Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Yunanıstan Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin nümayəndələri arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi məqsədilə onlayn görüş keçirilib. Görüşdə Yunanıstan tərəfi ölkədə tətbiq olunan heyvanların identifikasiyası və qeydiyyatı sistemi barədə ətraflı məlumat təqdim edib. Müzakirələr zamanı heyvan növlərinə uyğun tətbiq olunan identifikasiya vasitələri (qulaq nişanları, elektron çiplər və s.), həmçinin identifikasiya və qeydiyyat sisteminə riayət olunmasına nəzarət məsələləri diqqət mərkəzində olub. Bundan başqa, Yunanıstan tərəfi ölkəmizə süd və balıqçılıq məhsullarının idxalına maraq göstərdiyini bildirib. Sonda maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.
Ölkə ərazisində epizootik sabitliyin qorunması, xüsusi təhlükəli heyvan xəstəliklərinin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əsas fəaliyyət istiqamətlərindəndir. Bu çərçivədə AQTA tərəfindən noyabrın 16-dan 20-dək respublika ərazisində təkdırnaqlı heyvanlar arasında epizootoloji monitorinqlər keçirilib. Monitorinqlər zamanı müxtəlif xəstəliklər üzrə epizootoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə heyvanların kliniki müayinəsi aparılıb, laborator müayinələr üçün diaqnostik nümunələr götürülüb, saxlanma yerlərinin baytarlıq-sanitariya vəziyyəti yoxlanılıb. Eyni zamanda, heyvan sahibləri arasında baytarlıq norma və qaydalarına riayət olunması, xəstəliklərin profilaktikası və biotəhlükəsizlik tədbirlərinin əhəmiyyəti ilə bağlı maarifləndirmə işləri aparılıb.
Gündəlik həyatımızda, xüsusilə də çəki vermək istəyən insanlar arasında detoks sularından istifadə geniş yayılıb. Bir çoxları bu suların orqanizmi toksinlərdən təmizlədiyinə, piyləri əridərək arıqlamağa və maddələr mübadiləsini sürətləndirməyə kömək etdiyinə inanır. Lakin detoks suları ilə bağlı geniş yayılmış bu fikirlərin heç də hamısı elmi əsaslara söykənmir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) eksperti Tutu Zeynalovanın sözlərinə görə, ilk yanlış fikir detoks sularının orqanizmi toksinlərdən təmizləməsi ilə bağlıdır. Əslində orqanizmin zərərli maddələrdən təmizlənməsində əsas rolu qaraciyər və böyrəklər oynayır. Suya əlavə edilən xiyar, limon və ya nanə orqanizmə xüsusi detoksifikasiya xüsusiyyəti qazandırmır və bədənin təbii təmizlənmə mexanizmini əvəz etmir. Digər geniş yayılmış yanlış fikir detoks sularının piyləri əridərək birbaşa arıqlamağa səbəb olmasıdır. Halbuki heç bir qida və ya içki birbaşa piyləri parçalayaraq əridə bilməz. Detoks suları şəkərli və qazlı içkiləri əvəz etdikdə gündəlik kalori qəbulunun azalmasına kömək edə bilər. Detoks suları ilə bağlı növbəti yanlış fikir meyvə və tərəvəzlərin tərkibindəki bütün vitaminlərin suya keçməsi ilə əlaqədardır. Əslində, limon, xiyar və giləmeyvələr suda saxlanıldıqda onların tərkibindəki bəzi suda həll olan vitaminlərin, məsələn, C vitamininin az miqdarı suya keçə bilər. Meyvənin özünü yemədikdə onun tərkibindəki lif və digər vacib qida maddələrindən də məhrum olursunuz. Detoks sularının maddələr mübadiləsini sürətləndirməsi də elmi baxımdan kifayət qədər əsaslandırılmayıb. Ümumilikdə detoks suları özlüyündə zərərli deyil. Əksinə, gün ərzində kifayət qədər su içməkdə çətinlik çəkən insanlar üçün suyun dadını dəyişmək və maye qəbulunu artırmaq baxımından yaxşı seçim ola bilər. Bu içkilərdən xüsusi müalicəvi, arıqladıcı və ya orqanizmi toksinlərdən təmizləyən möcüzəvi təsirlər gözləmək doğru deyil. Ətraflı linkdə:
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Quba-Xaçmaz regional bölməsinin əməkdaşları tərəfindən Xaçmaz rayonunun Nərəcan, Çinartala, Pirquluoba və Əhmədoba kəndlərində, eləcə də Yeni Həyat qəsəbəsində bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin saxlanma anbarlarında və satış obyektlərində monitorinqlər aparılıb. Monitorinqlər zamanı preparatlar saxlanma və satış şəraiti, sanitariya-gigiyena və təhlükəsizlik tələblərinə uyğunluğu, dövlət qeydiyyatı, etiketlənməsi, keyfiyyət göstəriciləri və yararlılıq müddətləri yoxlanılıb. Baxış zamanı bəzi obyektlərdə hermetikliyi pozulmuş və istifadə müddəti bitmiş məhsullar aşkar edilib. Həmin preparatların satışının qarşısı alınıb və qanunvericiliyə uyğun digər zəruri tədbirlər görülüb. Həmçinin sahibkarlıq subyektlərinə uyğunsuzluqların aradan qaldırılması məqsədilə icrası məcburi göstərişlər verilib.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təlimlər təşkil olunub. Təlimlər “İş mühitində stresin rolu və onunla mübarizə yolları” və “Yazılı ünsiyyət və netiket qaydaları” mövzularını əhatə edib. Təlimlər zamanı iş prosesində stresin idarə olunması, onunla mübarizə üsulları, effektiv yazılı ünsiyyətin qurulması, eləcə də elektron yazışmalarda etik davranış və netiket qaydaları barədə ətraflı məlumat verilib.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən müxtəlif qida subyektlərinin əməkdaşları üçün qida təhlükəsizliyi standartlarının yüksəldilməsi və xidmət keyfiyyətinin davamlı təmin edilməsi məqsədilə HACCP (Təhlükələrin Analizi və Kritik Nəzarət Nöqtələri) sistemi üzrə təlim təşkil olunub. AQTİ-də keçirilən təlim zamanı iştirakçılara HACCP-nin düzgün tətbiq edilməsinə, idarəolunmasına, bu sistemlə bağlı qanunvericiliyin tələblərinə və müvafiq sənədlərin hazırlanmasına dair ətraflı məlumat verilib. Eyni zamanda onlar HACCP prinsipləri, kritik nəzarət nöqtələrinin müəyyənləşdirilməsi, risk analizi və bu sahədə beynəlxalq standartların tələbləri haqqında məlumatlandırılıb, praktiki tapşırıqlar icra ediblər.
Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri İsmayıllı rayonunda polis əməkdaşları ilə birgə qanunsuz heyvan kəsimi və ət satışının qarşısının alınması məqsədilə nəzarət tədbiri keçiriblər. Tədbirlər zamanı Həmzəyev Kamil Rüstəm oğlunun yaşadığı ünvanda baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarının pozularaq antisanitar şəraitdə qanunsuz heyvan kəsiminin təşkil edildiyi müəyyən olunub. Baxış zamanı mənşəyi məlum olmayan, baytarlıq ekspertizasından keçməmiş və kəskin qoxuya malik 300 kiloqrama yaxın at əti aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. İstehlaka yararsız ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırmalar davam etdirilir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Qətər Dövlətinin Bələdiyyə Nazirliyinin təmsilçiləri arasında onlayn görüş keçirilib. Görüşdə baytarlıq sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun layihəsinin müddəaları müzakirə olunub. Eyni zamanda, qurumlar arasında qida, baytarlıq və fitosanitar sahədə gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində “Pannamore” MMC-nin İspaniyadan idxal etdiyi, “FraNui Espana S.l.” müəssisəsinin istehsalı olan ümumi çəkisi 293,4 kq “Franui Pink” əmtəə nişanlı dondurulmuş şokoladlı meyvə məhsulundan (istehsal və son istifadə tarixi: 24.07.2026−31.07.2028, partiya nömrəsi: L26205) nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Sınaq nəticəsində məhsul partiyasında kif-maya göbələkləri üzrə uyğunsuzluq aşkarlanıb. İstehlaka yararsız məhsulun gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilib. Sahibkarın müraciəti əsasında məhsul partiyası məhv edilib.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) bir qrup əməkdaşı Çin Xalq Respublikasının (ÇXR) Ticarət Nazirliyi tərəfindən Pekin şəhərində təşkil olunan beynəlxalq təlimdə iştirak edib. Tədbir "Qlobal İnkişaf Təşəbbüsü çərçivəsində qida və kənd təsərrüfatı məhsullarının standartlaşdırılması" mövzusuna həsr olunub. Təlimin əsas məqsədi qida təhlükəsizliyinin təşkili, qida və kənd təsərrüfatı məhsullarının standartlaşdırılması, eləcə də risk qiymətləndirilməsi sahəsində qabaqcıl bilik və təcrübələrin bölüşülməsidir. Tədbir çərçivəsində məhsulların qablaşdırılması, etiketlənməsi, dövriyyəsi və kənd təsərrüfatı məhsullarında pestisid qalıqlarının tənzimlənməsi üzrə ÇXR-in və digər iştirakçı ölkələrin təcrübələri öyrənilib. Təlimin yekununda AQTA əməkdaşı "Azərbaycanda qida təhlükəsizliyi və kənd təsərrüfatı; qida və kənd təsərrüfatı məhsullarının standartlaşdırılması" mövzusunda təqdimatla çıxış edib. Çıxış zamanı Azərbaycan ilə Çin arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər diqqətə çatdırılıb.
AQTA qida təhlükəsizliyi sahəsində həyata keçirilən yoxlama-nəzarət tədbirləri ilə bağlı növbəti icmalı təqdim edir. Keçirilən plandankənar yoxlamalar zamanı Bakı, Lənkəran şəhərlərində və Tərtər rayonunda fəaliyyət göstərən qida və iaşə obyektlərində sanitar-texniki və sanitar-gigiyenik tələblərə əsasən, insan sağlamlığının qorunması, yoluxucu xəstəliklərin və qida mənşəli risklərin qarşısının alınması məqsədilə avadanlıqlara, istehsal proseslərinə, işçilərə dair müəyyən edilmiş normalara əməl edilmədiyi və digər nöqsanlar aşkarlanıb. Müəyyən edilmiş pozuntularla bağlı qanunamüvafiq tədbirlər görülərək, nöqsanlar aradan qaldırılanadək məhdudiyyətlər tətbiq edilib.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə ölkədə oktyabrın 20-dən noyabrın 20-dək elan olunan “Uşaq Hüquqları Aylığı” çərçivəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) tədbir keçirilib. Tədbirdə Ombudsman Aparatının Bərabərlik və ayrı-seçkilik üzrə monitorinq şöbəsinin Uşaq hüquqlarının müdafiəsi sektorunun böyük məsləhətçisi Azər İsalı bildirib ki, uşaq hüquqlarının qorunması Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Onun sözlərinə görə, ölkəmizdə hər bir uşağın hüquqlarının qorunması, sağlam və təhlükəsiz mühitdə böyüməsi üçün kompleks işlər həyata keçirilir. Uşaqların rifahı, təhsili, sağlamlığı və təhlükəsiz gələcəyi daim diqqət mərkəzində olmalıdır. Bütün bunlar uşaqların hüquqlarının etibarlı müdafiəsinə və onların layiqli həyat şəraitinin təmin olunmasına xidmət edir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) eksperti, həkim-diyetoloq Tutu Zeynalova uşaqların sağlam qidalanmasının əhəmiyyətindən danışıb, bu sahədə diqqət yetirilməli əsas məqamları diqqətə çatdırıb. O, uşaqlarla interaktiv söhbət apararaq sağlam qidalanma vərdişlərinin formalaşdırılmasının vacibliyini vurğulayıb və onları bu istiqamətdə maarifləndirib. Tədbir çərçivəsində uşaq yazarı Mehriban Nağıyevanın müəllifi olduğu “Əsmərin sehrli zənbili” nağılı əsasında hazırlanan animasiya filmi nümayiş etdirilib. İştirakçılar uşaqların sağlam qidalanma mövzusunda çəkdikləri rəsmlərlə tanış olublar. Sonda tədbirdə iştirak edən uşaqlara sertifikat və hədiyyə təqdim olunub.
Giriş