Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu


Əsasnamə


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında

ƏSASNAMƏ

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra – Agentlik) qida təhlükəsizliyi sahəsinə, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləməni, qida təhlükəsizliyi sahəsində qeydiyyatı və təsdiqi, idxal sağlamlıq aktının, sağlamlıq, fitosanitar və baytarlıq sertifikatlarının verilməsini, qida zəncirinin bütün mərhələlərində qida və yem məhsullarının, qida məhsulları ilə təmasda olan material və məmulatların təhlükəsizliyinə, qida məhsullarının minimum keyfiyyətinə, həmçinin qida və yem məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının müdafiəsi sahələrində (bundan sonra – müvafiq sahə) dövlət nəzarətini, habelə dövlət siyasətini və tənzimləməni həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

1.2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

1.3. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Agentliyin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, kargüzarlıq xidmətinin gerbsiz möhürü, müvafiq ştampları və blankları vardır.

1.5. Agentliyin saxlanması xərcləri və fəaliyyəti, habelə maddi-texniki təminatı Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunla nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.

1.6. Agentlik Bakı şəhərində yerləşir.

2. Agentliyin fəaliyyət istiqamətləri

2.0. Agentlik aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

2.0.1. müvafiq sahədə vahid dövlət siyasətinin hazırlanmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;

2.0.2. müvafiq sahədə dövlət tənzimləməsini, dövlət nəzarətini və əlaqələndirməni həyata keçirir;

2.0.3. müvafiq sahədə normayaratma fəaliyyətini, o cümlədən qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların (sanitariya-gigiyena, baytarlıq, fitosanitar norma və qaydalarının) hazırlanmasını və qəbulunu həyata keçirir;

2.0.4. qida təhlükəsizliyi sahəsində qeydiyyatı, texniki normativ hüquqi aktların tələblərinə uyğunluq qiymətləndirilməklə təsdiqi həyata keçirir və Qida Təhlükəsizliyi Reyestrini aparır;

2.0.5. qida və yem məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə riayət edilməsinə dövlət nəzarətini həyata keçirir; 

2.0.6. idxal sağlamlıq aktı, sağlamlıq, baytarlıq və fitosanitar sertifikatları verir; 

2.0.7. müvafiq sahənin inkişafını təmin edir.

3. Agentliyin vəzifələri

3.0. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Agentliyin vəzifələri aşağıdakılardır:

3.0.1. müvafiq sahədə mövcud vəziyyəti təhlil etmək, dövlət tənzimləməsi və nəzarəti sisteminin təkmilləşdirilməsi barədə təkliflər hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

3.0.2. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn vəzifələri yerinə yetirmək;

3.0.2-1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu halda, Azərbaycan Respublikasının xarici ticarət tərəfdaşı olan ölkənin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarının Azərbaycan Respublikasında tətbiq edilən eyni texniki normativ hüquqi aktlara ekvivalentliyini tanımaq;

3.0.3. aidiyyəti dövlət orqanları ilə birlikdə müvafiq sahənin inkişafı üzrə prioritetləri müəyyən etmək, dövlət proqramlarının və inkişaf konsepsiyalarının hazırlanmasını və həyata keçirilməsini təmin etmək;

3.0.4. digər icra hakimiyyəti orqanlarının müvafiq sahə ilə bağlı fəaliyyətini əlaqələndirmək;

3.0.5. fəaliyyət istiqamətləri ilə bağlı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini təmin etmək;

3.0.5-1. müvafiq sahə üzrə beynəlxalq təşkilatların tövsiyələrinin öz fəaliyyətində nəzərə almaq;

3.0.6. müvafiq sahədə risklərin təhlilini, o cümlədən risk qiymətləndirilməsini, risklərin idarə edilməsini və risklər haqqında məlumatlandırmanı həyata keçirmək;

3.0.7. qida zənciri obyektlərinin (subyektlərinin), habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlərin, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 25.1-ci maddəsində müəyyən edilmiş məhsulların qeydiyyatını, qida zənciri obyektlərinin təsdiqini həyata keçirmək və Qida Təhlükəsizliyi Reyestrini aparmaq, idxal sağlamlıq aktını, sağlamlıq, baytarlıq və fitosanitar sertifikatlarını vermək;

3.0.8. gömrük orqanları ilə birlikdə dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilmiş yüklər (mallar, məhsullar) üzərində baytarlıq, fitosanitar və qida təhlükəsizliyi nəzarəti ilə bağlı tədbirləri həyata keçirmək;

3.0.9. qanunla müəyyən edilmiş hallarda və qaydada müvafiq sahədə yoxlamalar aparmaq və digər dövlət nəzarəti tədbirlərini həyata keçirmək, bu sahədə aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması və (və ya) məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarlar qəbul etmək (göstərişlər vermək);

3.0.10. bu Əsasnamənin 3.0.9-cu yarımbəndində nəzərdə tutulan qanun pozuntularının aradan qaldırılması ilə bağlı verilmiş qərarlar (göstərişlər) yerinə yetirilmədikdə, onların məcburi icrası məqsədi ilə məhkəməyə müraciət etmək;

3.0.11. Qanuna əsasən, müəyyən edilmiş tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların geri çağırılması, yığışdırılması, Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, utilizasiyası, məhv edilməsi və birbaşa təyinatı üzrə təkrar dövriyyəyə buraxılması barədə qərar qəbul etmək;

3.0.11-1. xüsusi təhlükəli heyvan xəstəlikləri baş verdikdə qoruyucu karantin, xüsusi baytarlıq tədbirlərinin və digər tədbirlərin həyata keçirilməsi qaydalarını müəyyənləşdirmək, baş vermiş xəstəliyin yayılma təhlükəsi olan zonalarda qanunla müəyyən edilmiş hallarda və qaydada məhdudiyyət və xəbərdarlıq təyinatlı tədbirlər görmək, heyvanların kəsilməsi və ya məhv edilməsi, heyvan mənşəli xammalın, baytarlıq preparatlarının, yem məhsullarının və yem əlavələrinin zərərsizləşdirilməsi və ya utilizasiya edilməsi haqqında icrası məcburi olan göstərişlər vermək; 

3.0.11-2. fitosanitar nəzarətində olan karantin obyektlərində və bitki karantini nəzarətində olan materiallarda zərərli orqanizmləri vaxtında aşkarlayaraq materialları təcrid etmək, məhsulun tədqiqi nəticəsində təhlükəliliyi sübut edilmiş bitki, bitkiçilik məhsulları, pestisidlər, bioloji preparatlar, aqrokimyəvi maddələr və digər bitki mühafizə vasitələrinin götürülməsi, saxlanması, zərərsizləşdirilməsi, təkrar emal və ya məhv edilməsi üçün müvafiq tədbirlər görmək;

3.0.11-3. qanuna əsasən elan olunmuş böhran vəziyyətinin idarə edilməsinə dair aidiyyəti dövlət orqanlarının (qurumlarının) iştirakı ilə plan hazırlamaq, qabaqlayıcı, məhdudlaşdırıcı və qadağanedici tədbirlər həyata keçirmək, habelə qida təhlükəsizliyi riskləri üzrə erkən xəbərdarlıq sistemləri yaratmaq;

3.0.12. səlahiyyətlərinə aid edilmiş inzibati xətalar haqqında işlərə baxmaq və inzibati tənbeh tədbirləri tətbiq etmək;

3.0.13. qida zəncirinin müvafiq mərhələlərində işləyən şəxslərin işə qəbul olunmazdan əvvəl və işlədikləri müddət ərzində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə birlikdə müəyyən edilmiş qaydada və müddətdə məcburi tibbi müayinədən keçmələrinə, habelə gigiyenik təlimlərə cəlb olunmalarına nəzarət etmək; 

3.0.14. qida zəncirinin müvafiq mərhələlərində işləyən və çalışdıqları istehsalatın və ya gördükləri işin xüsusiyyətləri ilə əlaqədar olaraq yoluxucu və parazitar xəstəlikləri yaymaq təhlükəsi yaradan şəxslərin, habelə sanitariya norma və qaydalarını, gigiyena normativlərini müntəzəm yerinə yetirməyən şəxslərin işdən kənarlaşdırılmasını tələb etmək;

3.0.14-1. qida zənciri obyektlərində dezinfeksiya, dezinseksiya, deratizasiya, fumiqasiya işlərinə, həmçinin baytarlıq, fitosanitar və qida təhlükəsizliyi ilə bağlı digər tədbirlərin həyata keçirilməsinə nəzarət etmək;

3.0.14-2. ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək;

3.0.15. aidiyyəti dövlət orqanları ilə birlikdə rasional fizioloji normaların hazırlanmasında iştirak etmək;

3.0.15-1. tabeliyindəki qurumun elmi əsaslandırılmış təklifləri əsasında qida məhsullarının zənginləşdirilməsi (fortifikasiya olunması) ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət etmək;

3.0.16. qida təhlükəsizliyi ilə bağlı dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə aparılan, bu Əsasnamənin 3.0.9-cu yarımbəndində nəzərdə tutulan yoxlama tədbirləri zamanı qanunla müəyyən olunmuş hallarda və qaydada məhsulun tədqiqi (sınağı), qida məhsullarının minimum keyfiyyət, qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi üçün məhsul nümunələrinin götürülməsi barədə qərar qəbul etmək, tabeliyindəki akkreditasiya olunmuş laboratoriyalarda həmin nümunələrin vahid metodika əsasında qiymətləndirilməsini təmin etmək, aşkarlanmış pozuntuların aradan qaldırılması üçün göstərişlər vermək və qanunla nəzərdə tutulmuş digər tədbirlər görmək; 

3.0.17. qida və yem məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə, o cümlədən müvafiq sahədə ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydalarına riayət olunmasına dövlət nəzarətini həyata keçirmək, bu sahədə qanun pozuntularının qarşısının alınması və pozuntuya yol vermiş şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə tədbirlər görmək; 

3.0.18. qida və yem məhsullarının təhlükəsizliyinə dair tələblər barədə istehlakçıların tam, dəqiq və ən yeni informasiya ilə təmin edilməsi məqsədilə tədbirlər görmək, o cümlədən qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların istifadəçilər üçün açıq reyestrini aparmaq;

3.0.19. qida və yem məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının və qanuni mənafelərinin pozulmasına gətirib çıxaran və ya gətirib çıxara bilən hərəkətlərin qarşısının alınması üçün tədbirlər hazırlamaq və həyata keçirmək; 

3.0.20. qida məhsullarının saxlanması və ya satışı zamanı mal qonşuluğunun və satılmış malların dəyişdirilməsi və ya geri çağırılması qaydalarının pozulmasına qarşı tədbirlər görmək;

3.0.21. təhlükəli və kütləvi zəhərlənməyə (xəstəliklərə) səbəb olmuş, habelə bu cür hallara səbəb ola biləcəyinə əsaslı sübutlar olan, ölkədə istehsal edilən və ya ölkəyə idxal edilmiş qida məhsullarının dövriyyədən çıxarılması və qida təhlükəsizliyi baxımından yaranmış fövqəladə vəziyyətin aradan qaldırılması ilə bağlı aidiyyəti dövlət orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər görmək;

3.0.22. qida məhsullarının təhlükəsizliyi baxımından əhali arasında baş vermiş qida zəhərlənmələri hallarını təhlil etmək, habelə onların yayılmasının qarşısının alınmasına və aradan qaldırılmasına yönəldilmiş tədbirlər görmək; 

3.0.23. qanunla müəyyən olunmuş hallarda və qaydada ölkəyə idxal edilən qida və yem məhsullarının istehsal və emal edildiyi qida zənciri obyektlərini təsdiq etmək, idxal olunan qida və yem məhsullarına, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlara idxal sağlamlıq aktı vermək, qida və yem məhsullarının ixracı ilə bağlı idxalçı ölkələr tələb etdiyi halda sağlamlıq sertifikatı vermək;

3.0.23-1. qanuna uyğun olaraq qida və yem məhsullarının istehsal və emal edildiyi qida zənciri obyektlərinin təsdiqi ilə bağlı xarici ölkələrin təsdiq sisteminin ekvivalentliyini tanımaq;

3.0.24. fəaliyyət istiqamətləri üzrə aparılan araşdırmalar, monitorinqlər, yoxlamalar, ekspertizalar və onların nəticələri ilə bağlı görülən işlərə dair məlumatları təhlil etmək və vahid informasiya bankı yaratmaq;

3.0.25. aidiyyəti dövlət orqanları ilə birlikdə qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların sınağı üçün laboratoriya sisteminin inkişafı ilə bağlı təkliflər vermək; 

3.0.26. qida və yem məhsullarının keyfiyyətinə dair standartların və texniki şərtlərin layihələrinə qanunla müəyyən olunmuş qaydada rəy verilməsi üçün “bir pəncərə” prinsipinin tətbiqi ilə bağlı tədbirlər görmək, habelə belə layihələrə rəy vermək; 

3.0.27. aidiyyəti dövlət orqanları ilə birlikdə müvafiq sahədə sahibkarlığın inkişafı ilə bağlı tədbirlərin və sahibkarlığa dövlət dəstəyi sahəsində dövlət tənzimləməsinin həyata keçirilməsi üçün tədbirlər görmək;

3.0.28. qida və yem məhsulları istehlakçılarının, habelə qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarların qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi, iqtisadi və hüquqi informasiya ilə təmin edilməsi üçün aidiyyəti dövlət orqanları ilə birlikdə tədbirlər görmək, sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə beynəlxalq təcrübənin tətbiqini təmin etmək, sahibkarların rəqabət qabiliyyətinin artırılması istiqamətində təkliflər hazırlamaq; 

3.0.29. genetik modifikasiya olunmuş orqanizmlərin, qida və yem məhsullarının qanunsuz dövriyyəsinə qarşı qanunda nəzərdə tutulmuş tədbirlər görmək;

3.0.30. genetik modifikasiya olunmuş, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış orqanizmlərin və tərkibində bu orqanizmlərin özü və ya materialı olan qida məhsullarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq, habelə onların aşkarlanması və bu məhsullardan yarana biləcək təhlükənin təyin edilməsi ilə bağlı aidiyyəti dövlət orqanları ilə birlikdə tədbirlər görmək; 

3.0.31. ölkəyə idxal olunan qida və yem məhsullarının ölkənin gömrük sərhədindən keçirilərkən genetik modifikasiyaya məruz qalıb-qalmadığını, o cümlədən qanuna uyğun olaraq genetik modifikasiya olunmuş orqanizmlər və yem məhsullarının qeydiyyatının olub-olmamasını yoxlamaq; 

3.0.32. qida zənciri subyektlərindən məhsulların izlənilməsi ilə bağlı sənədləri, habelə malik olduğu izləmə sistemi və prosedurları haqqında məlumatları tələb etmək;

3.0.33. sağlam və rasional qidalanmanı təşviq etmək;

3.0.33-1. qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi üçün nəzərdə tutulan tikinti obyektlərinin tikintisi və yenidən qurulmasına dair layihələrə rəy vermək; 

3.0.33-2. qanunla müəyyən edilmiş qaydada əhalini insan və heyvanlar üçün ümumi olan xəstəliklərdən qorumaq;

3.0.33-3. Azərbaycan Respublikasının ərazisini xarici ölkələrdən keçə biləcək yoluxucu xəstəliklərdən qorumaq üçün tədbirlər görmək;

3.0.33-4. heyvan, heyvandarlıq məhsulları və xammal sahibləri tərəfindən Azərbaycan Respublikasının baytarlıq qanunvericiliyinə əməl edilməsinə nəzarət etmək;

3.0.33-5. baytarlıq preparatlarının, vitaminlərin, yem əlavələrinin, habelə malqaranın boy artımını sürətləndirən və məhsuldarlığını yüksəldən bioloji stimulyatorların və hormonların təhlükəsizliyinə, istehsalına, saxlanmasına, heyvandarlıqda və baytarlıqda tətbiqinə, dövriyyəsinə qanunla müəyyən edilmiş qaydada nəzarəti həyata keçirmək;

3.0.33-6. epizootiya əleyhinə tədbirlər planı hazırlamaq və təsdiq etmək;

3.0.33-7. beynəlxalq ticarətdə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OİE) və digər beynəlxalq təşkilatların tələblərinə uyğun öhdəliklərə və qaydalara əməl edilməsi üçün tədbirlər görmək;

3.0.33-8. mülkiyyət formasından asılı olmayaraq, hüquqi və fiziki şəxslərə baytarlıq xidmətlərin göstərilməsinə nəzarət etmək;

3.0.33-9. dövlət büdcəsi və qanunla qadağan edilməyən digər mənbələr hesabına alınmış baytarlıq və fitosanitariya preparatlarının saxlanmasına, daşınmasına, dövriyyəsinə, istifadəsinə və keyfiyyətinə nəzarət etmək;

3.0.33-10. baytarlıq sahəsində uçot və hesabat aparılmasını təmin etmək, həmçinin heyvanların karantin xəstəliklərinin statistik uçotunu aparmaq;

3.0.33-11. bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin sınağını və qeydiyyatını təşkil etmək və həyata keçirmək;

3.0.33-12. ölkədə fitosanitar vəziyyəti araşdırmaq və bitki mühafizəsi tədbirlərini həyata keçirmək;

3.0.33-13. karantin obyekti olan bitki zərərvericilərinin, xəstəlik törədicilərinin və alaq bitkilərinin Azərbaycan Respublikasının ərazisinə daxil olmasına nəzarət etmək;

3.0.33-14. Azərbaycan Respublikasının ərazisində karantin tətbiq edilən zərərli orqanizmlərin mövcudluğu təsdiq edildikdə, onlarla mübarizə aparmaq məqsədilə həmin ərazidə karantin elan olunması barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təklif vermək;

3.0.33-15. pestisidlərin, bioloji preparatların, aqrokimyəvi maddələrin və digər bitki mühafizə vasitələrinin istehsalına, saxlanmasına, satışına, tətbiqinə, idxalına və ixracına, həmçinin bütün növ bitkiçilik məhsullarında, yem məhsullarında və torpaqda qalıq miqdarına nəzarət etmək; 

3.0.33-16. Azərbaycan Respublikasına gətirilmiş və ölkədən aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışı keçirmək və laboratoriya ekspertizasını aparmaq;

3.0.33-17. pestisidlərin, bioloji preparatların, aqrokimyəvi maddələrin və digər bitki mühafizə vasitələrinin idxalı, ixracı, istehsalı, saxlanması, satışı və tətbiqi ilə məşğul olan hüquqi və fiziki şəxslərin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən alınmış məlumata əsasən uçotunu aparmaq;

3.0.33-18. pestisidlərin, aqrokimyəvi maddələrin, bioloji və digər preparatların dövlət sınağını, qeydiyyatını aparmaq və istifadəsinə icazə verilmiş preparatların siyahısını hazırlamaq;

3.0.33-19. baytarlıq preparatlarının aprobasiyasını, ekspertizasını, sınaqdan keçirilməsini, dövlət qeydiyyatına alınmasını və dövlət reyestrinin aparılmasını, həmçinin aprobasiyasına dair rəy verilməsini təmin etmək;

3.0.33-20. bioloji aktiv qida məhsullarının emalına, dövriyyəsinə, utilizasiyasına və məhv edilməsinə nəzarət etmək;

3.0.33-21. qida və yem məhsullarının qablaşdırılması və etiketlənməsi zamanı texniki reqlamentlərdə və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarda nəzərdə tutulan tələblərin yerinə yetirilməsinə nəzarət etmək;

3.0.33-22. mikroorqanizm və parazitar xəstəliklər törədiciləri ştammlarının Milli Kolleksiyada saxlanılmasına razılıq vermək;

3.0.34. tabeliyindəki qurum vasitəsilə qida və yem məhsullarına dair beynəlxalq standartların könüllü tətbiqi üzrə məsləhət və təlim, qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların təhlükəsizliyi və qida məhsullarının minimum keyfiyyət göstəriciləri üzrə laboratoriya tədqiqi (sınağı), ekspertiza və tədqiqat (ölçmə) xidmətləri göstərmək, habelə laboratoriyalar arası müqayisəli və səriştəlilik sınaqlarının təşkili və sınaq metodlarının tətbiqi ilə bağlı əlaqələndirmənin təmin edilməsi məqsədilə istinad (referens) laboratoriyası funksiyalarını həyata keçirmək;

3.0.35. fəaliyyət istiqamətləri ilə bağlı insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək, onların pozulmasının qarşısını almaq;

3.0.36. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, fəaliyyət istiqamətləri ilə bağlı elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək, istehsalatda tətbiqi üzrə tövsiyələr hazırlamaq, habelə müvafiq sahədə sahibkarlar tərəfindən qabaqcıl beynəlxalq idarəetmə sistemlərinin tətbiqini təşviq etmək; 

3.0.37. fəaliyyət istiqamətləri ilə bağlı ayrılan büdcə vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.0.38. Agentliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki digər qurumların öz vəzifələrini yerinə yetirmək üçün istifadə etdikləri məqsədli büdcə vəsaitinin və digər vəsaitlərin xərclər smetalarını təsdiq etmək və onlardan təyinatı üzrə istifadəyə nəzarəti təmin etmək;

3.0.39. dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;

3.0.40. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.0.41. fəaliyyət istiqamətləri üzrə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;

3.0.42. Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görmək;

3.0.43. Agentliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki digər qurumların işini əlaqələndirmək və onların fəaliyyətinə nəzarəti həyata keçirmək;

3.0.44. Agentliyin fəaliyyət istiqamətləri və vəzifələri dairəsində elmi tədqiqatlar aparılmasını təşkil etmək;

3.0.45. Agentliyin fəaliyyəti ilə bağlı daxil olan ərizə, şikayət və təkliflərə baxmaq və müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.0.46. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

4. Agentliyin hüquqları

4.0. Agentliyin öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqları vardır:

4.0.1. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;

4.0.2. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;

4.0.3. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.0.4. fəaliyyət istiqamətləri üzrə rəy vermək, təhlillər, ümumiləşdirmələr, monitorinqlər və tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq;

4.0.5. müstəqil ekspertləri və mütəxəssisləri, məsləhətçi şirkətləri, elmi təşkilatları müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

4.0.6. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövri mətbu orqan təsis etmək, xüsusi bülletenlər və digər çap məhsulları buraxmaq;

4.0.7. fəaliyyət istiqamətləri ilə bağlı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin icrasına nəzarət etmək və həmin müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsi üçün tədbirlər görmək;

4.0.8. fəaliyyət istiqamətləri üzrə aidiyyəti dövlət orqanlarına təkliflər vermək;

4.0.9. beynəlxalq tədbirlərin, o cümlədən forumların, konfransların, sərgilərin və digər tədbirlərin işində iştirak etmək və belə tədbirlərin ölkədə və xaricdə keçirilməsini təşkil etmək;

4.0.10. istifadəsində olan dövlət əmlakına dair hüquqları həyata keçirmək;

4.0.11. fəaliyyət istiqamətləri üzrə xarici dövlətlərin təcrübəsini öyrənmək, beynəlxalq və xarici əməkdaşlığı həyata keçirmək, xarici dövlətlərin aidiyyəti orqanları və digər qurumları ilə, beynəlxalq təşkilatlarla, xarici hüquqi və digər şəxslərlə əməkdaşlığı təşkil etmək və həyata keçirmək, danışıqlar aparmaq və ya danışıqlarda iştirak etmək, beynəlxalq müqavilələrin layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək;

4.0.12. müvafiq sahədə dövlət nəzarətini həyata keçirmək məqsədi ilə tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq hüquqi və fiziki şəxslərin qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların ilkin istehsal, istehsal, emal, dövriyyə, məhv edilmə və utilizasiya üçün nəzərdə tutulmuş müvafiq sahələrinə daxil olmaq, nəzarət sahəsinə aid məlumat və sənədləri almaq, satılan və ya satılması nəzərdə tutulan qida və yem məhsullarının müayinəsini həyata keçirmək; 

4.0.13. müvafiq sahədə elmi-texniki, iqtisadi və normativ hüquqi məlumat bazalarını yaratmaq, məsləhət xidmətləri göstərilməsini təşkil etmək;

4.0.14. müvafiq sahədə islahatların aparılmasına dair təkliflər vermək;

4.0.15. müvafiq sahədə əldə olunmuş müsbət təcrübəni öyrənmək və geniş yaymaq məqsədi ilə lazımi tədbirlər görmək, məlumatlar vermək;

4.0.16. vəzifə və hüquqlarının həyata keçirilməsi ilə bağlı məhkəməyə iddia (ərizə) ilə müraciət etmək və öz adından məhkəmədə iştirak etmək;

4.0.17. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

5. Agentliyin fəaliyyətinin təşkili

5.1. Agentliyin Aparatı, onun strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki digər qurumlar (hüquqi şəxslər, təşkilatlar və sair), habelə Naxçıvan Muxtar Respublikasının aidiyyəti icra hakimiyyəti orqanı Agentliyin vahid sistemini təşkil edir. Agentlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.

5.2. Agentliyin strukturunu, Agentliyin Aparatının və strukturuna daxil olan qurumların işçilərinin ümumi say tərkibini Azərbaycan Respublikasının Prezidenti müəyyən edir. Agentliyin strukturuna daxil olmayan tabeliyindəki digər qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.

5.3. Agentliyin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Agentliyin sədri (bundan sonra – sədr) rəhbərlik edir. Sədr Agentliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.4. Sədrin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən üç müavini vardır. Sədrin müavinləri sədrin onlara həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar. 

5.5. Sədr:

5.5.1. Agentliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.5.2. müavinləri arasında vəzifə bölgüsü aparır, onların, habelə Agentliyin digər vəzifəli şəxslərinin ştat, kadr, maliyyə, təsərrüfat və digər məsələlər üzrə səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir;

5.5.3. Agentliyin Aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların (əsasnamələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumlar istisna olmaqla) və Elmi-Texniki Şurasının əsasnamələrinin təsdiqi barədə, həmçinin bu Əsasnamənin 5.11-ci bəndində Agentliyin kollegiyasının səlahiyyətlərinə aid edilməmiş məsələlər barədə normativ hüquqi aktları qərarlar formasında qəbul edir;

5.5.4. Agentliyin strukturuna daxil olmayan tabeliyindəki digər qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) nizamnamələrini təsdiq edilmək üçün təqdim edir;

5.5.5. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Agentliyin Aparatının, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki digər qurumların (strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumlar istisna olmaqla) strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;

5.5.6. Apellyasiya Şurasının sədrini, habelə Apellyasiya Şurası sədrinin təqdimatı (təklifi) əsasında Apellyasiya Şurasının digər üzvlərini, Katibliyin rəhbərini və tərkibini təsdiq edir;

5.5.7. Agentliyin Aparatının və onun strukturuna daxil olan regional bölmələrin işçilərini, habelə Agentliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki digər qurumların rəhbərlərini və onların müavinlərini vəzifəyə təyin və vəzifədən azad edir;

5.5.7-1. Azərbaycan Respublikasının baş dövlət baytarlıq müfəttişi və baş dövlət fitosanitar müfəttişini təyin edir.

5.5.8. Agentliyin Aparatının və onun strukturuna daxil olan regional bölmələrin işçiləri, habelə Agentliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki digər qurumların rəhbərləri və onların müavinləri barədə həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

5.5.9. müəyyən olunmuş əməkhaqqı və işçilərin say həddi daxilində Agentliyin regional bölmələrini yaradır və ləğv edir;

5.5.10. əmr və sərəncam formasında qeyri-normativ hüquqi aktlar qəbul edir və onların, habelə Agentlikdə qəbul edilmiş normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

5.5.11. Agentliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

5.5.12. Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət orqanlarına, idarə, müəssisə və təşkilatlarına, hüquqi və fiziki şəxslərinə, habelə beynəlxalq təşkilatlara münasibətdə Agentliyi təmsil edir, danışıqlar aparır, verilmiş səlahiyyətlər daxilində müvafiq beynəlxalq sənədləri imzalayır;

5.5.13. Agentliyə aid edilmiş məsələlər üzrə müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar fondların formalaşdırılması ilə bağlı təkliflər verir;

5.5.14. dövlət büdcəsindən ayrılmış vəsaitin səmərəli xərclənməsini təmin edir;

5.5.14-1. işçilərin attestasiyası (dövlət qulluqçuları istisna olmaqla), ixtisaslarının artırılması və onların peşə hazırlığının gücləndirilməsi üçün müvafiq tədbirlər görür; 43

5.5.14-2. dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar xüsusi vəsaitin sərəncamçısı olmaqla, maliyyə vəsaitini Agentliyin Aparatı və onun regional bölmələri arasında bölüşdürür, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla işçilərinin vəzifə maaşlarına müəyyən edilmiş əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edir;

5.5.14-3. dövlət büdcəsindən ayrılmış vəsait və ştat sayı hüdudlarında, müəyyən olunmuş qaydada Agentliyin tabeliyində digər qurumların yaradılması, yenidən təşkili və ləğvi barədə müvafiq qərarlar qəbul edir;

5.5.14-4. Agentliyin struktur bölmələrinin işçilərinin vahid geyim formalarının və fərqlənmə nişanlarının təsvirini və daşınması qaydasını təsdiq edir;

5.5.15. Agentliyin Aparatının və onun strukturuna daxil olan regional bölmələrin işçilərinə ixtisas dərəcələri verir.

5.6. Agentliyin strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki digər qurumlar onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və funksiyaların həyata keçirilməsi üçün birbaşa məsuliyyət daşıyırlar.

5.7. Sədr öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini və ya vəzifələrinin müvəqqəti olaraq icrasını müavinlərindən birinə həvalə edə bilər.

5.8. Agentlikdə sədrdən (Kollegiyanın sədri), sədrin müavinlərindən, Naxçıvan Muxtar Respublikasının aidiyyəti icra hakimiyyəti orqanının rəhbərindən və Agentliyin rəhbər işçilərindən ibarət Kollegiya yaradılır. Agentliyin Kollegiyasının tərkibinə, həmçinin mütəxəssislər və alimlər də daxil edilə bilərlər.

5.9. Agentliyin Kollegiyasının üzvlərinin sayını və tərkibini Azərbaycan Respublikasının Prezidenti təsdiq edir.

5.10. Agentliyin Kollegiyası öz iclaslarında Agentliyin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və onlar haqqında müvafiq qərarlar qəbul edir.

5.11. Agentliyin Kollegiyası qərarlar formasında aşağıdakı normativ hüquqi aktları qəbul edir:

5.11.1. Agentliklə digər şəxslər (qurumlar) arasında münasibətləri tənzimləyən normativ hüquqi aktlar;

5.11.2. qəbul edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən Agentliyə tapşırılmış konkret normativ hüquqi aktlar;

5.11.3. bir neçə dövlət orqanının fəaliyyətini tənzimləyən vahid (birgə) normativ hüquqi aktlar;

5.11.4. qanunvericiliklə müəyyən edilmiş hallarda müvafiq dövlət orqanları ilə razılaşdırılmalı olan normativ hüquqi aktlar;

5.11.5. sədrin təşəbbüsü ilə Agentliyin Kollegiyasının müzakirəsinə çıxarılan bu Əsasnamənin 5.5.3-cü yarımbəndində nəzərdə tutulmuş normativ hüquqi aktlar;

5.11.6. bu Əsasnamənin 5.11.1 – 5.11.5-ci yarımbəndlərinə uyğun olaraq, Agentliyin Kollegiyasının qəbul etdiyi normativ hüquqi aktların ləğvi və ya onlarda dəyişikliklər edilməsi barədə normativ hüquqi aktlar.

5.12. Agentliyin Kollegiyasının iclasları kollegiya üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Agentliyin Kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Agentliyin Kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, Kollegiya sədrinin səsi həlledici hesab edilir.

5.12-1. Kollegiyanın iş qaydasını sədr müəyyənləşdirir və iclaslarını mütəmadi olaraq sədr çağırır.

5.13. Agentliyin Kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda, sədr bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verərək, öz qərarını həyata keçirir. Agentliyin Kollegiyasının üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikasının Prezidentinə çatdıra bilərlər.

5.14. Agentliyin Kollegiyasının iclaslarına digər icra hakimiyyəti orqanlarının və təşkilatların, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri də dəvət edilə bilərlər.

5.15. Müvafiq sahədə elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün Agentlikdə ictimai əsaslarla fəaliyyət göstərən Elmi-Texniki Şura yaradıla bilər.

5.16. Agentlikdə, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı Agentliyin və ya onun struktur (regional) bölmələrinin qərarlarından, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) verilmiş təkrar şikayətlərə baxan, ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən və kollegial orqan olan Apellyasiya Şurası yaradılır. 


Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların AÇIQ REYESTRİ
Video
İctimai iaşə obyektlərində reytinq (ulduz) sisteminin tətbiqi

İctimai iaşə obyektlərində reytinq (ulduz) sisteminin tətbiqi