
(Sədr)

Qoşqar İlahi oğlu Təhməzli 29 may 1970-ci ildə Zəngilan rayonunda anadan olub. 1977-1987-ci illərdə Nəsimi rayonu 5 saylı orta məktəbdə təhsil alıb. 1988-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Sanitariya və gigiyena fakültəsinə daxil olub, 1994-cü ildə isə İnstitutu həkim-gigiyenist ixtisası üzrə bitirib. Həmin il Qərb Universitetinin Ümumbəşər Siyasət və İqtisadiyyat fakültəsinə daxil olub, 1996-cı ildə oranı “Siyasi Elmlər Bakalavrı” dərəcəsi ilə bitirib.

Tibb elmləri üzrə fəlsəfə doktorudur. Elmi iş: "Qida məhsulları üzərində sanitar-parazitoloji monitorinqin təşkilinin və həyata keçirilməsinin epidemioloji effektivliyi".

Q. Təhməzli Azərbaycanda səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə "Tərəqqi” medalı, Azərbaycan Republikasının Prezidenti cənab İlham Əliyevin 27 may 2019-cu il tarixli 1205 nömrəli Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunub.

1994-cü ildə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Bakı Şəhər Gigiyena və Epidemiologiya Mərkəzində həkim-interna vəzifəsində əmək fəaliyyətinə başlayıb və 1995-1997-ci illərdə Gigiyena və Epidemiologiya Mərkəzində həkim, 1997-2004-cü illərdə qidalanma şöbəsinin müdiri, 2004-2005-ci illərdə “Nəbz” Tibb Mərkəzinin baş direktoru, 2008-2016-cı illərdə isə “Medeks” MMC-də baş direktor vəzifələrində çalışıb.

Müxtəlif tibbi layihələr həyata keçirən Q. Təhməzli ölkə hüdudlarından kənarda da geniş fəaliyyət göstərmişdir. 2012-ci ildə isə Avropa Biznes Assambleyasının Vyana şəhərində keçirilən təqdimat mərasimində tibb, kosmetologiya və laboratoriyalar nominasiyasında “Ən yaxşı top-menecer” adına layiq görülüb.

1992-ci ildə Azərbaycan Respublikasının azadlığı və ərazi bütövlüyünün müdafiəsi uğrunda Qarabağda gedən döyüşlərdə fəal iştirak etmiş, “Müharibə veteranı” statusuna layiq görülmüşdür.

25 dekabr 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri vəzifəsinə təyin edilib.

Ailəlidir, 3 övladı var.

Balarəhim Mirzəağa oğlu Quliyev

Balarəhim Mirzəağa oğlu Quliyev
(Sədr müavini)

Balarəhim Mirzəağa oğlu Quliyev 25 dekabr 1967-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsilini Qidalanma Gigiyenası üzrə sanitariya həkimi ixtisası istiqamətində Azərbaycan Dövlət Tibb Universitetində alıb.

1992-2005-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Gigiyena və Epidemiologiya Mərkəzində Qida gigiyenası həkimi vəzifəsində çalışıb. 2005-2010-cu illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 2010-2014-cü illərdə özəl tibb şirkətində biznesin inkişafı üzrə menecer və direktor müavini vəzifəsində çalışıb. 2014-2015-ci ilin aprel ayınadək Suraxanı Tibbi Bərpa Mərkəzində direktor işləyib.

2015-ci ilin aprel ayından 2018-ci ilədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində rəis müavini vəzifəsində çalışıb.

21 yanvar 2018-ci il tarixindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Təftiş və dövlət nəzarəti şöbəsinin müdiri vəzifəsində çalışıb.

9 iyul 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini vəzifəsinə təyin edilib.

Dövlət Qulluğunun kiçik müşaviridir.

Ailəlidir, 1 övladı var.

Zəkiyyə Müslüm qızı Mustafayeva

Zəkiyyə Müslüm qızı Mustafayeva
(Sədr müavini)

Zəkiyyə Müslüm qızı Mustafayeva 27 dekabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsilini pediatriya ixtisası üzrə 1986-1992-ci illərdə Azərbaycan Tibb Universitetində alıb. Təhsilini 2006-2009-cu illərdə Xəzər Universitetində biznesin təşkili və idarəedilməsi (səhiyyə sahəsində) ixtisası üzrə davam etdirib.

1992-2006-cı illərdə dövlət və özəl tibb müəssisələrində, 2007-2010-cu illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Səhiyyə sektorunda islahatlar” layihəsində müxtəlif vəzifələrdə fəaliyyət göstərib.

2010-2019-cu illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Aparat rəhbəri, 2019-2020-ci illərdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 23 iyul 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini vəzifəsinə təyin edilib.

Səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə 2013-cü ildə Azərbaycan Respublikasının Səhiyyə naziri tərəfindən “Səhiyyə əlaçısı” döş nişanı, 2016-cı ildə isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Dövlət qulluğunun baş müşaviridir.

Rus və ingilis dillərini bilir.

Ailəlidir, 2 övladı var.

Əziz Əşrəf oğlu Şərifov

Əziz Əşrəf oğlu Şərifov
(Sədr müavini)

Əziz Əşrəf oğlu Şərifov 9 sentyabr 1969-cu ildə Füzuli rayonunda  anadan olub. 1986-cı ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun ucot-iqtisad fakültəsinə daxil olub, 1993-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətinin təhlili  ixtisası üzrə bitirib. 1988-1990-cı illərdə Sovet Ordusu sıralarında (Moskva şəh.) hərbi xidmət keçib.

İqtisad elmləri üzrə fəlsəfə doktorudur. Elmi iş: “Müasir şəraitdə vergi münasibətlərinin təkmilləşdirilməsi problemləri”.

Ə.Şərifov "Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin işçilərinin təltif edilməsi haqqında" Azəbaycan Respublikası Prezidentinin 13.06.2019-cu il  tarixli 1245 saylı Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Azərbaycan Respublikasının Hesablama Palatasında müxtəlif vəzifələrdə çalışıb. 4 iyun 2018-ci il tarixdən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Maliyyə və təminat şöbəsinın müdiri vəzifəsinə təyin olunub.

12 aprel 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin  Sərəncamı ilə  Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini vəzifəsinə təyin edilib.

Ailəlidir, 2 övladı var.

Məmmədrəhim Tahir oğlu Nəcəfov

Məmmədrəhim Tahir oğlu Nəcəfov
(Aparat rəhbəri)

Məmmədrəhim Tahir oğlu Nəcəfov 14 oktyabr 1991-ci ildə Bakı şəhərində anadan olub. 2011-2015-ci illərdə Seulda yerləşən Koreya Universitetində bakalavr (biznesin idarəedilməsi) təhsili alıb. 2020-2022-ci illərdə İtaliyanın Roma şəhərində yerləşən Sapienza Universitetinin Hüquq və İqtisadiyyat bölməsində təhsil alaraq magistr dərəcəsi alıb. 2015-ci ildə BMT-nin Rezident Əlaqələndirici ofisində təcrübə proqramında iştirak edib. 2023-cü ildə ADA və Bolonya Universitetinin birgə təşkil etdiyi Kənd Təsərrüfatı və Qida Sistemlərinin İdarə Edilməsi - Birgə Sertifikat Proqramında iştirak edib. Əmək fəaliyyətini 2015-2018-ci illərdə Azərbaycan, Türkiyə və Cənubi Koreyada tibb sektorunda fəaliyyət göstərən şirkətlərdə davam etdirib. 2018-2024-cü illərdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin rəis müavini, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun sədrinin müşaviri və Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müşaviri olaraq əmək fəaliyyətini davam etdirib. 24 oktyabr 2024-cü il tarixdən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri vəzifəsinə təyin edilib.

İngilis, rus, türk və koreya dillərini bilir. 

Ailəlidir, 1 övladı var.