Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
AQTA ISO beynəlxalq standartı üzrə iki sertifikata layiq görülüb
AQTA ISO beynəlxalq standartı üzrə iki sertifikata layiq görülüb

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ISO (International Organization for Standardization) beynəlxalq standartlarına dair iki sahə üzrə sertifikatlara layiq görülüb.  Belə ki, cari ilin 5-7 mart tarixlərində AQTA-da beynəlxalq auditor tərəfindən keçirilən müvafiq standartlar əsasında inteqrasiya edilən idarəetmə sisteminin auditinin nəticələrinə əsasən, Agentlikdə idarəetmə sisteminin “Keyfiyyət İdarəetmə Sistemi üzrə” ISO 9001:2015 və “Antikorrupsiya İdarəetmə Sistemləri” ISO 37001:2016 standartlarına uyğunluğu təsdiq edilib və hər iki beynəlxalq standart üzrə sertifikatlar təqdim olunub. Xatırladaq ki, Agentlikdə 2024-cü ilin avqust ayından sözügedən hər iki standartın tətbiqi istiqamətində işlərə başlanılıb. ISO beynəlxalq standartlarının tətbiqi idarəetmə və əhaliyə göstərilən xidmətlərin təkmilləşdirilməsinə, qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığının qorunması, idxal-ixrac əməliyyatları da daxil olmaqla, ümumilikdə əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin olunması istiqamətlərində fəaliyyətinin daha da şəffaf və operativ qurulmasına, vətəndaşların məmnunluğunun artırılmasına öz töhfəsini verəcəkdir.  Qeyd edək ki, ISO beynəlxalq standartları hazırda dünyada bir sıra mütərəqqi təşkilatlar və qurumlar tərəfindən tətbiq olunmaqdadır. AQTA fəaliyyətinin daha da təkmilləşdirməsi, eyni zamanda beynəlxalq standartların tətbiq edilməsi istiqamətindəki işlərini gələcəkdə də davam etdirəcəkdir.

Özbəkistan nümayəndə heyəti AQTA-da olub
Özbəkistan nümayəndə heyəti AQTA-da olub

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Özbəkistan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitkilərin Mühafizəsi və Karantini Agentliyinin direktoru İbrohim Erqaşevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.  Görüş zamanı Özbəkistan nümayəndə heyətinə ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər barədə məlumat verilib. Daha sonra iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın gücləndirilməsi, o cümlədən qida məhsullarının dövriyyəsinin genişləndirilməsi müzakirə edilib.  Görüşdə daha sonra 23 sentyabr 2024-cü il tarixində imzalanmış “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Özbəkistan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitkilərin Mühafizəsi və Karantini Agentliyi arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlığa dair 2025-2026-cı illər üzrə Fəaliyyət Planı”nın icrası üzrə danışıqlar aparılıb. Pestisidlərin qeydiyyatı sistemi, həmçinin Agentlik tərəfindən bu sahədə görülən tədbirlər nümayiş olunub. Növbəti aylarda “Elektron fitosanitar sertifikatlarının qarşılıqlı tanınması haqqında” sazişin imzalanması barədə razılıq əldə olunub.  Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Qonaqlara həmçinin Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı təqdimatlar edilib.

VGNKİ direktor müavini Aleksey Tretyakov AQTİ-də olub
VGNKİ direktor müavini Aleksey Tretyakov AQTİ-də olub

Heyvanlar və yemlər üçün dərman vasitələrinin keyfiyyəti və standartlaşdırılması Ümumrusiya Dövlət Mərkəzinin (FGBU VGNKİ) direktor müavini Aleksey Tretyakov Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda olub. AQTİ-nin İdarə Heyətinin sədri Əli Nəbiyevlə görüşən qonaq Mərkəzin direktoru Antonov Yevgeni Vyaçeslavoviçin salamlarını çatdırıb. Görüş zamanı Heyvanlar və yemlər üçün dərman vasitələrinin keyfiyyəti və standartlaşdırılması Ümumrusiya Dövlət Mərkəzinin gördüyü işlərlə bağlı geniş təqdimat olub. Qeyd olunub ki, FGBU "VGNKİ" Rusiya ərazisində heyvanlar üçün yem, baytarlıq və sanitariya məhsullarının təhlükəsizliyini təmin etməklə, heyvan sağlamlığının qorunmasında dövlət siyasətini həyata keçirir. AQTİ-nin İdarə Heyətinin sədri Əli Nəbiyev Azərbaycanda heyvan sağlamlığı sahəsində görülən işlərdən danışıb. Qeyd edib ki, ölkəmizdə heyvan xəstəlikləri ilə mübarizə sahəsində həyata keçirilən irimiqyaslı tədbirlər öz bəhrəsini verir. Bu baxımdan hər iki qurum arasında faydalı əməkdaşlıq imkanlarının olduğunu vurğulayıb. Görüşdə maraq doğuran bir-sıra məsələlər barədə fikir mübadiləsi aparılıb. Baytarlıq preparatlarının, yemlərin, yem əlavələrinin, vaksinlərin keyfiyyətinin yoxlanılmasında beynəlxalq üsulların tətbiqi məsələləri müzakirə olunub. Bu sahədə birgə təlimlərin keçirilməsinin əhəmiyyəti qeyd olunub. Həmçinin "VGNKİ" tərəfindən həyata keçirilən laboratoriyalararası sınaqlarda iştirak etməklə, təcrübə mübadiləsinin aparılmasının vacibliyi qeyd olunub. Sonra Aleksey Tretyakov AQTİ-nin laboratoriyalarına baxış keçirib, burada müasir standartlara uyğun həyata keçirilən müayinələrlə yaxından tanış olub.

Dünya Bankının nümayəndə heyəti AQTİ-nin fəaliyyəti ilə tanış olub
Dünya Bankının nümayəndə heyəti AQTİ-nin fəaliyyəti ilə tanış olub

Ölkəmizə səfər edən Dünya Bankının nümayəndə heyəti Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olub. AQTİ-də təşkil edilən görüşdə İdarə Heyətinin sədri Əli Nəbiyev Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunda kənd təsərrüfatı və qida təcrübəsi üzrə meneceri Holger Krayın rəhbərlik etdiyi nümayəndə heyətinə İnstitutun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Bildirilib ki, ölkədə qida təhlükəsizliyinin təmin olunması və əhalinin sağlamlığının qorunması məqsədilə İnstitutun nəzdində qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar fəaliyyət göstərir. Laboratoriyalarda müxtəlif qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələri aparılır. Həmçinin qonaqlar ölkəmizdə qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı, maddi-texniki bazanın modernləşdirilməsi sahəsində həyata keçirilən işlər və nailiyyətlər barədə məlumatlandırılıb. AQTİ-nin nəzdində fəaliyyət göstərən laboratoriyalarda çalışan işçi heyətin nəzəri və təcrübi biliklərinin artırılması istiqamətində beynəlxalq təşkilatlarla qurulan sıx və səmərəli əməkdaşlıq əlaqələrindən danışılıb. Beynəlxalq səriştəlilik sınaqlarında əldə edilmiş nailiyyətlər diqqətə çatdırılıb. Görüşdə, həmçinin iki qurum arasında əməkdaşlıq məsələləri və mövcud imkanlar nəzərdən keçirilib, təkliflər irəli sürülüb. Görüşdən sonra nümayəndə heyəti iş prinsipini öyrənmək məqsədilə AQTİ-nin laboratoriyalarına baxış keçirib. Qonaqlar laborator sınaqların həyata keçirildiyi otaqlara baş çəkib, sınaqların aparılması prosesini izləyib, cihaz və avadanlıqlara baxıblar. Eləcə də bitki və heyvan mənşəli qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə həyata keçirilən laborator müayinə üsulları ilə tanış olub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

AQTA sədri Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
AQTA sədri Dünya Bankının nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunda kənd təsərrüfatı və qida təcrübəsi üzrə meneceri Holger Krayın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Görüş zamanı Q.Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib. Görüşdə daha sonra Azərbaycan Respublikası Hökuməti ilə Dünya Bankının birgə əməkdaşlığı çərçivəsində icra edilmiş “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” çərçivəsində müxtəlif istiqamətlər üzrə görülmüş işlərə diqqət yetirilib. Agentlik tərəfindən heyvan və bitki sağlamlığı sahələrində hüquqi və normativ bazanın təkmilləşdirilməsi, vivariumun yaradılması və BSL3 laboratoriyasının qurulması, məhsulların izlənməsi, heyvanların identifikasiyası və qeydiyyatı sistemi, innovativ həllərin tətbiqi ilə informasiya texnologiyaları sahəsində ən müasir beynəlxalq təcrübənin tətbiqi məsələlərinin Dünya Bankı tərəfindən hazırlanacaq yeni layihədə nəzərə alınması ilə bağlı prioritet istiqamətlər müzakirə edilib. İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərlə çirklənmiş ərazilərdə mövcud problemlərin aradan qaldırılması istiqamətində Agentliyin təşəbbüsü ilə görülmüş və görülməkdə olan işlər nəzərdən keçirilib. Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

AQTA əməkdaşı EPPO-nun seminarında iştirak edib
AQTA əməkdaşı EPPO-nun seminarında iştirak edib

Fransa Respublikasının Paris şəhərində “Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatının (EPPO) Gələcək İşləri ilə bağlı Seminar” keçirilib. Seminarda Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bitki sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdir müavini - Bitki mühafizəsi vasitələri və aqrokimyəvi maddələrin tənzimlənməsi sektorunun müdiri Cavidan Quliyev iştirak edib. Seminarın təşkil olunmasında əsas məqsəd təşkilata üzv ölkələrdə bitki mühafizə vasitələrinin qeydiyyatına və bitki sağlamlığının tənzimlənməsinə cavabdeh olan qurumlara öncədən göndərilmiş sorğunun nəticələrinə əsasən, “EPPO-nun həm Fitosanitar Qaydalar, həm də Bitki Mühafizəsi Vasitələri sahəsində 2026-2030-cu illər üzrə Strateji Planı”nın inkişafı üçün ideya və təkliflərin verilməsi olub. Seminara 18 üzv ölkədən, Avropa Komissiyasından və EPPO Katibliyindən ümumilikdə 28 ekspert qatılıb. Seminar zamanı təşkilatçılar tərəfindən EPPO-nun fəaliyyəti ilə əlaqədar verilmiş suallar əsasında səsvermə yolu ilə qiymətləndirmələr həyata keçirilib, qruplar şəklində müzakirələr aparılıb, eyni zamanda EPPO-nun bitki sağlamlığı və karantini, o cümlədən bitki mühafizəsi sahəsində hazırladığı müvafiq sənədlər, həmçinin göstərilən xidmətlərin üzv ölkələr üçün effektivliyi təhlil edilib və müzakirələr nəticəsində iştirakçılar tərəfindən təqdim olunmuş cavablar əsasında EPPO-nun gələcək işləri üzrə təkmilləşdirmələrin aparılmasına ehtiyac olan istiqamətlər müəyyən edilib. Sonda EPPO-ya üzv ölkələrin səlahiyyətli nümayəndələrinin, habelə EPPO Katibliyi əməkdaşlarının iştirakı ilə aparılmış müzakirələrin nəticələrinə əsasən, “EPPO-nun həm Fitosanitar Qaydalar, həm də Bitki Mühafizə Vasitələri sahəsində 2026–2030-cu illər üzrə Strateji Planı”nın ilkin redaksiyası hazırlanıb. 2 gün davam edən tədbir çərçivəsində EPPO-nun gələcək işləri ilə bağlı Strateji Planın hazırlanması məqsədilə Cavidan Quliyev Agentliyin bu sahə üzrə fəaliyyət istiqamətinə uyğun ideya və təkliflərini bildirib, eyni zamanda qarşıya qoyulan suallar əsasında ölkəmizdə bitki sağlamlığı və karantini, o cümlədən bitki mühafizəsi sahəsində görülmüş işlər barədə tədbir iştirakçılarına geniş məlumat verib və digər ölkələrin təcrübələrinin öyrənilməsi üçün fikir mübadiləsi aparıb.

Azərbaycan ÜHST-nin İdarəetməyə Nəzarət Komitəsinə üzv seçilib
Azərbaycan ÜHST-nin İdarəetməyə Nəzarət Komitəsinə üzv seçilib

Azərbaycan Respublikası Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) İdarəetməyə Nəzarət Komitəsinin üzvü seçilib. Komitədə Azərbaycan, Çin, Avstraliya, Avstriya, Norveç, İrlandiya, Kanada, Çili də daxil olmaqla, ümumilikdə, 16 dövlət təmsil olunur. Bu il ÜHST-nin 91-ci Ali Baş Sessiyasında yaradılan komitənin məqsədi sözügedən təşkilatın normativ sənədlərinin yenilənməsi, maliyyə idarəçiliyi və dünyada sahə üzrə prioritet məsələlərin tənzimlənməsi vəziyyətinin monitorinqinin aparılması və təkmilləşdirilməsindən ibarətdir. Komitənin işi ÜHST-nin Baş Qərargahında yerləşən katiblik tərəfindən koordinasiya ediləcək. Üzv ölkələrin nümayəndələri arasında müxtəlif görüşlərin keçirilməsi, müvafiq sahələr üzrə məsləhətçi və ekspertlərin də iştirakı nəzərdə tutulur. Komitə tərəfindən “İnstitusional, texniki və maliyyə idarəçiliyi üzrə qiymətləndirilmənin nəticələrinə dair hesabat” hazırlanaraq ÜHST-nin rəhbərliyinə təqdim olunacaq. Ölkəmizi İdarəetməyə Nəzarət Komitəsində Azərbaycanın ÜHST-dəki nümayəndəsi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev təmsil edəcək. Qeyd edək ki, son illər AQTA tərəfindən ölkədə heyvan sağlamlığı və bioloji təhlükəsizliyin təmin edilməsi, başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərinin qarşısının alınması, habelə ətraf mühitdə biotəhlükəsizliyin pozulmasına səbəb olan xəstəliklərə görə sağlamlıq statusunun təsdiq edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilməkdədir. Eyni zamanda Azərbaycanın təşəbbüsü ilə heyvan sağlamlığı sahəsində regional əməkdaşlığın gücləndirilməsi ÜHST tərəfindən yüksək qiymətləndirilir. Belə ki, ölkəmiz dabaq xəstəliyi üzrə Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə məsləhət qrupuna sədr, həmçinin ÜHST-nin “Avropa heyvan rifahı platforması”nın rəhbər komitəsinə üzv seçilib. Cari ildə ölkəmizin xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripi xəstəliklərindən azad olma statusu ÜHST tərəfindən təsdiqlənib. Heyvan sağlamlığı və bioloji təhlükəsizliyin təmin edilməsi sahəsində icra edilən institusional islahatlar nəticəsində ölkəmizə yüksək etimad göstərilərək Azərbaycan Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının İdarəetməyə Nəzarət Komitəsinə üzv seçilib.

AQTİ əməkdaşı Ankarada keçirilən beynəlxalq tədbirdə iştirak edib
AQTİ əməkdaşı Ankarada keçirilən beynəlxalq tədbirdə iştirak edib

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşəbbüsü və Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Kənd Təsərrüfatı Tədqiqatları və Siyasətləri Baş idarəsinin (TAGEM) təşkilatçılığı ilə Ankara şəhərində “Mərkəzi Asiya və Qafqazda bitki sağlamlığı mövzusu da daxil olmaqla tətbiqi kənd təsərrüfatı tədqiqatları və innovasiyalar üçün platformanın işlənib hazırlanması” adlı layihənin yekun seminarı keçirilib. 2024-cü il 28-29 noyabr tarixlərində baş tutan beynəlxalq seminarda Azərbaycan Qida Təhlükəsizliyi İnstitutun Elmi Araşdırmalar Mərkəzinin Bitki sağlamlığı və risklərin qiymətləndirilməsi şöbəsinin müdiri Eldar Mustafayev iştirak edib. Seminarda ölkəmizlə yanaşı, Türkiyə, Moldova, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan respublikalarının elm adamları və mütəxəssisləri də iştirak ediblər. Tədbir çərçivəsində təsbit olunan razılaşmaya dair iş planında regionda bitki sağlamlığı sahəsi üzrə prioritetlərin, kənd təsərrüfatı tədqiqatlarının tələblərinin müəyyən edilməsi, Mərkəzi Asiya və Cənubi Qafqaz regionu ölkələri üçün aqrar tədqiqatlar sahəsində əməkdaşlığın layihə strukturu və platformasının işlənib hazırlanması kimi məsələlər müzakirə olunub. Region ölkələrinin bitki sağlamlığı sahəsində araşdırma potensialı nəzərdən keçirilib, həmçinin qarşılıqlı əməkdaşlıq və sahə üzrə prioritetlər müəyyənləşdirilib. Daha sonra birgə icra üçün niyyət məktubu və texniki tapşırıq sənədi hazırlanıb.

AQTA sədri Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki səfiri ilə görüşüb
AQTA sədri Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi arasında görüş keçirilib. Görüş zamanı Q.Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə səfirə məlumat verib. Daha sonra iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın gücləndirilməsi, o cümlədən qida məhsullarının dövriyyəsinin genişləndirilməsi müzakirə olunub, idxal və ixrac üzrə statistik göstəricilər nəzərdən keçirilib. “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İqlim Dəyişikliyi və Ətraf Mühit Nazirliyi arasında heyvan sağlamlığı və qida təhlükəsizliyi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” layihəsinin və ölkəmizdən baytarlıq nəzarətində olan məhsulların BƏƏ-yə ixracının genişləndirilməsi məqsədilə sertifikatların razılaşdırılması proseduru ilə bağlı məsələlər nəzərdən keçirilib. Səfir Məhəmməd Əl Bluşi səmimi görüşə görə təşəkkürünü bildirib, Azərbaycandakı bundan sonrakı diplomatik fəaliyyəti dövründə də iki ölkənin müvafiq dövlət qurumları arasında mövcud əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb. Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulub.

COP29-un iştirakçıları AQTİ-nin fəaliyyəti ilə tanış olublar
COP29-un iştirakçıları AQTİ-nin fəaliyyəti ilə tanış olublar

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Vahid Sağlamlıq yanaşması ilə bağlı keçirilən tədbirlərin bir qrup xarici iştirakçısı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olub.  AQTİ-də təşkil edilən görüşdə İdarə Heyətinin sədri Əli Nəbiyev Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Avropa üzrə Regional Nümayəndəliyinin rəhbəri Budimir Plavşiç, ÜHST-nin vahid sağlamlıq üzrə qlobal koordinatoru Çadia Vannu, İrlandiyanın Vahid Sağlamlıq Mərkəzinin direktoru Toni Holohana İnstitutun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Bildirilib ki, ölkədə qida təhlükəsizliyinin təmin olunması və əhalinin sağlamlığının qorunması məqsədilə İnstitutun nəzdində qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar fəaliyyət göstərir. Laboratoriyalarda müxtəlif qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələri aparılır. Görüş zamanı qonaqlar ölkəmizdə qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı, maddi-texniki bazanın modernləşdirilməsi sahəsində həyata keçirilən işlər və nailiyyətlər barədə də məlumatlandırılıb. AQTİ-nin laboratoriyalarında çalışan işçi heyətin nəzəri və təcrübi biliklərinin artırılması istiqamətində beynəlxalq təşkilatlarla qurulan sıx və səmərəli əməkdaşlıq əlaqələrindən danışılıb. Beynəlxalq səriştəlilik sınaqlarında əldə edilmiş nailiyyətlər diqqətə çatdırılıb. Görüşdən sonra qonaqlar iş prinsipini öyrənmək məqsədilə AQTİ-nin laboratoriyalarına baxış keçiriblər. Onlar laborator sınaqların həyata keçirildiyi otaqlara baş çəkib, sınaqların aparılması prosesini izləyib, cihaz və avadanlıqlara baxıblar. Eləcə də bitki və heyvan mənşəli qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə həyata keçirilən laborator müayinə üsulları ilə tanış olub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Video
Çinə ixrac imkanlarımız genişlənir - Real TV

Çinə ixrac imkanlarımız genişlənir - Real TV