
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin (“Rosselxoznadzor”) nümayəndələri arasında görüş olub. Onlayn formatda keçirilən görüşdə son günlər Rusiya Federasiyasına ixrac olunan bir sıra bitkiçilik məhsulları ilə bağlı “Rosselxoznadzor” tərəfindən AQTA-ya daxil olan müvafiq bildirişlər barədə müzakirələr aparılıb. Görüşdə ixrac zamanı məhsulların hər iki ölkənin fitosanitar tələblərinə uyğunluğu, həmçinin qablaşdırma və etiketlənmə ilə bağlı tələblərə ciddi şəkildə əməl edilməsinin vacibliyi vurğulanıb. Sonda qarşılıqlı əməkdaşlıq və etimad şəraitində bundan sonra da qida məhsullarının idxalı və ixracı zamanı işlərin daha operativ və səmərəli həyata keçiriləcəyi bildirilib.

Dövlət-özəl sektor əməkdaşlığının möhkəmləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında qida sektoru üzrə Məşvərət Şurası yaradılıb. Şuranın təsis olunması ölkədə qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi, sahibkarlıq subyektlərinin mövcud qanunvericiliyin tələbləri barədə dolğun məlumatlandırılması və onların bu sahədə həyata keçirilən islahatlara daha fəal cəlb olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Məşvərət Şurasının ilk iclasında Şuranın qida təhlükəsizliyi sahəsində dövlət siyasətinin həyata keçirilməsi prosesində, bu sahədə qəbul edilən qərarların hazırlanması zamanı özəl sektor nümayəndələri ilə məsləhətləşmələrin aparılmasında, sahibkarların təklif və rəylərinin öyrənilməsində fəal iştirak edəcəyi vurğulanıb. Şura özəl sektor nümayəndələri, müvafiq dövlət qurumları, ictimai təşkilatlar və mütəxəssislər arasında platforma rolunu oynayaraq qarşılıqlı etimada əsaslanan əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcək. İclas çərçivəsində AQTA tərəfindən həyata keçirilmiş islahatlar və əldə olunmuş nəticələrə dair təqdimat nümayiş etdirilib.

Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi 28 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Manafov Şahin Əlibaba oğluna məxsus “Təzə Bazar”da Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlama keçirilib. Baxış zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydaların tələblərinin pozulduğu aşkarlanıb. Bazarda soyuq sıxım yağ emalı sahəsinin qanunsuz fəaliyyət göstərdiyi və qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, heyvan mənşəli məhsulların satışı obyektində qida məhsullarının minimum keyfiyyət və təhlükəsizliyinə dair müşayiətedici sənədlərinin, ət məhsullarının üzərində baytarlıq nəzarəti möhürünün olmadığı, həmçinin ət məhsullarının daşınma qaydalarına riayət olunmadığı, qida məhsullarının saxlanması üçün kifayət qədər soyuducuların təmin edilmədiyi, süd məhsullarının uyğun temperaturda saxlanmadığı, ət və balıq məhsullarının soyuducudan kənar saxlandığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək yağ emalı sahəsinin fəaliyyəti məhdudlaşdırılıb, bazar rəhbərliyi barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.

Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası “Təbii mineral sulara dair sanitariya norma və qaydaları” adlı texniki normativ hüquqi aktın təsdiqi ilə bağlı qərar qəbul edib. Bu qaydalar respublika ərazisində yeraltı mineral su obyektindən çıxan və insanların qidalanması üçün nəzərdə tutulan təbii mineral suların minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri (fiziki-kimyəvi xassələri, mikrobioloji göstəriciləri), qablaşdırılması, etiketlənməsi, dövriyyəsi, eyni zamanda mənşə ölkəsinin səlahiyyətli qurumu tərəfindən təbii mineral su kimi qeydiyyata alınmış idxal olunan təbii mineral suların minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri, etiketlənməsi və dövriyyəsi ilə bağlı tələbləri müəyyən edir. Sözügedən tələblər təbii müalicəvi xüsusiyyətlərə malik olan, su obyektlərində müalicəvi məqsədlər üçün istifadə olunan və tibbi təyinatlı mineral su kimi təsbit olunan, eləcə də suvarma məqsədilə istifadə olunan sulara şamil olunmur. Sənəddə eyni zamanda təbii mineral sularda tətbiqinə yol verilən təmizləmə üsulları, etiketlənmə zamanı təbii mineral suyun tərkibi, habelə tətbiq edilən təmizləmə üsuluna dair xəbərdarlıq yazıları ilə bağlı məsələlər də öz əksini tapıb. Qeyd edək ki, “Təbii mineral sulara dair sanitariya norma və qaydaları” 2025-ci ilin 20 noyabr tarixindən qüvvəyə minəcək. Azərbaycan Respublikasının ərazisində istehsal olunan və ölkə ərazisinə idxal olunan təbii mineral sular yalnız qeydiyyata alındıqdan sonra dövriyyəyə çıxarıla bilər. Qərarla ətraflı aşağıdakı linkdən tanış ola bilərsiniz: https://afsa.gov.az/az/qanunvericilik/kollegiya-qerarlari

Qida Təhlükəsizliyi Agentliyinin və Latviya Respublikasının Qida və Baytarlıq Xidmətinin nümayəndələri arasında görüş olub. Onlayn formatda keçirilən görüşdə bitkiçilik məhsullarının idxal-ixrac əməliyyatları zamanı tənzimləmələr və nəzarət tədbirlərinə dair müzakirələr aparılıb. Görüş zamanı qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərində aşkarlanan uyğunsuzluqlar zamanı tətbiq edilən inzibati tədbirlər nəzərdən keçirilib. Eyni zamanda müvafiq laboratoriyalar və sərhəd nəzarəti orqanları ilə əlaqələndirmə, daxili və beynəlxalq məlumat mübadiləsi mexanizmləri müzakirə mövzusu olub. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Albaniya Respublikasının Dibra və Şkoder bölgələrində xırdabuynuzlu heyvanların taun xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Dibra və Şkoder bölgələrində zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən xəstəliyə həssas diri ev və vəhşi xırdabuynuzlu heyvanların, onlara aid genetik materialların, həmçinin bu ev heyvanlarından alınan məhsulların idxalına, habelə tranzitinə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

7 iyun – Ümumdünya Qida Təhlükəsizliyi Günündə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun yeni saytı istifadəyə verilib. Sayt sahibkarların məlumatlandırılması, istehlakçıların maarifləndirilməsi üçün çox faydalı imkanlar təqdim edir. Müasir və interaktiv platformada qida təhlükəsizliyi ilə əlaqəli ən son yeniliklər, xəbərlər və sahibkarların xidmətlərə əlçatanlığını təmin etmək üçün müraciət bölmələri yaradılıb. Saytda AQTİ-nin Bakı və regionlarda fəaliyyət göstərən ixtisaslaşmış laboratoriyaları və onların göstərdiyi xidmətlər barədə ətraflı məlumatlar təqdim olunur. Sayta daxil olan hər kəs laboratoriyalara virtual tur etmək imkanı qazanacaq. Həmçinin Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun təklif etdiyi təlimlər, konsaltinq, halal sertifikatlaşdırma, layihələndirmə, xarici qiymətləndirmə və digər xidmətlər sahibkarlar üçün daha asan formada təqdim olunub. Yenilənən saytda “HALAL” uyğunluq sertifikatı almaq istəyən sahibkarlar üçün yeni “Kalkulyator” bölməsi yaradılıb ki, burada müvafiq bölmələri dolduraraq "HALAL" sertifikatlaşma üzrə qiymətləndirmə rüsumlarını öyrənmək mümkündür. Saytda hər gün yenilənən maraqlı məqalələr istehlakçıların maarifləndirilməsi üçün əlverişli informasiya mənbəyidir.

7 iyun Ümumdünya Qida Təhlükəsizliyi Günü kimi qeyd olunur. Bu gün Birləşmiş Millətlər Təşkilatının 2018-ci ildə qəbul etdiyi qərara əsasən təsis olunub. Məqsəd qida təhlükəsizliyinə qlobal diqqəti yönəltmək, ictimaiyyəti maarifləndirmək və müxtəlif tərəflərin bu sahədə məsuliyyətini bir daha vurğulamaqdır. 2025-ci ildə bu əlamətdar gün “Qida təhlükəsizliyi: elm fəaliyyətdədir” şüarı ilə qeyd olunur. Şüar elmi biliklərin və onların praktik tətbiqinin qida təhlükəsizliyinin təminində nə qədər mühüm rol oynadığını xüsusi olaraq önə çəkir. Azərbaycan da bu qlobal çağırışa cavab olaraq qida təhlükəsizliyi sahəsində ardıcıl və sistemli tədbirlər həyata keçirir. Bu istiqamətdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) mühüm elmi-tədqiqat və laborator xidmətləri ilə seçilir. AQTİ-nin müasir texnologiyalarla təchiz edilmiş laboratoriyaları və yüksək ixtisaslı kadr potensialı elmi yanaşmanın uğurla həyata keçirilməsinə geniş imkan yaradır. İnstitut əməkdaşları yerli və beynəlxalq təlimlərdə iştirak etməklə bilik və bacarıqlarını davamlı şəkildə artırır. Bu, həm milli, həm də beynəlxalq miqyasda qida təhlükəsizliyinin təmin olunmasına töhfə verir. Elm fəaliyyətdədir – təhlükəsiz qida ilə sağlam gələcəyə!

İyunun 6-sı və 7-si tarixlərini əhatə edən Qurban bayramı günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması, həmçinin qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, təhlükəsiz və sağlam şəraitdə həyata keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumlar tərəfindən bütün zəruri tədbirlər görülüb. Tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil edilib. Onlardan 77-də qurbanlıq heyvanların kəsimi və satışı, 30-da yalnız satışı, 28-də isə yalnız kəsimi xidmətləri vətəndaşlara təklif olunur. Bununla yanaşı, bir sıra regionlarda səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçirilir. Bu çərçivədə Zəngilan rayonunun Ağalı kəndində və Ağdərə rayonunun Talış kəndində, həmçinin Ağdam, Şuşa, Füzuli və Cəbrayıl rayonlarında da heyvan kəsimi üçün çadırlar quraşdırılıb. Kəsim məntəqələrində Qida Təhlükəsizliyi İnstitutunun baytarlıq laboratoriyaları da mövcuddur. Gücləndirilmiş rejimdə fəaliyyət göstərən laboratoriyalarda peşəkar baytar həkimlər fəaliyyət göstərir. Qurbanlıq heyvanlar arasında hər hansı xəstəliyə şübhə yaranarsa, daxili orqanlarından nümunə götürülərək həmin laboratoriyalarda, eyni zamanda Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilir. Ölkə ərazisində fəaliyyət göstərən soyuducu infrastruktura malik ticarət şəbəkələri tərəfindən də əvvəlcədən qəbul olunmuş sifarişlər əsasında qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması xidməti həyata keçirilir. Vətəndaşlar qurbanlıq heyvanların kəsim və satış məntəqələri barədə məlumatı Agentliyin saytından (afsa.gov.az/az/qurban-bayrami-2025) əldə edə bilərlər. Vətəndaşlardan bayram günlərində heyvan kəsimi və satışı fəaliyyətləri ilə bağlı xoşagəlməz hallarla rastlaşdıqda, aidiyyəti dövlət qurumlarına və ya Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.

İyunun 6-7-si tarixlərini əhatə edən Qurban bayramı günlərində bir sıra regionlarda Azərbaycan Repsublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla, səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçiriləcək. Cəbrayıl rayonu Dəmir Yumruq küçəsi, həmçinin Şuşada quraşdırılan çadırtipli kəsim məntəqələrində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyaları fəaliyyət göstərəcək. Səyyar laboratoriyalar qida təhlükəsizliyi üzrə müxtəlif növ müayinələrin aparılması üçün tam təchiz olunub. Qurbanlıq heyvanlar arasında hər hansı xəstəliyə şübhə yaranarsa, daxili orqanlarından nümunə götürülərək həmin laboratoriyalarda operativ formada müayinə ediləcək. Eyni zamanda bayram günlərində AQTİ laboratoriyaları gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.

Nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Qaçabəyova Nayida tərəfindən Qırğızıstandan idxal edilən “OcOO QLOBAL KREŞ” şirkətinin istehsalı olan 14 ton toxumluq kartof məhsulundan götürülmüş nümunələrin müayinəsi nəticəsində məhsul partiyasında karantin tətbiq edilən orqanizm − Kartof yumrularında halqavari bakterial çürümə aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, məhsul partiyası məhv edilib.

Qida Təhlükəsizliyi Agentliyinin strukturuna daxil olan qurumlarda çalışan əməkdaşlara “Səriştə əsaslı uğurlu liderlik: idarəetmə, düşünmə və inkişaf” mövzusunda təlim keçirilib. Agentlikdə Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan təlimdə iştirakçılara liderliyin növləri, metodları və səriştələri barədə ətraflı məlumat verilib. Sonda iştirakçıların sualları cavablandırılıb.