Gəncə şəhəri, E.Kəsəmənli küçəsində fəaliyyət göstərən çörək sexində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib. Qida obyektində keçirilmiş yoxlama zamanı sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, qida təhlükəsizliyi sahəsində qanunverciliyin tələbləri izah edilib və icrası məcburi göstərişlər verilib.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağcabədi rayonu, Pərioğullar kəndində fəaliyyət göstərən pendir sexində yoxlama keçirib. İstehsal müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən və müvafiq dövlət reyestrindən çıxarışı olmadan fəaliyyət göstərdiyi, həmçinin qida məhsullarının emalı prosesində ciddi uyğunsuzluqlar aşkarlanıb. Saçaq pendirinin hazırlanmasında istifadə olunan suyun filtrdən keçirilmədiyi, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, avadanlıqların təmizlənmədiyi və digər tələblərin pozulduğu müəyyən edilib. Sahibkar barəsində inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Ramazan ayında oruc tutan insanların düzgün və balanslı qidalanması xüsusi əhəmiyyət daşıyır. Uzun müddət ac və susuz qaldıqdan sonra orqanizmi birdən-birə ağır yeməklərlə yükləmək müxtəlif həzm problemlərinə, halsızlığa və digər narahatlıqlara səbəb ola bilər. İftara ilıq su ilə başlamaq ən doğru addımlardan biri hesab olunur. 1-2 stəkan su içmək orqanizmin susuzluğunu aradan qaldırır və mədəni yeməyə hazırlayır. Ardınca xurma, zeytun, tərəvəz salatı və göy-göyərti kimi yüngül qidalar qəbul etmək tövsiyə edilir. Təxminən 15-20 dəqiqə fasilədən sonra əsas yeməklərə keçmək daha məqsədəuyğundur. Əsas yeməklər mümkün qədər yüngül və balanslı olmalıdır. Yeməyə yüngül şorba ilə başlamaq həzm sisteminə müsbət təsir göstərir. Sobada bişmiş ət, toyuq və ya balıq, yanında tərəvəzlər, az miqdarda bulqur və ya düyü ideal seçim sayılır. Bu cür qidalanma orqanizmi lazımi zülal, vitamin və minerallarla təmin edir, eyni zamanda ağırlıq hissi yaratmır. Bununla yanaşı, bəzi qidalardan uzaq durmaq vacibdir. Xəmir xörəkləri, qızartmalar, çox yağlı və souslu yeməklər iftar süfrəsində məhdudlaşdırılmalıdır. Acılı, çox ədviyyatlı və turş qidalar isə həm susuzluğu artırır, həm də mədə-bağırsaq problemlərinə səbəb ola bilər. Yeməkdən dərhal sonra şirniyyat yemək artıq çəkiyə və həzm pozuntularına səbəb olur. Buna görə şirniyyatların yeməkdən 1-2 saat sonra qəbul edilməsi daha düzgündür. Şərbətli və ağır desertlər əvəzinə südlü şirniyyatlar, meyvələr və ya quru meyvələrə üstünlük verilməsi daha sağlam seçimdir. Daha ətraflı.
Gəncə şəhəri, Ə.Əliyev küçəsində fəaliyyət göstərən, Hacıyev Vüqar İlqar oğluna məxsus çayxanada nəzarət tədbiri keçirilib. Yoxlama zamanı ictimai iaşə obyektində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub. Obyektdə qida ilə təmasda olan səthlərin asan təmizlənən və dezinfeksiyaya davamlı materialdan üzlənmədiyi, alət və avadanlıqların təmiz saxlanmadığı, istifadə olunan suyun filtirasiya olunmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, havalandırma sisteminin qurulmadığı aşkarlanıb. Bundan əlavə, sanitariya-gigiyena normalarına zidd digər nöqsanlar qeydə alınıb. Faktla bağlı obyektin sahibkarı barəsində inzibati protokol tərtib olunub, nöqsanlar aradan qaldırılanadək işlərin və xidmətlərin görülməsinə məhdudiyyət tətbiq edilib və icrası məcburi göstərişlər verilib.
Cari ilin 2-6 fevral tarixlərində respublika ərazisində (Naxçıvan Muxtar Respublikası daxil) ərazisində quş qripi xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqin nəticələri açıqlanıb. Monitorinq dövlət təbiət yasaqlıqlarının, ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə edib. Habelə su anbarları və çaysahili ərazilərdə ümumi müşahidələr aparılıb, vəhşi quşlara klinik baxış keçirilib və diaqnostik material nümunələri götürülüb. Bundan əlavə, sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsində, 17 rayonun (şəhər) ailə təsərrüfatında müxtəlif növ ev quşundan qan və yaxma nümunələri götürülüb. Monitorinq çərçivəsində təbiət ərazilərinə, müxtəlif növ quşçuluq müəssisələrinə, ailə təsərrüfatlarına, su hövzələri, parklar və zooparklara, dekorativ quşların saxlandığı obyektlərə, diri quş satışının həyata keçirildiyi bazarlara ümumi baxış keçirilib, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görülüb. Monitorinq müddətində götürülmüş nümunələrin laborator müayinələri və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hal aşkarlanmayıb.
Tovuzda dövlət qurumlarının iştirakı ilə “Qəhvəyi mərmər bağacığına qarşı birgə mübarizə” mövzusunda regional müşavirə keçirilib. Müşavirədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Tovuz, Qazax, Ağstafa, Şəmkir, Samux və Göygöl rayon icra hakimiyyətlərinin rəhbərləri, bu rayonlarda müvafiq sahə üzrə çalışan mütəxəssislər iştirak ediblər. Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, xatirəsi ehtiramla yad edilib. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, qarşıda duran ən mühüm məsələlərdən biri qəhvəyi mərmər bağacığına qarşı mübarizənin cari vəziyyətini dəyərləndirmək və gələcəkdə atılacaq addımların effektivliyini təmin etməkdir. 2026-cı ilin qışlama dövrü üçün mübarizə tədbirlərinin davam etdiyini vurğulayan Məcnun Məmmədov artıq 31 rayon üzrə 12 min 630 nöqtədə monitorinqlər aparıldığını, 3 minə yaxın ocaqda kimyəvi mübarizənin başa çatdırıldığını deyib. Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov nazirliyin yerli qurumlarının meşəlik və meşəətrafı ərazilərdə digər qurumlarla birgə mütəmadi tədbirlər həyata keçirdiyini bildirib. Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev Regional Əlaqələndirmə Mərkəzlərinin qəhvəyi mərmər bağacığına qarşı mübarizə çərçivəsində gördüyü işlər barədə məlumat verib, keçirilən görüşlər və həyata keçirilən tədbirlər haqqında hesabat təqdim edib. Müşavirədə 2026-cı ildə qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinin təşkili ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Xəbər verdiyimiz kimi, Qida Təhlükəsizliyi Agentliyi mütəmadi olaraq, risk əsaslı yanaşma çərçivəsində ölkəyə idxal olunan xam və istehlaka hazır palma yağları və palma yağı tərkibli qarışıq bitki yağları üzrə nəzarət tədbirlərini həyata keçirir. Eyni zamanda ölkəyə xam şəkildə idxal edilən palma yağlarının növbəti istehsal və emal mərhələlərində də nəzarətin təmin edilməsi məqsədilə yerli müəssisələrdə dövlət nəzarəti tədbirlərini icra edir. Aparılan yoxlamaların nəticələri barədə ictimaiyyət mütəmadi şəkildə məlumatlandırılır. Növbəti belə nəzarət tədbiri "Alda" MMC-nin istehsal müəssisəsində keçirilib. “Alda” şirkətinin Rusiya Federasiyasından idxal etdiyi “Пищевые Ингредиенты” istehsalçı müəssisəsinə məxsus “EFKO” əmtəə nişanlı palma yağında laborator müayinə zamanı kimyəvi emal çirkləndiricisi (3-monoxlorpropan-1,2-diol) müəyyən edilib. Həmçinin bu məhsulun şirkət tərəfindən spred yağlarının istehsalında xammal kimi istifadə edildiyi aşkarlanıb. Hazır məhsullardan götürülmüş nümunələrin sınaq nəticəsində də eyni uyğunsuzluqlar müəyyən edilib. Bununla əlaqədar sahibkar barəsində inzibati tədbir görülüb, məhsul partiyalarının satışının və müəssisədə spred yağlarının istehsalının dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib. Qeyd edək ki, xammal yağının istehsal olunduğu müəssisədən ixracın dayandırılması barədə Rusiya Federasiyasının aidiyyəti qurumuna müraciət olunub.
Nəzarət tədbirləri çərçivəsində “Agro Plant” MMC-nin və fiziki şəxs Əhmədov Elmin Cəlal oğlunun Türkiyədən idxal etdiyi tinglərdən Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub. Tinglərdə karantin tətbiq edilən Şarka virusu aşkarlanıb. Faktla bağlı müvafiq qərar qəbul edilib, sahibkarların müraciətinə uyğun olaraq şaftalı və nektarin tingi məhsul partiyaları məhv edilib. Qeyd edək ki, şarka virusu bitkilərin inkişafını zəiflədir və məhsuldarlığı əhəmiyyətli dərəcədə azaldır.
Nəzarət tədbirləri çərçivəsində “Beneva” MMC-nin Hindistandan idxal etdiyi “JMB Pharmaceutıcals” müəssisəsinin istehsalı olan 4500 ədəd “Pregnola” əmtəə nişanlı bioloji aktiv qida məhsulu (01.05.2025-01.04.2027-ci il istehsal və son istifadə tarixli) müayinələrə cəlb olunub. Sınaq nəticəsində məhsul partiyasının normativ tələblərə cavab vermədiyi müəyyən edilib. Uyğunsuzluq aşkarlanan məhsul partiyası barədə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qərar qəbul edilərək məhv edilib.
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Neftçala rayonunda fəaliyyət göstərən kənd təsərrüfatı məhsulları bazarında plandankənar yoxlama keçirilib. Yoxlama zamanı qida təhlükəsizliyi və sanitariya-gigiyena tələblərinin kobud şəkildə pozulduğu müəyyən edilib. Belə ki, satışa çıxarılan qida məhsullarına dair müvafiq müşayiətedici sənədlər yoxlamaya təqdim edilməyib, məhsullar üzərində etiket məlumatları olmayıb. Balıq və süd məhsullarının soyuducudan kənarda açıq şəkildə satıldığı müəyyən edilib. Xüsusilə bazarda mal qonşuluğu və tez xarab olan qida məhsullarının satışına dair tələblərinin pozulması halları müəyyən edilib. Faktla bağlı sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib olunub. Bazarda süd və süd məhsullarının satışının dayandırılması barədə qərar qəbul edilib, nöqsanların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib. AQTA tərəfindən ərzaq bazarlarında həyata keçirilən nəzarət tədbirlərinin əsas məqsədi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunmasıdır. Bu tələblərin icrası, eləcə də nöqsanların aradan qaldırılması, bazarların sağlamlaşdırılması üzrə əsas məsuliyyət isə bazar rəhbərlərinin üzərinə düşür. Daha ətraflı:
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) palma yağları, palma yağı tərkibli bitki yağları və digər məhsullar üzrə nəzarət və monitorinq tədbirlərini davamlı olaraq, risk əsaslı yanaşma prinsipi çərçivəsində həyata keçirir. Aparılan yoxlamaların nəticələri barədə ictimaiyyət mütəmadi şəkildə məlumatlandırılır. Palma yağları ölkə ərazisinə idxal yolu ilə daxil olduğundan, bu mərhələdə tətbiq olunan gücləndirilmiş nəzarət tədbirləri zamanı məhsullardan nümunələr götürülür və akkreditasiya olunmuş laboratoriyalarda geniş spektrli müayinələrə cəlb olunur. Gücləndirilmiş nəzarət tədbirləri çərçivəsində Rusiya Federasiyasının “Пищевые Ингредиенты” adlı istehsalçı müəssisəsinə məxsus palma yağı partiyalarına nəzarət tədbirləri zamanı götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində kimyəvi emal çirkləndiricisi (3-monoxlorpropan-1,2-diol) aşkarlandığından məhsulun dövriyyəyə buraxılmasının qarşısı alınıb və yük partiyası barədə gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması və ya məhv edilməsi barədə qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilib. Eyni zamanda, qarşı tərəf uyğunsuzluq aşkar edilmiş istehsalçı müəssisə barəsində tətbiq edilmiş qadağa ilə bağlı rəsmi qaydada məlumatlandırılıb. Elmi risk qiymətləndirmələrinə əsasən, bitki yağlarının rafinasiyası zamanı yaranan (3-monoxlorpropan-1,2-diol) emal çirkləndiricisinin uzunmüddətli və normadan artıq miqdarda qəbulu insan sağlamlığına toksiki təsir göstərir. AQTA istehlakçıların sağlamlığının və qida təhlükəsizliyinin təmin edilməsini əsas prioritet kimi müəyyən edir və bu istiqamətdə qanunvericiliyin tələblərinə uyğun operativ tədbirlər həyata keçirir.
Ramazan ayı həm mənəvi, həm də fiziki yenilənmə dövrüdür. Oruc tutarkən düzgün qidalanmaq bədənin gün ərzində enerjili qalmasına və sağlamlığın qorunmasına kömək edir. Bu dövrdə ən vacib məqamlardan biri su balansının qorunmasıdır. İftarla imsak arasında kifayət qədər su içmək, həmçinin maye tərkibli qidalara üstünlük vermək orqanizmin susuz qalmasının qarşısını alır. Orucu ilıq su ilə açmaq daha məqsədəuyğundur. İmsak mütləq edilməlidir, çünki səhər düzgün qidalanma gün ərzində enerji və su balansını qoruyur. Yulaf, düyü və ya bulqur kimi tox saxlayan qidalar, həmçinin yumurta və pendir kimi protein mənbələri seçilə bilər. Tərəvəz və meyvələr isə lifli olduqları üçün həm toxluq hissi yaradır, həm də susuzluğu azaldır. İftar zamanı tələsmədən qidalanmaq vacibdir. Su içdikdən sonra xurma, zeytun və ya yüngül salat qəbul edilə bilər. Bir qədər fasilə verdikdən sonra əsas yeməyə keçmək həzm sistemini yükləmir. Yeməyə əvvəlcə şorba kimi sulu qidalarla başlamaq daha faydalıdır. Ramazan ayında çox yağlı, qızardılmış, xəmir xörəkləri və ağır souslu yeməklərdən uzaq durmaq tövsiyə olunur. Qatıq, kefir və ayran kimi fermentləşdirilmiş süd məhsulları isə həzmi yaxşılaşdırır. İftardan sonra qidalanmanı bir neçə mərhələyə bölmək, kiçik porsiyalarla və yavaş-yavaş yemək daha məqsədəuyğundur. Qidaların yaxşı çeynənməsi həzm problemlərinin qarşısını alır. Axşam saatlarında yüngül piyada gəzmək və yuxu rejiminə diqqət etmək də Ramazan ayını daha rahat keçirməyə kömək edir. Daha ətraflı məlumatı videolinkdən əldə edə bilərsiniz:
Giriş