İsveçrənin Cenevrə şəhərində “Davamlı üzvi çirkləndiricilər haqqında” Stokholm Konvensiyası (SC COP-12), “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında” Bazel Konvensiyası (BC COP-17) və “Pestisidlər və təhlükəli kimyəvi maddələrin beynəlxalq ticarətinə dair” Rotterdam Konvensiyası (RC COP-12) üzrə Tərəflərin birgə Konfransları keçirilib. Kimyəvi maddələrin və tullantıların təhlükəsiz idarə olunması, insan sağlamlığının qorunması və ətraf mühitin mühafizəsi məqsədi ilə keçirilən beynəlxalq tədbirdə ölkəmizin nümayəndə heyətinin tərkibində Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yanaşı, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı Cavidan Quliyev də olub. Konfrans çərçivəsində ətraf mühitin çirklənməsi, iqlim dəyişikliyi və bioloji müxtəliflik kimi qlobal çağırışlar müzakirə olunub, bir sıra mühüm qərarlar qəbul edilib.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ilə Latviya Respublikasının kənd təsərrüfatı naziri Armands Krauze arasında görüş keçirilib. Görüşdə gələcək əməkdaşlıq imkanlarına, o cümlədən birgə layihələrin həyata keçirilməsinə dair müzakirələr aparılıb. Qoşqar Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, ölkəmizdə bitki və heyvan sağlamlığının beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində əsaslı işlər görülür. Bu çərçivədə Azərbaycan Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) tərəfindən təsdiq olunan xırdabuynuzlu heyvanların taunu (PPR) xəstəliyindən, eyni zamanda yüksək patogenli quş qripi xəstəliyindən azad olma statusu əldə edib. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən hazırlanmış yeni “Bitki sağlamlığı haqqında” Qanun layihəsi ölkəmizdə bitki sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi sahəsində atılan mühüm addımlardan biridir. Q.Təhməzli eyni zamanda heyvan sağlamlığı sahəsində mövcud qanunvericiliyi beynəlxalq tələblərə uyğunlaşdırmaq məqsədilə beynəlxalq ekspertlərin tövsiyələri də nəzərə alınmaqla, “Heyvan sağlamlığı haqqında” Qanun layihəsinin hazırlandığını diqqətə çatdırıb. Qeyd olunub ki, son illərdə iki ölkə arasında kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması birgə əməkdaşlıq imkanlarını daha da genişləndirib. Latviyanın yüksək riskli məhsul ixrac edən 2 qida obyekti AQTA tərəfindən təsdiq olunub. Agentliyin Kollegiyasının qərarı ilə Latviyanın qida obyektlərinin təsdiq sisteminin ekvivalentliyi tanınıb. Ölkəmizdən bitkiçilik məhsullarının Latviyaya ixracı genişləndirilib, bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq imkanları daha da artıb. Eyni zamanda Qazax rayonunun Gürcüstanla sərhəd buraxılış məntəqəsinə yaxın ərazisində yaradılan “Qırmızı körpü” qida təhlükəsizliyi nəzarət məntəqəsində Latviyanın qabaqcıl təcrübəsinin öyrənilməsi barədə razılıq əldə edilib. Təcrübə mübadiləsi nəticəsində məntəqədə idxal və ixrac əməliyyatları zamanı aşkarlanan uyğunsuzluqlarla bağlı tədbirlər, prosedurlar və qərar qəbuletmə mexanizmləri daha da optimallaşdırılacaq. Latviyanın kənd təsərrüfatı naziri Armands Krauze hər iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığı yüksək qiymətləndirib. Vurğulayıb ki, Azərbaycan və Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya çərçivəsində əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Bundan sonra da əməkdaşlığın daha da genişləndiriləcəyinə ümidvar olduğunu bildirib. Görüşdə Latviyanın Qida Təhlükəsizliyi, Heyvan Sağlamlığı və Ətraf Mühit İnstitutu (BİOR) ilə Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu arasında həyata keçirilən sıx əməkdaşlıqdan məmnunluq ifadə olunub.Görüşdən sonra nümayəndə heyəti Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun ixtisaslaşmış laboratoriyaları ilə yaxından tanış olub. Qonaqlara laboratoriyalarda aparılan müayinələr, səriştəlilik sınaqları və digər elmi-tədqiqat fəaliyyətləri barədə ətraflı məlumat verilib.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) Belarus Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviçin başçılıq etdiyi nümayəndə heyəti və “BelAqroGen” Elmi İstehsalat Mərkəzinin rəhbərliyi ilə görüş keçirilib. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyev AQTİ-nin Bakı və regionlarda fəaliyyət göstərən ixtisaslaşmış laboratoriyalarının ölkədə qida təhlükəsizliyinin təmin olunması, heyvan və bitki sağlamlığının qorunması sahəsindəki rolunu vurğulayıb. Belarus səfiri Dmitri Pineviç iki ölkənin müvafiq qurumları arasında heyvan sağlamlığı sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivlərinin olduğunu qeyd edib. Məlumat verilib ki, “BelAqroGen” Elmi İstehsalat Mərkəzi heyvan xəstəliklərinin müalicəsi və profilaktikası üçün müasir baytarlıq preparatları, zərərvericilərə qarşı mübarizə vasitələri və baytarlıq təyinatlı vasitələrin istehsalçısıdır. Şirkətin təqdim etdiyi bir çox baytarlıq preparatlarının effektivliyi müxtəlif kənd təsərrüfatı müəssisələrində uğurla tətbiq olunaraq sübut edilib. Görüş zamanı respublikamızda baytarlıq preparatlarının Belarusla birgə istehsalının təşkili məsələsi gündəmə gətirilib. Daha sonra Belarus nümayəndə heyəti AQTİ laboratoriyalarına baş çəkib, müasir standartlara uyğun həyata keçirilən müayinələrlə tanış olub.
Mayın 13-də Bakı Ekspo Mərkəzində 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” və 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” sərgiləri öz işinə başlayıb. “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri Kənd Təsərrüfatı Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir. Həmçinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) sərgiləri fəal şəkildə dəstəkləyirlər. AQTA sədri Qoşqar Təhməzli “InterFood Azerbaijan” və “Caspian Agro” sərgilərinin açılış mərasimində çıxış edib. Q.Təhməzli diqqətə çatdırıb ki, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkədə insan, heyvan və bitki sağlamlığı üçün təhlükə törədən müvafiq risklərin idarə edilməsi, biotəhlükəsizliyin qorunması və təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilməkdədir. Qida təhlükəsizliyi sisteminin hüquqi bazasının beynəlxalq təcrübəyə uyğun formalaşdırılması məqsədilə “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edildiyini və həmin Qanunun icrasından irəli gələrək 15 qaydanın təsdiq olunduğunu və uyğunlaşdırma çərçivəsində 79 sayda normativ hüquqi akta dəyişikliklər edildiyini bildirən AQTA sədri əlavə edib ki, ötən dövr ərzində qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahədə sanitar norma və qaydaların beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə Agentliyin Kollegiyasının Qərarı ilə 24 sayda texniki normativ hüquqi akt qəbul edilib. Q.Təhməzli “Bitki sağlamlığı haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsinin hazırlandığını sərgi iştirakçılarının diqqətinə çatdıraraq, layihənin aidiyyəti dövlət qurumlarına rəy üçün göndərildiyini, hazırda maraqlı tərəflərin iştirakı ilə geniş ictimai müzakirəsinin keçirildiyini vurğulayıb: “Eyni zamanda heyvan sağlamlığı sahəsində mövcud qanunvericiliyi beynəlxalq tələblərə uyğunlaşdırmaq məqsədilə beynəlxalq ekspertlərin tövsiyələri də nəzərə alınmaqla, “Heyvan sağlamlığı haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsi hazırlanmışdır” – sitatın sonu. AQTA sədri çıxışında həmçinin qeyd edib ki, idxal və ixrac əməliyyatları zamanı qida təhlükəsizliyinə nəzarətin operativ həyata keçirilməsi məqsədilə Qazax rayonunun Gürcüstan Respublikası ilə sərhəd buraxılış məntəqəsinə yaxın ərazisində yaradılmış “Qırmızı körpü” Qida təhlükəsizliyi nəzarəti məntəqəsi lazımi bütün avadanlıqlarla təchiz edilib və fəaliyyətə başlayıb. “Son illər mütərəqqi beynəlxalq təcrübəyə uyğun olaraq, respublikamızın insan və heyvan sağlamlığı üçün təhlükə törədən, habelə ətraf mühitdə bioloji təhlükəsizliyin pozulmasına səbəb olan xəstəliklərə görə sağlamlıq statusunun təsdiq edilməsi istiqamətində ciddi işlər aparılıb”, – deyən Q.Təhməzli əlavə edib ki, bu çərçivədə Azərbaycan 2024-cü ildə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripi xəstəliyindən azad ölkə kimi tanınıb, eyni zamanda əvvəlki illərdə əldə edilmiş atların afrika xəstəliyi və donuzların afrika taunu xəstəliyindən azad olma statusu qorunub saxlanılır. Agentlik sədri onu da bildirib ki, əldə edilən bütün bu nailiyyətlər, ölkədə bioloji təhlükəsizliyin təmin olunması istiqamətində aparılan məqsədyönlü tədbirlər, dünyada mövcud olan bir sıra heyvan xəstəliklərindən azad statusların əldə edilməsi, beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və yeni əlaqələrin qurulması ölkəmizdə istehsal olunan bir sıra qida məhsullarının ixrac potensialı üçün münbit şərait yaradır. Sitat: “Belə ki, Azərbaycan Respublikasından bir sıra ölkələrə, o cümlədən Rusiya Federasiyası və Amerika Birləşmiş Ştatlarına ərzaqlıq yumurtanın ixracına başlanılıb. Akvakulturada yetişdirilən nərəkimilər cinsindən olan balıqlardan əldə olunmuş kürü məhsullarının Avropa İttifaqı ölkələrinə ixracı üçün icazənin davamlılığı təmin edilmişdir”. Bununla yanaşı, qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda qida təhlükəsizliyi sahəsində qarşıya qoyulmuş tədbirlərin icrası uğurla davam etdirilib. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının tələblərinə uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə yaradılacaq heyvan xəstəliklərindən azad zona ilə bağlı təsərrüfatlarda epizootoloji monitorinq və digər zəruri tədbirlər həyata keçirilib. “InterFood Azerbaijan” və “Caspian Agro” sərgilərində 30-dan artıq ölkədən 450-dək şirkət öz iştirakını təsdiq edib. Sərgilər Bakı Ekspo Mərkəzinin bütün pavilyonlarını və açıq sahəsini əhatə edir. Xatırladaq ki, “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri bu il 4 gün ərzində təşkil ediləcək.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə İran Baytarlıq Təşkilatı arasında “Transsərhəd heyvan xəstəlikləri ilə mübarizə sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycanın Baş nazirinin müavini (hökumətlərarası komissiyanın həmsədri) Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri (hökumətlərarası komissiyanın həmsədri) Fərzanə Sadiq imzalayıblar. Memoranduma əsasən, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və İran İslam Respublikasının Baytarlıq Təşkilatı dövlət sərhədlərinə bitişik ərazilərdə transsərhəd heyvan xəstəlikləri ilə mübarizə tədbirlərinin həyata keçirilməsi üzrə birgə fəaliyyət göstərəcək, regionda yoluxucu heyvan xəstəliklərinin törətdiyi epizootoloji gərginliyin artması fonunda hər iki dövlətin əhalisinin və ətraf mühitinin bioloji təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlər icra edəcəklər. Anlaşma Memorandumu çərçivəsində Azərbaycan Respublikasının İran İslam Respublikası ilə dövlət sərhədinə bitişik ərazilərdə epizootiya əleyhinə, o cümlədən nəzarət, peyvəndləmə, monitorinq və sair birgə tədbirlərin təşkili təmin ediləcək. Həmçinin sərhəddə baytarlıq nəzarəti tədbirlərinin həyata keçirilməsində əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur. Memorandumda bundan başqa, qeyd edilən sahələr üzrə AQTA ilə İranın Baytarlıq Təşkilatı nümayəndələrindən və ekspertlərdən ibarət işçi qrupların yaradılması, birgə tədqiqatların aparılması, heyvan xəstəliklərinin laboratoriya diaqnostikası üzrə birgə təlim və məşqlərin keçirilməsi, məlumat mübadiləsinin aparılması, görüşlərin təşkili kimi məsələlər öz əksini tapıb.
Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Azərbaycan Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnologiya, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlığa dair Müştərək Komissiyanın 8-ci iclası keçirilib.
Bakıda keçirilən Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 6-cı iclası çərçivəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Moldova Respublikasının Milli Qida Təhlükəsizliyi Agentliyi arasında baytarlıq sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. AQTA sədri Qoşqar Təhməzli və Moldova Respublikası Baş Nazirinin müavini, Regional İnkişaf və İnfrastruktur naziri Vladimir Boleanın imzaladığı Memorandumda baytarlıq sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. İclasın sonunda Azərbaycan-Moldova arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 6-cı iclasının yekunlarına dair protokolu təsdiqlənib. Sənəd iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, kənd təsərrüfatı, qida təhlükəsizliyi, energetika, nəqliyyat, elmi-texniki və humanitar, sosial, səhiyyə, mədəniyyət, əqli mülkiyyət, ətraf mühit, idman və turizm sahələrində ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirməyi nəzərdə tutur. Yekun protokolda həmçinin iki ölkə arasında ikitərəfli münasibətlərin hüquqi-normativ bazasının daha da təkmilləşdirilməsi niyyəti öz əksini tapıb.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Moldova Respublikasının Kənd Təsərrüfatı üzrə İntervensiya və Ödənişlər Agentliyinin səlahiyyətli nümayəndələri arasında görüş keçirilib. Görüşdə AQTA sədrinin müavini Zəkiyyə Mustafayeva iki ölkə arasında baytarlıq, fitosanitar və qida təhlükəsizliyi sahələri üzrə əməkdaşlığın dinamik inkişaf etdiyini qeyd edib. Qonaqların diqqətinə çatdırılıb ki, ölkəmizdə heyvanların identifikasiyası və qeydiyyatı sistemi müasir üsullarla həyata keçirilir. Vizual qulaq birkaları və mikroçip kimi identifikasiya üsullarından geniş istifadə olunur. Bu mexanizm heyvan xəstəliklərinin izlənilməsi, diaqnostikası, xüsusilə də tətbiq edilmiş peyvənd, antibiotik və ya digər baytarlıq preparatları, həmçinin heyvana təyin edilmiş diaqnoz barədə məlumatların detallı şəkildə elektron məlumat bazasında toplanmasına imkan yaradır. Qeyd olunub ki, identifikasiya sahəsində beynəlxalq standartlar tətbiq edilir. Görüş zamanı Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) və Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi (HİQS) üzrə Moldova ilə təcrübə mübadiləsi, sertifikatların qarşılıqlı tanınması və digər istiqamətlərdə əməkdaşlığın davam etdirilməsi və digər qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) səlahiyyətli nümayəndələri ilə görüş keçirilib. Görüşdə zoonoz xəstəliklərə epidemioloji nəzarət və eyni zamanda qida təhlükəsizliyi sahəsində ölkəmizdə tətbiq olunan “Erkən Xəbərdarlıq və Cavab (EWAR) Sistemi”nin real nəticələri müzakirə olunub. Qeyd olunub ki, AQTA tərəfindən ölkəmizdə zoonoz xəstəliklərə nəzarət prioritet istiqamətlərdən biridir. Elə bu səbəbdən ölkəmizin xırdabuynuzlu heyvanların taunu (PPR) xəstəliyindən azad olma statusu Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) tərəfindən təsdiqlənib. Növbəti hədəflər isə ölkəmizdə, eləcə də regionda dabaq xəstəliyinin (FMD) ləğv olunması və xəstəliyə müasir metodlarla nəzarətin təmin edilməsidir. Görüşdə zoonoz xəstəliklərin erkən aşkarlanması, risklərin qiymətləndirilməsi və cavab tədbirlərinin vaxtında verilməsi ilə bağlı məsələlər müzakirə olunub. Qida təhlükəsizliyinə nəzarət tədbirləri və digər məsələlər üzrə məlumat verilib. Qeyd edək ki, “Erkən Xəbərdarlıq və Cavab (EWAR) Sistemi” hər hansı xəstəlik və ya təhlükə ehtimallarını erkən aşkar edən sistemdir. Bu sistemin əsas məqsədi insanların həyatını qorumaq, xoşagəlməz halların təsirlərini minimuma endirməkdir.
Belarus Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviçin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olub. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev İnstitutun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Görüşdə AQTİ-nin Bakı və regionlarda fəaliyyət göstərən ixtisaslaşmış laboratoriyalarının qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığının təmin edilməsindəki rolu xüsusi vurğulanıb. Bu sahədə hər iki ölkənin müvafiq qurumları arasında təcrübə mübadiləsinin və birgə layihələrin reallaşdırılması imkanları müzakirə olunub. Görüş zamanı qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, respublikamızda baytarlıq preparatlarının Belarusla birgə istehsalının təmin olunması və digər maraq doğulan məsələlər barədə fikir mübadiləsi aparılıb. Daha sonra Belarus nümayəndə heyəti AQTİ laboratoriyalarına baş çəkib, müasir standartlara uyğun həyata keçirilən müayinələrlə tanış olub. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri Əli Nəbiyev laboratoriya mütəxəssislərinin beynəlxalq səriştəlilik sınaqlarında əldə etdiyi nailiyyətləri qonaqların diqqətinə çatdırıb. Belarus Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviç İnstitutun apardığı tədqiqatlarla yaxından tanış olub, laboratoriyaların işini yüksək qiymətləndirib. Belarusun müvafiq sahələrdə Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bildirib.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ISO (International Organization for Standardization) beynəlxalq standartlarına dair iki sahə üzrə sertifikatlara layiq görülüb. Belə ki, cari ilin 5-7 mart tarixlərində AQTA-da beynəlxalq auditor tərəfindən keçirilən müvafiq standartlar əsasında inteqrasiya edilən idarəetmə sisteminin auditinin nəticələrinə əsasən, Agentlikdə idarəetmə sisteminin “Keyfiyyət İdarəetmə Sistemi üzrə” ISO 9001:2015 və “Antikorrupsiya İdarəetmə Sistemləri” ISO 37001:2016 standartlarına uyğunluğu təsdiq edilib və hər iki beynəlxalq standart üzrə sertifikatlar təqdim olunub. Xatırladaq ki, Agentlikdə 2024-cü ilin avqust ayından sözügedən hər iki standartın tətbiqi istiqamətində işlərə başlanılıb. ISO beynəlxalq standartlarının tətbiqi idarəetmə və əhaliyə göstərilən xidmətlərin təkmilləşdirilməsinə, qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığının qorunması, idxal-ixrac əməliyyatları da daxil olmaqla, ümumilikdə əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin olunması istiqamətlərində fəaliyyətinin daha da şəffaf və operativ qurulmasına, vətəndaşların məmnunluğunun artırılmasına öz töhfəsini verəcəkdir. Qeyd edək ki, ISO beynəlxalq standartları hazırda dünyada bir sıra mütərəqqi təşkilatlar və qurumlar tərəfindən tətbiq olunmaqdadır. AQTA fəaliyyətinin daha da təkmilləşdirməsi, eyni zamanda beynəlxalq standartların tətbiq edilməsi istiqamətindəki işlərini gələcəkdə də davam etdirəcəkdir.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Özbəkistan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitkilərin Mühafizəsi və Karantini Agentliyinin direktoru İbrohim Erqaşevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüş zamanı Özbəkistan nümayəndə heyətinə ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər barədə məlumat verilib. Daha sonra iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın gücləndirilməsi, o cümlədən qida məhsullarının dövriyyəsinin genişləndirilməsi müzakirə edilib. Görüşdə daha sonra 23 sentyabr 2024-cü il tarixində imzalanmış “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Özbəkistan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitkilərin Mühafizəsi və Karantini Agentliyi arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlığa dair 2025-2026-cı illər üzrə Fəaliyyət Planı”nın icrası üzrə danışıqlar aparılıb. Pestisidlərin qeydiyyatı sistemi, həmçinin Agentlik tərəfindən bu sahədə görülən tədbirlər nümayiş olunub. Növbəti aylarda “Elektron fitosanitar sertifikatlarının qarşılıqlı tanınması haqqında” sazişin imzalanması barədə razılıq əldə olunub. Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Qonaqlara həmçinin Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı təqdimatlar edilib.
Giriş