Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
AQTA “Sağlam məktəbli” layihəsini davam etdirir
AQTA “Sağlam məktəbli” layihəsini davam etdirir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Sağlam məktəbli” layihəsi çərçivəsində daha bir ümumi təhsil müəssisəsində maarifləndirmə tədbiri həyata keçirilib.  Məktəblilər arasında sağlam qidalanmanın təşviq olunması, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədilə həyata keçirilən layihə çərçivəsində 2025-2026-cı tədris ili üzrə növbəti görüş Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki Bakı şəhəri Azad Hümbətov adına 291 nömrəli ekologiya liseyində təşkil olunub. Tədbirdə iştirak edən 150 şagirdə Agentliyin fəaliyyət istiqamətləri, eləcə də qida təhlükəsizliyinin təmin olunması və sağlam qidalanmanın vacibliyi barədə məlumatlar verilib. Daha sonra Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən “Qazlı-şəkərli içkilərin zərərləri” mövzusunda təqdimatlar edilib. Görüşdə mövzu ətrafında müzakirələr aparılıb, məktəbliləri maraqlandıran suallar cavablandırılıb və onlara sağlam qidalanmaya dair maarifləndirici bukletlər paylanıb. Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinə 2018-ci ildə start verilib. Layihə çərçivəsində hər il ümumtəhsil müəssisələrində şagirdlərlə qida sahəsində müxtəlif mövzularda görüşlər keçirilir. Agentlik tərəfindən belə görüşlərin davamlı olaraq təşkil edilməsi planlaşdırılıb.

AQTA-da Zəfər Günü münasibətilə tədbir keçirilib
AQTA-da Zəfər Günü münasibətilə tədbir keçirilib

Azərbaycan xalqı böyük qürur və iftixar hissi ilə dövlətimizin ən şanlı səhifələrindən biri olan 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümünü qeyd edir.  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Vətən müharibəsində iştirak etmiş, eləcə də ailə üzvləri şəhid və ya qazi olmuş əməkdaşlarla birgə 8 Noyabr- Zəfər Günü münasibətilə tədbir təşkil olunub. Agentlikdə təşkil olunan mərasimdə Azərbaycanın Dövlət Himni səsləndirilib. Ardınca Azərbaycan ordusunun şücaətini əks etdirən videoçarx nümayiş olunub.  Tədbirdə vurğulanıb ki, 2020-ci ilin 8 noyabrında Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Qarabağın tacı olan Şuşa şəhərini işğaldan azad edib. Bu tarixi Qələbə ilə 30 ilə yaxın davam edən ədalətsizlik və işğal dövrünə son qoyulub, ölkəmizin ərazi bütövlüyü bərpa edilib. Eyni zamanda ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan qəhrəmanlarımızın ailələrinin, eləcə də qazilərin və veteranların dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə edildiyi vurğulanıb. Tədbirdə Vətən müharibəsində iştirak edən Agentlik əməkdaşları döyüş yolları ilə bağlı xatirələrini bölüşüblər və göstərilən diqqət və qayğıya görə təşəkkür ediblər.

AQTA ictimai iaşə müəssisələrində mənşəyi məlum olmayan ət məhsullarının istifadəsinə qarşı nəzarəti gücləndirib
AQTA ictimai iaşə müəssisələrində mənşəyi məlum olmayan ət məhsullarının istifadəsinə qarşı nəzarəti gücləndirib

Son günlər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan nəzarət tədbirləri zamanı bəzi ictimai iaşə müəssisələrində və şadlıq saraylarında mənşəyi məlum olmayan, eləcə də baytarlıq arayışı və ya baytarlıq şəhadətnaməsi olmayan ət məhsullarının istifadəsi faktları aşkarlanıb. Qida təhlükəsizliyi tələblərinə görə, eyni zamanda dünyada yayılan yoluxucu heyvan xəstəliklərini nəzərə alaraq, mənşə və keyfiyyəti təsdiqlənməyən heyvan mənşəli məhsulların istehlaka təqdim edilməsi qanunvericiliklə qadağandır və bu hallar insan sağlamlığı üçün ciddi təhlükə yaradır. Bununla bağlı AQTA tərəfindən ictimai iaşə müəssisələrinə bildiriş məktubları ünvanlanıb və məsul şəxslərə yalnız mənşəyi və keyfiyyəti sənədlərlə təsdiqlənmiş ət məhsullarından istifadə etmələri bir daha xatırladılıb. Hazırda Agentlik respublika üzrə ictimai iaşə obyektlərində və şadlıq saraylarında nəzarət tədbirlərini gücləndirib. Qanunvericiliyin tələblərinə əməl etməyən müəssisələr barəsində inzibati tədbirlər görülür. Eyni zamanda, Agentlik istehlakçıları heyvan mənşəli ət məhsulları alarkən və ya ictimai iaşə müəssisələrində istehlak edərkən, müvafiq baytarlıq sənədlərinin mövcudluğunu tələb etməyə çağırır.

AQTİ tərəfindən “Chinar” restoranına “5 ulduz” sertifikatı təqdim edilib
AQTİ tərəfindən “Chinar” restoranına “5 ulduz” sertifikatı təqdim edilib

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən həyata keçirilən “Ulduz-reytinq” layihəsi çərçivəsində “Chinar” restoranında qiymətləndirmə aparılıb. Nəticələrə əsasən, müəssisədə qida təhlükəsizliyi tələblərinin yüksək səviyyədə tətbiq olunduğu müəyyən edilib və restorana “5 ulduz” sertifikatı təqdim olunub. “Ulduz-reytinq” layihəsi çərçivəsində ictimai iaşə müəssisələrinin qida təhlükəsizliyi, xidmət keyfiyyəti, fəaliyyət standartlarına uyğunluğu sistemli şəkildə ölçülərək qiymətləndirir və müvafiq olaraq 3, 4 və 5 ulduzla qiymətləndirilir. Bu yanaşma həm ictimai iaşə obyektləri üçün keyfiyyət göstəricisi sayılır, həm də yerli və xarici müştərilər üçün daha etibarlı seçim imkanı yaradır.  Qeyd edək ki, qiymətləndirmə prosesi sahibkarların könüllü müraciəti əsasında həyata keçirilir. Bunun üçün iaşə obyektləri info@afsi.gov.az elektron poçt ünvanına rəsmi müraciət göndərməlidirlər. Müraciət daxil olduqdan sonra AQTİ tərəfindən 30 gün müddətində müəssisədə qiymətləndirmə aparılır və 10 iş günü ərzində sahibkara nəticələrlə bağlı rəsmi bildiriş təqdim olunur. Qiymətləndirmənin nəticələrinə uyğun olaraq, obyektlərə 1 il müddətinə sertifikat verilir. İctimai iaşə obyektlərinin risk göstəriciləri əsasında reytinqini müəyyənləşdirmək və “Ulduz-reytinq” layihəsi barədə daha ətraflı məlumat almaq istəyən sahibkarlar “1003-Çağrı Mərkəzi”nə zəng edə bilərlər.

Video
Qeydiyyata alınmış və ya təsdiq edilmiş qida obyekt və subyektləri haqqında reyestr məlumatları

Qeydiyyata alınmış və ya təsdiq edilmiş qida obyekt və subyektləri haqqında reyestr məlumatları