AQTA əməkdaşları tərəfindən Mingəçevir şəhəri, Xocalı küçəsi, ev 8 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Əliyeva Vəfa Razim qızına məxsus “Yusif” marketdə plandankənar yoxlama keçirilib. Baxış zamanı ciddi qanun pozuntusu aşkarlanıb. Belə ki, müxtəlif əmtəə nişanlı, ümumilikdə 510 ədəd son istifadə müddəti bitmiş qida məhsulunun satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati xəta haqqında protokol tərtib olunub. Həmçinin, vaxtı keçmiş məhsulların satışının qadağan edilməsi, dövriyyədən çıxarılması və məhv olunması barədə müvafiq qərar qəbul olunub.
Ramazan ayında oruc tutan şəxslərin qidalanmasında xurma mühüm yer tutur. Yüksək qidalılıq dəyərinə malik olan xurma orqanizmin enerji dəyərinin qorunmasına və uzun müddət toxluq hissinin saxlanmasına kömək edir. Bir ədəd quru xurma təxminən 20–28 kalori ehtiva edir və vitaminlər, minerallar, təbii meyvə şəkərləri, zülal, karbohidrat və liflə zəngindir. Tərkibində lifin miqdarının çox olmasına görə toxluq hissi yaranır ki, bu da uzun müddət aclığa qarşı orqanizmin müqavimətini artırır. Bununla yanaşı, xurma karbohidratlarla zəngin olduğundan həddindən artıq istehlak edildikdə qan şəkərinin yüksəlməsinə səbəb ola bilər. Şəkərli diabet və piylənmədən əziyyət çəkən şəxslər həkimin tövsiyəsinə uyğun xurma istehlak edə bilərlər. Xurma alarkən onun xarici görünüşünə, eyni zamanda məhsulun satışa qədər düzgün saxlanmasına diqqət yetirmək lazımdır. Xurmanın üzərində zədə və kif əlaməti olmamalı, zərərli orqanizmlərin təsirinə məruz qalmamalıdır. Qablaşdırılmış halda satılan xurmanı alarkən buraxılış və son istifadə tarixinə mütləq nəzər yetirilməlidir. Yaxşı yetişmiş xurma səthi hamar, tünd qəhvəyi rəngli, mat, ləkəsiz, yumşaq, çəyirdəkli olmalı, lakin, parlaq, yapışqan və yağlı olmamalıdır. Xurmanın xarici səthinin açıq rəngli olması onun yaxşı yetişmədiyini, daxili lətli hissəsinin tünd rəngdə olması isə onun köhnə olduğunu göstərir. Həmçinin xurmanın qabığında çatlar varsa, qabığı soyulursa, bu məhsulun süni üsulla qurudulduğunu göstərir. Belə xurmaların isə istehlakı məsləhət görülmür. Xurma istiyə və günəş şüasına birbaşa məruz qalmadan, sərin şəraitdə və ya soyuducuda saxlanmalıdır. Açıq şəkildə satılan məhsullar toz və mikroorqanizmlərlə çirklənə biləcəyi üçün istehlakdan əvvəl mütləq yaxşıca yuyulmalıdır.
Avropa ölkələri atların idxalı zamanı ciddi epizootik və biotəhlükəsizlik tələbləri tətbiq edir. Bu tələblər Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) tərəfindən müəyyən edilmiş beynəlxalq standartlara əsaslanır. Mövcud mexanizmlər tam uyğunlaşdırılmadıqda isə idman atlarının xaricə daşınması zamanı əlavə prosedurlar və məhdudiyyətlər yarana bilər. İdman atlarımızın beynəlxalq yarışlarda, xüsusilə Avropa turnirlərində fasiləsiz iştirakını təmin etmək məqsədilə ölkəmizdə “at xəstəliklərindən azad zona” və ya “kompartment” modelinin yaradılması istiqamətində işlərə başlanılıb. Bu məqsədlə keçirilən görüşdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA), ÜHST-nin, Kənd Təsərrüfatı Nazirliyinin, Aqrar Xidmətlər Agentliyinin, Azərbaycan Atçılıq Federasiyasının nümayəndələri və beynəlxalq ekspertlər iştirak ediblər. AQTA-nın sədr müavini Balarəhim Quliyev bildirib ki, müvafiq statusun əldə olunması üçün obyektlərdə ÜHST-nin Quruda yaşayan heyvanların sağlamlığı Məcəlləsinin tələblərinə uyğun infrastruktur qurulmalı, sanitariya-gigiyena və biotəhlükəsizlik tədbirləri tam təmin edilməli, eləcə də idman atlarının hərəkətinə dair xüsusi nəzarət və izləmə sistemi tətbiq olunmalıdır. Bu tələblər yerinə yetirildikdən sonra ÜHST-yə rəsmi müraciət ediləcək və müvafiq obyektlərin azad zona və ya kompartment kimi tanınması mümkün olacaq. Həmin status ölkəmizin beynəlxalq səviyyədə rəsmi tanınmasına, idman atlarının isə yarış keçirilən ölkələrə daha operativ və məhdudiyyətsiz daşınmasına imkan yaradacaq. Layihə çərçivəsində beynəlxalq ekspertlər tərəfindən infrastrukturun beynəlxalq standartlara uyğunlaşdırılması, baytarlıq və biotəhlükəsizlik prosedurlarının hazırlanması istiqamətində metodiki dəstək göstəriləcək. Bu təşəbbüs həm at xəstəlikləri riskinin minimuma endirilməsinə, həm də Azərbaycanın beynəlxalq atçılıq yarışlarında nüfuzunun və təmsilçiliyinin gücləndirilməsinə xidmət edir.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Salyan rayonunun Dayıkənd kəndində fəaliyyət göstərən “Gölüstü” restoranında və Qaraçala qəsəbəsi, Arxarası kəndində fəaliyyət göstərən “Çinar” kafesində bir sıra nöqsanlar aşkarlanıb. Yoxlama zamanı ictimai iaşə obyektlərində sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən edilib. “Gölüstü” restoranında qanunvericiliyin tələblərinə uyğun etiket məlumatları olmayan qida məhsullarının satışa çıxarıldığı da məlum olub. “Çinar” kafesində isə qida məhsullarına dair müvafiq müşayiətedici sənədlər yoxlamaya təqdim edilməyib. Sahibkarlıq subyektləri barəsində inzibati protokol tərtib olunub, nöqsanlar aradan qaldırılanadək obyektlərdə işlərin görülməsi və xidmətlərin göstərilməsi məhdudlaşdırılıb.
Kürdəmir rayonu, Atakişili kəndi ərazisində yerləşən “Dafne Agro” MMC-yə məxsus heyvan satışı bazarının rekonstruksiyadan sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazar ərazisi asfaltlanıb, giriş və çıxış qapısında dezbaryerlər, həmçinin yem anbarı, iri və xırdabuynuzlu heyvanların satış sahələri yenidən qurulub. Xəstə heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması üçün xüsusi izolyatorlar tikilib. Bazar ərazisində baytarlıq nəzarətinin təmin edilməsi məqsədilə baytar həkimin fəaliyyəti üçün nəzarət otağı yaradılıb. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Bundan öncə Beyləqan, Ağcabədi, Biləsuvar, İmişli, Şamaxı, Göyçay, Salyan, Göygöl və Bərdə heyvan bazarları fəaliyyətə başlayıb. Hazırda Masallı, Xaçmaz və Sabirabad heyvan bazarlarında intensiv təmir və rekonstruksiya işləri aparılır. Qeyd edək ki, bazarlar Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq edilmiş norma və qaydalara uyğun yenidən qurulmalıdır. Yenidən qurulan heyvan bazarları isə yalnız Agentliyin müvafiq komissiyasının yekun qiymətləndirilməsindən sonra fəaliyyətə başlaya bilər. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:
Xəbər verildiyi kimi, Göygöl rayonunun Aşıqlı kənd tam orta məktəbində 10 şagirdin zəhərlənmə şübhəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırmalar davam etdirilir. Agentliyin əməkdaşları tərəfindən ilkin olaraq məktəbin bufetində, daha sonra isə uşaqların qəbul etdiyi “Elcan” əmtəə nişanlı qarğıdalı çubuqlarının emal olunduğu müəssisədə yoxlama tədbirləri həyata keçirilib. Məktəb bufetində aparılan baxış zamanı eyni adlı məhsulların bir qisminin üzərində etiket məlumatlarının aydın və oxunaqlı şəkildə qeyd edilmədiyi, bəzi məhsulların isə son istifadə tarixinin bitməsinə baxmayaraq satış stendində saxlanıldığı müəyyən edilib. Aşkar olunmuş uyğunsuzluqlar nəzərə alınaraq məktəb bufetinin fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılıb. Qarğıdalı çubuqlarının istehsalı ilə məşğul olan müəssisəyə baxış zamanı isə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitar norma və qaydaların, gigiyena normativlərinin tələblərinin pozulduğu aşkar olunub. Bununla yanaşı xammalın saxlanılması, məhsulun emalı, qablaşdırılması və digər proseslərin sanitar-gigiyenik tələblərə riayət edilmədən eyni sahədə həyata keçirildiyi, müvafiq təmizlik işlərinin aparılmadığı, çirkli və paslanmış avadanlıqların qida məhsulları ilə birgə saxlanıldığı, istehsal zamanı texnoloji ardıcıllıq prinsipinə əməl edilmədiyi müəyyən olunub. Yoxlama zamanı istehsal prosesində mənşəyi məlum olmayan qida əlavələrindən və rəngləyicilərdən istifadə edildiyi də aşkar edilib. Aşkar edilmiş pozuntularla əlaqədar olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılmış, rəhbəri barəsində inzibati protokol tərtib edilərək qanunvericiliyə uyğun tədbirlər görülüb. Məhsulların keyfiyyət və təhlükəsizlik göstəricilərinin müəyyənləşdirilməsi məqsədilə qarğıdalı çubuqlarından, eləcə də istehsal prosesində istifadə edilən xammallardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Hazırda araşdırmalar davam etdirilir. Nəticələr barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən həyata keçirilən “Ulduz-reytinq” layihəsi çərçivəsində “Günaydın” restoranında qiymətləndirmə aparılıb. Aparılan yoxlamaların nəticələrinə əsasən müəssisədə qida təhlükəsizliyi tələblərinin yüksək səviyyədə tətbiq olunduğu müəyyən edilib və restorana ən yüksək göstərici sayılan “5 ulduz” sertifikatı təqdim olunub. “Ulduz-reytinq” layihəsi ictimai iaşə müəssisələrində qida təhlükəsizliyi, xidmət keyfiyyəti və fəaliyyət standartlarına uyğunluğun obyektiv şəkildə qiymətləndirilməsini nəzərdə tutur. Qiymətləndirmə nəticələrinə əsasən müəssisələr 3, 4 və ya 5 ulduzla dəyərləndirilir. Bu yanaşma həm ictimai iaşə obyektləri üçün keyfiyyət göstəricisi sayılır, həm də yerli və xarici müştərilər üçün daha etibarlı seçim imkanı yaradır. Layihə çərçivəsində indiyədək 100-dən çox müraciət daxil olub. Qiymətləndirmə nəticələrinə əsasən artıq 5 restoran ən yüksək nəticə əldə edərək “5 ulduz” sertifikatına layiq görülüb. Bu isə həmin müəssisələrdə yüksək sanitariya-gigiyena qaydalarının və qida təhlükəsizliyi standartlarının tətbiq olunduğunu göstərir. Qeyd edək ki, qiymətləndirmə prosesi sahibkarların könüllü müraciəti əsasında həyata keçirilir. İaşə obyektləri layihədə iştirak etmək üçün info@afsi.gov.az elektron poçt ünvanına rəsmi müraciət göndərə bilərlər. Əlavə məlumat almaq və ictimai iaşə obyektlərinin risk göstəriciləri əsasında reytinq sistemi ilə tanış olmaq istəyən sahibkarlar “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlaya bilərlər.
Gəncə şəhəri, E.Kəsəmənli küçəsində fəaliyyət göstərən çörək sexində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib. Qida obyektində keçirilmiş yoxlama zamanı sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, qida təhlükəsizliyi sahəsində qanunverciliyin tələbləri izah edilib və icrası məcburi göstərişlər verilib.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağcabədi rayonu, Pərioğullar kəndində fəaliyyət göstərən pendir sexində yoxlama keçirib. İstehsal müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən və müvafiq dövlət reyestrindən çıxarışı olmadan fəaliyyət göstərdiyi, həmçinin qida məhsullarının emalı prosesində ciddi uyğunsuzluqlar aşkarlanıb. Saçaq pendirinin hazırlanmasında istifadə olunan suyun filtrdən keçirilmədiyi, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, avadanlıqların təmizlənmədiyi və digər tələblərin pozulduğu müəyyən edilib. Sahibkar barəsində inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Ramazan ayında oruc tutan insanların düzgün və balanslı qidalanması xüsusi əhəmiyyət daşıyır. Uzun müddət ac və susuz qaldıqdan sonra orqanizmi birdən-birə ağır yeməklərlə yükləmək müxtəlif həzm problemlərinə, halsızlığa və digər narahatlıqlara səbəb ola bilər. İftara ilıq su ilə başlamaq ən doğru addımlardan biri hesab olunur. 1-2 stəkan su içmək orqanizmin susuzluğunu aradan qaldırır və mədəni yeməyə hazırlayır. Ardınca xurma, zeytun, tərəvəz salatı və göy-göyərti kimi yüngül qidalar qəbul etmək tövsiyə edilir. Təxminən 15-20 dəqiqə fasilədən sonra əsas yeməklərə keçmək daha məqsədəuyğundur. Əsas yeməklər mümkün qədər yüngül və balanslı olmalıdır. Yeməyə yüngül şorba ilə başlamaq həzm sisteminə müsbət təsir göstərir. Sobada bişmiş ət, toyuq və ya balıq, yanında tərəvəzlər, az miqdarda bulqur və ya düyü ideal seçim sayılır. Bu cür qidalanma orqanizmi lazımi zülal, vitamin və minerallarla təmin edir, eyni zamanda ağırlıq hissi yaratmır. Bununla yanaşı, bəzi qidalardan uzaq durmaq vacibdir. Xəmir xörəkləri, qızartmalar, çox yağlı və souslu yeməklər iftar süfrəsində məhdudlaşdırılmalıdır. Acılı, çox ədviyyatlı və turş qidalar isə həm susuzluğu artırır, həm də mədə-bağırsaq problemlərinə səbəb ola bilər. Yeməkdən dərhal sonra şirniyyat yemək artıq çəkiyə və həzm pozuntularına səbəb olur. Buna görə şirniyyatların yeməkdən 1-2 saat sonra qəbul edilməsi daha düzgündür. Şərbətli və ağır desertlər əvəzinə südlü şirniyyatlar, meyvələr və ya quru meyvələrə üstünlük verilməsi daha sağlam seçimdir. Daha ətraflı.
Gəncə şəhəri, Ə.Əliyev küçəsində fəaliyyət göstərən, Hacıyev Vüqar İlqar oğluna məxsus çayxanada nəzarət tədbiri keçirilib. Yoxlama zamanı ictimai iaşə obyektində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub. Obyektdə qida ilə təmasda olan səthlərin asan təmizlənən və dezinfeksiyaya davamlı materialdan üzlənmədiyi, alət və avadanlıqların təmiz saxlanmadığı, istifadə olunan suyun filtirasiya olunmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, havalandırma sisteminin qurulmadığı aşkarlanıb. Bundan əlavə, sanitariya-gigiyena normalarına zidd digər nöqsanlar qeydə alınıb. Faktla bağlı obyektin sahibkarı barəsində inzibati protokol tərtib olunub, nöqsanlar aradan qaldırılanadək işlərin və xidmətlərin görülməsinə məhdudiyyət tətbiq edilib və icrası məcburi göstərişlər verilib.
Cari ilin 2-6 fevral tarixlərində respublika ərazisində (Naxçıvan Muxtar Respublikası daxil) ərazisində quş qripi xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqin nəticələri açıqlanıb. Monitorinq dövlət təbiət yasaqlıqlarının, ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə edib. Habelə su anbarları və çaysahili ərazilərdə ümumi müşahidələr aparılıb, vəhşi quşlara klinik baxış keçirilib və diaqnostik material nümunələri götürülüb. Bundan əlavə, sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsində, 17 rayonun (şəhər) ailə təsərrüfatında müxtəlif növ ev quşundan qan və yaxma nümunələri götürülüb. Monitorinq çərçivəsində təbiət ərazilərinə, müxtəlif növ quşçuluq müəssisələrinə, ailə təsərrüfatlarına, su hövzələri, parklar və zooparklara, dekorativ quşların saxlandığı obyektlərə, diri quş satışının həyata keçirildiyi bazarlara ümumi baxış keçirilib, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görülüb. Monitorinq müddətində götürülmüş nümunələrin laborator müayinələri və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hal aşkarlanmayıb.
Giriş