Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
Meyvə bağlarında Gavalının cibcibə virusuna qarşı fitosanitar tədbirlər davam etdirilir
Meyvə bağlarında Gavalının cibcibə virusuna qarşı fitosanitar tədbirlər davam etdirilir

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki-Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən Oğuz rayonunun Padar kəndində Həbibullayev Şahin Şahid oğluna məxsus meyvə bağında fitosanitar monitorinq aparılıb. Monitorinq zamanı şaftalı bitkisindən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində karantin tətbiq edilən zərərli orqanizm – Gavalının cibcibə virusu (Şarka virusu) aşkarlanıb. Zərərli orqanizmin yayılmasının qarşısının alınması və fitosanitar sabitliyin qorunması məqsədilə təsərrüfatda müvafiq fitosanitar tədbirlər həyata keçirilib. Eyni zamanda, təsərrüfat sahibinə bağda mütəmadi monitorinqlərin həyata keçirilməsi, aqrotexniki qulluq qaydalarına riayət olunması və gələcək əkinlərdə yalnız sağlam, sertifikatlaşdırılmış əkin materialından istifadə edilməsinin vacibliyi barədə ətraflı məlumat verilib. AQTA təsərrüfat subyektlərini fitosanitar müşahidələri mütəmadi davam etdirməyə, mövcud fitosanitar tələblərə ciddi əməl etməyə, bitkilərdə virusa xas əlamətlər müşahidə edildikdə isə dərhal Agentliyin aidiyyəti regional bölmələrinə məlumat verməyə çağırır. Erkən aşkarlanma və vaxtında həyata keçirilən fitosanitar tədbirlər zərərli orqanizmlərin yayılmasının qarşısının alınmasında və məhsuldarlığın qorunmasında mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, bu kimi bitki virusları və zərərvericilər insan sağlamlığı üçün təhlükə yaratmır, lakin kənd təsərrüfatına və iqtisadiyyata zərər vura bilər.

Amerika ağ kəpənəyinə qarşı fitosanitar tədbirlər davam etdirilir
Amerika ağ kəpənəyinə qarşı fitosanitar tədbirlər davam etdirilir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki–Zaqatala regional bölməsi tərəfindən Amerika ağ kəpənəyinin (Hyphantria cunea) yayılmasının qarşısının alınması və vaxtında mübarizə tədbirlərinin həyata keçirilməsi məqsədilə 23–24 iyul tarixlərində Balakən və Zaqatala rayonlarında növbəti fitosanitar monitorinqlər aparılıb. Monitorinqlər Balakən rayonunun Kortala, İtitala, Püştətala və Roçəhməd kəndlərində, eləcə də Zaqatala rayonunun Aşağı Tala, 3-cü Tala və Göyəm kəndlərində həyata keçirilib. Müşahidələr zamanı zərərvericinin uçuş dinamikasının izlənilməsi üçün feromon tələlərə baxış keçirilib, tələlərə düşmüş yetkin fərdlər uçota alınıb və populyasiyanın davamlı monitorinqi məqsədilə əlavə feromon tələləri quraşdırılıb. Monitorinq nəticələrinə uyğun olaraq, zərərvericinin aşkarlandığı budaq və torlu yuvaların mexaniki üsulla kəsilərək məhv edilməsi, zərurət yaranan ərazilərdə isə təhlükəsizlik qaydalarına riayət edilməklə lokal kimyəvi mübarizə tədbirlərinin həyata keçirilməsi barədə aidiyyəti qurumlara müvafiq tövsiyələr verilib. AQTA vətəndaşları, bələdiyyələri və təsərrüfat subyektlərini həyətyanı sahələrdə, park və yaşıllıq ərazilərində, eləcə də meyvə bağlarında mütəmadi fitosanitar müşahidələr aparmağa çağırır. Amerika ağ kəpənəyinə məxsus tor yuvaları və tırtıllar aşkar edildiyi halda onların vaxtında mexaniki üsulla məhv edilməsi, zərurət yarandıqda isə müvafiq mütəxəssislərə müraciət olunması tövsiyə edilir. Erkən mərhələdə həyata keçirilən fitosanitar tədbirlər zərərvericinin geniş ərazilərə yayılmasının qarşısının alınmasında mühüm rol oynayır.

Meyvə bağlarında Gavalının cibcibə virusuna qarşı fitosanitar tədbirlər həyata keçirilib
Meyvə bağlarında Gavalının cibcibə virusuna qarşı fitosanitar tədbirlər həyata keçirilib

Milli Monitorinq Planı çərçivəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki-Zaqatala regional bölməsinin müfəttişləri tərəfindən Qəbələ rayonunun Ovcullu kəndində yerləşən “Green Harvest Co” MMC və Oğuz rayonunda fəaliyyət göstərən “Oğuz Meyvə Bağları” MMC-yə məxsus meyvə bağlarında fitosanitar monitorinqlər aparılıb. Monitorinqlər zamanı nektarin bitkilərindən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində karantin tətbiq edilən zərərli orqanizm – Gavalının cibcibə virusu (Şarka virusu) aşkarlanıb. Zərərli orqanizmin yayılmasının qarşısının alınması və fitosanitar sabitliyin qorunması məqsədilə hər iki təsərrüfatda müvafiq fitosanitar tədbirlər həyata keçirilib. Daha sonra təsərrüfatlarda təkrar fitosanitar monitorinq aparılıb və götürülmüş nümunələr laborator müayinəyə təqdim edilib. Aparılan müayinələrin nəticələrinə əsasən, nümunələrdə Gavalının cibcibə virusu (Şarka virusu) aşkarlanmayıb. AQTA təsərrüfat subyektlərini fitosanitar müşahidələri mütəmadi davam etdirməyə, mövcud fitosanitar tələblərə ciddi əməl etməyə, bitkilərdə virusa xas əlamətlər müşahidə edildikdə isə dərhal Agentliyin aidiyyəti regional bölmələrinə məlumat verməyə çağırır. Erkən aşkarlanma və vaxtında həyata keçirilən fitosanitar tədbirlər zərərli orqanizmlərin yayılmasının qarşısının alınmasında və məhsuldarlığın qorunmasında mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, bu kimi bitki virusları və zərərvericilər insan sağlamlığı üçün təhlükə yaratmır, lakin kənd təsərrüfatına və iqtisadiyyata zərər vura bilər.

Bitkiçilik təsərrüfatlarının nümayəndələri ilə maarifləndirici görüşlər keçirilib
Bitkiçilik təsərrüfatlarının nümayəndələri ilə maarifləndirici görüşlər keçirilib

Ölkə ərazisində bitki sağlamlığının və fitosanitar sabitliyin qorunması məqsədilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) regional bölmələri tərəfindən maarifləndirici tədbirlər davam etdirilir. “Bitki mühafizə vasitələrindən və aqrokimyəvi maddələrdən istifadənin effektiv tənzimlənməsi üzrə Tədbirlər Planı”na uyğun olaraq Bakı, Sumqayıt və Gəncə şəhərlərində, eləcə də Abşeron, Salyan, İmişli, Beyləqan, Zəngilan və Tərtər rayonlarında bitkiçilik təsərrüfatlarının nümayəndələri ilə görüşlər təşkil olunub, əkin və bağ sahələrində yerində maarifləndirmə tədbirləri həyata keçirilib. Görüşlər zamanı iştirakçılara pestisidlərin və aqrokimyəvi maddələrin düzgün istifadə qaydaları barədə ətraflı məlumat verilib. Bildirilib ki, ölkə ərazisində yalnız dövlət qeydiyyatına alınmış pestisidlərin və aqrokimyəvi maddələrin idxalına, satışına və istifadəsinə icazə verilir. Mənşəyi məlum olmayan və dövlət qeydiyyatından keçməyən preparatların tətbiqi bitki sağlamlığı, ətraf mühit və insan sağlamlığı baxımından ciddi risklər yaradır. Vurğulanıb ki, bitki mühafizə vasitələri seçilərkən etiket məlumatlarına və istifadə təlimatlarına əməl olunmalıdır. Həmçinin bölgələrdə yayılma riski olan karantin tətbiq edilən zərərvericilər və xəstəliklər, o cümlədən gavalının cibcibə virusu, qonur monilioz çürüməsi, komstok yastıcası, Amerika ağ kəpənəyi, qəhvəyi mərmər bağacığı və digər təhlükəli orqanizmlərin bioloji xüsusiyyətləri, yayılma yolları və onlara qarşı mübarizə tədbirləri barədə də məlumat verilib. Bununla yanaşı, bitki mənşəli məhsulların istehsalı ilə məşğul olan təsərrüfat subyektlərinin qida təhlükəsizliyi qeydiyyatına alınmasının əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılıb. Qeyd edilib ki, qeydiyyat məhsulun izləniləbilənliyinin təmin olunmasına, fəaliyyətin qanunvericiliyin tələblərinə uyğun təşkilinə və aqrar sahənin davamlı inkişafına töhfə verir. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, maarifləndirici çap materialları təqdim edilib.

Ölkə üçün xarakterik olmayan çəyirtkə növlərinin miqrasiyası ilə bağlı monitorinqlər aparılır
Ölkə üçün xarakterik olmayan çəyirtkə növlərinin miqrasiyası ilə bağlı monitorinqlər aparılır

Son günlər ölkə ərazisində, xüsusilə Xəzəryanı bölgələrdə invaziv növlərə aid bəzi çəyirtkələrin miqrasiyası və populyasiya sıxlığının artması müşahidə olunur. Bununla əlaqədar olaraq, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkənin müxtəlif ərazilərində yerləşən 95 məntəqədə müşahidələr və monitorinqlər həyata keçirilib. Laboratoriya analizlərinin nəticələrinə əsasən, ölkə ərazisində karantin tətbiq edilməyən invaziv növlərdən Şərq qozbel çəyirtkəsi, kiçik xaçlı çəyirtkə və barbar çəyirtkəsinin miqrasiyası qeydə alınıb. Aparılmış araşdırmalar nəticəsində müəyyən edilib ki, bu növlər Azərbaycan faunası üçün xarakterik deyil və onların Qazaxıstan və Rusiya ərazilərindən miqrasiya etdiyi ehtimal olunur. Qeyd edək ki, fitosanitar təhlükəsizliyin təmin edilməsi və çəyirtkələrə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi məqsədilə AQTA, Kənd Təsərrüfatı Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən birgə monitorinqlər və zərərvericilərə qarşı mübarizə tədbirləri davam etdirilir. Zərərvericilərin populyasiya sıxlığının nəzarətdə saxlanılması, onların kənd təsərrüfatı sahələrinə vurduğu zərərin minimuma endirilməsi və digər ərazilərə yayılmasının qarşısının alınması istiqamətində zəruri tədbirlər görülür. Daha ətraflı:

Fermerlər və aqronomlar üçün maarifləndirici tədbirlər keçirilib
Fermerlər və aqronomlar üçün maarifləndirici tədbirlər keçirilib

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qarabağ və Dağlıq Şirvan regional bölmələri tərəfindən bitki sağlamlığının qorunması, təhlükəsiz kənd təsərrüfatı məhsullarının istehsalının təşviqi məqsədilə fermerlər və aqronomlar üçün maarifləndirici tədbirlər təşkil olunub. "Bitki mühafizə vasitələrindən və pestisidlərdən istifadənin effektiv tənzimlənməsi üzrə Tədbirlər Planı" çərçivəsində Dağlıq Şirvan regional bölməsində keçirilən tədbirdə Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayonlarından ümumilikdə 52 fermer iştirak edib. Eyni zamanda, Tərtər rayonunda fəaliyyət göstərən meyvə bağlarında da aqronomların, bağ və təsərrüfat rəhbərlərinin, eləcə də mövsümi işçilərin iştirakı ilə görüşlər keçirilib. Tədbirlər zamanı iştirakçılara pestisidlərin və digər aqrokimyəvi maddələrin düzgün seçilməsi və tətbiqi, qüvvədə olan normativ hüquqi aktların tələblərinə riayət olunmasının vacibliyi, kimyəvi preparatların yalnız təyinatı üzrə və müəyyən edilmiş norma və qaydalara uyğun istifadəsinin əhəmiyyəti barədə ətraflı məlumat verilib. Pestisidlərin normadan artıq tətbiqinin insan sağlamlığı, ətraf mühit, torpaq və su ehtiyatları, kənd təsərrüfatı məhsullarının təhlükəsizliyi üçün ciddi risklər yarada biləcəyi diqqətə çatdırılıb. Mütəxəssislər tərəfindən kimyəvi maddələrdən istifadə edərkən təhlükəsizlik qaydalarına əməl edilməsinin vacibliyi, bioloji mübarizə üsullarının üstünlükləri və əhəmiyyəti izah edilib. Əkin sahələrinin qida təhlükəsizliyi qeydiyyatına alınmasının vacibliyi bildirilib. Bununla yanaşı, regionlarda yayılma riski olan karantin tətbiq edilən zərərvericilər və xəstəliklər, o cümlədən Gavalının cibcibə virusu, Qonur monilioz çürümə, Qəhvəyi mərmər bağacığı və digər təhlükəli orqanizmlərin bioloji xüsusiyyətləri, yayılma yolları, xarakterik əlamətləri, profilaktik və mübarizə tədbirləri barədə geniş məlumat verilib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı maarifləndirici çap materialları paylanılıb.

Video
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib

AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib