Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyətinin Rusiya Federasiyasına səfəri davam edir. Səfər çərçivəsində nümayəndə heyəti bu gün Moskva şəhərində Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Heyvanlar və yemlər üçün dərman vasitələrinin keyfiyyəti və standartlaşdırılması Ümum-Rusiya Dövlət Mərkəzində olub. Onlar Mərkəzin fəaliyyəti ilə bağlı təqdimata baxıb, laboratoriyalarına baş çəkiblər. Daha sonra Mərkəzin tabeliyindəki Eksperimental Bioloji Laboratoriyanın (vivarium) fəaliyyəti, o cümlədən infrastrukturu və maddi-texniki bazası, orada saxlanılan heyvanların növü və sayı, baytarlıq-sanitariya tələbləri, işçi heyəti və digər məsələlərlə tanış olublar. Ötən gün isə nümayəndə heyəti “Qida məhsullarının təhlükəsizliyi və keyfiyyət risklərinin qiymətləndirilməsi” mövzusunda Moskvada keçirilən Rusiya-Azərbaycan birgə dəyirmi masasında iştirak edib. Eyni zamanda F.F.Erisman adına Federal Elmi Gigiyena Mərkəzində olub, laboratoriya və vivariuma baxış keçirib. Qeyd edək ki, səfər zamanı nümayəndə heyətinin keçirdiyi görüşlərdə iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın daha da genişləndirilməsi, o cümlədən qida məhsullarının idxal-ixrac əməliyyatlarına dair müzakirələr aparılıb.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyəti Rusiya Federasiyasında səfərdədir. Səfər çərçivəsində AQTA-nın nümayəndə heyəti “Qida məhsullarının təhlükəsizliyi və keyfiyyət risklərinin qiymətləndirilməsi” mövzusunda Moskva şəhərində təşkil olunan Rusiya-Azərbaycan birgə dəyirmi masasında iştirak edib. Tədbir “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi ilə Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidməti arasında qida məhsullarının təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Sazişə uyğun olaraq təşkil edilib. Dəyirmi masada qida məhsullarına dövlət sanitar-epidemioloji nəzarətin təmin olunması, risklərin idarə edilməsi və risk kommunikasiyası, qida məhsullarının pestisidlərlə çirklənməsinin qarşısının alınması, markalanmalı olan malların eyniləşdirmə vasitəsilə dövriyyəsinə nəzarət, qablaşdırılmış içməli və təbii mineral suların tənzimlənməsi və digər məsələlərlə bağlı çıxışlar olub, müzakirələr aparılıb. Görüşdən sonra nümayəndə heyəti F.F.Erisman adına Federal Elmi Gigiyena Mərkəzində olub. İmzalanması nəzərdə tutulan “F.F.Erisman adına Federal Elmi Gigiyena Mərkəzi ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu” ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin Mərkəzdə laboratoriya və vivariuma baxış keçirilib.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Analitik Ekspertiza Mərkəzinin müdiri Tünzalə Qocayeva Avstriyanın Vyana şəhərində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş konfransının 68-ci sessiyasında iştirak edib. T. Qocayeva sessiya çərçivəsində “Atoms4Food - Daha yaxşı həyat üçün daha yaxşı kənd təsərrüfatı” mövzusunda təşkil olunan elmi foruma qatılıb. Forumda nüvə texnologiyalarının və atom enerjisinin heyvan xəstəlikləri və zərərvericilərlə mübarizədə tətbiqi üsulları ilə bağlı təşkil olunan müzakirələrdə iştirak edib. Mərkəz müdiri AEBA-nın laboratoriyalarına təşkil olunan səfərlərə də qatılıb. Səfərlər zamanı AQTİ-nin AEBA-nın dəstəklədiyi yerli və regional layihələrdə iştirakına dair müzkirələr aparılıb.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədrinin müşaviri Məmmədrəhim Nəcəfov Böyük Britaniyanın Ətraf Mühit, Qida və Kənd İşləri Departamentində (DEFRA) bir sıra görüşlər keçirib. Görüşlər zamanı DEFRA nümayəndələrinə ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Eyni zamanda iki ölkənin müvafiq qurumları arasında qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrdə əməkdaşlıq məsələləri, eləcə də baytarlıq və fitosanitar sahələr üzrə əməkdaşlığın genişləndirilməsi üçün normativ bazanın yaradılması məqsədilə Anlaşma Memorandumunun imzalanması imkanları nəzərdən keçirilib.
Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatının (EPPO) baş direktoru Niko Horn Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olub. AQTİ-də təşkil edilən görüşdə İdarə Heyətinin sədri Əli Nəbiyev Niko Horna İnstitutun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Bildirib ki, ölkədə qida təhlükəsizliyinin təmin olunması və əhalinin sağlamlığının qorunması məqsədilə AQTİ-nin nəzdində qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar fəaliyyət göstərir. Laboratoriyalarda müxtəlif qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələri aparılır. Ə.Nəbiyev EPPO-nun baş direktorunu ölkəmizdə qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı, maddi-texniki bazanın modernləşdirilməsi sahəsində həyata keçirilən işlər və əldə olunan nailiyyətlər barədə də məlumatlandırıb. AQTİ-nin laboratoriyalarda çalışan işçi heyətin nəzəri və təcrübi biliklərinin artırılması istiqamətində beynəlxalq təşkilatlarla qurulan sıx və səmərəli əməkdaşlıq əlaqələrindən danışıb. Beynəlxalq səriştəlilik sınaqlarında əldə edilmiş nailiyyətləri diqqətə çatdırıb.
Bakıda ilk dəfə keçirilən Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatı (EPPO) Şurasının yeni seçilən direktoru Olqa Lavrentjeva və 74-cü sessiyasının iştirakçıları Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olublar. AQTİ-də təşkil edilən görüşdə İdarə Heyətinin sədri Əli Nəbiyev EPPO-ya üzv dövlətlərdən olan nümayəndələrə İnstitutun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd edib ki, ölkədə qida təhlükəsizliyinin təmin olunması və əhalinin sağlamlığının qorunması məqsədilə AQTİ-nin nəzdində qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar fəaliyyət göstərir. Laboratoriyalarda müxtəlif qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələri aparılır. Ə.Nəbiyev qonaqları respublikamızda qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı, maddi-texniki bazanın modernləşdirilməsi sahəsində həyata keçirilən işlər və əldə olunan nailiyyətlər barədə də məlumatlandırıb. İnstitutun laboratoriyalarda çalışan işçi heyətin nəzəri və təcrübi biliklərinin artırılması istiqamətində beynəlxalq təşkilatlarla qurulan sıx və səmərəli əməkdaşlıq əlaqələrindən danışıb. Beynəlxalq səriştəlilik sınaqlarında əldə edilmiş nailiyyətləri önə çəkib.
Özbəkistan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitkilərin Mühafizəsi və Karantini Agentliyinin nümayəndə heyəti Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olub. AQTİ-də təşkil edilən görüşdə İdarə Heyətinin sədri Əli Nəbiyev Özbəkistanın Bitkilərin Mühafizəsi və Karantini Agentliyinin direktoru İbrohim Erqaşevin rəhbərlik etdiyi nümayəndə heyətinə İnstitutun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Bildirib ki, ölkədə qida təhlükəsizliyinin təmin olunması və əhalinin sağlamlığının qorunması məqsədilə İnstitutun nəzdində qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar fəaliyyət göstərir. Laboratoriyalarda müxtəlif qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələri aparılır. Ə.Nəbiyev qonaqları ölkəmizdə qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı, maddi-texniki bazanın modernləşdirilməsi sahəsində həyata keçirilən işlər və əldə olunan nailiyyətlər barədə də məlumatlandırıb. AQTİ-nin nəzdində fəaliyyət göstərən laboratoriyalarda çalışan işçi heyətin nəzəri və təcrübi biliklərinin artırılması istiqamətində beynəlxalq təşkilatlarla qurulan sıx və səmərəli əməkdaşlıq əlaqələrindən danışıb. Beynəlxalq səriştəlilik sınaqlarında əldə edilmiş nailiyyətləri diqqətə çatdırıb.
Bu gün Bakıda ilk dəfə olaraq Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatı (EPPO) Şurasının 74-cü sessiyası işə başlayıb. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və EPPO-nun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Kənd Təsərrüfatı Nazirliyi və təşkilata üzv dövlətlərdən olan nümayəndələr iştirak edir. İkigünlük sessiyanın açılışında çıxış edən AQTA sədrinin müavini Zəkiyyə Mustafayeva bildirib ki, dünya miqyasında bitki sağlamlığının önəmi artır, bitkilərin xəstəlik və zərərvericilərdən mühafizəsi insanlar üçün həyati zərurətə çevrilir. EPPO tərəfindən bitki sağlamlığının qorunması, invaziv zərərli orqanizmlərin yeni ərazilərə keçməsi və yayılmasının qarşısının alınması üçün strategiyaların hazırlanması, zərərli orqanizmlərə qarşı müasir, təhlükəsiz və elmə əsaslanan effektiv mübarizə üsullarından istifadənin təşviq edilməsi isə olduqca əhəmiyyətlidir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Özbəkistan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitkilərin Mühafizəsi və Karantini Agentliyinin nümayəndə heyəti ilə görüş olub. Görüş zamanı AQTA sədrinin müavini Balarəhim Quliyev Özbəkistanın Bitkilərin Mühafizəsi və Karantini Agentliyinin direktoru İbrohim Erqaşevin rəhbərlik etdiyi nümayəndə heyətinə ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib. Daha sonra iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın gücləndirilməsi, o cümlədən qida məhsullarının dövriyyəsinin genişləndirilməsi müzakirə edilib, idxal və ixrac üzrə statistik göstəricilər nəzərdən keçirilib. Həmçinin bitkilərə, o cümlədən meyvə və tərəvəzlərə fitosanitar nəzarət, Özbəkistanın E-phyto sisteminə inteqrasiya təcrübəsinin öyrənilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bu gün Bakıda ilk dəfə olaraq Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatının (EPPO) İcraiyyə Komitəsinin iclasına start verilib. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin və EPPO-nun birgə təşkilatçılığı ilə təşkil edilən tədbirdə təşkilata üzv dövlətlərdən olan nümayəndələr iştirak edir. Sabah isə EPPO Şurasının 74-cü sessiyasının açılışı planlaşdırılır. Sessiyada təşkilatın 5 il müddətinə seçilən Baş Direktoru vəzifəsinə seçkilərin keçirilməsi nəzərdə tutulur.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi internet saytında “Quduzluğa qarşı mübarizədə Azərbaycanın təcrübəsi: heyvanların geniş miqyasda peyvəndlənməsi” sərlövhəli məqalə yayımlanıb. Məqalədə bildirilib ki, 2015-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı, ÜHST, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Quduzluğa Qarşı Qlobal Alyans tərəfindən qəbul edilən “2030-cu ilə qədər insanlar arasında quduzluqdan sıfır ölüm” qlobal strategiyası müxtəlif ölkələrdə bu ölümcül xəstəliyin aradan qaldırılması üçün milli planların hazırlanması üçün əsas olub. Bu istiqamətdə Azərbaycanda mühüm işlər görülüb. Quduzluğa qarşı mübarizə Azərbaycanın baytarlıq xidmətləri və səhiyyə orqanları üçün prioritet məqsədə çevrilib. Əsas vəzifə isə heyvanları peyvənd etməklə quduzluğu aradan qaldırmaq və insanların quduzluq problemi barədə məlumatlılığını artırmaqdan ibarətdir. Məqalədə respublikamızda quduzluqla bağlı mövcud vəziyyət və bu xəstəliklə mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib. Bu ilin iyun ayında Avstriyanın paytaxtı Vyanada Avropa məkanında “Vahid Sağlamlıq” konsepsiyasının tətbiqi ilə əlaqədar keçirilən seminarda Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi, ölkəmizin ÜHST yanında daimi nümayəndəsi Qalib Əbdüləliyev tərəfindən səsləndirilən təkliflərə yer verilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO)-Türkiyə Tərəfdaşlıq Proqramı (FTPP II) çərçivəsində ölkəmizdə səfərdə olan bitki sağlamlığı üzrə Türkiyə Respublikasından olan mütəxəssislər və FAO-nun Azərbaycan nümayəndəliyinin təmsilçiləri ilə görüş olub. Görüş zamanı qonaqlara Agentliyin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Həmçinin onlar bitki mühafizəsi vasitələri və aqrokimyəvi maddələrin dövriyyəsinin tənzimlənməsinin, eləcə də zərərli orqanizmlərin risk qiymətləndirilməsinin cari vəziyyəti barədə məlumatlandırılıb. Eyni zamanda ölkəmizin FTPP II-də iştirakı çərçivəsində böhran vəziyyətlərdə bitki sağlamlığının qiymətləndirilməsi, xəbərdarlıq prosedurlarının və bu sahədə fövqəladə hallara cavab tədbirlərinin formalaşdırılması və virus xəstəliklərinin idarə edilməsi ilə bağlı məsələlər müzakirə olunub. İki ölkənin müvafiq qurumları arasında bu istiqamətdə təcrübə mübadiləsinin aparılması və digər məsələlər üzrə əməkdaşlığın genişləndirilməsinin zəruri olduğu vurğulanıb, mövcud imkanlar nəzərdən keçirilib, təkliflər irəli sürülüb.
Giriş