Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
AQTA: İctimai iaşə və qida satışı müəssisələrində aşkar edilən nöqsanlar aradan qaldırılır
AQTA: İctimai iaşə və qida satışı müəssisələrində aşkar edilən nöqsanlar aradan qaldırılır

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin apardığı plandankənar yoxlamalar zamanı Bakı şəhərində fəaliyyət göstərən bir sıra ictimai iaşə və qida məhsullarının satışı ilə məşğul olan müəssisələrdə aşkar edilən nöqsanların aradan qaldırılması istiqamətində müvafiq sağlamlaşdırma tədbirləri həyata keçirilib. Belə ki, Bakı şəhərinin Xətai, Yasamal və Suraxanı rayonlarında fəaliyyət göstərən 3 müəssisədə keçirilən yoxlamalar zamanı müəyyən edilən nöqsanlar müəssisə sahibləri tərəfindən aradan qaldırılıb. Görülən tədbirlər nəticəsində müəssisələrdə aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılıb və fəaliyyətin davam etdirilməsinə şərait yaradılıb. Sağlamlaşdırma tədbirləri həyata keçirilən müəssisələr aşağıdakılardır: •    Fiziki şəxs Məmmədov Elvin Əli oğluna məxsus Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi, ev 40H ünvanında yerləşən “Təndirxana” ictimai iaşə müəssisəsi; •    Fiziki şəxs Qafarov Əşrəf Nüslət oğluna məxsus Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov küçəsi, 49A ünvanında yerləşən “Minkənd” kafesi; •    Fiziki şəxs Quliyev Cavanşir Tair oğluna məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Qulu Quliyev küçəsi, ev 114, 114 saylı məktəbin yaxınlığında fəaliyyət göstərən “Unlu qənnadı məmulatların emalı və satışı” mağazası.

Qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı təsdiqlənib
Qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı təsdiqlənib

Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı” təsdiqlənib. Yeni Dövlət Proqramı əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin olunması, qida təhlükəsizliyi sisteminin daha da gücləndirilməsi, qida mənşəli xəstəlik və təhlükələrin azaldılması, istehlakçıların və sahibkarların məlumatlılığının artırılması, eləcə də Azərbaycanın qida məhsullarının xarici bazarlara çıxış imkanlarının genişləndirilməsinə yönəlib. Proqramda qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahəsində qanunvericiliyin beynəlxalq təcrübəyə uyğunlaşdırılması əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Bu çərçivədə yeni normativ hüquqi aktların hazırlanması, sahibkarların yeni tələblər barədə məlumatlandırılması və qida zəncirinin bütün mərhələlərində təhlükəsizlik tələblərinin gücləndirilməsi nəzərdə tutulur. Dövlət Proqramının əsas yeniliklərindən biri qida məhsullarının vahid izlənmə sisteminin yaradılmasıdır. "Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi" İnformasiya Sistemində (AQTİS) Vahid İzləmə Altsisteminin hazırlanması və qida zəncirində fəaliyyət göstərən subyektlərin bu sistemə qoşulması planlaşdırılır. Bununla məhsulun istehsaldan son istehlakçıya qədər hər mərhələdə izlənilməsi mümkün olacaq. Bu isə risk yarandıqda problemin mənbəyinin daha sürətli müəyyənləşdirilməsinə imkan verəcək. Pilot layihə qismində 50 qida subyektinin vahid izlənilməyə dair proqram təminatına qoşulması təmin ediləcək. Heyvanların identifikasiyası istiqamətində də yeni mərhələyə keçid nəzərdə tutulur. Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin əhatə dairəsi və funksionallığı genişləndiriləcək. Bu, heyvanların sağlamlıq vəziyyətinin daha effektiv izlənilməsinə, epizootiya əleyhinə tədbirlərin operativ həyata keçirilməsinə və heyvan mənşəli məhsulların izlənilməsinə imkan yaradacaq. Qida təhlükəsizliyi üzrə sanitariya norma və qaydalarının beynəlxalq tələblərə uyğunlaşdırılması davam etdiriləcək. Xüsusilə arıçılıq məhsullarına, o cümlədən bala dair beynəlxalq təcrübə əsasında yeni sanitariya norma və qaydalarının hazırlanması nəzərdə tutulur. Bu tədbirlər Azərbaycan balının və digər arıçılıq məhsullarının, eləcə də quşçuluq məhsullarının yeni xarici bazarlara çıxışına imkan yaradacaq. Bu məqsədlə yeni ixrac bazarları araşdırılacaq, həmin ölkələrin tələbləri öyrəniləcək və məhsulların ixracı üçün müvafiq icazələrin alınması istiqamətində işlər genişləndiriləcək. İstehsal, emal və ictimai iaşə müəssisələrində HACCP sisteminin tətbiqinin sürətləndirilməsi də Dövlət Proqramının əsas hədəflərindəndir. Bu sistem qida təhlükəsizliyi ilə bağlı risklərin əvvəlcədən müəyyənləşdirilməsinə və qarşısının alınmasına imkan verir. Proqram çərçivəsində qida təhlükəsizliyində müasir texnologiyalardan istifadənin genişləndirilməsi də planlaşdırılır. AQTİS-də risklərin təhlili üçün süni intellekt modelinin hazırlanması, həmçinin sahibkarlar tərəfindən rəqəmsal monitorinq sistemləri və sensor texnologiyaların tətbiqinin təşviqi nəzərdə tutulur. Qida təhlükəsizliyi sahəsində laboratoriya imkanlarının artırılması da diqqətdə saxlanılır. Mövcud dövlət laboratoriyalarının təkmilləşdirilməsi, yeni analitik metodların tətbiqi və yüksək biotəhlükəsizlik tələblərinə cavab verən laboratoriya kompleksi və vivariumun yaradılması nəzərdə tutulur. Yeni Dövlət Proqramında istehlakçıların məlumatlandırılmasına da xüsusi önəm verilir. Allergenlərin etiketlənməsinə nəzarətin gücləndirilməsi, sağlam qidalanma ilə bağlı maarifləndirmənin artırılması və qida təhlükəsizliyi üzrə məlumatlılığın yüksəldilməsi istiqamətində tədbirlər həyata keçiriləcək. Ümumi təhsil müəssisələrində sağlam qidalanma və zoonoz xəstəliklərlə bağlı məlumatların artırılması da nəzərdə tutulur. Beləliklə, 2027–2032-ci illər üçün Dövlət Proqramı qida təhlükəsizliyində daha müasir, rəqəmsal və risk əsaslı yanaşmanın tətbiqini sürətləndirəcək. Məhsulların izlənilməsi, heyvanların identifikasiyası, yeni sanitariya tələbləri, HACCP sisteminin genişləndirilməsi, süni intellekt və müasir laboratoriya imkanları qida təhlükəsizliyi sisteminin daha da gücləndirilməsinə xidmət edəcək. Proqramın icrasının əlaqələndirilməsi və nəzarəti Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçiriləcək.

İsmayıllı rayonunda baş vermiş zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb
İsmayıllı rayonunda baş vermiş zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

20.08.2026-cı il tarixində Göyçay Rayon Mərkəzi Xəstəxanası tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Çağrı Mərkəzinə İsmayıllı rayonu, Hacıhətəmli kəndində toy məclisi zamanı kütləvi zəhərlənmə şübhəsi ilə bağlı məlumat daxil olub. Məlumat əsasında AQTA əməkdaşları tərəfindən dərhal araşdırmalara başlanılıb. İlkin məlumata əsasən, hadisə nəticəsində 40 nəfər zərər çəkib. Araşdırmalar zamanı ilkin şübhəli qida məhsulları kimi buğlama və düyü müəyyən edilib. Həmin məhsullardan, istehlaka təqdim olunan digər qidalardan, eləcə də zərərçəkən şəxslərdən laborator müayinələrin aparılması məqsədilə nümunələr götürülərək analizə cəlb olunub. Laborator müayinələrin nəticələrinə əsasən, bişmiş düyü nümunəsində Bacillus cereus, zərərçəkən şəxslərdən götürülmüş nümunələrdə isə Staphylococcus aureus və Escherichia coli (bağırsaq çöpü) bakteriyaları aşkarlanıb. Staphylococcus aureus normal hallarda dəri və selikli qişa mikroflorasında mövcud olan bakteriyadır. Termiki emaldan keçmiş hazır qida məhsullarında bu bakteriyanın aşkar olunması həmin məhsulların hazırlanması və ya sonrakı mərhələdə sanitariya-gigiyena tələblərinin pozulduğunu, o cümlədən çarpaz çirklənmənin baş verdiyini və ya saxlanma şəraitinə riayət edilmədiyini göstərir. Qeyd edək ki, toy məclisində istehlak olunan qidalar ev şəraitində hazırlanıb. AQTA bir daha vətəndaşlara müraciət edərək bildirir ki, kütləvi tədbirlər zamanı qida məhsullarının hazırlanması, saxlanması və istehlaka təqdim olunması zamanı qida təhlükəsizliyi tələblərinə ciddi əməl edilməlidir. Xüsusilə ev şəraitində hazırlanan qidaların kütləvi məclislərdə istehlaka təqdim olunması tövsiyə edilmir. Belə hallarda qidaların hazırlanması və saxlanması zamanı temperatur rejiminə, şəxsi gigiyena qaydalarına və digər qida təhlükəsizliyi tələblərinə tam riayət olunmaması qida zəhərlənmələri riskini artıra bilər.

“Qala Qəbələ” ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb
“Qala Qəbələ” ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Binəqədi rayonu, Mir Cəlal küçəsi, 105 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Bərxudarov Nəsir Adil oğluna məxsus “Qala Qəbələ” ictimai iaşə müəssisəsində plandankənar yoxlama keçirilib. Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, eləcə də sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, istehlakçılara təqdim olunan 12 ədəd 0,5 litrlik “Banketnaya” əmtəə nişanlı araq məhsulunun saxta olduğu aşkarlanıb. Həmçinin müəssisədə istifadə edilən ət məhsullarının müşayiətedici sənədlərinin olmadığı, mənşəyi məlum olmayan turşu məhsullarından istifadə edildiyi və çiy tərəvəzlərin qida təhlükəsizliyi tələblərinə uyğun olmayan şəraitdə saxlanıldığı müəyyən olunub. Bundan əlavə, müəssisədə zərərvericilərə qarşı mübarizə üçün zəruri şəraitin yaradılmadığı, temperatur monitorinqinin aparılmadığı, texnoloji ardıcıllıq prinsipinə əməl edilmədiyi, avadanlıqların çirkli vəziyyətdə saxlanıldığı və təmizlik işlərinə dair müvafiq cədvəllərin olmadığı aşkarlanıb. Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Mətbəxdə istehlaka hazır qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Aşkar olunmuş uyğunsuzluqlar aradan qaldırılanadək ictimai iaşə müəssisəsinin fəaliyyətinin dayandırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlər görülüb. AQTA tərəfindən qida təhlükəsizliyi tələblərinə əməl olunması ilə bağlı nəzarət tədbirləri davam etdirilir.

AQTA Amerika ağ kəpənəyinə qarşı monitorinq tədbirlərini davam etdirir
AQTA Amerika ağ kəpənəyinə qarşı monitorinq tədbirlərini davam etdirir

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları karantin tətbiq edilən təhlükəli zərərverici − Amerika ağ kəpənəyinin yayılmasının qarşısının alınması məqsədilə monitorinq və fitosanitar nəzarət tədbirlərini davam etdirir. Bu çərçivədə Lənkəran rayonunun Lənkəran və Liman şəhərləri, Haftoni qəsəbəsi, Göyşaban, Ürgə, Boladi, Separadi, Daşdalıqcar, Siyəvar, Tütəpeştə, Aşağı Nüvədi, Sütəmurdov, Velədi və Kərgəlan kəndlərində zərərvericinin növbəti nəslinin yetkin fərdlərinin aşkar edilməsi və yayılma arealının müəyyənləşdirilməsi məqsədilə monitorinqlər aparılıb. Zərərvericinin yayılma arealına uyğun olaraq ərazilərdə feromon tələlər asılıb. Bununla yanaşı, Bakı şəhərinin Nizami rayonunda yaşayış binalarının həyətlərində və yol kənarlarında yerləşən ağaclarda Amerika ağ kəpənəyinin yayılması ilə bağlı müvafiq monitorinq tədbirləri həyata keçirilib. Zərərvericinin populyasiya sıxlığının izlənilməsi və erkən aşkarlanması məqsədilə ərazinin müxtəlif nöqtələrində feromon tələlər quraşdırılıb. Monitorinq tədbirləri zamanı sakinlərlə maariflənidirici görüşlər də keçirilib. Sakinlərə zərərverici ilə bağlı məlumat təqdim olunub, bukletlər paylanıb və müvafiq tövsiyələr verilib.

Onlayn Xidmət Sertifikatın yoxlanılması
Video
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib

AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib