Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarus Respublikasının ölkəmizdəki səfiri Dmitri Pineviçlə görüşüb. Görüşdə qida obyektlərinin təsdiqi sistemi, quş əti məhsullarının sertifikatlaşdırılması, həmçinin Quba rayonunda quduzluq xəstəliyinə qarşı “Rabisafe” preparatının istehsalı məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, digər baytarlıq preparatlarının birgə istehsalı perspektivləri də nəzərdən keçirilib. Həmçinin AQTİS ilə Belarusun BELFITO informasiya sistemi arasında inteqrasiya məsələsi müzakirə edilib. Qeyd olunub ki, bu istiqamətdə texniki şərtlər hazırlanıb və hazırda razılaşdırılma mərhələsindədir. Görüşdə iki ölkə arasında ticarət əlaqələrinin qida məhsulları üzrə genişləndirilməsi də diqqət mərkəzində olub. Tərəflər mövcud əməkdaşlığın daha da genişləndirilməsi, informasiya mübadiləsinin və birgə layihələrin inkişaf etdirilməsi ilə bağlı razılaşmaların davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və İtaliyanın Abruzzo və Molise "Giuseppe Caporale" Eksperimental Zooprofilaktika İnstitutunun nümayəndələri arasında heyvanların identifikasiyası və qeydiyyatı sistemlərinə dair onlayn formatda görüş keçirilib. Görüşdə fərdi identifikasiyanın heyvan xəstəliklərinin erkən mərhələdə aşkarlanması, baytarlıq nəzarətinin gücləndirilməsi, habelə heyvan mənşəli məhsulların təhlükəsizliyinin və qida təhlükəsizliyinin təmin edilməsi baxımından əhəmiyyəti vurğulanıb. Tədbirdə heyvanların identifikasiyası və qeydiyyatı sahəsindəki İtaliya təcrübəsi barədə məlumat verilib. Sonda tərəflər baytarlıq nəzarəti sahəsində əməkdaşlığın daha da genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıblar.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Litva Respublikasının Dövlət Qida və Baytarlıq Xidməti (SFVS) arasında onlayn görüş keçirilib. Görüşdə heyvan sağlamlığı və biotəhlükəsizlik, epizootoloji monitorinq, heyvanların identifikasiyası və qeydiyyatı, eləcə də heyvan mənşəli məhsulların izləniləbilənliyi sahələrində qarşılıqlı təcrübə mübadiləsi aparılıb. Xəstəlik ocaqlarının vaxtında aşkarlanması, peyvənd məlumatlarının rəqəmsal qeydiyyatı, risklərin təhlili və Coğrafi İnformasiya Sistemlərinin (CİS/GIS) tətbiqi istiqamətində Litvanın təcrübəsi diqqətə çatdırılıb. Eyni zamanda, identifikasiya tələblərinə əməl olunmasına nəzarət mexanizmləri və fermerlərin sistemə cəlb edilməsi yolları müzakirə olunub. Sonda tərəflər baytarlıq nəzarəti sahəsində əməkdaşlığın daha da genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıblar.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə İran İslam Respublikasının Kənd Təsərrüfatı-Cihad Nazirliyinin nümayəndələri arasında onlayn formatda görüş keçirilib. Görüş zamanı bitki və heyvan sağlamlığı, baytarlıq və fitosanitar nəzarətə aid olan məhsulların idxalı və ixracı ilə bağlı məsələlər müzakirə edilib. Həmçinin transsərhəd heyvan xəstəliklərinin qarşısının alınması və birgə mübarizə tədbirlərinin həyata keçirilməsi, qarşılıqlı ticarət və tranzit zamanı fitosanitar nəzarətin gücləndirilməsi, eləcə də bu sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Polşa Respublikasının Baş Baytarlıq Müfəttişliyinin nümayəndələri arasında heyvanların identifikasiyası və qeydiyyatı sistemlərinə dair onlayn görüş keçirilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK) nümayəndələri arasında onlayn görüş keçirilib. Görüşdə qida təhlükəsizliyi, sahibkarların maarifləndirilməsi və beynəlxalq təcrübənin tətbiqi sahələrində birgə fəaliyyət imkanları barədə fikir mübadiləsi aparılıb. Prioritet istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Gürcüstanın Milli Qida Agentliyi arasında heyvan sağlamlığı sahəsində qanunvericilik və institusional təcrübənin öyrənilməsinə dair onlayn görüş keçirilib. Görüşdə Gürcüstanda heyvanların identifikasiyası və qeydiyyatı sisteminin hüquqi və institusional əsasları, sistemin tətbiqi və idarə olunması mexanizmləri, mövcud vəziyyəti, heyvanların izləniləbilənliyinin təmin edilməsi, eləcə də sistemin təkmilləşdirilməsi və inkişaf istiqamətləri barədə məlumat verilib. Bununla yanaşı, görüşdə heyvanların identifikasiyası və qeydiyyatı sisteminin epizootik nəzarətin gücləndirilməsi, heyvan xəstəliklərinin operativ aşkarlanması və qarşısının alınması, heyvan mənşəli məhsulların izləniləbilənliyinin təmin edilməsi barədə də müzakirələr aparılıb.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin (“Rosselxoznadzor”) nümayəndələri arasında ixrac baytarlıq sertifikatları üzrə elektron məlumat mübadiləsinin təşkili və təkmilləşdirilməsinə dair onlayn görüş keçirilib. Görüş zamanı tərəflər əvvəlki razılaşmaların icra vəziyyətini nəzərdən keçirib, UN/CEFACT beynəlxalq standartları əsasında hazırlanmış servis spesifikasiyalarının texniki aspektlərini müzakirə ediblər. Müzakirələr zamanı texniki inteqrasiyanın növbəti mərhələləri və servis spesifikasiyalarının daha da təkmilləşdirilməsi istiqamətində görüləcək işlər müəyyənləşdirilib. Qeyd olunub ki, əməkdaşlığın inkişafı ixrac baytarlıq sertifikatlarının beynəlxalq standartlara uyğun, etibarlı, şəffaf və operativ şəkildə elektron mübadiləsini təmin etməklə beynəlxalq ticarət proseslərinin sadələşdirilməsinə və rəqəmsallaşdırılmasına mühüm töhfə verəcək.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi arasında heyvanların identifikasiyası və qeydiyyatı ilə bağlı onlayn görüş keçirilib. Görüş zamanı Türkiyədə heyvanların identifikasiyası və qeydiyyatının hüquqi və institusional əsasları, izləniləbilənlik, epizootoloji nəzarət, informasiya sistemləri və rəqəmsal texnologiyaların tətbiqi, eləcə də sistemin tətbiqinin nəticələri və gələcək inkişaf istiqamətləri müzakirə edilib. Görüşdə heyvan sağlamlığının qorunması, epizootik xəstəliklərin qarşısının alınması və izləniləbilənliyin gücləndirilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nümayəndələrindən ibarət heyət Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) tabeliyindəki Baytarlıq Sanitariyası, Gigiyena və Ekologiya üzrə Ümumrusiya Elmi-Tədqiqat İnstitutunda (FGBU “VNİİZJ”) olublar. Görüşdə FGBU “VNİİZJ”in fəaliyyət istiqamətləri, o cümlədən heyvan xəstəlikləri törədicilərinin öyrənilməsi, ştammlar əsasında vaksinlərin hazırlanması və tətbiqi barədə məlumat verilib. Tərəflər kənd təsərrüfatı heyvanları arasında yayılan transsərhəd xəstəliklərin, xüsusilə dabağın profilaktikası və diaqnostikası məsələlərini müzakirə ediblər. Görüş çərçivəsində Azərbaycan və Rusiya mütəxəssisləri arasında baytarlıq təbabəti və bioloji təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması məsələləri də müzakirə olunub.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) nümayəndələri arasında onlayn görüş keçirilib. Görüşdə qida məhsullarının qarşılıqlı tədarükü, idxal-ixrac məsələlərinin tənzimlənməsi müzakirə olunub. Heyvanların identifikasiyası və baytarlıq sahəsində informasiya sistemlərinin inteqrasiyası diqqət mərkəzində olub. Onlayn görüşdə həmçinin ölkəmizə iribuynuzlu heyvanların idxalı üçün Rusiyanın attestasiyadan keçmiş karantin meydançalarına AQTA əməkdaşlarının planlaşdırılan səfərinin təşkili ilə bağlı detallar danışılıb. Sonda qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (Rosselxoznadzor) rəhbəri Sergey Dankvert arasında Rusiya tərəfinin təşəbbüsü ilə telefon danışığı olub. Söhbət zamanı tərəflər baytarlıq və fitosanitar nəzarəti sahəsində iki ölkə arasında əməkdaşlığı müzakirə ediblər. Müzakirədə kənd təsərrüfatı məhsullarının qarşılıqlı tədarükü, ixrac prosedurlarının sürətləndirilməsi, Rusiyadan Azərbaycana ixrac olunan iri və xırdabuynuzlu heyvanların identifikasiyası diqqət mərkəzində olub. Bununla yanaşı, baytarlıq sahəsində informasiya sistemlərinin inteqrasiyası ilə bağlı məsələlər nəzərdən keçirilib. Bildirilib ki, fitosanitar istiqamət üzrə inteqrasiya prosesi artıq uğurla başa çatdırılıb. Telefon danışığı zamanı baytarlıq preparatlarının hazırlanması və istehsalı sahəsində əməkdaşlıq imkanları da müzakirə olunub. Bu istiqamətdə Rusiya təcrübəsinin öyrənilməsi məqsədilə yaxın zamanda AQTA nümayəndələrinin Rusiyaya səfəri barədə razılıq əldə olunub.
Giriş