Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən son günlər Gəncə şəhəri və Samux rayonunda yas mərasimləri zamanı ardıcıl qeydə alınmış qida zəhərlənməsi halları ilə bağlı araşdırmalar davam etdirilir. Belə ki, iyulun 12-də Gəncə şəhərində 7 nəfərin, iyulun 14-də Gəncə şəhərində 3 nəfərin, iyulun 15-də isə Samux rayonunda 12 nəfərin zəhərlənməsi faktı üzrə Agentlik tərəfindən dərhal araşdırmalara başlanılıb. İlkin epidemioloji araşdırmalar zamanı hər üç yas mərasimində istehlak edilən qida məhsulları təhlil olunmuş və ortaq risk faktoru kimi lavaş məhsulu müəyyən edilib. Araşdırmalar nəticəsində məlum olub ki, mərasimlərdə istifadə edilən lavaş məhsullarının qeyri-qanuni şəkildə ev şəraitində hazırlanaraq satışı həyata keçirilir. Lavaş məhsulundan nümunələr götürülüb. Laborator müayinələrin nəticələri, eyni zamanda məhsulun istehsal şəraiti və hazırlanması prosesi üzrə araşdırmaların yekununa dair əlavə məlumat veriləcək. AQTA vətəndaşlara bir daha tövsiyə edir ki, qida məhsullarını yalnız təhlükəsizlik tələblərinə uyğun fəaliyyət göstərən və qeydiyyatdan keçmiş istehsalçı və satış obyektlərindən əldə etsinlər, mənşəyi məlum olmayan, ev şəraitində hazırlanaraq satışa çıxarılan qida məhsullarının istehlakından çəkinsinlər.
Ölkəmizdə heyvan sağlamlığının qorunması, bioloji təhlükəsizliyin gücləndirilməsi və yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə xaricdən idxal olunan xırda və iribuynuzlu heyvanların beynəlxalq standartlara cavab verən ixtisaslaşmış nəqliyyat vasitələri ilə daşınmasına keçid təşviq edilir. Mövzu ilə bağlı yaranan suallara AQTA-nın şöbə müdiri Qalib Əbdüləliyev aydınlıq gətirib. O bildirib ki, ixtisaslaşmış nəqliyyat vasitələri heyvanların daşınması zamanı tələb olunan zoogigiyenik və baytarlıq normalarının təmin edilməsinə imkan verir. Bu nəqliyyat vasitələri tam dezinfeksiya oluna bilir, heyvanların yem və su ilə təmin edilməsinə, effektiv ventilyasiya sisteminin işləməsinə, eləcə də onların növünə və canlı çəkisinə uyğun sahə normalarına riayət olunmasına şərait yaradır. Şöbə müdirinin sözlərinə görə, uyğunlaşdırılmış və ya qeyri-ixtisaslaşmış nəqliyyat vasitələrində tam dezinfeksiyanın aparılması mümkün olmur. Bu isə əvvəl daşınmış heyvanlardan qalan xəstəlik törədicilərinin növbəti heyvanlara keçməsi riskini artırır. Eyni zamanda, belə nəqliyyat vasitələrində zəruri şəraitin təmin olunması çətin olduğundan heyvanlarda stres yaranır, immunitet zəifləyir və müxtəlif xəstəliklərə həssaslıq artır. Q. Əbdüləliyev qeyd edib ki, bu tələblər daşınma zamanı heyvanlarda yaranan stresin azaldılmasına, onların rifahının qorunmasına və xəstəlik riskinin minimuma endirilməsinə xidmət edir. Onun sözlərinə görə, Avropa İttifaqı ölkələrindən Azərbaycana gətirilən heyvanlar artıq bu cür ixtisaslaşmış nəqliyyat vasitələri ilə daşınır. Məqsəd Rusiya və Gürcüstandan idxal olunan heyvanların da həmin standartlara uyğun şəkildə daşınmasını təmin etməkdir. Respublikanın baş dövlət baytarlıq müfəttişi bu sahədə fəaliyyət göstərən sahibkarlara cari ilin sonunadək yeni tələblərə uyğun hazırlıq işlərini başa çatdırmağı tövsiyə edib və bildirib ki, növbəti ildən etibarən ölkəyə idxal olunan heyvanların yalnız beynəlxalq standartlara cavab verən ixtisaslaşmış nəqliyyat vasitələri ilə daşınması nəzərdə tutulur. Daha ətraflı:
Yay mövsümündə havaların isti keçməsi qida məhsullarında bakteriya və digər mikroorqanizmlərin daha sürətlə çoxalmasına şərait yaradır. Bu cür şəraitdə isə qidalar daha tez xarab olur və zəhərlənmə riskinin artmasına səbəb olur. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalini qida təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır. Xüsusilə ət və ət məhsulları, süd və süd məhsulları, balıq, yumurta, mayonezli salatlar və kremli şirniyyatlar isti hava şəraitində daha tez xarab olan məhsullar sırasındadır. Bu səbəbdən həmin məhsulların saxlanma temperaturuna və yararlılıq müddətinə xüsusi diqqət yetirmək lazımdır. Vətəndaşlara qida məhsullarının qablaşdırılmasına, istehsal və son istifadə tarixlərinə baxmaq tövsiyə olunur. Eyni zamanda, hazır və çiy məhsulların xüsusi ayrı qabda saxlanılması, qidaların uyğun temperatur rejimində qorunması və şəxsi gigiyena qaydalarına riayət edilməsi qida mənşəli xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır. Xüsusilə açıq havada keçirilən tədbirlər, pikniklər və uzunmüddətli səfərlər zamanı tez xarab olan qidaların soyuq şəraitdə saxlanılması, günəş altında uzun müddət qalmasının qarşısının alınması xüsusilə vacibdir. Qida zəhərlənməsinin qarşısının alınması hər bir vətəndaşın diqqət və məsuliyyətindən asılıdır. Unutmayaq ki, təhlükəsiz qida sağlamlığın əsas şərtlərindən biridir. Daha ətraflı:
Bir heyvanın yeri, aldığı peyvəndlər və keçirdiyi xəstəliklər bir neçə saniyə ərzində müəyyən edilə bilər. Bu, heyvanların identifikasiyası və qeydiyyatı sistemi sayəsində mümkündür. Kənd təsərrüfatı heyvanlarının identifikasiyası qanunvericiliyin tələbidir və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi — AQTİS vasitəsilə həyata keçirilir. İdentifikasiya sistemi "Fermadan süfrəyə" prinsipi üzrə qida təhlükəsizliyi zəncirinin etibarlı fəaliyyətini təmin edir. Heyvan itirildikdə və ya oğurlandıqda identifikasiya sistemi heyvan sahibinin müəyyən edilməsinə və məlumatların hüquqi sübut kimi istifadə olunmasına imkan yaradır. Heyvanların identifikasiyası sadəcə nişanlama deyil. Bu, sağlam heyvanların, təhlükəsiz qidanın və etibarlı baytarlıq nəzarətinin əsas şərtidir. Daha ətraflı:
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) vətəndaşları sosial şəbəkələrdə sürətli arıqlama vəd edən mənşəyi şübhəli məhsullara qarşı diqqətli olmağa çağırır. Aparılan monitorinqlər zamanı sosial şəbəkələrdə reklam edilərək satılan bəzi çay, qəhvə və kapsul formasında bioloji aktiv qida məhsullarında insan sağlamlığı üçün təhlükəli və istifadəsi qadağan edilmiş sibutramin maddəsi aşkarlanıb. Bu maddə ciddi sağlamlıq riskləri yaratdığı üçün Azərbaycan Respublikasında qida məhsulları və dərman vasitələrində istifadəsi qadağandır. AQTA bildirir ki, sosial şəbəkələrdə anonim səhifələr vasitəsilə satılan məhsulların əksəriyyəti dövlət qeydiyyatından keçmir və onların tərkibi barədə istehlakçılara düzgün məlumat verilmir. Agentlik vətəndaşlara yalnız dövlət qeydiyyatından keçmiş məhsullardan istifadə etməyi, məhsulun mənşəyi və istehsalçısı barədə məlumatları yoxlamağı, arıqlama məqsədilə hər hansı vasitədən istifadə etməzdən əvvəl isə həkim və ya mütəxəssis məsləhəti almağı tövsiyə edir. Sağlam və davamlı çəki azaldılması balanslaşdırılmış qidalanma, fiziki aktivlik və tibbi nəzarət əsasında mümkündür. Daha ətraflı:
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Qəbələ rayonunda fəaliyyət göstərən Qəbələ Konserv Zavodunda olub. Agentlik sədri istehsal sahələrinə baxış keçirib, xammalın qəbulu, emalı, istehsalat laboratoriyası, qablaşdırılması və saxlanılması mərhələləri ilə yaxından tanış olub, xammalın və hazır məhsulların keyfiyyət və təhlükəsizlik göstəricilərinin yoxlanılması prosesini izləyib. AQTA sədri ölkədə qida sənayesinin inkişafı, yerli istehsalın təşviqi və istehlakçıların təhlükəsiz qida məhsulları ilə təmin olunması baxımından emal müəssisələrinin fəaliyyətinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (Rosselxoznadzor) rəhbəri Sergey Dankvert arasında Rusiya tərəfinin təşəbbüsü ilə telefon danışığı olub. Söhbət zamanı tərəflər baytarlıq və fitosanitar nəzarəti sahəsində iki ölkə arasında əməkdaşlığı müzakirə ediblər. Müzakirədə kənd təsərrüfatı məhsullarının qarşılıqlı tədarükü, ixrac prosedurlarının sürətləndirilməsi, Rusiyadan Azərbaycana ixrac olunan iri və xırdabuynuzlu heyvanların identifikasiyası diqqət mərkəzində olub. Bununla yanaşı, baytarlıq sahəsində informasiya sistemlərinin inteqrasiyası ilə bağlı məsələlər nəzərdən keçirilib. Bildirilib ki, fitosanitar istiqamət üzrə inteqrasiya prosesi artıq uğurla başa çatdırılıb. Telefon danışığı zamanı baytarlıq preparatlarının hazırlanması və istehsalı sahəsində əməkdaşlıq imkanları da müzakirə olunub. Bu istiqamətdə Rusiya təcrübəsinin öyrənilməsi məqsədilə yaxın zamanda AQTA nümayəndələrinin Rusiyaya səfəri barədə razılıq əldə olunub.
Son günlər ölkə ərazisində, xüsusilə Xəzəryanı bölgələrdə invaziv növlərə aid bəzi çəyirtkələrin miqrasiyası və populyasiya sıxlığının artması müşahidə olunur. Bununla əlaqədar olaraq, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkənin müxtəlif ərazilərində yerləşən 95 məntəqədə müşahidələr və monitorinqlər həyata keçirilib. Laboratoriya analizlərinin nəticələrinə əsasən, ölkə ərazisində karantin tətbiq edilməyən invaziv növlərdən Şərq qozbel çəyirtkəsi, kiçik xaçlı çəyirtkə və barbar çəyirtkəsinin miqrasiyası qeydə alınıb. Aparılmış araşdırmalar nəticəsində müəyyən edilib ki, bu növlər Azərbaycan faunası üçün xarakterik deyil və onların Qazaxıstan və Rusiya ərazilərindən miqrasiya etdiyi ehtimal olunur. Qeyd edək ki, fitosanitar təhlükəsizliyin təmin edilməsi və çəyirtkələrə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi məqsədilə AQTA, Kənd Təsərrüfatı Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən birgə monitorinqlər və zərərvericilərə qarşı mübarizə tədbirləri davam etdirilir. Zərərvericilərin populyasiya sıxlığının nəzarətdə saxlanılması, onların kənd təsərrüfatı sahələrinə vurduğu zərərin minimuma endirilməsi və digər ərazilərə yayılmasının qarşısının alınması istiqamətində zəruri tədbirlər görülür. Daha ətraflı:
Arıqlama məqsədilə sosial şəbəkələrdə reklam olunaraq satılan çay, qəhvə və kapsul formasında bioloji aktiv qida məhsulları ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər zamanı ciddi qanun pozuntuları müəyyən edilib. Monitorinqlər çərçivəsində "Slimluxcoffee_ariqladici_kofe", "Vellara.baku" və "Spirulina_azerbaijan_official" "Instagram" sosial şəbəkə hesablarından əldə edilən məhsul nümunələri laborator müayinələrə cəlb olunub. Nəticələrə əsasən, "SLT Slim Lux Coffee Premium" (fındıqlı), "SLT Slim Lux Coffee Premium", "Good Lux Green Coffee", "Green Good Lux Slimming Coffee" (fındıqlı), "Green Good Lux Slimming Capsules", "Saffren Dietary Supplement", "Spirulina" "Vellara Form Coffee" və "Vellara Form Tea" məhsullarında qida məhsullarında istifadəsinə yol verilməyən insan sağlamlığı üçün təhlükəli sibutramin maddəsi aşkarlanıb. Sibutramin ürək-damar sistemi xəstəlikləri, infarkt və insult riskini artırır, eyni zamanda, ciddi psixi pozuntulara səbəb ola bilər. Sibutraminin qida məhsullarının, eləcə də dərman vasitələrinin tərkibində istifadəsi Azərbaycanda qadağandır. Araşdırmalar zamanı müəyyən edilib ki, sözügedən məhsullar ölkəyə şəxsi istifadə məqsədilə gətirilsə də, sonradan sosial şəbəkələr üzərindən qanunsuz satışa çıxarılıb. Bu məhsulların ölkəmizə idxalına qadağa qoyulması ilə bağlı istehsalçı ölkənin səlahiyyətli qurumlarına da rəsmi müraciət ünvanlanıb. Faktlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülməsi üçün aidiyyəti qurumlara, o cümlədən hüquq-mühafizə orqanlarına məktublar göndərilib. Sibutramin maddəsi aşkarlanan məhsulların siyahısı:
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Masallı rayonu, Kürdəbaz kəndində yerləşən fiziki şəxs Qardaşov Mahir Bəbir oğluna məxsus soyuducu anbarda reyd keçirilib. Yoxlama zamanı ümumi çəkisi 3050 kq olan və korlanma əlamətləri müşahidə edilən ətlər aşkar olunub. Məhsulların dövriyyəsinin qarşısı dərhal alınıb, onlardan nümunələr götürülərək laborator müayinələrə göndərilib. Laborator sınaqların nəticələrinə əsasən, sözügedən ətlərin insan istehlakı üçün yararsız olduğu təsdiqlənib. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür, istehlaka yararsız ətlərin məhv edilməsi istiqamətində işlər davam etdirilir. Daha ətraflı:
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə Gəncə şəhərində dabaq və digər transsərhəd heyvan xəstəliklərinə dair simulyasiya təlimi keçirilib. Təlimin məqsədi heyvan xəstəliklərinin erkən aşkarlanması, operativ reaksiya tədbirlərinin təşkili, səyyar laborator diaqnostikanın tətbiqi və mütəxəssislərin praktiki bacarıqlarının artırılmasıdır. Göygöl rayonunun Yeni Qızılca kəndində yerləşən heyvandarlıq təsərrüfatında keçirilən praktik məşq zamanı xəstəliyə şübhəli halların araşdırılması, epizootoloji qiymətləndirmə, laborator müayinələr, xəstə heyvanların təcridi, zərərsizləşdirilməsi və dezinfeksiya tədbirləri praktiki şəkildə icra edilib. Təlimdə FAO ekspertləri, Respublika üzrə Epizootiya Əleyhinə Fövqəladə Komissiyada təmsil olunan aidiyyəti dövlət qurumlarının nümayəndələri, eləcə də Qazaxıstan, Qırğızıstan, Gürcüstan və Özbəkistandan gələn mütəxəssislər iştirak ediblər. Bu cür simulyasiya təlimləri ölkədə xüsusi təhlükəli heyvan xəstəliklərinə hazırlığın gücləndirilməsi, beynəlxalq tələblərə uyğun nəzarət sisteminin təkmilləşdirilməsi və gələcəkdə Azərbaycanın dabaq xəstəliyindən azad zona statusu əldə etməsinə töhfə verir.
Giriş