Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (Rosselxoznadzor) rəhbəri Sergey Dankvert arasında Rusiya tərəfinin təşəbbüsü ilə telefon danışığı olub. Söhbət zamanı tərəflər baytarlıq və fitosanitar nəzarəti sahəsində iki ölkə arasında əməkdaşlığı müzakirə ediblər. Müzakirədə kənd təsərrüfatı məhsullarının qarşılıqlı tədarükü, ixrac prosedurlarının sürətləndirilməsi, Rusiyadan Azərbaycana ixrac olunan iri və xırdabuynuzlu heyvanların identifikasiyası diqqət mərkəzində olub. Bununla yanaşı, baytarlıq sahəsində informasiya sistemlərinin inteqrasiyası ilə bağlı məsələlər nəzərdən keçirilib. Bildirilib ki, fitosanitar istiqamət üzrə inteqrasiya prosesi artıq uğurla başa çatdırılıb. Telefon danışığı zamanı baytarlıq preparatlarının hazırlanması və istehsalı sahəsində əməkdaşlıq imkanları da müzakirə olunub. Bu istiqamətdə Rusiya təcrübəsinin öyrənilməsi məqsədilə yaxın zamanda AQTA nümayəndələrinin Rusiyaya səfəri barədə razılıq əldə olunub.
Zoonoz xəstəliklər, yəni heyvanlardan insanlara keçə bilən infeksiyalar bu gün qlobal ictimai sağlamlıq üçün ən böyük risklərdən biri sayılır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) məlumatına görə, insanlarda müşahidə olunan yoluxucu xəstəliklərin təxminən 60%-i, həmçinin yeni yaranan və ya təkrar ortaya çıxan infeksiyaların 75%-i zoonoz mənşəlidir. Bu xəstəliklər təkcə insanlara deyil, həm də heyvanların sağlamlığına və kənd təsərrüfatı məhsuldarlığına ciddi zərbə vurur, iqtisadi itkilərə və ticarət məhdudiyyətlərinə səbəb olur. Ən çox yayılmış zoonoz xəstəliklər Beynəlxalq məlumatlara əsasən, həm insanlarda, həm də heyvanlarda aşağıdakı zoonoz xəstəliklər daha geniş yayılıb: • Bakterial mənşəli xəstəliklər (qarayara, bruselyoz, vərəm, salmonellyoz, kampilobakterioz, listerioz, leptospiroz); • Virus mənşəli xəstəliklər (quduzluq, quş qripi, Qərbi Nil qızdırması, COVID-19, Ebola); • Parazitar xəstəliklər (exinokokkoz, trixenellyoz, toksoplazmoz); • Göbələk mənşəli xəstəliklər (dermatomikoz, kandidoz və s.). Bu xəstəliklərə iri və xırdabuynuzlu heyvanlar, quşlar, it və pişiklər, həmçinin vəhşi heyvanlar arasında rast gəlinir. Xüsusilə qarayara və bruselyoz həm insanlar, həm də heyvanlar üçün yüksək risk daşıyır. Yoluxma yolları Zoonoz infeksiyalar müxtəlif yollarla yayıla bilər: • xəstə heyvanla birbaşa təmasla; • çirklənmiş qida və su vasitəsilə; • hava-damcı (aerogen) yolu ilə; • gənə, ağcaqanad kimi həşəratlar vasitəsilə. Ət və süd məhsullarının düzgün emal olunmaması, az bişmiş qidanın qəbulu və təsərrüfatlarda gigiyenik qaydalara əməl edilməməsi də insan yoluxmasının əsas səbəblərindəndir. Heyvan təsərrüfatlarında risklər və nəticələr Zoonoz xəstəliklər heyvanlar arasında yayıldıqda məhsuldarlıq azalır, tələf halları artır, ixrac məhdudiyyətləri yaranır. Məsələn, Avropa və ABŞ-da aparılan iqtisadi təhlillərə görə, yalnız qarayara və bruselyoz xəstəlikləri kənd təsərrüfatı sektoruna hər il milyonlarla dollar zərər vurur. Ekspertlər hesab edirlər ki, zoonoz xəstəliklərlə effektiv mübarizə yalnız “Vahid Sağlamlıq” (One Health) prinsipi əsasında mümkündür. Bu yanaşma insan, heyvan və ətraf mühit sağlamlığının bir-biri ilə sıx bağlı olduğunu qəbul edir və bütün sahələrdə koordinasiyalı tədbirlər tələb edir. Profilaktik tədbirlər sırasında heyvanların vaxtında peyvəndlənməsi, biotəhlükəsizlik qaydalarına əməl olunması, qida təhlükəsizliyinə nəzarət, ictimai maarifləndirmə kampaniyaları xüsusi əhəmiyyət daşıyır. Zoonoz xəstəliklərə qarşı mübarizə yalnız baytarlıq deyil, həm də ictimai sağlamlıq məsələsidir. İnsan və heyvan sağlamlığı bir-birindən ayrılmazdır!
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən təsdiq edilmiş Monitorinq Planına uyğun olaraq, istehlakçı hüquqlarının qorunması məqsədilə satış obyektlərində satışa çıxarılan meyvə şirəsi və nektar məhsulları üzrə nəzarət tədbirləri həyata keçirilib. Monitorinq çərçivəsində 16 istehsalçı müəssisəyə məxsus 17 məhsuldan nümunələr götürülərək qida rəngləyiciləri, qoruyucu maddələr və orqanoleptik göstəricilər üzrə laborator müayinələrə təqdim olunub. Sınaq nəticələrinə əsasən, 4 istehsalçı müəssisəyə məxsus 5 məhsulda meyvə və tərəvəz nektarları, eləcə də konsentratlarından əldə olunan məhsullarda istifadəsinə yol verilməyən rəngləyici maddələr aşkarlanıb. Uyğunsuzluqlar “Göyçay Süd” ASC, “Drop Be-Az” MMC, “İmperial 01” MMC və “LG Konserv” MMC-yə məxsus məhsullarda müəyyən edilib. Bundan əlavə, “İmperial 01” MMC-yə məxsus nar şirəsi emalı müəssisəsində aparılmış yoxlama zamanı ciddi sanitariya-gigiyena pozuntuları aşkarlanıb. Bununla əlaqədar müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Müvafiq normativ sənədin tələblərinə əsasən, aşkarlanan rəngləyici maddələrin yalnız dad-aromatik maddələr əlavə edilmiş içkilərdə istifadəsinə icazə verilir. Meyvə şirələri və nektarlarda isə həmin maddələrin istifadəsinə yol verilmir. Aşkarlanmış uyğunsuzluqlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb və icrası məcburi göstərişlər verilib. Qəbul edilmiş müvafiq qərar əsasında ticarət şəbəkələrindən geri çağırılmış məhsul partiyalarının məhv edilməsi nəzərdə tutulur.
Ölkəmizdə heyvanların identifikasiyası prosesi qanunvericiliyin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir. İndiyədək 1 milyon 48 min baş heyvan identikləşdirilib. İdentifikasiya heyvanların mənşəyinin və hərəkətinin izlənilməsinə, peyvəndləmə, müalicə və digər baytarlıq tədbirlərinin dəqiq uçotunun aparılmasına xidmət edir. Həmçinin xəstəliklərin erkən aşkarlanmasına və yayılmasının qarşısının alınmasına, “Fermadan süfrəyə” prinsipi əsasında qida təhlükəsizliyinin təmin edilməsinə, heyvandarlıq təsərrüfatlarında idarəetmənin təkmilləşdirilməsinə və məhsuldarlığın artırılmasına, eləcə də itmiş və ya oğurlanmış heyvanların yerinin asan müəyyən edilməsinə imkan yaradır. Heyvanların identifikasiyası sağlam heyvandarlığın inkişafı, təhlükəsiz qida zəncirinin və dayanıqlı kənd təsərrüfatının təmin olunmasının vacib elementlərindən biridir. İdentikləşmiş heyvan – sağlam sürü, təhlükəsiz qida deməkdir! Videoçarxın linki:
Son günlər ölkə ərazisində, xüsusilə Xəzəryanı bölgələrdə invaziv növlərə aid bəzi çəyirtkələrin miqrasiyası və populyasiya sıxlığının artması müşahidə olunur. Bununla əlaqədar olaraq, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkənin müxtəlif ərazilərində yerləşən 95 məntəqədə müşahidələr və monitorinqlər həyata keçirilib. Laboratoriya analizlərinin nəticələrinə əsasən, ölkə ərazisində karantin tətbiq edilməyən invaziv növlərdən Şərq qozbel çəyirtkəsi, kiçik xaçlı çəyirtkə və barbar çəyirtkəsinin miqrasiyası qeydə alınıb. Aparılmış araşdırmalar nəticəsində müəyyən edilib ki, bu növlər Azərbaycan faunası üçün xarakterik deyil və onların Qazaxıstan və Rusiya ərazilərindən miqrasiya etdiyi ehtimal olunur. Qeyd edək ki, fitosanitar təhlükəsizliyin təmin edilməsi və çəyirtkələrə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi məqsədilə AQTA, Kənd Təsərrüfatı Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən birgə monitorinqlər və zərərvericilərə qarşı mübarizə tədbirləri davam etdirilir. Zərərvericilərin populyasiya sıxlığının nəzarətdə saxlanılması, onların kənd təsərrüfatı sahələrinə vurduğu zərərin minimuma endirilməsi və digər ərazilərə yayılmasının qarşısının alınması istiqamətində zəruri tədbirlər görülür. Daha ətraflı:
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qarabağ və Dağlıq Şirvan regional bölmələri tərəfindən bitki sağlamlığının qorunması, təhlükəsiz kənd təsərrüfatı məhsullarının istehsalının təşviqi məqsədilə fermerlər və aqronomlar üçün maarifləndirici tədbirlər təşkil olunub. "Bitki mühafizə vasitələrindən və pestisidlərdən istifadənin effektiv tənzimlənməsi üzrə Tədbirlər Planı" çərçivəsində Dağlıq Şirvan regional bölməsində keçirilən tədbirdə Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayonlarından ümumilikdə 52 fermer iştirak edib. Eyni zamanda, Tərtər rayonunda fəaliyyət göstərən meyvə bağlarında da aqronomların, bağ və təsərrüfat rəhbərlərinin, eləcə də mövsümi işçilərin iştirakı ilə görüşlər keçirilib. Tədbirlər zamanı iştirakçılara pestisidlərin və digər aqrokimyəvi maddələrin düzgün seçilməsi və tətbiqi, qüvvədə olan normativ hüquqi aktların tələblərinə riayət olunmasının vacibliyi, kimyəvi preparatların yalnız təyinatı üzrə və müəyyən edilmiş norma və qaydalara uyğun istifadəsinin əhəmiyyəti barədə ətraflı məlumat verilib. Pestisidlərin normadan artıq tətbiqinin insan sağlamlığı, ətraf mühit, torpaq və su ehtiyatları, kənd təsərrüfatı məhsullarının təhlükəsizliyi üçün ciddi risklər yarada biləcəyi diqqətə çatdırılıb. Mütəxəssislər tərəfindən kimyəvi maddələrdən istifadə edərkən təhlükəsizlik qaydalarına əməl edilməsinin vacibliyi, bioloji mübarizə üsullarının üstünlükləri və əhəmiyyəti izah edilib. Əkin sahələrinin qida təhlükəsizliyi qeydiyyatına alınmasının vacibliyi bildirilib. Bununla yanaşı, regionlarda yayılma riski olan karantin tətbiq edilən zərərvericilər və xəstəliklər, o cümlədən Gavalının cibcibə virusu, Qonur monilioz çürümə, Qəhvəyi mərmər bağacığı və digər təhlükəli orqanizmlərin bioloji xüsusiyyətləri, yayılma yolları, xarakterik əlamətləri, profilaktik və mübarizə tədbirləri barədə geniş məlumat verilib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı maarifləndirici çap materialları paylanılıb.
Arıqlama məqsədilə sosial şəbəkələrdə reklam olunaraq satılan çay, qəhvə və kapsul formasında bioloji aktiv qida məhsulları ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər zamanı ciddi qanun pozuntuları müəyyən edilib. Monitorinqlər çərçivəsində "Slimluxcoffee_ariqladici_kofe", "Vellara.baku" və "Spirulina_azerbaijan_official" "Instagram" sosial şəbəkə hesablarından əldə edilən məhsul nümunələri laborator müayinələrə cəlb olunub. Nəticələrə əsasən, "SLT Slim Lux Coffee Premium" (fındıqlı), "SLT Slim Lux Coffee Premium", "Good Lux Green Coffee", "Green Good Lux Slimming Coffee" (fındıqlı), "Green Good Lux Slimming Capsules", "Saffren Dietary Supplement", "Spirulina" "Vellara Form Coffee" və "Vellara Form Tea" məhsullarında qida məhsullarında istifadəsinə yol verilməyən insan sağlamlığı üçün təhlükəli sibutramin maddəsi aşkarlanıb. Sibutramin ürək-damar sistemi xəstəlikləri, infarkt və insult riskini artırır, eyni zamanda, ciddi psixi pozuntulara səbəb ola bilər. Sibutraminin qida məhsullarının, eləcə də dərman vasitələrinin tərkibində istifadəsi Azərbaycanda qadağandır. Araşdırmalar zamanı müəyyən edilib ki, sözügedən məhsullar ölkəyə şəxsi istifadə məqsədilə gətirilsə də, sonradan sosial şəbəkələr üzərindən qanunsuz satışa çıxarılıb. Bu məhsulların ölkəmizə idxalına qadağa qoyulması ilə bağlı istehsalçı ölkənin səlahiyyətli qurumlarına da rəsmi müraciət ünvanlanıb. Faktlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülməsi üçün aidiyyəti qurumlara, o cümlədən hüquq-mühafizə orqanlarına məktublar göndərilib. Sibutramin maddəsi aşkarlanan məhsulların siyahısı:
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Masallı rayonu, Kürdəbaz kəndində yerləşən fiziki şəxs Qardaşov Mahir Bəbir oğluna məxsus soyuducu anbarda reyd keçirilib. Yoxlama zamanı ümumi çəkisi 3050 kq olan və korlanma əlamətləri müşahidə edilən ətlər aşkar olunub. Məhsulların dövriyyəsinin qarşısı dərhal alınıb, onlardan nümunələr götürülərək laborator müayinələrə göndərilib. Laborator sınaqların nəticələrinə əsasən, sözügedən ətlərin insan istehlakı üçün yararsız olduğu təsdiqlənib. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür, istehlaka yararsız ətlərin məhv edilməsi istiqamətində işlər davam etdirilir. Daha ətraflı:
Son illər bioloji aktiv qida məhsullarına (BAQM) maraq xeyli artıb. Lakin mütəxəssislər bildirirlər ki, bu məhsullar sağlam həyat tərzini əvəz etmir və yalnız real ehtiyac olduqda, düzgün seçilərək istifadə edilməlidir. Sağlam həyat tərzinin əsasını balanslı qidalanma və müntəzəm fiziki aktivlik təşkil edir. BAQM-lərin təhlükəsiz və düzgün istifadəsi ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun eksperti İlqar Şamilov bildirib ki, bu məhsullara marağın artmasının əsas səbəblərindən biri insanların qısa müddətdə nəticə əldə etmək istəyi, eləcə də sosial şəbəkələrdə yayılan tövsiyələrin təsiridir. Ekspertin sözlərinə görə, məhsul haqqında məlumatsızlıq və ondan istifadə sağlamlıq üçün risk yarada bilər. Bu səbəbdən istehlakçılar məhsul seçərkən onun mənşəyinə, tərkibinə, etibarlılığına və dövlət qeydiyyatından keçməsinə xüsusi diqqət yetirməlidirlər. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi vətəndaşlara BAQM-lərdən istifadə zamanı yalnız etibarlı mənbələrdən əldə edilən məlumatlara əsaslanmağı, məhsulların təhlükəsizliyini və qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlamağı, həmçinin sağlamlıqla bağlı qərarlar qəbul edərkən mütləq mütəxəssis məsləhətini nəzərə almağı tövsiyə edir. Daha ətraflı:
2026-cı il iyulun 6-da İsveçrə Konfederasiyasının Cenevrə şəhərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Səhiyyə Təşkilatının (WHO) birgə təşkilatçılığı ilə Kodeks Alimentarius Komissiyasının (Codex Alimentarius Commission) 49-cu sessiyası öz işinə başlayıb. Ölkəmizi Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Zəkiyyə Mustafayeva, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyəti sədrinin müavini Ramazan Nəbiyev və İnstitutun Elmi Araşdırmalar Mərkəzinin mütəxəssisi Aygün Qənbərzadə təmsil edirlər. İyulun 10-dək davam edəcək sessiyada qida təhlükəsizliyi və beynəlxalq qida standartlarının təkmilləşdirilməsi ilə bağlı mühüm məsələlər müzakirə olunur. Sessiyanın gündəliyinə Kodeks Prosessual Təlimatına ediləcək dəyişikliklər, 2020–2025-ci illəri əhatə edən Kodeks strateji planının icrasına dair hesabat, Komissiyanın büdcə və maliyyə məsələləri, həmçinin Kodeksin ixtisaslaşmış komitələri tərəfindən hazırlanmış yeni təkliflərin təsdiqi daxildir. Tədbir çərçivəsində Balıq və Balıq Məhsulları üzrə Kodeks Komitəsinə sədr ölkənin müəyyənləşdirilməsi məqsədilə seçkilərin keçirilməsi də nəzərdə tutulur. Ölkəmizin qida təhlükəsizliyi sahəsində dövlət siyasətini həyata keçirən qurum kimi AQTA-nın bu istiqamətdə gördüyü işlər, gələcək strategiyalar da diqqət mərkəzində saxlanılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Amerika ağ kəpənəyinin yayılmasının qarşısının alınması məqsədilə Lənkəran şəhəri, eləcə də rayonun Aşağı Nüvədi, Girdəni və Separadi kəndlərində monitorinqlər və mübarizə tədbirləri həyata keçirib. Monitorinqlər zamanı AQTA-nın əməkdaşları və Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin mütəxəssisləri tərəfindən karantin tətbiq edilən təhlükəli zərərvericinin - Amerika ağ kəpənəyinin birinci nəsil populyasiyası aşkarlanıb. Bununla əlaqədar operativ mübarizə tədbirlərinə başlanılıb. Zərərvericinin yayılmasının qarşısını almaq məqsədilə bu ərazilərdə mexaniki və kimyəvi mübarizə üsulları tətbiq edilib. Kimyəvi mübarizə tədbirləri həyata keçirilərkən insan və heyvan sağlamlığının, eləcə də ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə ciddi riayət olunub. Bununla yanaşı, təsərrüfat sahibləri və vətəndaşlar arasında maarifləndirmə işləri aparılıb. Onlara Amerika ağ kəpənəyinin kənd təsərrüfatı bitkilərinə və yaşıllıqlara vura biləcəyi zərər, zərərvericinin vaxtında aşkar edilməsi, aqrotexniki qulluq və mübarizə üsulları barədə ətraflı məlumat verilib.
Azərbaycan Respyblikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Astara şəhəri, C.Cabbarlı küçəsi, ev 13 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Süleymanova Rəna Nazir qızına məxsus topdansatış anbarında yoxlama keçirib. Anbarda qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Belə ki, istehlaka yararlı qida məhsullarının yararsız məhsullarla birlikdə saxlanıldığı, qida məhsullarının temperatur rejiminə və saxlanma şəraitinə əməl olunmadığı, mal qonşuluğu prinsipinin pozulduğu aşkarlanıb. İstifadə müddəti bitmiş müxtəlif növ qida məhsulları, pivə və yağ məhsulları satışdan kənarlaşdırılıb, istehlaka yararsız məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul olunub. Sahibkar barəsində inzibati protokol tərtib edilib. AQTA istehlakçıların sağlamlığının qorunması məqsədilə qida zəncirinin bütün mərhələlərində nəzarət tədbirlərini davam etdirir və sahibkarları qida təhlükəsizliyi tələblərinə ciddi əməl etməyə çağırır.
Giriş