27 may tarixində Qurban bayramı münasibətilə Cəbrayıl rayonunun Horovlu kəndində “Qurban Yarmarkası – Bərəkət Festivalı” keçirilib. Festival çərçivəsində Şərqi Zəngəzur və ətraf bölgələrdə fəaliyyət göstərən fermer və heyvandarlıq təsərrüfatları tərəfindən təqdim olunan qurbanlıq heyvanlar baytar mütəxəssislərin nəzarəti altında satışa çıxarılıb. Yarmarkada qonaqlar üçün yerində kəsim xidməti, milli mətbəx nümunələri, canlı musiqi proqramı, həmçinin uşaqlar üçün əyləncə zonaları fəaliyyət göstərib. Festival Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin dəstəyi ilə baytarlıq nəzarəti və sanitar-gigiyenik qaydalara tam riayət olunmaqla təşkil olunub. Qurbanlıq heyvanların sağlam və təhlükəsiz şəraitdə satışının və kəsiminin təşkili üçün bütün zəruri tədbirlər həyata keçirilib. Həmçinin AQTİ-nin xüsusi avadanlıqlarla təhciz olunmuş biotəhlükəsizlik laboratoriyalarının və dezinfeksiya tədbirləri üçün əraziyə cəlb olunmuş AXA mütəxəssislərinin də iştirakı ilə keçirilən tədbirdə yerli sakinlər müvafiq qaydalara uyğun şəkildə Qurban bayramını qeyd ediblər. Məqsəd yerli fermerlərə dəstək olmaq, bölgədə kənd təsərrüfatı fəaliyyətini təşviq etmək və qurbanlıq heyvanların alışını daha rahat və təşkilatlanmış formada həyata keçirməkdir. Korporativ və sosial məqsədli qurban paylarının təşkili üçün platforma rolunu oynayacaq tədbir şirkət və qurumların birbaşa fermerlərlə işgüzar əlaqələrini də təmin edib.
Qurban bayramı ilə əlaqədar işğaldan azad olunmuş Ağdam, Cəbrayıl, Füzuli və Laçın rayonlarında qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunub. Əhalinin tələbatı nəzərə alınaraq həmin rayonlarda xüsusi kəsim-satış məntəqələri və ya çadırları quraşdırılıb. Həm məntəqələrdə, həm də səyyar çadırlarda baytarlıq-sanitariya qaydalarına uyğun şərait yaradılıb, fasiləsiz su təminatı təşkil edilib. Baytarlıq nəzarətindən keçmiş, sanitar-gigiyenik tələblərə uyğun şəkildə kəsilmiş qurbanlıq heyvanların əhaliyə təqdim olunması üçün bütün zəruri tədbirlər görülüb. Müasir standartlara cavab verən səyyar heyvan kəsimi çadırlarında Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyaları da fəaliyyət göstərir. Qurbanlıq heyvanlarda hər hansı xəstəlik şübhəsi yarandığı halda, daxili orqanlardan nümunələr götürülərək laboratoriyalarda operativ şəkildə müayinə aparılacaq. Qeyd edək ki, Qurban bayramı günlərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Mərkəzi Aparatının regional bölmələri və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər.
Qurban bayramı günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması, həmçinin qurbanlıq heyvanların satışı və kəsiminin müvafiq norma və qaydalara uyğun şəkildə təşkili məqsədilə Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti dövlət qurumları tərəfindən bütün zəruri tədbirlər görülüb. Naxçıvan Muxtar Respublikası daxil olmaqla, ölkə üzrə ümumilikdə 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunub. Bu məntəqələrin 75-də satış-kəsim, 27-də yalnız satış, 32-də isə yalnız kəsim xidmətləri vətəndaşlara təqdim edilir. Bununla yanaşı, bir sıra regionlarda səyyar heyvan kəsimi çadırları quraşdırılıb. Həmçinin işğaldan azad edilmiş Ağdam, Cəbrayıl, Füzuli və Laçın rayonlarında da qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil edilib. Eyni zamanda ölkə ərazisində fəaliyyət göstərən soyuducu infrastruktura malik ticarət şəbəkələri tərəfindən qurbanlıq heyvan ətinin satışı xidməti də həyata keçirilir. Qurbanlıq heyvanlarda hər hansı xəstəliyə şübhə yarandığı halda baytar həkim tərəfindən daxili orqanlardan nümunələr götürülərək həm yerində fəaliyyət göstərən laboratoriyalarda, həm də Mərkəzi Baytarlıq Laboratoriyasında müayinələr aparılır. Qida Təhlükəsizliyi İnstitutunun stasionar və səyyar laboratoriyaları gücləndirilmiş iş rejimində çalışır. Vətəndaşlardan bayram günlərində heyvan satışı və kəsimi ilə bağlı hər hansı xoşagəlməz hallarla qarşılaşdıqları təqdirdə aidiyyəti dövlət qurumlarına və ya Agentliyin “1003 - Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.
Qurban bayramı ərəfəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən heyvan kəsimi və satışı məntəqələrində “Erkən kəsimə son!” kampaniyası çərçivəsində maarifləndirmə tədbirləri həyata keçirilib. Kampaniya çərçivəsində heyvandarlıqla məşğul olan şəxslərə, eləcə də qəssablara AQTA tərəfindən hazırlanmış məlumatlandırıcı buklet və flayerlər paylanılıb, onlara erkən kəsimin mənfi təsirləri barədə ətraflı məlumat verilib. Tədbirlərin əsas məqsədi Qurban bayramı ərəfəsində heyvanların kütləvi kəsimi fonunda kampaniyanın önəmini ictimaiyyətin diqqətinə çatdırmaq, xüsusilə damazlıq əhəmiyyətə malik dişi quzuların 3–5 aylıq dövrdə kəsiminin qarşısını almaqdır.
Abşeron rayonunun Məmmədli kəndində yerləşən heyvan bazarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Bazarın giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar ərazisi asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkəti üçün rampalar və çardaqlar quraşdırılıb, həmçinin baytar həkiminin nəzarəti üçün məntəqə tikilib. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Xatırladaq ki, bundan əvvəl Bərdə, Göygöl, Salyan, Göyçay, Şamaxı, İmişli, Ağcabədi, Beyləqan, Biləsuvar, Kürdəmir, Masallı və Ağsu rayonlarındakı heyvan bazarları fəaliyyətə başlayıb. Qeyd edək ki, bazarlar Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının Qərarı ilə təsdiq edilmiş norma və qaydalara uyğun yenidən qurulmalıdır. Yenidən qurulan heyvan bazarları isə yalnız Agentliyin müvafiq komissiyasının yekun qiymətləndirilməsindən sonra fəaliyyətə başlaya bilər. Daha ətraflı:
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) regional bölmələri tərəfindən “Erkən kəsimə son!” kampaniyası çərçivəsində bölgələrdə maarifləndirmə tədbirlərinə başlanılıb. Kampaniya çərçivəsində Ağsu, Şamaxı və İsmayıllı rayonlarında fəaliyyət göstərən ət kəsimi məntəqələrində AQTA tərəfindən hazırlanan məlumatlandırıcı buklet və flayerlər paylanılıb. Hazırlanan materiallarda quzuların erkən yaşda kəsilməsinin həm iqtisadi, həm də bioloji baxımdan yaratdığı risklər, eləcə də bu praktikanın uzunmüddətli mənfi təsirləri ətraflı izah olunub. Maarifləndirici materiallarda qeyd edilib ki, quzuların erkən kəsilməsi nəticəsində əldə olunan ət tam formalaşmadığından qida dəyəri aşağı olur. Bununla yanaşı, erkən kəsim heyvanların genetik potensialının zəifləməsinə, məhsuldarlığın azalmasına və ölkədə ət istehsalının davamlılığına mənfi təsir göstərir. Bildirilib ki, kampaniyanın əsas məqsədi fermerlər, heyvandarlıqla məşğul olan şəxslər və ictimaiyyət arasında maarifləndirməni gücləndirmək, erkən kəsim hallarının qarşısının alınmasına ictimai dəstəyi artırmaqdır. Qeyd edək ki, bu günədək kampaniyaya millət vəkilləri, ictimai fəallar və tanınmış blogerlər də qoşularaq təşəbbüsə dəstək verib, quzuların erkən kəsiminin qarşısının alınmasının vacibliyini ictimaiyyətin diqqətinə çatdırıblar.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli iyunun 17-si saat 11:00-da “Ağalı” hotelində (Zəngilan şəhəri) Zəngilan, Cəbrayıl, Qubadlı və Kəlbəcər rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək. Vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq iyunun 16-dək qəbula yazıla bilərlər. Qəbul zamanı Agentliyin səlahiyyət dairəsinə aid müraciətlər cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən gülçülük və dekorativ bitkiçilik sahəsində fəaliyyət göstərən istehsalçılar və ixracatçılarla görüş keçirilib. Görüşdə sahənin mövcud vəziyyəti, ixrac potensialının artırılması, beynəlxalq bazarlara çıxış imkanları və fitosanitar təhlükəsizlik məsələləri müzakirə olunub. Bildirilib ki, məhsulların beynəlxalq bazarlara təhlükəsiz və rəqabətqabiliyyətli formada çıxarılması üçün fitosanitar tələblərə uyğunluğun təmin edilməsi əsas prioritetlərdən biridir. Görüş çərçivəsində istehsal və ixrac prosesində rast gəlinən problemlər, idxalçı ölkələrin fitosanitar tələbləri, məhsulların sertifikatlaşdırılması, zərərvericilərə qarşı mübarizə tədbirləri ətrafında fikir mübadiləsi aparılıb. İştirakçılar tərəfindən sahənin inkişafı ilə bağlı təkliflər səsləndirilib, mövcud çətinliklər diqqətə çatdırılıb və dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsinin vacibliyi vurğulanıb. Sonda Agentlik tərəfindən sahibkarlarla bu formatda görüşlərin davam etdiriləcəyi, ixrac potensialının artırılması və yerli məhsulların beynəlxalq bazarlarda mövqeyinin gücləndirilməsi istiqamətində birgə fəaliyyətin davam etdiriləcəyi bildirilib.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli iyunun 4-ü saat 14:00-da Agentliyin inzibati binasında qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 77) 100 32 56 nömrəsinə zəng vurmaqla, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla iyunun 3-ü saat 16:00-dək qəbula yazıla bilərlər.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qurban bayramı ərəfəsində media nümayəndələri üçün heyvan kəsimi məntəqəsinə infotur təşkil edib. İnfoturun məqsədi bayram günlərində artan tələbat fonunda heyvan kəsimi və satışının qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilməsinin vacibliyini ictimaiyyətin diqqətinə çatdırmaq olub. “Azmeat” müəssisəsində keçirilən infotur zamanı jurnalistlərə heyvan kəsimi prosesi əyani şəkildə nümayiş etdirilib. Bildirilib ki, heyvan kəsimi məntəqələrində baytarlıq-sanitariya qaydalarına ciddi riayət olunması həm müəssisədə çalışan işçi heyətinin, həm də istehlakçıların sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd olunub ki, işçi heyəti xüsusi təmiz geyimlə təmin edilməli, istifadə olunan alətlər mütəmadi olaraq dezinfeksiya olunmalı, tullantılar isə sanitariya-gigiyena tələblərinə uyğun şəkildə toplanaraq vaxtında ərazidən uzaqlaşdırılmalıdır. İnfotur çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mobil Laboratoriyasına da baxış keçirilib. Vurğulanıb ki, bu laboratoriyalar çadır tipli kəsim məntəqələrində fəaliyyət göstərəcək. Qurbanlıq heyvanlar arasında hər hansı xəstəliyə şübhə yaranarsa, daxili orqanlarından nümunə götürülərək həmin laboratoriyalarda operativ formada müayinə ediləcək. Eyni zamanda bayram günlərində AQTİ laboratoriyaları gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.
Milli Monitorinq Planına uyğun olaraq, Qida Təhlükəsizliyi Agentliyinin Şərqi Zəngəzur regional bölməsinin əməkdaşları Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarında yerləşən meyvə bağlarında fitosanitar monitorinq keçirib. Monitorinq zamanı fitosanitar müfəttişlər tərəfindən şaftalı, ərik və nektarin bağlarına baxış keçirilib, qəhvəyi mərmər bağacığına qarşı feremon tələlər asılıb. Həmçinin meyvə bağlarında zərərvericilərin təyini və torpaqda olan pestisidlərin qalıq miqdarının, zərərli orqanizmlərin müəyyənləşdirilməsi məqsədilə nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laborotoriyalarına təqdim edilib. Eyni zamanda təsərrüfatlarda bitki mühafizə vasitələrinin istifadəsi, saxlanması, daşınması zamanı qanunvericiliyin tələblərinə və təhlükəsizlik qaydalarına əməl olunması barədə sahibkarlarla maarifləndirici söhbətlər aparılıb.
27-28 may tarixlərində ölkəmizdə müqəddəs Qurban bayramı qeyd olunacaq. Bayram günlərində ölkə üzrə fəaliyyət göstərəcək heyvan kəsimi və satış məntəqələrinin fəaliyyəti, eləcə də görülən hazırlıq işləri ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində media nümayəndələri üçün brifinq təşkil olunub. Brifinqdə AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev jurnalistlərə açıqlamasında bildirib ki, təcrübəyə uyğun olaraq qurbanlıq heyvanların satışı və kəsimi aidiyyəti dövlət qurumları ilə koordinasiyalı şəkildə əvvəlcədən müəyyən edilmiş ünvanlarda təşkil olunacaq. Qurbanlıq heyvan kəsimi və satışının sağlam və rahat şəraitdə həyata keçirilməsi məqsədilə bu il Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Q. Əbdüləliyevin sözlərinə görə, bir sıra regionlarda Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışının təşkili təmin ediləcək. Eyni zamanda işğaldan azad olunan rayonlarda – Ağdam, Cəbrayıl, Füzuli və Laçında qurbanlıq heyvanların kəsim və satış xidmətləri təşkil olunacaq. Respublikanın baş dövlət baytarlıq müfəttişi vətəndaşlara və bu sahədə fəaliyyət göstərən şəxslərə müraciət edərək qurban kəsimini dini qaydalarla yanaşı, qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirməyə çağırıb. Vurğulayıb ki, baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, o cümlədən küçə, yol kənarı, məhəllə və digər ictimai ərazilərdə heyvan kəsimi və satışının aparılması, həmçinin baytarlıq şəhadətnaməsi və ya arayışı olmadan iri və xırdabuynuzlu heyvanların daşınması yolverilməzdir. Bayram günlərində vətəndaşlardan sağlamlığı şübhə doğuran heyvanların satışı və ya antisanitar şəraitdə heyvan kəsimi halları ilə rastlaşdıqları təqdirdə hüquq-mühafizə orqanlarına, yerli icra hakimiyyətlərinə və AQTA-nın “1003 – Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur. Daha sonra media nümayəndələrinin sualları cavablandırılıb.
Giriş