Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
AQTİ vakant vəzifə üzrə işə qəbul elan edir
AQTİ vakant vəzifə üzrə işə qəbul elan edir

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) Bakıda və regionlarda (Xaçmaz, Şamaxı, Salyan, Tovuz, Ucar, İmişli) epidemioloq vəzifəsinə peşəkar kadrları işə dəvət edir. Namizədə dair tələblər: •  Ali tibbi təhsil (həkim, epidemiologiya, gigiyena və ya tibbi profilaktika ixtisası üzrə); •  Qida mənşəli xəstəliklər və zəhərlənmələr üzrə araşdırma aparmaq bacarığı; •  Epidemioloji nəzarət prinsipləri, xəstəliklərin yayılma dinamikası və risk analizi üsulları haqqında biliklər; •  Kompüter, statistika və məlumat bazaları ilə işləmə bacarığı. Vəzifə öhdəlikləri: •  Regionlarda qida mənşəli xəstəliklər və kütləvi zəhərlənmə hadisələri üzrə epidemioloji araşdırmalar aparmaq; •  Epidemioloji məlumatları toplamaq, emal etmək, təhlilini aparmaq və hesabatlarını hazırlamaq; •  Qida zəncirinin müxtəlif mərhələlərində yoluxucu xəstəliklərin yayılma risklərini qiymətləndirmək; •  Laborator nəticələrlə epidemioloji məlumatları inteqrasiya və interpretasiya etmək; •  Epidemioloji nəzarət və erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq; • Qida təhlükəsizliyi sahəsində epidemioloji risklərin idarə olunmasına dair təlimat və tövsiyələrin hazırlanmasında iştirak etmək. Əlavə məlumatlar: Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “Epidemioloq” qeyd edərək hr@afsa.gov.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.  Son müraciət tarixi: 04.07.2026

Heyvanların identifikasiyası: Fermadan süfrəyə təhlükəsiz izləmə
Heyvanların identifikasiyası: Fermadan süfrəyə təhlükəsiz izləmə

Kənd təsərrüfatı heyvanlarının identifikasiyası heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi məqsədini daşıyır. Azərbaycan Respublikasında heyvanların identifikasiyası və qeydiyyatı qanunvericiliklə tənzimlənir, qanuni tələbdir, məcburidir və ölkə üzrə baytarlıq nəzarətinin əsasıdır. Heyvanların identifikasiyası Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə həyata keçirilir. Heyvanların identifikasiyası aşağıdakı əsas məqsədlərə xidmət edir: Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası: Heyvanların fərdi olaraq identifikasiyası baytarlıq tədbirlərinin dəqiq və effektiv aparılmasına imkan yaradır. Bu, xəstəliklərin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması üçün mühüm nəzarət mexanizmidir. Sağlamlıq və xəstəliklərə nəzarət: İdentifikasiya sayəsində heyvanların peyvəndlənməsi, müayinəsi və müalicəsi barədə dəqiq məlumat toplanır, bu isə xəstəliklərin yayılmasının minimuma endirilməsinə və heyvanların sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına kömək edir. Qida təhlükəsizliyi: Heyvanların qeydiyyatı və izlənməsi qida təhlükəsizliyi zəncirinin- “fermadan süfrəyə” konsepsiyasının qorunmasına şərait yaradır. Bu, heyvan mənşəli məhsulların keyfiyyətinə və təhlükəsizliyinə zəmanət verir. Kənd təsərrüfatı və heyvandarlığın inkişafı: Heyvanların izlənilməsi məhsuldarlığın artırılması, heyvan mənşəli məhsulların effektiv idarə olunması və elmi tədqiqatların aparılması üçün vacibdir. Ərzaq təhlükəsizliyi: İri və xırdabuynuzlu heyvanların dəqiq sayının müəyyənləşdirilməsi üçün identifikasiya və qeydiyyat mühüm rol oynayır. İtirilmiş və oğurlanmış heyvanların tapılması: Heyvanların identifikasiya məlumatları itmiş və ya oğurlanmış heyvanların axtarışını asanlaşdırır və onların kimə məxsus olduğunu müəyyən edir. Bu, oğurluq hallarında hüquqi sübutu kimi də istifadə olunur. Nəticə etibarı ilə, heyvanların identifikasiyası və qeydiyyatı baytarlıq nəzarətini gücləndirir, heyvanların sağlamlığı və rifahının qorunmasını təmin edir, qida təhlükəsizliyinin, ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır, hüquqi və iqtisadi məsuliyyəti dəqiqləşdirir, təsərrüfatların inkişafı və dövlət dəstəyi üçün imkanlar yaradır.

AQTA-nın “Erkən kəsimə son!” kampaniyası bölgələrdə davam edir
AQTA-nın “Erkən kəsimə son!” kampaniyası bölgələrdə davam edir

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) həyata keçirdiyi “Erkən kəsimə son!” maarifləndirmə kampaniyası davam edir. Kampaniya çərçivəsində AQTA-nın regional bölmələrinin əməkdaşları tərəfindən Qusar və Xaçmaz rayonlarında fəaliyyət göstərən ət kəsimi məntəqələrində məlumatlandırma aksiyaları təşkil olunub. Tədbirlər zamanı fermerlərə, heyvandarlıq sahəsində çalışan şəxslərə və məntəqə əməkdaşlarına Agentlik tərəfindən hazırlanmış buklet və flayerlər təqdim edilib. Paylanılan maarifləndirici materiallarda quzuların erkən yaşda kəsilməsinin yaratdığı fəsadlar barədə ətraflı məlumat verilib. Bildirilib ki, erkən kəsilən quzulardan əldə olunan ət tam formalaşmadığı üçün qida dəyəri aşağı olur. Eyni zamanda bu hal heyvanların genetik potensialının zəifləməsinə, məhsuldarlığın azalmasına və ölkədə ət istehsalının davamlılığına mənfi təsir göstərir. Qeyd edək ki, kampaniyanın əsas məqsədi erkən kəsimin mənfi nəticələri barədə ictimai məlumatlılığı artırmaq, fermerlər və heyvandarlıqla məşğul olan şəxslər arasında maarifləndirməni gücləndirmək, həmçinin bu halların qarşısının alınmasına ictimai dəstəyi genişləndirməkdir. “Erkən kəsimə son!” kampaniyasına indiyədək millət vəkilləri, ictimai fəallar və tanınmış blogerlər də qoşularaq dəstək veriblər. Onlar müxtəlif platformalarda çıxış edərək quzuların erkən kəsilməsinin qarşısının alınmasının heyvandarlığın inkişafı və ərzaq təhlükəsizliyinin təmin olunması baxımından vacibliyini ictimaiyyətin diqqətinə çatdırıblar.

Sağlam qidalanma uşaqların sağlam gələcəyinin əsas şərtlərindəndir
Sağlam qidalanma uşaqların sağlam gələcəyinin əsas şərtlərindəndir

Uşaqların sağlam böyüməsi və inkişafı üçün düzgün qidalanma mühüm əhəmiyyət kəsb edir. Xüsusilə 2–5 yaş dövrü uşağın körpəlikdən uşaqlığa keçid mərhələsi olmaqla yanaşı, qidalanma vərdişlərinin formalaşdığı dövrdür. Bu yaşlarda uşaqlar yeni dadlar kəşf edir, müxtəlif qidaları sınaqdan keçirir və tədricən müstəqil seçim etmə bacarığı qazanırlar. Məhz bu mərhələdə formalaşan qidalanma davranışları gələcək illərdə də davam edərək uşağın fiziki inkişafına, zehni fəaliyyətinə və ümumi sağlamlıq vəziyyətinə birbaşa təsir göstərir. Məktəbəqədər yaş dövründə uşaqlara düzgün və sağlam qidalanma prinsiplərinin aşılanması onların gündəlik qida ehtiyaclarının qarşılanması ilə yanaşı, gələcəkdə yarana biləcək bir sıra sağlamlıq problemlərinin qarşısının alınmasında da mühüm rol oynayır. Sağlam qidalanma anemiya, artıq çəki, eləcə də 2-ci tip şəkərli diabet, hipertoniya və ürək-damar xəstəlikləri kimi qeyri-infeksion xroniki xəstəliklərin də riskini azaldır. Uşaqlarda sağlam qidalanma vərdişlərinin formalaşdırılmasına xüsusi diqqət yetirilməsi vacibdir. Müxtəlif və balanslaşdırılmış qida rasionunun təmin edilməsi, meyvə-tərəvəzlərin gündəlik qidalanmada yer alması, şəkər, duz və yüksək kalorili məhsulların istehlakının məhdudlaşdırılması uşaqların sağlam inkişafına müsbət təsir göstərən əsas amillərdəndir. Sağlam qidalanma uşaqların sağlam gələcəyinin əsas şərtlərindən biridir. Uşaqlıq dövründə formalaşan düzgün vərdişlər gələcək həyatın sağlam təməlini yaradır. Unutmayaq, sağlam gələcək sağlam vərdişlərlə başlayır.

Video
Çinə ixrac imkanlarımız genişlənir - Real TV

Çinə ixrac imkanlarımız genişlənir - Real TV