Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin Gəncə şəhərində keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Qəbul noyabrın 24-ü saat 11:00-da Gəncə şəhər Heydər Əliyev Mərkəzində baş tutacaq. Görüşdə Gəncə, Naftalan şəhərləri və Samux, Daşkəsən, Göygöl, Goranboy, Xocalı, Kəlbəcər rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər. Vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq noyabrın 23-dək qəbula yazıla bilərlər. Qəbul zamanı Agentliyin səlahiyyət dairəsinə aid müraciətlər cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Azərbaycan xalqı böyük qürur və iftixar hissi ilə dövlətçilik tariximizin ən şanlı səhifələrindən biri olan 8 Noyabr – Zəfər Gününün 6-cı ildönümünü qeyd edir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Vətən müharibəsində iştirak etmiş, eləcə də ailə üzvləri şəhid və ya qazi olmuş əməkdaşların iştirakı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Mərasimdə Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi yad edilib, Dövlət Himni səsləndirilib. Daha sonra işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən tikinti-quruculuq işlərini və əhalinin doğma torpaqlarına qayıdışını əks etdirən videoçarx nümayiş olunub. Tədbirdə vurğulanıb ki, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfər Qarabağ və Şərqi Zəngəzurda yeni quruculuq və inkişaf mərhələsinin əsasını qoyub. Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır, şəhər və kəndlər müasir standartlara uyğun qurulur, soydaşlarımızın doğma torpaqlarına təhlükəsiz və dayanıqlı qayıdışı təmin edilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış siyasəti bu ərazilərin sosial-iqtisadi inkişafına və əhalinin layiqli yaşayış şəraiti ilə təmin olunmasına xidmət edir. Tədbirdə Vətən müharibəsində iştirak etmiş Agentlik əməkdaşları döyüş yolları ilə bağlı xatirələrini bölüşüb, onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun sahibkarlar və mütəxəssislər üçün yeni imkanlar yaradan Rəqəmsal və İnnovativ Təlim Mərkəzi (RİTM) fəaliyyətə başlayıb. RİTM qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahələrində bilik və bacarıqların artırılmasına, müasir yanaşmaların və beynəlxalq tələblərin öyrənilməsinə xidmət edən rəqəmsal təlim platformasıdır. Platforma qida sahəsində fəaliyyət göstərən sahibkarlar, qida ilə təmasda olan əməkdaşlar, tələbələr, mütəxəssislər və digər maraqlı tərəflər üçün nəzərdə tutulub. İstifadəçilər platforma vasitəsilə müxtəlif mövzularda rəqəmsal təlimlərdən yararlana biləcək, bilik və bacarıqlarını inkişaf etdirmək imkanına malik olacaqlar. Təlimləri uğurla başa vuran iştirakçılar elektron qaydada rəsmi sertifikat əldə edəcəklər. Təlim materialları Codex Alimentarius, HACCP, ISO standartları və digər beynəlxalq tələblər nəzərə alınmaqla hazırlanır və mütəmadi olaraq yenilənir. Platformada təqdim olunan videodərslər, təqdimatlar, interaktiv tapşırıqlar, özünüqiymətləndirmə testləri və praktiki nümunələr öyrənmə prosesinin daha əlçatan, çevik və səmərəli təşkilinə imkan yaradır. RİTM-in əsas məqsədi qida təhlükəsizliyi sahəsində maarifləndirməni gücləndirmək, beynəlxalq tələblərə uyğun bilik və bacarıqları geniş auditoriyaya çatdırmaq, sahibkarlıq subyektlərinin peşəkar inkişafını dəstəkləmək, eləcə də təhlükəsiz qida zəncirinin formalaşmasına töhfə verməkdir. RİTM təlim platformasından qeydiyyatdan keçmək istəyənlər https://ritm.afsi.gov.az/ saytına keçid edə bilərlər. Tanıtım videosuna keçid:
Noyabrın 5-də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli FAO-nun Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsinin müavini Nabil Gangi və FAO-nun Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat ilə görüşüb. Görüşdə AQTA və FAO arasında mövcud əməkdaşlığın nəticələri, həyata keçirilən birgə layihələr və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Xüsusilə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı” çərçivəsində FAO ilə birgə fəaliyyət imkanları ətrafında fikir mübadiləsi aparılıb. Bu çərçivədə qida təhlükəsizliyi nəzarətinin rəqəmsallaşdırılması, heyvanların identikləşdirilməsi, izlənəbilənlik sisteminin inkişafı, laboratoriya potensialının gücləndirilməsi, sərhəd-keçid məntəqələrində nəzarət infrastrukturunun yaradılması və HACCP sisteminin tətbiqinin genişləndirilməsi məsələləri diqqət mərkəzində olub. Bununla yanaşı, qida istehlakı məlumat bazasının ölkə miqyasında genişləndirilməsi, Azərbaycanın Kodeks Koordinasiya Komitəsinin Avropa regionu üzrə növbəti koordinatoru rolunun dəstəklənməsi, qida təhlükəsizliyində süni intellekt və böyük verilənlər (Big Data) texnologiyalarının tətbiqi, risklərin təhlili sahəsində təcrübə mübadiləsi, eləcə də 2027-ci ildə Bakıda keçiriləcək Avropa və Aralıq dənizi Bitki Mühafizəsi Təşkilatının (EPPO) tədbirlərinə FAO-nun ekspert və institusional dəstəyi məsələləri müzakirə olunub. Görüşdə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində birgə fəaliyyətin genişləndirilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ailə kəndli təsərrüfatlarında istehsal olunan və ərzaq bazarlarında satışa çıxarılan süd və süd məhsullarının etiketlənməsi ilə bağlı yeni layihənin icrası davam etdirilir. Ərzaq bazarlarında sağlamlaşdırma tədbirləri çərçivəsində layihəyə ilk olaraq Bakı şəhərində fəaliyyət göstərən “Yaşıl” bazarda start verilib. Hazırda isə layihə Nizami rayonu, 8-ci kilometr ərazisində yerləşən “Kəngərli” ərzaq bazarında tətbiq edilib. Layihə çərçivəsində ailə kəndli təsərrüfatları tərəfindən istehsal edilən süd və süd məhsulları istehsal tarixi, yararlılıq müddəti, istehsalçısı, mənşəyi və digər zəruri məlumatları əks etdirən etiketlərlə satışa təqdim olunur. Xüsusi etiket və qablaşdırma təmin edilməklə məhsul satışı ailə kəndli təsərrüfatlarının fəaliyyətinin dəstəklənməsinə, istehsalçıların tanınmasına, onların məhsullarına istehlakçı etimadının artırılmasına və bazarda rəqabət imkanlarının genişləndirilməsinə töhfə verəcək. Eyni zamanda, istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Link:
Gürcüstanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin sədrliyi ilə Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib. İclasda iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişaf perspektivləri, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub. İclas çərçivəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli və Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Milli Qida Agentliyinin rəhbəri Giorgi Yakobaşvili Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Milli Qida Agentliyi arasında bitki karantini və bitki mühafizəsi, eləcə də baytarlıq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumlarını imzalayıblar. Sənədlər fitosanitar risklərin idarə olunması, zərərli orqanizmlərin və yoluxucu heyvan xəstəliklərinin yayılmasının qarşısının alınması, həmçinin rəsmi baytarlıq nəzarəti altında olan yüklərin idxalı, ixracı və tranziti prosedurlarının təkmilləşdirilməsini nəzərdə tutur. Memorandumlar çərçivəsində fitosanitar və baytarlıq sertifikatlarının mübadiləsi və qarşılıqlı tanınması, nəzarət tədbirləri, epizootik vəziyyət barədə məlumat, eləcə də mütəxəssislər arasında təcrübə mübadiləsinin aparılması planlaşdırılır. Həmçinin Azərbaycanın 2025-ci ildə Gürcüstanın qida obyektlərinin təsdiq sisteminin ekvivalentliyini tanımasının ikitərəfli ticarətin asanlaşdırılması baxımından əhəmiyyəti qeyd olunub. Bildirilib ki, bu yanaşma kənd təsərrüfatı və qida məhsullarının ticarət əlaqələrinin genişlənməsinə töhfə verə bilər.
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericiyə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə payız-qış mövsümündə həyata keçirilən fitosanitar monitorinqlərin nəticələrinin qiymətləndirilməsi, mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə Mərkəzi və Yerli icra orqanlarının iştirakı ilə Zaqatala rayonunda Regional Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib. Regional Əlaqələndirmə Mərkəzinin rəhbəri, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əli Nəbiyevin iştirakı ilə keçirilən toplantıda qəhvəyi mərmər bağacığının mövcud yayılma vəziyyəti, aparılmış fitosanitar monitorinqlərin nəticələri, zərərvericinin aşkar edildiyi ərazilər və mövcud yayılma ocaqlarında həyata keçirilən mübarizə tədbirlərinin effektivliyi müzakirə olunub. Bildirilib ki, havaların soyuması ilə əlaqədar zərərvericinin qışlama yerlərinin müəyyənləşdirilməsi məqsədilə monitorinqlər intensivləşdirilib, potensial riskli ərazilər nəzarətdə saxlanılır. Qeyd olunub ki, payız-qış mövsümündə qəhvəyi mərmər bağacığı qışlamaq məqsədilə yaşayış evlərinə, anbarlara, təsərrüfat tikililərinə və digər qapalı məkanlara sığınır. Bu dövrdə zərərvericinin kütləvi toplandığı yerlərin vaxtında aşkar edilməsi və mexaniki üsullarla məhv olunması onun populyasiyasının azaldılmasına xidmər edir. Eyni zamanda, zərərvericiyə qarşı mübarizədə əhalinin fəal iştirakının təmin edilməsi və maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. İclasda, həmçinin qəhvəyi mərmər bağacığının transsərhəd yayılma riskləri, aidiyyəti dövlət qurumları arasında məlumat mübadiləsinin gücləndirilməsi və birgə monitorinqlərin təşkili məsələlərinə toxunulub. Yekunda qışlama dövründə zərərvericiyə qarşı mexaniki mübarizə tədbirlərinin prioritet istiqamət kimi həyata keçirilməsi, monitorinqlərin intensivləşdirilməsi, əhalinin mübarizə tədbirlərinə fəal cəlb olunması və aidiyyəti qurumlar arasında fəaliyyətin əlaqələndirilməsinin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Daha sonra fermer təsərrüfatlarına baxış keçirilib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, eləcə də həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsiz şəkildə ərazilərdən çıxarılması istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə Hacıqabul rayonunun Muğan qəsəbəsi, Saatlı rayonunun Sarıcalar kəndi və Sabirabad rayonunun Qaratəpə kəndində istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazinin təmizlənməsi üzrə işlərə başlanılıb. Ərazinin mövcud vəziyyətinin qiymətləndirilməsi başa çatdırılıb, hazırda isə pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların qablaşdırılması üzrə işlər aparılır. Növbəti mərhələdə isə qablaşdırılmış pestisid qalıqlarının və çirklənmiş torpaqların müvafiq təhlükəsizlik tələblərinə uyğun xüsusi nəqliyyat vasitələri ilə “Cəngi pestisid poliqonu”na daşınması və müəyyən edilmiş qaydada yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlər AQTA tərəfindən cəlb edilmiş müvafiq lisenziyaya malik ixtisaslaşmış şirkət tərəfindən aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə həyata keçirilir. Yaxın günlərdə Salyan, Biləsuvar və Cəlilabad rayonlarının 8 məntəqəsi üzrə keçmiş “Kənd kimya” birliklərinin ərazisində də analoji tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Qeyd edək ki, əvvəlki illərdə həyata keçirilmiş tədbirlər nəticəsində Ağstafa, Beyləqan, İmişli, Samux və Füzuli rayonlarından ümumilikdə 2000 tondan artıq istifadəyə yararsız pestisid və həmin maddələrlə çirklənmiş torpaq təhlükəsizlik tələblərinə uyğun qablaşdırılaraq “Cəngi pestisid poliqonu”na daşınıb və xüsusi bunkerlərdə yerləşdirilib. Görülən işlərin əsas məqsədi uzun illər ərzində formalaşmış çirklənmə mənbələrinin ətraf mühitə və insan sağlamlığına yaratdığı risklərin azaldılması, ekoloji təhlükəsizliyin təmin edilməsi və dayanıqlı kənd təsərrüfatının inkişafına töhfə verilməsidir.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli noyabrın 20-si saat 11:00-da Gəncə şəhər Heydər Əliyev Mərkəzində Gəncə, Naftalan şəhərləri və Samux, Daşkəsən, Göygöl, Goranboy, Xocalı, Kəlbəcər rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək. Vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq noyabrın 19-dək qəbula yazıla bilərlər. Qəbul zamanı Agentliyin səlahiyyət dairəsinə aid müraciətlər cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Bakıda keçirilən FIFA U-15 Dünya Kuboku və Festivalı çərçivəsində tədbir iştirakçılarının təhlükəsiz qidalanmasının təmin olunması məqsədilə nəzarət tədbirləri həyata keçirilir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları idmançıların və tədbirə gələn qonaqların qidalanmasının təşkili ilə bağlı məkanlarda qida təhlükəsizliyi tələblərinə əməl olunmasına nəzarət edirlər. Nəzarət tədbirləri çərçivəsində mətbəx və yemək zallarında müvafiq yoxlamalar aparılır, hazırlanmış qidalardan laborator müayinələr üçün nümunələr götürülür. Ərazidə faaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyaları vasitəsilə tədbir məkanlarında yerində müayinələr həyata keçirilir, qida təhlükəsizliyinin təmin olunması vəziyyəti qiymətləndirilir. Tədbir məkanlarında qida məhsullarının hazırlanması, saxlanılması şəraiti, sanitariya-gigiyena qaydalarına riayət olunması, eləcə də qida təhlükəsizliyi tələblərinin yerinə yetirilməsi diqqət mərkəzində saxlanılır. Məqsəd yarış və festival iştirakçılarının sağlamlığının qorunması, onların təhlükəsiz qida məhsulları ilə təmin olunmasına nəzarətin gücləndirilməsidir. Daha ətraflı: https://youtu.be/KsuP8ToXDK8
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli noyabrın 5-i saat 14:00-da Agentliyin inzibati binasında qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 77) 100 32 56 nömrəsinə zəng vurmaqla, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla noyabrın 4-ü saat 14:00-dək qəbula yazıla bilərlər.
Ərzaq təhlükəsizliyinin təmin olunmasında heyvan mənşəli məhsulların sağlamlığı və təhlükəsizliyi mühüm əhəmiyyət daşıyır. Bu məhsulların təhlükəsizliyi isə birbaşa heyvanların sağlamlıq vəziyyəti və onların identifikasiyası ilə bağlıdır. Bu barədə ADA Universitetinin Aqrar və Qida Elmləri Məktəbinin Heyvandarlıq elmləri üzrə dosenti, professor Asəf Ömərov bildirib ki, heyvanların identifikasiyası onların vahid və unikal kod altında qeydiyyata alınmasını nəzərdə tutan kompleks sistemdir. Bu sistem vasitəsilə heyvanların keçirdiyi xəstəliklər, aldığı baytarlıq preparatları, müayinələri və digər məlumatlar vahid kod altında toplanır. Onun sözlərinə görə, identifikasiya sistemi heyvanların sağlamlıq tarixçəsini izləməyə, alıcıların heyvanlar barədə ətraflı məlumat əldə etməsinə və heyvan mənşəli məhsulların istehsaldan istehlaka qədər izlənməsinə imkan yaradır. Asəf Ömərov qeyd edib ki, rəqəmsal texnologiyaların tətbiqi bu prosesi daha da asanlaşdırır. Məhsullar üzərində yerləşdirilən QR kodlar və ya unikal kodlar vasitəsilə istehlakçılar və sahibkarlar müvafiq məlumatları əldə edə, məhsulun izlənməsini təmin edə bilərlər.
Giriş