Milli Olimpiya Komitəsinin vitse-prezidenti, atıcılıq üzrə Olimpiya çempionu Zemfira Meftahətdinova Qida Təhlükəsizliyi Agentliyinin “Doğru seçim, yüksək nəticə!” maarifləndirmə kampaniyasına dəstək verib. Tanınmış idmançı vətəndaşlara, xüsusilə gənclərə və peşəkar idmançılara müraciətində bildirib ki, qazanılan uğurların arxasında yalnız məşq prosesi deyil, ciddi nizam-intizam, sağlam həyat tərzi və düzgün seçimlər dayanır. Hazırda sosial şəbəkələrdə dövlət qeydiyyatından keçməyən müxtəlif idman qidaları və bioloji aktiv qida məhsullarının reklamı edilir. Bu cür məhsulların istifadəsi isə sağlamlıq üçün ciddi risklər yarada bilər. Z.Meftahətdinova bütün idmançıları, xüsusilə gəncləri tərkibi və təhlükəsizliyi yoxlanılmamış məhsullardan uzaq durmağa çağırıb. Link:
Qida Təhlükəsizliyi Agentliyinin “AQTA hara baxır?” layihəsinin yeni buraxılışında kənd təsərrüfatı heyvanlarının identifikasiyası və qeydiyyatı prosesindən bəhs olunur. Materialda heyvanların fərdi qaydada identifikasiya edilməsi, məlumatlarının "Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi" İnformasiya Sisteminə daxil olunması və bu prosesin baytarlıq nəzarətində rolu əyani şəkildə nümayiş etdirilir. Buraxılışda vurğulanır ki, heyvanların identifikasiyası xəstəliklərə nəzarətin gücləndirilməsi, peyvəndləmə, həmçinin heyvan mənşəli məhsulların “fermadan süfrəyə” prinsipi üzrə izlənə bilməsinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, identifikasiya sisteminin heyvanların daşınması, qeydiyyatı və mənşəyinin müəyyənləşdirilməsi proseslərində yaratdığı imkanlar barədə məlumat verilir. Daha ətraflı videoda :
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi idmançılar və gənclər arasında sağlam və təhlükəsiz qidalanma vərdişlərinin formalaşdırılması, həmçinin idman qidaları və bioloji aktiv qida məhsullarından düzgün istifadənin təşviqi məqsədilə həyata keçirdiyi “Doğru seçim, yüksək nəticə!” maarifləndirmə kampaniyasını davam etdirir. Layihənin növbəti qonağı yunan-Roma güləşi üzrə U23 Avropa çempionu Elmin Əliyevdir. Gənc idmançı idmanla məşğul olan insanlara çağırış edərək bildirib ki, idman qidaları və bioloji aktiv qida məhsullarının düzgün seçilməməsi və mütəxəssis məsləhəti olmadan istifadə edilməsi sağlamlıq üçün ciddi risklər yarada bilər. Onun sözlərinə görə, xüsusilə dövlət qeydiyyatından və nəzarətdən keçməyən idman qidalarının istifadəsi təhlükəli ola bilər. Peşəkar güləşçi hər hansı idman qidasından istifadə etməzdən öncə məhsul haqqında ətraflı məlumat əldə etməyin vacibliyini diqqətə çatdırıb. Ətraflı:
Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsində fərdi sahibkar Piriyev Rabil Fikrət oğluna məxsus yeni heyvan bazarı fəaliyyətə başlayıb. Qeyd edək ki, bu obyekt mövcud bazanın bərpası deyil, müasir tələblərə uyğun şəkildə inşa olunmuş yeni heyvan bazarıdır. Bazar baytarlıq-sanitariya və biotəhlükəsizlik tələblərinə uyğun infrastrukturla təmin olunub. Obyektdə baytarlıq nəzarətinin həyata keçirilməsi üçün müvafiq şərait yaradılıb, kliniki baxış platforması, dezbaryerlər, izolyatorlar, heyvanların çəkisinin və bədən temperaturunun ölçülməsi üçün müvafiq avadanlıqlar quraşdırılıb. Eyni zamanda, heyvanların saxlanılması, nümayişi, yüklənməsi və boşaldılması üçün xüsusi bölmələr təşkil edilib, su və yem təchizatı, işıqlandırma və tullantıların idarə olunması sistemləri tam şəkildə qurulub. Xatırladaq ki, bundan əvvəl Bərdə, Göygöl, Salyan, Göyçay, Şamaxı, İmişli, Ağcabədi, Beyləqan, Biləsuvar, Kürdəmir, Abşeron, Masallı və Ağsu rayonlarında da heyvan bazarları fəaliyyətə başlayıb. Qeyd edək ki, heyvan bazarları Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının qərarı ilə təsdiq edilmiş norma və qaydalara uyğun şəkildə yenidən qurulmalıdır. Yenidən qurulan bazarlar yalnız Agentliyin müvafiq komissiyasının yekun qiymətləndirilməsindən sonra fəaliyyətə başlaya bilər.
Son illər energetik içkilərin istehlakı, xüsusilə də gənclər arasında nəzərəçarpacaq dərəcədə artıb. İsti hava şəraitində bəzi insanlar bu məhsulları sərinləşdirici içki kimi qəbul etsələr də, energetik içkilər tərkibi və təsirinə görə adi sərinləşdirici içkilərdən fərqlənir. Bu cür məhsulların tərkibində kofein, taurin, quarana, jenşen, inozitol, B qrupu vitaminləri, qlükoronolakton və digər bitki mənşəli komponentlər mövcud ola bilər. Mövcud tələblərə əsasən energetik içkilərin 18 yaşdan aşağı şəxslərə satışı qadağandır. Həmçinin bu məhsulların alkoqollu içkilərlə birlikdə və ya qarışdırılaraq istifadəsi tövsiyə edilmir. Energetik içkilərin yaşlı şəxslər, hamilə və süd verən qadınlar, eləcə də diabet, ürək-damar sistemi xəstəlikləri, böyrək çatışmazlığı, hipertoniya, sinir oyanıqlığı, yuxusuzluq və metabolizm pozuntuları olan insanlar tərəfindən istifadəsi məsləhət görülmür. Energetik içkilərin gündəlik istehlak həcminin 500 millilitrdən artıq olmaması tövsiyə olunur. Bundan əlavə, bu məhsulların idman və digər intensiv fiziki fəaliyyətlərdən əvvəl, fəaliyyət zamanı və sonra istifadəsi məqsədəuyğun hesab edilmir. Qanunvericiliyə uyğun olaraq energetik içkilərin etiketində mütləq şəkildə “Energetik içki” ifadəsi yazılmalıdır. Ətraflı:
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına (ÇXR) işgüzar səfəri çərçivəsində ÇXR-in Baş Gömrük Administrasiyasının rəhbərliyi ilə görüşü keçirilib. Görüşdə Azərbaycanla Çin arasında münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən məmnunluq ifadə olunub, eyni zamanda, iki ölkə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın inkişafı yüksək qiymətləndirilib. Qeyd olunub ki, AQTA ilə ÇXR Baş Gömrük Administrasiyası arasında qida məhsullarının təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində müntəzəm əməkdaşlıq həyata keçirilir. Görüş zamanı Azərbaycanın kənd təsərrüfatı və qida məhsullarının Çin bazarına çıxış imkanlarının daha da genişləndirilməsi, idxal-ixrac əməliyyatlarının inkişafı, rəqəmsal həllərin tətbiqi, sertifikatlaşmanın qarşılıqlı şəkildə tanınması, eləcə də təhlükəsiz və səmərəli ticarətin təşviqi ilə bağlı aktual məsələlər barədə razılaşmalar əldə edilib. Daha sonra iki qurum arasında rəsmi əməkdaşlıq sənədlərini AQTA sədri Qoşqar Təhməzli və ÇXR-in Baş Gömrük Administrasiyasının naziri xanım Sun Meycun imzalayıb. • Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Çin Xalq Respublikasının Baş Gömrük Administrasiyası arasında Çinə vəhşi su mühiti məhsullarının ixracı üzrə inspeksiya və karantin tələblərinə dair Protokol; • Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Çin Xalq Respublikasının Baş Gömrük Administrasiyası arasında Çinə yetişdirilmə (akvakultura) su mühiti məhsullarının ixracı üzrə inspeksiya və karantin tələblərinə dair Protokol; • Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Çin Xalq Respublikasının Baş Gömrük Administrasiyası arasında Çinə quş ətinin ixracı üzrə inspeksiya, karantin və qida təhlükəsizliyi tələblərinə dair Protokol. İmzalanan sənədlər quş əti və digər quşçuluq məhsullarının, akvakulturada yetişdirilən və vəhşi təbiətdən əldə olunan dəniz məhsullarının Çin bazarına ixracı üçün hüquqi əsas verərək yerli məhsulların ixracında maraqlı olan sahibkarlar üçün də yeni imkanlar açır. Qeyd edək ki, imzalanan sənədlər ölkə başçısının təsdiq etdiyi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasına öz mühüm töhfəsini verəcəkdir. Müzakirələrdə həmçinin bitkiçilik və digər kənd təsərrüfatı məhsullarının Çinə ixracı məsələləri də nəzərdən keçirilib, bu sahədə mövcud olan potensial yüksək qiymətləndirilərək əməkdaşlığın davam etdirilməsi qərara alınıb. Nümayəndə heyəti həmçinin ÇXR Baş Gömrük Administrasiyasının elmi tədqiqat mərkəzləri və laboratoriyaların fəaliyyəti ilə də yaxından tanış olub. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə ÇXR Baş Gömrük Administrasiyasının tabeliyində fəaliyyət göstərən laboratoriyalar və elmi-tədqiqat institutları arasında əməkdaşlıq imkanları, eləcə də müasir texnologiyaların tətbiqi məsələləri müzakirə olunub. Səfər proqramına uyğun olaraq, AQTA sədri Qoşqar Təhməzli ÇXR Bazarın Tənzimlənməsi üzrə Dövlət Administrasiyasının (SAMR) naziri Luo Ven ilə rəsmi görüş keçirib. Görüşdə qida təhlükəsizliyi sahəsində dövlət nəzarətinin gücləndirilməsi, effektiv təftiş sistemlərinin tətbiqi, risk əsaslı qida təhlükəsizliyinin təmin edilməsində rəqəmsal transformasiya imkanları, habelə digər qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Keçirilən görüşlər, əldə edilən razılaşmalar və imzalanan sənədlər Azərbaycanla Çin arasında qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarət, eləcə də kənd təsərrüfatı məhsullarının ticarəti sahələrində əməkdaşlığın institusional əsaslarının daha da möhkəmləndirilməsinə, qarşılıqlı etimadın gücləndirilməsinə və iqtisadi-ticarət əlaqələrinin inkişafına mühüm töhfə verəcək.
Quş qripi xəstəliyinin qarşısının alınması məqsədilə hazırlanmış Fəaliyyət Planına uyğun olaraq, 2025-ci ilin noyabr və dekabr aylarında, həmçinin cari ilin yanvar–may aylarında ölkə ərazisində, o cümlədən Naxçıvan Muxtar Respublikasında aparılan monitorinqlərin nəticələri açıqlanıb.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasında (ÇXR) işgüzar səfərdədir. 9–13 iyun 2026-cı il tarixlərini əhatə edən səfər çərçivəsində ÇXR-in Baş Gömrük Administrasiyasının rəhbərliyi və digər rəsmilər ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyinin nümayəndələri arasında ikitərəfli görüş keçirilib. Görüşdə ölkələrimiz arasında qida məhsullarının idxal-ixrac əməliyyatlarının genişləndirilməsi, İsrailin idxal tələblərinin öyrənilməsi, eləcə də iki ölkənin qida təhlükəsizliyinə nəzarət sistemlərinin ekvivalentliyinin qarşılıqlı tanınması məsələləri müzakirə olunub. Bundan başqa heyvan mənşəli məhsulların İsrailə ixrac perspektivləri və bu istiqamətdə mövcud imkanlar barədə ətraflı fikir mübadiləsi aparılıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi idmançılar və gənclər arasında sağlam və təhlükəsiz qidalanma vərdişlərinin formalaşdırılması, həmçinin idman qidaları və bioloji aktiv qida məhsullarından düzgün istifadənin təşviqi məqsədilə həyata keçirdiyi “Doğru seçim, yüksək nəticə!” maarifləndirmə kampaniyasını davam etdirir. Kampaniya çərçivəsində sərbəst güləş üzrə üçqat dünya və dördqat Avropa çempionu, Olimpiya Oyunlarının mükafatçısı Hacı Əliyev idman qidaları ilə bağlı gənclərə müraciət edib. O bildirib ki, son illərdə idmana marağın artması ilə paralel olaraq idman qidalarından istifadə edənlərin sayı da artır.
Peyvəndləmədən sonra immun fonun müəyyənləşdirilməsi və xüsusi təhlükəli xəstəliklər üzrə epizootoloji vəziyyətin öyrənilməsi məqsədilə iri və xırdabuynuzlu heyvanlar arasında monitorinq həyata keçiriləcək. 10–30 iyun tarixlərində keçiriləcək monitorinq çərçivəsində xüsusi təhlükəli xəstəliklərə həssas heyvanlar üzərində klinik müşahidələr aparılaraq, laborator müayinələr üçün diaqnostik nümunələr götürüləcək, təsərrüfatlara ümumi baxış və maarifləndirmə tədbirləri aparılacaq. Eyni zamanda, epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək.
Giriş