Qida Təhlükəsizliyi Agentliyinin “Sağlam məktəbli” layihəsi çərçivəsində 2026-cı ilin ilk tədbiri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 39 nömrəli Rafiq Nəsrəddinov adına tam orta məktəbdə təşkil olunub. Görüşdə 150 şagird iştirak edib. Tədbir zamanı məktəblilərə Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən “Meyvələrin uşaqların inkişafında rolu” mövzusunda təqdimatlar edilib. Şagirdlərə meyvələrin orqanizmin böyümə və inkişafında rolu, vitamin və mineral mənbəyi kimi əhəmiyyəti, enerji və zehni fəaliyyətə təsiri, dərsdə diqqət və yaddaş üçün faydası, mövsümə uyğun meyvə seçiminin əhəmiyyəti, meyvələrin düzgün yuyulması və istehlak qaydaları haqqında ətraflı məlumatlar verilib. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb. AQTA ümumi təhsil müəssisələrində maarifləndirmə fəaliyyətlərini 2026-cı ildə də ardıcıl şəkildə davam etdirəcək. Məqsəd məktəblilər arasında sağlam qidalanma mədəniyyətini formalaşdırmaq, qida təhlükəsizliyi barədə bilikləri artırmaq və şagirdlərə düzgün qida vərdişləri aşılamaqdır. Qeyd edək ki, “Sağlam məktəbli” layihəsi çərçivəsində şagirdlərlə görüşlər paytaxt məktəbləri ilə yanaşı region məktəblərində də mütəmadi olaraq həyata keçirilir.
Mediada yayımlanan məlumatlar əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Abşeron rayonunun Novxanı kəndində fəaliyyət göstərən, fiziki şəxs Quliyev Qulu Salman oğluna məxsus kəsim məntəqəsində plandankənar yoxlama keçirib. Yoxlama zamanı müəssisədə sanitar-gigiyenik və sanitar-texniki tələblərə əməl olunmadığı aşkarlanıb. Belə ki, ölçmə vasitələrinin yoxlanmadan keçməsini təsdiq edən sənədlər təqdim edilməyib. Eyni zamanda müəssisədə tullantı sularının kanalizasiya sisteminə axıdılmazdan əvvəl müvafiq qurğular vasitəsilə təmizlənmədiyi müəyyən edilib. Müəssisədə dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, tullantıların ağzı kip bağlanan qablarda toplanmadığı, işçilərin əksəriyyətinin xüsusi geyim forması ilə təmin edilmədiyi və digər nöqsanlar aşkarlanıb. Müəyyən edilən nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati protokol tətbiq edilib. Qeyd edilən nöqsanların aradan qaldırılması üçün işlərə başlanılıb.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən, Məhərrəmov Kamil Vırıcıxan oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisədə bir sıra nöqsanlar aşkarlanıb. Belə ki, emal sahəsində divar səthləri təmirsizdir və dezinfeksiyaya davamlı materialdan hazırlanmayıb, xəmirin hazırlanmasında istifadə edilən avadanlıqlar korroziyaya uğrayıb, qida məhsulu ilə təmasda olan masa, alət və avadanlıqlar təmiz saxlanılmır, temperatur rejiminə əməl olunmur, emal prosesində istifadə olunan su filtrasiyadan keçirilmir, müvafiq təmizlik işləri görülmür, işçilər xüsusi geyimlə təmin edilməyib və digər tələblər pozulub. Faktla bağlı müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub, çörək emalı müəssisəsinin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağları, ev 679 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Niftəliyev Pərviz Şakir oğluna məxsus “Dağlılar Balıq” ictimai iaşə müəssisəsində yoxlama keçirib. Baxış zamanı obyektdə balıq və balıq məhsullarının baytarlıq sənədlərinin olmadığı, yararlılıq müddəti bitmiş qida məhsullarının istehlaka təqdim edildiyi aşkarlanıb. Eyni zamanda sanitar-texniki və sanitar-gigiyenik qaydalara əməl olunmur, texnoloji ardıcıllıq və mal qonşuluğu prinsipi pozulub, bəzi qida məhsulları birbaşa döşəmənin üzərində saxlanılır, soyuducularda rəflər korroziyaya uğrayıb, işçilər ilkin və dövrü tibbi müayinədən keçirilmir, müvafiq təmizlik işləri aparılmır və digər nöqsanlar müəyyən edilib. Balıq məhsullarından nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin yoxlanılması məqsədilə laborator müayinələrə cəlb olunub. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək qida obyektinin fəaliyyəti müvvəqəti dayandırılıb.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Füzuli rayonunun Kərimbəyli kəndində fəaliyyət göstərən, İmanova Fəxriyyə Süleyman qızına məxsus “Məsumə” şirniyyat emalı sexində yoxlama keçirib. Baxış zamanı müəssisədə divar səthlərinin asan təmizlənən materialla üzlənmədiyi, emal prosesində istifadə edilən suyun filtrdən keçirilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
İmişli rayonu, Otuziki kəndi ərazisində yerləşən “Muğan Aqro” MMC-yə məxsus heyvan bazarının fəaliyyətinə icazə verilib. Belə ki, bazarda baytarlıq-sanitariya norma və qaydalarının tələblərinə uyğun olaraq tikinti və yenidənqurma işləri aparılıb. İşçi qrupu tərəfindən bazara yerində baxış və qiymətləndirmə keçirilib. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib.
Məlum olduğu kimi, qida məhsullarının etiketlənməsi “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq həyata keçirilir. Aparılan təhlillər nəticəsində, bəzi yağların ölkəyə idxalı zamanı malların etiketlərində tərkibdə olan yağların ümumi “bitki yağı” ifadəsi altında göstərildiyi, həmçinin İran İslam Respublikasından ölkəyə kərə yağının idxalı zamanı etiketlənmə ilə bağlı qanunvericiliyin tələblərinin pozulduğu müşahidə olunur. Bununla əlaqədar, Qida Təhlükəsizliyi Agentliyində yağ idxalçıları ilə onlayn görüş keçirilib. Görüşdə sözügedən malların etiketlənməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub. Məhsulun tərkibində istifadə edilən yağ və piylərin növlərinin etiketdə ayrı-ayrılıqda və dəqiq şəkildə göstərilməsinin təmin edilməsi ilə bağlı iştirakçılara zəruri göstərişlər verilib. Bildirilib ki, istehlakçıya qida məhsullarının adı, qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, saxlanma şəraiti, tərkibində mövcud olan allergenlər, mənşə ölkəsi, istehsalçının adı və ünvanı, istehsal üsulu və istifadə qaydaları barədə dolğun məlumatlar verilməli, məhsulların etiketlənməsi dəqiq, aydın və istehlakçılar üçün tam başadüşülən formada olmalıdır. Ölkəmizə idxal olunan qida məhsullarının etiketlərində və məhsula əlavə edilən izahat vərəqələrində məhsulun adı, tərkibi, yararlılıq müddəti və istifadə qaydaları barədə məlumatlar xarici dillərdə təqdim edildiyi halda, Azərbaycan dilinə tərcüməsi təmin edilməlidir. Sonda iştirakçıların sualları cavablandırılıb.
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində fəaliyyət göstərən “Zeytun Park” MMC-yə məxsus “Nar Kəndli” bazarında və bazarətrafı qida obyektlərində nəzarət tədbirləri həyata keçirilib. Yoxlamalar zamanı bazar daxilində fəaliyyət göstərən ət satış obyektində ət və ət məhsullarının temperatur rejiminə əməl edilmədən, işlək olmayan soyuducu avadanlıqlarda və baytarlıq ekspertizasından keçirilmədən satışa çıxarıldığı müəyyən edilib. Həmçinin bazar ərazisində balıqların saxlanılması və kəsimi üçün qanunsuz təşkil olunmuş sahələr aşkarlanıb, kəsim və satışın antisanitar şəraitdə aparıldığı məlum olub. Baxış zamanı diri və ölü balıqların uyğun olmayan məişət tipli vannalarda birlikdə saxlanıldığı, ölü balıqların vaxtında kənarlaşdırılmadığı, suyun müntəzəm dəyişdirilmədiyi, balıq məhsullarının açıq hava şəraitində və soyuducu avadanlıq olmadan satışa çıxarıldığı faktları qeydə alınıb. Eyni zamanda süd və süd məhsullarının müşayiətedici sənədlərinin olmadığı, markalanma tələblərinə əməl edilmədiyi, saxlanma şəraiti və son istifadə müddəti barədə məlumatların göstərilmədiyi, eləcə də ev üsulunda hazırlanmış, etiket məlumatları olmayan müxtəlif növ turşuların satışa təqdim edildiyi müəyyən edilib. Aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə bazar rəhbərliyinə icrası məcburi göstərişlər verilib. Qida təhlükəsizliyinin təmin olunması və istehlakçıların sağlamlığının qorunması istiqamətində nəzarət tədbirləri davam etdirilir. Daha ətraflı məlumatı videosüjetdən əldə edə bilərsiniz:
Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının qərarına əsasən ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarının baytarlıq-sanitariya tələblərinə uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlər davam edir. Artıq İmişli və Beyləqan rayonlarında yerləşən heyvan bazarlarında da biotəhlükəsizlik və müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işləri aparılıb. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar ərazisi asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkəti üçün rampalar və çardaqlar quraşdırılıb və baytar həkimin nəzarəti üçün məntəqə tikilib. Bundan başqa, qida təhlükəsizliyinin təmin olunması və sanitar vəziyyətin yaxşılaşdırılması məqsədilə hər iki bazarın ərazisində fəaliyyət göstərən iaşə obyektləri kənarlaşdırılıb. İmişli və Beyləqan heyvan bazarlarının açılması məsələsinə baxılacaq. Daha ətraflı məlumatı videosujetdən əldə edə bilərsiniz:
Mediada yayılan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Abşeron rayonu, Xırdalan şəhəri M.Hüseynzadə küçəsində fəaliyyət göstərən “Qar-Daş Company” MMC-yə məxsus kənd təsərrüfatı məhsullarının satış bazarında yoxlama aparıb. Baxış zamanı bazarda qida məhsullarının saxlanılması və satışına dair qanunvericiliyin tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, bəzi quş əti və süd məhsullarının müşayiətedici sənədlərinin olmadığı, məhsulların müvafiq temperatur rejiminə əməl edilmədən saxlanıldığı, həmçinin mal qonşuluğu qaydalarının pozulduğu aşkarlanıb. Eyni zamanda markalanması olmayan müxtəlif növ turşuların satıldığı məlum olub. Bununla yanaşı, ərazidə dezinfeksiya işlərinin aparılmadığı, zərərvericilərə qarşı mübarizə tədbirlərinin görülmədiyi, bazarda çalışan bəzi işçilərin sanitar geyimlə təmin olunmadığı, qida ilə təmasda olan səthlərin gigiyenik tələblərə cavab vermədiyi və digər nöqsanlar qeydə alınıb. Aşkarlanmış faktlarla bağlı müəssisə rəhbəri barəsində qanunvericiliyə uyğun olaraq inzibati qərar qəbul edilib, bazar isə nəzarətə götürülüb. Ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:
Nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İsmayıllı şəhəri, H.B.Zərdabi küçəsi 13 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Qaradaşlı Adil Əli oğluna məxsus quş kəsimi sexində yoxlama keçirib. Baxış zamanı sexin antisanitar şəraitdə və qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb. Ev quşlarının kəsimi baytarlıq tələbləri və heyvan rifahı gözlənilmədən həyata keçirilir, müvafiq təmizlik işləri aparılmır, işçi heyət tibbi müayinəyə cəlb olunmayıb və xüsusi geyimdən istifadə etmir, istifadə olunan alət və avadanlıqların təmizliyinə nəzarət olunmur və digər sanitar-gigiyenik tələblər pozulub. Faktla bağlı müəssisə rəhbəri barəsində inzibati tədbir görülüb, obyektin fəaliyyəti məhdudlaşdırılıb. Nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonunun Mirzəcəfərli kəndində fəaliyyət göstərən, Sadıxov Elnur Saleh oğluna məxsus “Muğan Məkanı” restoranında yoxlama keçirib. Baxış zamanı restoranda sanitar norma və qaydaların pozulduğu, sanitar-texniki və sanitar-gigiyenik tələblərə əməl olunmadığı aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib və restoranın fəaliyyəti məhdudlaşdırılıb.
Giriş