Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əziz Şərifov İstanbulda keçirilən “Sıfır Tullantı Forumu 2026” çərçivəsində “Məhsul yığımından sonrakı itkilərin azaldılması – Qida təchizat zəncirində səmərəliliyin artırılması” mövzusunda keçirilən tədbirdə iştirak edib. Tədbir çərçivəsində AQTA sədrinin müavini Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik nazirinin müavini Ahmet Gümen ilə görüş keçirib. Görüş zamanı “Sıfır Tullantı” konsepsiyası çərçivəsində fikir mübadiləsi aparılıb, qida itkiləri və israfının azaldılması istiqamətində Azərbaycanda həyata keçirilən tədbirlər barədə məlumat verilib. Tərəflər qida təhlükəsizliyinin təmin edilməsi, heyvan və bitki sağlamlığının qorunması, eləcə də qarşılıqlı ticarət əlaqələrinin genişləndirilməsi sahəsində əməkdaşlığın uğurla davam etdiyini qeyd ediblər. Qida təhlükəsizliyi nəzarətinə aid məhsullar üzrə iki ölkə arasında ticarət dövriyyəsində müşahidə olunan müsbət dinamika və bu istiqamətdə perspektivdə görüləcək işlər müzakirə olunub. Görüşdə heyvan mənşəli qida məhsullarının ixrac prosedurlarının sadələşdirilməsi, Azərbaycanda istehsal olunan süd və balıq məhsullarının, həmçinin sümük ununun Türkiyə bazarına ixracı ilə bağlı görülən işlər nəzərdən keçirilib. Bu məhsulların ixrac prosesinin sürətləndirilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə olunub. Eyni zamanda, iri və xırdabuynuzlu heyvanların identifikasiyası sahəsində fikir mübadiləsi aparılıb. Naxçıvan Muxtar Respublikasının əlverişli coğrafi mövqeyi və logistik imkanlarının regionun ixrac potensialının artırılmasında rolu da müzakirə mövzularından biri olub. Görüşün sonunda qarşılıqlı əməkdaşlığın bundan sonra da intensiv şəkildə davam etdirilməsinin vacibliyi vurğulanıb.
Cenevrə şəhərində keçirilən 79-cu Ümumdünya Səhiyyə Assambleyası çərçivəsində “Qidalanma çatışmazlıqlarının aradan qaldırılmasında tərəqqi və öhdəliklər: qidaların vitamin və minerallarla zənginləşdirilməsinin genişləndirilməsi” mövzusunda təşkil olunan beynəlxalq tədbirdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi həmsədr qismində iştirak edib. Tədbirin əsas məqsədi 2023-cü ilin may ayında qəbul edilmiş WHA76.19 qətnaməsi üzrə ilk rəsmi tərəqqi hesabatını təqdim etmək, həmçinin mikronutrient çatışmazlığı ilə mübarizə istiqamətində qlobal əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Tədbirdə Agentliyin Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxova məruzə ilə çıxış edib. Çıxış zamanı Azərbaycanın qidaların zənginləşdirilməsi sahəsində regionun lider ölkələrindən biri olduğu vurğulanıb. Bildirilib ki, bunun əsasını “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda qida məhsullarının zənginləşdirilməsinə dair hüquqi mexanizmlərin təsbit edilməsi və bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlər təşkil edir. Tədbirdə müxtəlif ölkələrin hökumət nümayəndələri, beynəlxalq təşkilatların ekspertləri və qidalanma sahəsində fəaliyyət göstərən tərəfdaş qurumların təmsilçiləri iştirak ediblər. Tədbir çərçivəsində qidaların zənginləşdirilməsi sahəsində beynəlxalq təcrübə, mövcud çağırışlar və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisi Vyanada keçirilən konfransda iştirak edib. Tədbir Avropa və Aralıq dənizi Bitki Mühafizəsi Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa və Mərkəzi Asiyada Meşənin İnvaziv Növlər Şəbəkəsi və Avstriya Meşə Araşdırma Mərkəzi tərəfindən birgə təşkil olunub. Tədbirdə meşə və urban ərazilərdə ağaclar üçün təhlükə yaradan invaziv zərərverici - Zümrüdü göyrüş qızılböcəyinin (Agrilus planipennis) biologiyası, yaratdığı təhlükələr ətrafında müzakirələr aparılıb. Konfrans çərçivəsində AQTA-nın mütəxəssisi Gülnar Qəhrəmanova “Azərbaycanda Agrilus planipennis növünün erkən aşkarlanması istiqamətində görülən tədbirlər” mövzusunda çıxış edib, iştirakçıların suallarını cavablandırıb.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Latviya Respublikasının kənd təsərrüfatı naziri Armands Krauze arasında görüş keçirilib. Görüş zamanı Q.Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən beynəlxalq əməkdaşlıq çərçivəsində görülən işlər barədə qonaqlara ətraflı məlumat verib. Görüşdə iki ölkə arasında bitki sağlamlığı sahəsində birgə fəaliyyət, o cümlədən zərərli orqanizmlərin erkən aşkarlanması məqsədilə süni intellekt, uzaqdan müşahidə və GIS (Geographic Information System) xəritələşmə texnologiyalarının tətbiqi üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib. Həmçinin pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin qeydiyyatı, qiymətləndirilməsi və tətbiqi proseslərinin təkmilləşdirilməsi məqsədilə Latviya təcrübəsinin öyrənilməsi, o cümlədən pestisidlərin insan sağlamlığına və ətraf mühitə potensial təsirlərinin qiymətləndirilməsi üzrə Avropa İttifaqının risk əsaslı yanaşmalarının tətbiqinə dair metodoloji dəstəyin əldə edilməsi məsələləri müzakirə olunub. Tərəflər iki ölkə arasında mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulayıb, gələcəkdə birgə layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsinin artırılması ilə bağlı fikir mübadiləsi aparıblar. Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nümayəndələri arasında onlayn formatda görüş keçirilib. Görüşdə iki ölkə arasında müxtəlif istiqamətlərdə, xüsusilə qida təhlükəsizliyi sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib, bu əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Azərbaycanda heyvan xəstəliklərindən azad zonaların yaradılması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat təqdim olunub. Bu sahədə Türkiyənin təcrübəsinin öyrənilməsi imkanları müzakirə edilib. Gələcəkdə azad zonalardan Türkiyəyə heyvandarlıq məhsullarının ixracının genişləndirilməsinin xüsusi prioritet kimi müəyyən edildiyi vurğulanıb. Zərərvericilərdən azad zonaların yaradılması, fitosanitar nəzarətin gücləndirilməsi və kənd təsərrüfatı bitkilərinin qorunması məqsədilə müasir yanaşmaların tətbiqi məsələləri nəzərdən keçirilib. Qeyd olunub ki, risk əsaslı zərərvericilərin monitorinqi, onların xəritələşdirilməsi və mərkəzləşdirilmiş bitki sağlamlığı məlumat sistemlərinin qurulması sahəsində Türkiyənin qabaqcıl təcrübəsi öyrəniləcək və yerli şəraitə uyğunlaşdırılması üçün birgə elmi-tədqiqat layihələri həyata keçiriləcək. Bundan əlavə, pestisidlərin, aqrokimyəvi maddələrin və bioloji preparatların qeydiyyatı prosedurlarının təkmilləşdirilməsi, istehsal və emal müəssisələrinin texniki qiymətləndirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüş çərçivəsində həmçinin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə Türkiyənin Pendik Baytarlıq Nəzarəti İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub.
Martın 9–13-ü tarixlərində Romada BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) mənzil-qərargahında Beynəlxalq Bitki Mühafizəsi Konvensiyasının (IPPC) Fitosanitar Tədbirlər üzrə Komissiyasının 20-ci sessiyası (CPM-20) keçirilib. Hibrid formatda təşkil olunan sessiyada qlobal bitki sağlamlığının qorunması, təhlükəsiz beynəlxalq ticarətin təşviqi və fitosanitar sistemlərin gücləndirilməsi məsələləri müzakirə olunub. Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bitki sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın Baş dövlət fitosanitar müfəttişi Elmar Allahverdiyev təmsil edib. Sessiyada beynəlxalq fitosanitar standartların qəbulu və yenilənməsi, IPPC-nin 2020–2030-cu illəri əhatə edən strateji çərçivəsinin icrası, ePhyto sistemindən istifadənin genişləndirilməsi və fitosanitar sahədə rəqəmsallaşma məsələləri diqqət mərkəzində olub. Bununla yanaşı, zərərvericilərin yayılmasının qarşısının alınması və risklərin idarə olunması, zərərverici risk analizi və nəzarət prosedurlarının təkmilləşdirilməsi, elektron ticarət və logistika ilə bağlı fitosanitar risklər, eləcə də iqlim dəyişikliyinin bitki sağlamlığına təsiri və erkən xəbərdarlıq sistemlərinin inkişafı istiqamətində fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin (“Rosselxoznadzor”) əməkdaşları arasında onlayn formatda görüş keçirilib. Görüşdə Azərbaycan ilə Rusiya arasında idxal–ixrac əməliyyatlarının operativləşdirilməsi, verilmiş müvafiq sertifikatların təhlükəsizliyinin və tamlığının qorunması, elektron məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə iki ölkənin adıçəkilən qurumlarının informasiya sistemləri arasında inteqrasiyanın mövcud vəziyyəti müzakirə olunub. “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” İnformasiya Sistemi (AQTİS) və FGİS Argus-Fito arasında elektron məlumat mübadiləsinin həyata keçirilməsinin əhəmiyyəti və qazandıracağı üstünlüklər barədə məlumatlar verilib. Görüşün sonunda gələcəkdə görüləcək işlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İqlim Dəyişikliyi və Ətraf Mühit naziri Dr. Əmna bint Abdullah əl Dahak əl Şamsi arasında görüş keçirilib. Görüşdə Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında tarixi mərhələyə daxil olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub. Qoşqar Təhməzli BƏƏ-nin qlobal iqlim və ətraf mühit təşəbbüslərində, xüsusilə qida təhlükəsizliyinin gücləndirilməsi istiqamətində fəal iştirakını yüksək qiymətləndirib. Bildirilib ki, son illərdə iki ölkə arasında xüsusilə idxal-ixrac sahəsində səmərəli əməkdaşlıq dinamik şəkildə genişlənir. Xanım əl Şamsi öz növbəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İqlim Dəyişikliyi və Ətraf Mühit Nazirliyi arasında heyvan sağlamlığı və qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu layihəsinin əhəmiyyətini vurğulayıb. Daha sonra tərəflər arasında Anlaşma Memorandumu imzalanıb. Qeyd olunub ki, sənəd yoluxucu heyvan xəstəliklərinin yayılmasının qarşısının alınması və məhdudlaşdırılması üzrə səylərin dəstəklənməsini, heyvan sağlamlığı və ictimai sağlamlığın qorunması, sağlamlıq və baytarlıq sertifikatlarının nümunələrinin mübadiləsi daxil olmaqla, qida təhlükəsizliyi və heyvan sağlamlığı sahəsində qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın gücləndirilməsini hədəfləyir. Görüş zamanı qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti altında olan ixracyönümlü məhsulların BƏƏ bazarına çıxışının genişləndirilməsi, həmçinin diri heyvanların ixracı üçün baytarlıq sertifikatlarının razılaşdırılması məsələləri ətraflı müzakirə edilib. Eyni zamanda bitki və heyvan sağlamlığı sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsi və laboratoriya sahəsində əməkdaşlığın dərinləşdirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Yekunda tərəflər görüşün aqrar və qida təhlükəsizliyi istiqamətində əməkdaşlığın yeni mərhələyə keçidinə töhfə verəcəyini bildiriblər.
Fevralın 15-də Belqradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin iştirakı ilə Azərbaycan-Serbiya sənədlərinin mübadiləsi mərasimi olub. “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın maliyyə naziri Sahil Babayev və Serbiyanın kənd təsərrüfatı, meşəçilik və su təsərrüfatı naziri Draqan Qlamoçiç mübadilə ediblər.Fevralın 15-də Belqradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin iştirakı ilə Azərbaycan-Serbiya sənədlərinin mübadiləsi mərasimi olub. “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın maliyyə naziri Sahil Babayev və Serbiyanın kənd təsərrüfatı, meşəçilik və su təsərrüfatı naziri Draqan Qlamoçiç mübadilə ediblər.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyətinin Özbəkistan Respublikasına işgüzar səfəri davam edir. Səfərin növbəti günündə nümayəndə heyəti Özbəkistanın Fitosanitar laboratoriyasına baş çəkib. Nümayəndə heyəti laboratoriyanın fəaliyyəti, maddi-texniki bazası, mövcud infrastruktur imkanları, kadr potensialı və tətbiq olunan nəzarət mexanizmləri ilə tanış olub. Eyni zamanda nümunəgötürmə prosesi, laborator müayinələr, fitosanitar risklərin qiymətləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib. Nümayəndə heyəti, həmçinin itlərin iştirakı ilə həyata keçirilən fitosanitar yoxlamaların təşkili, istifadə olunan nəqliyyat vasitələri və beynəlxalq ticarət əməliyyatlarına nəzarət məqsədilə yaradılmış struktur bölmələrin fəaliyyəti ilə tanış olub. Daha sonra Asiya İnkişaf Bankının ekspertləri ilə onlayn formatda görüş keçirilib. Görüş zamanı Özbəkistan tərəfinin hazırladığı sənəd nəzərdən keçirilib, qida təhlükəsizliyi sahəsində Azərbaycanın təcrübəsi bölüşülüb, həmçinin Özbəkistanda yaradılması planlaşdırılan qurumla bağlı fikir mübadiləsi aparılıb. Qeyd edək ki, AQTA nümayəndə heyəti Azərbaycanın qida təhlükəsizliyi sahəsində formalaşdırdığı idarəetmə modelinin Özbəkistanda tətbiqi məqsədilə Daşkənddə işgüzar səfərdədir.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyətinin Özbəkistan Respublikasına işgüzar səfəri davam edir. Səfər çərçivəsində nümayəndə heyəti bu gün Özbəkistanın Səhiyyə Nazirliyi yanında Sanitariya-Epidemioloji Rifah və İctimai Sağlamlıq Komitəsinin laboratoriyasının fəaliyyəti ilə tanış olub. Daha sonra AQTA mütəxəssisləri Heyvan Xəstəliklərinin Diaqnostikası və Qida Təhlükəsizliyi üzrə Respublika Dövlət Mərkəzi, həmçinin Bitki Karantini və Mühafizəsi Agentliyinin Respublika Aqrokimyəvi Analiz Mərkəzinin laborator imkanları, maddi-texniki bazası, işçi heyəti və digər məsələlərlə bağlı tanış olublar. Görüşlərdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun təcrübəsi bölüşülüb, fikir mübadiləsi aparılıb. Qeyd edək ki, AQTA-nın nümayəndə heyəti Azərbaycanın qida təhlükəsizliyi sahəsində formalaşdırdığı idarəetmə modelinin Özbəkistanda tətbiqi məqsədilə Daşkənddə işgüzar səfərdədir.
Özbəkistanda qida təhlükəsizliyi sahəsində yaradılacaq yeni dövlət qurumunda Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təcrübəsi geniş istifadə olunacaq. Bu məqsədlə fevralın 9-da AQTA nümayəndə heyətinin Özbəkistan Respublikasına işgüzar səfəri başlayıb. Səfərin ilk günü görüşdə ölkəmizdə qida təhlükəsizliyi sahəsində vahid idarəetmə sistemi, qida təhlükəsizliyinə risk əsaslı yanaşma metodları, hüquqi bazasının yaradılması, böhran vəziyyətlərində idarəetmə mexanizmlərinin formalaşdırılması və sürətli xəbərdarlıq sistemlərinin əhəmiyyəti, yoxlama-nəzarət tədbirləri, idxal-ixrac prosedurları və digər məsələlər müzakirə olunub. Qeyd edilib ki, Azərbaycanda tətbiq olunan dövlət idarəetmə modelləri yüksək qiymətləndirilir. O cümlədən qida təhlükəsizliyi sahəsində Azərbaycanın əldə etdiyi təcrübəyə böyük maraq göstərilir. Azərbaycan nümayəndə heyətinin Özbəkistanda digər görüşlərinin və təqdimatlarının keçirilməsi planlaşdırılır.
Giriş