Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
Vaxtı bitmiş içkilərə “yeni tarix” qoydular – AQTA aşkarladı - VİDEO
Vaxtı bitmiş içkilərə “yeni tarix” qoydular – AQTA aşkarladı - VİDEO

AQTA vaxtı bitmiş məhsulların yenidən satışa çıxarılması cəhdini aşkarlayıb.  Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən “Best for Bar” MMC-yə məxsus fərdi yaşayış evinin qarajında (anbar kimi istifadə olunur) plandankənar yoxlama keçirilib. Baxış zamanı, ümumilikdə 49050 ədəd, hər biri 330 ml olan "Vintage Limonad" (Şəkərli və şəkərsiz olmaqla 2 çeşid) və "Vintage Cola" (Şəkərli və şəkərsiz olmaqla 2 çeşid) əmtəə nişanlı  alkoqolsuz içki məhsulu aşkar edilib. Məhsulların bir hissəsinin son istifadə tarixinin dəyişdirildiyi, bir hissəsinin tarixlərinin silindiyi, digər hissəsinin isə yararlılıq müddətinin bitdiyi müəyyən olunub. Yoxlama zamanı məhsulların üzərindəki tarixlərin dəyişdirilməsində istifadə edildiyi ehtimal olunan avadanlıq və vasitələr də aşkarlanaraq maddi sübut kimi götürülüb. Məhsulların və aşkar edilmiş vasitələrin toxunulmazlığı təmin edilərək möhürlənib. Məsul şəxs izahatında məhsulların son istifadə tarixlərinin dəyişdirilməsi faktını etiraf edib. Həmçinin yoxlama zamanı tələb olunan bəzi təsdiqedici sənədlərin təqdim edilmədiyi müəyyən olunub. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq prosessual tədbirlər davam etdirilir. Ətraflı:

İxracatçıların diqqətinə: Beynəlxalq fitosanitar tələblərə ciddi əməl edilməlidir
İxracatçıların diqqətinə: Beynəlxalq fitosanitar tələblərə ciddi əməl edilməlidir

Azərbaycanın bitkiçilik məhsullarının ixracı uğurla davam edir. Hazırda ölkəmizdən dünyanın 39-dan çox ölkəsinə müxtəlif bitkiçilik məhsulları ixrac olunur. İxrac dinamikasında müşahidə olunan müsbət artım Azərbaycan məhsullarına beynəlxalq bazarlarda artan etimadın göstəricisidir. İxracın davamlı inkişafı və yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi üçün ixracatçıların fitosanitar tələblərə ciddi əməl etməsi vacibdir. Bitkiçilik məhsulları, onların qablaşdırılması, etiketlənməsi və daşınması beynəlxalq standartların və idxalçı ölkələrin müəyyən etdiyi tələblərə uyğun olmalıdır. Ölkəmizdə ixrac edilən bitkiçilik məhsullarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə məhsul partiyalarına fitosanitar baxış keçirilir, laborator və vizual yoxlamalar aparılır. Tələblərə uyğun məhsullar müvafiq fitosanitar sertifikatla təmin edilir və ixracına icazə verilir. İxracatçıların diqqətinə çatdırırıq ki, məhsul partiyaları formalaşdırılarkən məhsulun mənşəyi və ilkin istehsalçısı barədə məlumatlar düzgün bəyan edilməli, çeşidləmə keyfiyyətlə aparılmalı, aqrotexniki və aqrokimyəvi qulluq qaydalarına riayət edilməli, məhsullar idxalçı ölkələrin fitosanitar və keyfiyyət tələblərinə tam cavab verməlidir. Xüsusilə qeyd edirik ki, ixrac zamanı istifadə olunan taxta altlıqlar və digər taxta qablaşdırma materialları Beynəlxalq Bitki Mühafizəsi Konvensiyasına əsasən təsdiq edilmiş Fitosanitar Tədbirlər üzrə Beynəlxalq Standarta (ISPM 15) uyğun emal edilməli və müvafiq nişanla markalanmalıdır. Bütün ixracatçıları beynəlxalq fitosanitar standartlara və milli qanunvericiliyin tələblərinə məsuliyyətlə əməl etməyə çağırırıq. Tələblərə riayət edilməsi Azərbaycan məhsullarının beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin artırılmasına, yeni ixrac imkanlarının yaranmasına və ölkəmizin etibarlı ticarət tərəfdaşı kimi mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir. Link:

Ailə kəndli təsərrüfatlarına dəstək: Süd məhsullarının etiketlənməsi ilə bağlı yeni layihəyə başlanılıb
Ailə kəndli təsərrüfatlarına dəstək: Süd məhsullarının etiketlənməsi ilə bağlı yeni layihəyə başlanılıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ailə kəndli təsərrüfatlarında istehsal olunan və ərzaq bazarlarında satışa çıxarılan süd və süd məhsullarının etiketlənməsi ilə bağlı yeni layihənin icrasına başlanılıb. Ərzaq bazarlarında sağlamlaşdırma tədbirləri çərçivəsində Bakı şəhərində fəaliyyət göstərən “Yaşıl” bazarda layihəyə start verilib. Layihə çərçivəsində süd məhsulları istehsal tarixi, yararlılıq müddəti, istehsalçısı, mənşəyi və digər zəruri məlumatları özündə əks etdirən etiketlərlə satışa təqdim olunacaq. Yeni yanaşma istehlakçıların məhsul haqqında dolğun məlumat əldə etməsinə, məhsulun mənşəyinin müəyyənləşdirilməsinə və bazarlarda satış prosesinin daha şəffaf təşkilinə xidmət edəcək. Bəzi hallarda ailə kəndli təsərrüfatlarında istehsal olunaraq bazarlarda satışa çıxarılan süd məhsullarının istehsalçısı və mənşəyi barədə məlumatlar tam şəkildə təqdim edilmir. Bu səbəbdən layihə çərçivəsində etiket nümunələri hazırlanıb, məhsulların xüsusi qablaşdırmada satışının təşkili istiqamətində müvafiq tədbirlər görülür. Layihə həmçinin ailə kəndli təsərrüfatlarının fəaliyyətinin dəstəklənməsinə yönəlib. Məhsulların etiketlə təqdim olunması istehsalçıların tanınmasına, onların məhsullarına etimadın artmasına, bazarda rəqabət imkanlarının genişlənməsinə, həmçinin istehlakçı hüquqlarının qorunmasına və qida təhlükəsizliyinin təmin olunmasına töhfə verəcək. Sağlamlaşdırma tədbirlərinin mərhələli şəkildə digər ərzaq bazarlarında da həyata keçirilməsi nəzərdə tutulur. Link:

Xaçmazda heyvan satışı bazarı fəaliyyətə başlayıb
Xaçmazda heyvan satışı bazarı fəaliyyətə başlayıb

Xaçmaz rayonunda yerləşən heyvan satışı bazarı fəaliyyətini bərpa edib. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən qiymətləndirmənin nəticələrinə əsasən, biotəhlükəsizlik tələbləri təmin olunaraq bazar yenidən qurulub. Bazar baytarlıq-sanitariya və biotəhlükəsizlik tələblərinə uyğun infrastrukturla təmin olunub. Obyektdə baytarlıq nəzarətinin həyata keçirilməsi üçün müvafiq şərait yaradılıb, kliniki baxış platforması, dezbaryerlər, izolyatorlar, heyvanların çəkisinin və bədən temperaturunun ölçülməsi üçün müvafiq avadanlıqlar quraşdırılıb. Eyni zamanda, heyvanların saxlanılması, nümayişi, yüklənməsi və boşaldılması üçün xüsusi bölmələr təşkil edilib, su və yem təchizatı, işıqlandırma və tullantıların idarə olunması sistemləri tam şəkildə qurulub. Xatırladaq ki, bundan əvvəl Bərdə, Göygöl, Salyan, Göyçay, Şamaxı, İmişli, Ağcabədi, Beyləqan, Biləsuvar, Kürdəmir, Abşeron, Masallı, Ağsu rayonlarında və Bakının Binə qəsəbəsində yerləşən heyvan bazarları fəaliyyətə başlayıb. Xaçmazda heyvan bazarının açılması ilə ölkə üzrə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 15-ə çatıb. Qeyd edək ki, heyvan bazarları AQTA Kollegiyasının qərarı ilə təsdiq edilmiş norma və qaydalara uyğun şəkildə yenidən qurulmalıdır. Yenidən qurulan bazarlar yalnız Agentliyin müvafiq komissiyasının yekun qiymətləndirilməsindən sonra fəaliyyətə başlaya bilər.

AQTA-da cari ilin I yarımilinin yekunlarına dair mətbuat konfransı keçirilib
AQTA-da cari ilin I yarımilinin yekunlarına dair mətbuat konfransı keçirilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 2026-cı ilin ilk 6 ayı üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransı keçirilib. Konfransda çıxış edən AQTA-nın sədr müavini Əli Nəbiyev qida təhlükəsizliyi sisteminin strateji inkişafını təmin etmək məqsədilə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2026–2032-ci illər üçün Dövlət Proqramı”nın layihəsi aidiyyəti üzrə təqdim olunduğunu media nümayəndələrinin diqqətinə çatdırıb.  Ə.Nəbiyev altı ay ərzində dövlət nəzarəti ilə bağlı statistik göstəricilərə nəzər salıb. Bildirib ki, bu dövr ərzində 2254 müəssisədə 2586 yoxlama keçirilib və 1963 müəssisədə uyğunsuzluq müəyyən edilib.  Ciddi nöqsan aşkarlanan 316 müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Uyğunsuzluq aşkarlanan 1600 tona yaxın, 450 min litr və 130 min ədəd məhsul məhv edilib, 430 ton məhsul utilizasiya olunub. Ticarət şəbəkələrindən isə 1 tondan artıq uyğunsuz məhsul yığışdırılıb. Keçirilən reydlər zamanı mənşəyi məlum olmayan və istehlaka yararsız 30.7 ton ət (o cümlədən 432 kq at əti) məhv edilib.  Ölkə üzrə 390 ümumtəhsil məktəbində monitorinq aparılıb, 263-də normativ tələblərin pozulduğu aşkar edilib. Yararlılıq müddəti bitmiş və ya satışı qadağan edilən məhsullar dərhal satışdan kənarlaşdırılıb. Qeyd olunub ki, fəaliyyət göstərən 79 ərzaq bazarından 19-da planlı yoxlamalar aparılıb. İndiyədək 17 bazarda sağlamlaşdırma işləri görülüb, 30-da nöqsanlar qismən aradan qaldırılıb.   Sədr müavini diqqətə çatdırıb ki, ailə və kəndli təsərrüfatlarında hazırlanan süd və süd məhsullarına effektiv nəzarətin təşkili və bazarlarda satışın qanunvericiliyə uyğun təşkil edilməsi üçün xüsusi qablaşdırma materialları və etiket nümunələri hazırlanaraq bazarlara təqdim olunub.  Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, idxal və ixrac prosesləri AQTİS vasitəsilə tam rəqəmsallaşdırılıb, hazırda Azərbaycandan 70-dən çox ölkəyə məhsul ixrac olunur.  Ə.Nəbiyev Çinə akvakultura, yabanı dəniz məhsulları və quş əti ixracını əhatə edən 3 protokolun imzalandığını da vurğulayıb.  Yenidənqurmadan sonra heyvan bazarlarının istifadəyə verildiyini diqqətə çatdıran Əli Nəbiyev bildirib ki, artıq Xaçmaz heyvan bazarı da fəaliyyətə başlayıb. Bununla da ölkə üzrə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 15-ə çatıb. Onun sözlərinə görə, iri və xırdabuynuzlu heyvanların gələn ildən dövlət hesabına identifikasiyası aparılacaq və onların elektron uçotu təmin ediləcək. AQTA-nın Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxova xüsusilə qadınlara yönəlmiş arıqlama çayları, qəhvələri, şokoladları və digər oxşar məhsulların sosial şəbəkələr vasitəsilə geniş şəkildə satışının təşkil olunmasının narahatedici məqamlardan biri olduğunu bildirib. Onun sözlərinə görə, Agentlik tərəfindən həmin məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub və bütün nümunələrdə insan sağlamlığı üçün ciddi təhlükə yaradan sibutramin və sildenafil maddələri aşkar edilib. Şöbə müdiri istehlakçılara belə məhsulları almamağı tövsiyə edib.  Validə Sadıxova energetik içkilərlə bağlı həyata keçirilən monitorinqlərin nəticələrini açıqlayıb. O bildirib ki, Agentlik istehlakçılar arasında sorğu keçirib. Nəticələr göstərib ki, respondentlərin 72%-i energetik içki olmayan məhsulları “energetik içki” kimi qiymətləndirib. Başqa sözlə, istehlakçılar məhsulun energetik içki olub-olmamasını onun tərkibinə deyil, marketinq elementlərinə, vizual dizaynına və qablaşdırılmasına əsasən seçiblər. Bununla əlaqədar, ölkəyə idxal olunan bütün energetik içkilərdən, eləcə də yerli istehsal və idxal olunan müxtəlif alkoqolsuz içkilərdən nümunələr götürülüb.  Nümunələrin etiket məlumatları təhlil edilib və laborator müayinələr həyata keçirilib. Araşdırma zamanı müəyyən edilib ki, məhsulların 50%-dən çoxunun qablaşdırılmasında güc, dominantlıq və aqressiyanı simvolizə edən heyvan təsvirlərindən, enerji, güc və yüksək performansı ifadə edən sözlərdən, emblemlərdən, işarələrdən və digər vizual elementlərdən istifadə olunub. Bununla əlaqədar müvafiq dövlət qurumlarına rəsmi müraciətlər göndərilib, birgə əməkdaşlıq çərçivəsində zəruri tədbirlərin görülməsi təklif olunub. Eyni zamanda, Agentlik tərəfindən sahibkarlarla görüşlər keçirilib, qanunvericiliyin tələbləri onlara ətraflı izah edilib. Sonda media nümayəndələrinin sualları cavablandırılıb.

AQTA yas mərasimlərində qeydə alınan zəhərlənmələrlə bağlı araşdırmaları davam etdirir
AQTA yas mərasimlərində qeydə alınan zəhərlənmələrlə bağlı araşdırmaları davam etdirir

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən son günlər Gəncə şəhəri və Samux rayonunda yas mərasimləri zamanı ardıcıl qeydə alınmış qida zəhərlənməsi halları ilə bağlı araşdırmalar davam etdirilir.  Belə ki, iyulun 12-də Gəncə şəhərində 7 nəfərin, iyulun 14-də Gəncə şəhərində 3 nəfərin, iyulun 15-də isə Samux rayonunda 12 nəfərin zəhərlənməsi faktı üzrə Agentlik tərəfindən dərhal araşdırmalara başlanılıb. İlkin epidemioloji araşdırmalar zamanı hər üç yas mərasimində istehlak edilən qida məhsulları təhlil olunmuş və ortaq risk faktoru kimi lavaş məhsulu müəyyən edilib. Araşdırmalar nəticəsində məlum olub ki, mərasimlərdə istifadə edilən lavaş məhsullarının qeyri-qanuni şəkildə ev şəraitində hazırlanaraq satışı həyata keçirilir. Lavaş məhsulundan nümunələr götürülüb. Laborator müayinələrin nəticələri, eyni zamanda məhsulun istehsal şəraiti və hazırlanması prosesi üzrə araşdırmaların yekununa dair əlavə məlumat veriləcək.  AQTA vətəndaşlara bir daha tövsiyə edir ki, qida məhsullarını yalnız təhlükəsizlik tələblərinə uyğun fəaliyyət göstərən və qeydiyyatdan keçmiş istehsalçı və satış obyektlərindən əldə etsinlər, mənşəyi məlum olmayan, ev şəraitində hazırlanaraq satışa çıxarılan qida məhsullarının istehlakından çəkinsinlər.

Xaricdən gətirilən heyvanların daşınmasında yeni yanaşma: məqsəd bioloji təhlükəsizliyi gücləndirməkdir
Xaricdən gətirilən heyvanların daşınmasında yeni yanaşma: məqsəd bioloji təhlükəsizliyi gücləndirməkdir

Ölkəmizdə heyvan sağlamlığının qorunması, bioloji təhlükəsizliyin gücləndirilməsi və yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə xaricdən idxal olunan xırda və iribuynuzlu heyvanların beynəlxalq standartlara cavab verən ixtisaslaşmış nəqliyyat vasitələri ilə daşınmasına keçid təşviq edilir. Mövzu ilə bağlı yaranan suallara AQTA-nın şöbə müdiri Qalib Əbdüləliyev aydınlıq gətirib. O bildirib ki, ixtisaslaşmış nəqliyyat vasitələri heyvanların daşınması zamanı tələb olunan zoogigiyenik və baytarlıq normalarının təmin edilməsinə imkan verir. Bu nəqliyyat vasitələri tam dezinfeksiya oluna bilir, heyvanların yem və su ilə təmin edilməsinə, effektiv ventilyasiya sisteminin işləməsinə, eləcə də onların növünə və canlı çəkisinə uyğun sahə normalarına riayət olunmasına şərait yaradır. Şöbə müdirinin sözlərinə görə, uyğunlaşdırılmış və ya qeyri-ixtisaslaşmış nəqliyyat vasitələrində tam dezinfeksiyanın aparılması mümkün olmur. Bu isə əvvəl daşınmış heyvanlardan qalan xəstəlik törədicilərinin növbəti heyvanlara keçməsi riskini artırır. Eyni zamanda, belə nəqliyyat vasitələrində zəruri şəraitin təmin olunması çətin olduğundan heyvanlarda stres yaranır, immunitet zəifləyir və müxtəlif xəstəliklərə həssaslıq artır. Q. Əbdüləliyev qeyd edib ki, bu tələblər daşınma zamanı heyvanlarda yaranan stresin azaldılmasına, onların rifahının qorunmasına və xəstəlik riskinin minimuma endirilməsinə xidmət edir. Onun sözlərinə görə, Avropa İttifaqı ölkələrindən Azərbaycana gətirilən heyvanlar artıq bu cür ixtisaslaşmış nəqliyyat vasitələri ilə daşınır. Məqsəd Rusiya və Gürcüstandan idxal olunan heyvanların da həmin standartlara uyğun şəkildə daşınmasını təmin etməkdir. Respublikanın baş dövlət baytarlıq müfəttişi bu sahədə fəaliyyət göstərən sahibkarlara cari ilin sonunadək yeni tələblərə uyğun hazırlıq işlərini başa çatdırmağı tövsiyə edib və bildirib ki, növbəti ildən etibarən ölkəyə idxal olunan heyvanların yalnız beynəlxalq standartlara cavab verən ixtisaslaşmış nəqliyyat vasitələri ilə daşınması nəzərdə tutulur. Daha ətraflı:

Yay aylarında qida zəhərlənmələrinə qarşı diqqətli olun! -VİDEO
Yay aylarında qida zəhərlənmələrinə qarşı diqqətli olun! -VİDEO

Yay mövsümündə havaların isti keçməsi qida məhsullarında bakteriya və digər mikroorqanizmlərin daha sürətlə çoxalmasına şərait yaradır. Bu cür şəraitdə isə qidalar daha tez xarab olur və zəhərlənmə riskinin artmasına səbəb olur. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalini qida təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır. Xüsusilə ət və ət məhsulları, süd və süd məhsulları, balıq, yumurta, mayonezli salatlar və kremli şirniyyatlar isti hava şəraitində daha tez xarab olan məhsullar sırasındadır. Bu səbəbdən həmin məhsulların saxlanma temperaturuna və yararlılıq müddətinə xüsusi diqqət yetirmək lazımdır. Vətəndaşlara qida məhsullarının qablaşdırılmasına, istehsal və son istifadə tarixlərinə baxmaq tövsiyə olunur. Eyni zamanda, hazır və çiy məhsulların xüsusi ayrı qabda saxlanılması, qidaların uyğun temperatur rejimində qorunması və şəxsi gigiyena qaydalarına riayət edilməsi qida mənşəli xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır.  Xüsusilə açıq havada keçirilən tədbirlər, pikniklər və uzunmüddətli səfərlər zamanı tez xarab olan qidaların soyuq şəraitdə saxlanılması, günəş altında uzun müddət qalmasının qarşısının alınması xüsusilə vacibdir. Qida zəhərlənməsinin qarşısının alınması hər bir vətəndaşın diqqət və məsuliyyətindən asılıdır. Unutmayaq ki, təhlükəsiz qida sağlamlığın əsas şərtlərindən biridir. Daha ətraflı:

Video
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib

AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib