Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Qırmızı Körpü” Qida Təhlükəsizliyinə Nəzarət Məntəqəsində həyata keçirdiyi nəzarət tədbirləri zamanı 23,6 ton dondurulmuş hind quşu ətində uyğunsuzluqlar aşkarlanıb. ABŞ-nin “LAMEX FOODS INC.” şirkətinin istehsalı olan və “Universal-SVS” MMC tərəfindən idxalı nəzərdə tutulan məhsulun daşınması zamanı temperatur rejiminin pozulduğu, korlanma əlamətlərinin olduğu, qan yığıntılarının və axıntılarının mövcudluğu, həmçinin orqanoleptik göstəricilərinin tələblərə uyğun olmadığı müəyyən edilib. Aşkar edilmiş uyğunsuzluqlar nəzərə alınaraq məhsulun məhv edilməsi barədə qərar qəbul olunaraq, 23,6 ton hind quşu əti müvafiq qaydada məhv edilib. Beləliklə, Azərbaycan–Gürcüstan dövlət sərhədində yerləşən “Qırmızı Körpü” Qida Təhlükəsizliyinə Nəzarət Məntəqəsində həyata keçirilən nəzarət tədbirləri nəticəsində qida təhlükəsizliyi tələblərinə cavab verməyən məhsulun ölkə ərazisinə idxalının qarşısı alınıb. Daha ətraflı:
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Ukraynadan idxal olunan kərə tərkibli spred yağı məhsulunda uyğunsuzluq aşkarlanıb. Belə ki, “Qədiroğlu” MMC tərəfindən idxal edilən, Ukraynanın “Ratnovskiy molokozavod” MMC-də istehsal olunan "Lyuks Golden Ratne 81,5%, 5 kq" əmtəə nişanlı (25.08.2026 - 25.08.2027-ci il istehsal və son istifadə tarixli) kərə tərkibli spred yağı məhsulundan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Müayinələr zamanı məhsul partiyasında uyğunsuzluq aşkar edilib. Faktla bağlı məhsul partiyasının dövriyyəsinin dayandırılması və geri çağırılması barədə qərar qəbul olunub. Eyni zamanda, istehsalçı müəssisədən ixracın müvəqqəti məhdudlaşdırılması və sertifikatlaşdırmanın dayandırılması ilə bağlı Ukraynanın müvafiq qurumuna bildiriş göndərilib. Xatırladaq ki, bundan öncə Ukraynadan idxal olunan “Renet” müəssisəsinin istehsalı olan yağ məhsulunda da uyğunsuzluq (3-monoxlorpropan1,2-diol (3-MCPD)) aşkarlandığı üçün Ukraynanın Ərzaq Təhlükəsizliyi və İstehlakçıların Müdafiəsi üzrə Dövlət Xidmətinə müvəqqəti məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair (ixracın dayandırılması) müraciət ünvanlanıb.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nəzarət tədbirləri çərçivəsində “Nord Star Pharma” MMC tərəfindən Rusiyadan idxal olunan “Biokor” istehsal müəssisəsinə məxsus “Qlisin Вiоkоr” əmtəə nişanlı bioloji aktiv qida məhsulundan (istehsal və son istifadə tarixi: 15.06.2026-15.06.2029) nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Sınaq nəticələrinə əsasən, bəyan olunmuş tərkibdə uyğunsuzluq aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilib, ümumi çəkisi 216 kq olan 10 000 qutu məhsul partiyası məhv edilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı "Spektra-Vet" MMC-nin respublikamıza idxal etdiyi baytarlıq preparatlarının sınaq nəticələrində uyğunsuzluq aşkarlanıb. Belə ki, Çin Xalq Respublikasından idxal edilən “Farmazin Tylo” əmtəə nişanlı baytarlıq preparatı məhsul partiyasından götürülmüş nümunələrdə pH göstəricisinin normativ texniki tələblərə cavab vermədiyi müəyyən edilib. Uyğunsuzluqla əlaqədar qanunvericiliyə müvafiq qərar qəbul edilərək, 5010 ədəd 50 ml-lik, 3006 ədəd 100 ml-lik məhsul məhv edilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Payız ixrac mövsümü ilə əlaqədar Azərbaycanın xurma, nar, üzüm və digər bitkiçilik məhsullarının ixracı davam edir. İxrac edilən bitkiçilik məhsullarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə məhsul partiyalarına fitosanitar karantin baxışı keçirilir, müvafiq analizlərin aparılması üçün nümunələr götürülür və eynilik nəzarəti həyata keçirilir. Məhsul partiyalarının idxalçı ölkələrin, eləcə də beynəlxalq standartların tələblərinə uyğunluğu yoxlanılır. Müəyyən edilmiş tələblərə cavab verən məhsul partiyalarına fitosanitar sertifikat verilir və onların ixracına icazə verilir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi idxal və ixrac əməliyyatlarının daha çevik, şəffaf və sahibkarlar üçün əlçatan şəkildə həyata keçirilməsi məqsədilə göstərilən xidmətləri tam elektronlaşdırıb. Daha ətraflı:
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) idxal və ixrac əməliyyatlarının daha çevik, şəffaf və sahibkarlar üçün əlçatan şəkildə həyata keçirilməsi məqsədilə göstərilən xidmətləri tam elektronlaşdırıb. Elektron xidmətlər vasitəsilə idxal və ixrac əməliyyatları üzrə müraciətlərin qəbulu, tələb olunan sənədlərin təqdim edilməsi, müraciətlərin icra vəziyyətinin izlənilməsi və nəticələr barədə məlumatlandırma tam rəqəmsal mühitdə həyata keçirilir. Beləliklə, sahibkarlar müvafiq xidmətlərdən məsafədən istifadə etmək imkanı əldə edib, sənədləşmə prosesi isə daha sadə və operativ olub. Elektron xidmətlərin istifadəyə verilməsi ilə müraciətin qəbulundan yekun qərarın rəsmiləşdirilməsinədək bütün mərhələlərin sistem üzərindən izlənilməsi təmin edilib. Dövlət rüsumları və laborator xidmət haqları elektron qaydada ödənilir, sertifikatlaşdırma prosesləri isə rəqəmsal mühitdə aparılır. Bu yanaşma təmasları minimuma endirir, subyektiv müdaxilə imkanlarına yol vermir və qərarların qəbulunda şəffaflığı artırır. Sistem idxal və ixrac olunan məhsullara nəzarətin risk əsaslı yanaşma üzrə təşkilinə də imkan verir. Məhsulun növü və mənşə ölkəsi, istehsalçı və ixracatçı müəssisə, əvvəlki nəzarət və laborator müayinələrin nəticələri, aşkar edilmiş uyğunsuzluqlar və digər risk göstəriciləri elektron qaydada təhlil olunur. Bunun əsasında nəzarət tədbirləri daha dəqiq və məqsədyönlü planlaşdırılır. Elektron xidmətlərin tətbiqi sahəsində AQTA tərəfindən idxal və ixrac əməliyyatlarının icra müddətinin qısaldılmasına, inzibati prosedurların sadələşdirilməsinə və sahibkarlar üçün bərabər xidmət mühitinin yaradılmasına şərait yaradır. Eyni zamanda, qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətin səmərəliliyi artırılır. Qeyd edək ki, AQTA elektron xidmətlərin funksional imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir və bu elektron tətbiq idxal və ixrac əməliyyatlarında çevikliyin və şəffaflığın artırılması, sahibkarlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addımdır.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə İran İslam Respublikasının Kənd Təsərrüfatı-Cihad Nazirliyinin nümayəndələri arasında onlayn formatda görüş keçirilib. Görüş zamanı bitki və heyvan sağlamlığı, baytarlıq və fitosanitar nəzarətə aid olan məhsulların idxalı və ixracı ilə bağlı məsələlər müzakirə edilib. Həmçinin transsərhəd heyvan xəstəliklərinin qarşısının alınması və birgə mübarizə tədbirlərinin həyata keçirilməsi, qarşılıqlı ticarət və tranzit zamanı fitosanitar nəzarətin gücləndirilməsi, eləcə də bu sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
AQTA tərəfindən aparılan nəzarət tədbirləri çərçivəsində ölkəyə idxal olunan yağ məhsulu partiyalarında uyğunsuzluqlar aşkar edilib.
Azərbaycan fındığının Çin Xalq Respublikasına (ÇXR) ixracının genişləndirilməsi istiqamətində növbəti mühüm nəticə əldə olunub. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə ÇXR-in Baş Gömrük Administrasiyası (GACC) arasında fındıq və badamın ixracına dair Protokol layihəsinin imzalanmasından sonra Çin tərəfinin müəyyən etdiyi tələblərin yerinə yetirilməsi istiqamətində müvafiq tədbirlər davam etdirilib.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bildirir ki, Çin Xalq Respublikasına (ÇXR) qida və içki məhsulları ixrac edən xarici istehsalçı müəssisələrin qeydiyyatı ÇXR-in Baş Gömrük İdarəsi (GACC) tərəfindən idarə olunan CIFER (China Import Food Enterprise Registration) elektron sistemi vasitəsilə həyata keçirilir. CIFER Çinə idxal olunan qida məhsullarının təhlükəsizliyinin və izləniləbilənliyinin təmin edilməsi, xarici istehsalçı müəssisələr barədə məlumatların vahid reyestrdə toplanması, habelə onların ÇXR qanunvericiliyinin tələblərinə uyğunluğuna nəzarətin həyata keçirilməsi məqsədilə yaradılıb.
Giriş