Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
Çərəzlərin faydası və düzgün istehlak qaydası - VİDEO
Çərəzlərin faydası və düzgün istehlak qaydası - VİDEO

Bayram süfrəsinin bəzəyi olan qoz, badam, fındıq və digər çərəzlər orqanizm üçün vacib olan vitamin, mineral və antioksidantlarla zəngindir. Zəngin tərkib sayəsində çərəzlər immuniteti möhkəmləndirir, həzm sisteminin fəaliyyətini dəstəkləyir, zehni aktivliyi artırır və qaraciyərin normal funksiyasına müsbət təsir göstərir. Gün ərzində bir ovuc çərəz yemək bədəni ehtiyac duyduğu bir çox faydalı maddələrlə təmin edir.  Qida Təhlükəsizliyi Agentliyi bayram günlərində çərəz istehlakının artdığını nəzərə alaraq vətəndaşlara müraciət edib. Bildirilib ki, həddindən artıq istehlak artıq çəki, piylənmə, həzm pozğunluğu və allergik reaksiyalara səbəb ola bilər. Buna görə də ölçüyə diqqət etmək, gündəlik normanı aşmamaq vacibdir. Çərəzlərin faydasını maksimum qorumaq üçün onları qovrulmamış və ya az miqdarda, yüngül qovrulmuş halda istehlak etmək daha məqsədəuyğundur. Çünki yüksək temperatur onların vitamin və minerallarını azaldır. Çərəz alarkən görünüşünə, rənginə, formasına və qoxusuna diqqət edilməlidir. Qablaşdırılmış məhsulun isə mütləq istehsal və son istifadə tarixi yoxlanılmalıdır. Düzgün şəraitdə saxlanılmayan çərəzlərdə zərərli maddələr – aflatoksinlər yarana bilər. Kif bəzən pambıqvari və ya rəngli ləkələr şəklində görünsə də, məhsulun dərin qatlarına qədər yayılır. Bu səbəbdən kifli hissəni kəsib istifadə etmək təhlükəlidir.  İstehlak etməzdən əvvəl çərəzləri yumaq tövsiyə olunur. Açıq şəkildə satılan məhsulların toz və yad maddələrlə çirklənməsi mümkündür. Onları sərin, quru və qaranlıq mühitdə saxlamaq dadı və faydalı xüsusiyyətlərini qorumağa kömək edir. Daha ətraflı link:

Ramazanda xurma istehlakının faydaları
Ramazanda xurma istehlakının faydaları

Ramazan ayında oruc tutan şəxslərin qidalanmasında xurma mühüm yer tutur. Yüksək qidalılıq dəyərinə malik olan xurma orqanizmin enerji dəyərinin qorunmasına və uzun müddət toxluq hissinin saxlanmasına kömək edir. Bir ədəd quru xurma təxminən 20–28 kalori ehtiva edir və vitaminlər, minerallar, təbii meyvə şəkərləri, zülal, karbohidrat və liflə zəngindir. Tərkibində lifin miqdarının çox olmasına görə toxluq hissi yaranır ki, bu da uzun müddət aclığa qarşı orqanizmin müqavimətini artırır.  Bununla yanaşı, xurma karbohidratlarla zəngin olduğundan həddindən artıq istehlak edildikdə qan şəkərinin yüksəlməsinə səbəb ola bilər. Şəkərli diabet və piylənmədən əziyyət çəkən şəxslər həkimin tövsiyəsinə uyğun xurma istehlak edə bilərlər. Xurma alarkən onun xarici görünüşünə, eyni zamanda məhsulun satışa qədər düzgün saxlanmasına diqqət yetirmək lazımdır. Xurmanın üzərində zədə və kif əlaməti olmamalı, zərərli orqanizmlərin təsirinə məruz qalmamalıdır. Qablaşdırılmış halda satılan xurmanı alarkən buraxılış və son istifadə tarixinə mütləq nəzər yetirilməlidir. Yaxşı yetişmiş xurma səthi hamar, tünd qəhvəyi rəngli, mat, ləkəsiz, yumşaq, çəyirdəkli olmalı, lakin, parlaq, yapışqan və yağlı olmamalıdır. Xurmanın xarici səthinin açıq rəngli olması onun yaxşı yetişmədiyini, daxili lətli hissəsinin tünd rəngdə olması isə onun köhnə olduğunu göstərir. Həmçinin xurmanın qabığında çatlar varsa, qabığı soyulursa, bu məhsulun süni üsulla qurudulduğunu göstərir. Belə xurmaların isə istehlakı məsləhət görülmür. Xurma istiyə və günəş şüasına birbaşa məruz qalmadan, sərin şəraitdə və ya soyuducuda saxlanmalıdır. Açıq şəkildə satılan məhsullar toz və mikroorqanizmlərlə çirklənə biləcəyi üçün istehlakdan əvvəl mütləq yaxşıca yuyulmalıdır.

Oruc tutanlar necə qidalanmalıdır? - VİDEO
Oruc tutanlar necə qidalanmalıdır? - VİDEO

Ramazan ayında oruc tutan insanların düzgün və balanslı qidalanması xüsusi əhəmiyyət daşıyır. Uzun müddət ac və susuz qaldıqdan sonra orqanizmi birdən-birə ağır yeməklərlə yükləmək müxtəlif həzm problemlərinə, halsızlığa və digər narahatlıqlara səbəb ola bilər.  İftara ilıq su ilə başlamaq ən doğru addımlardan biri hesab olunur. 1-2 stəkan su içmək orqanizmin susuzluğunu aradan qaldırır və mədəni yeməyə hazırlayır. Ardınca xurma, zeytun, tərəvəz salatı və göy-göyərti kimi yüngül qidalar qəbul etmək tövsiyə edilir. Təxminən 15-20 dəqiqə fasilədən sonra əsas yeməklərə keçmək daha məqsədəuyğundur. Əsas yeməklər mümkün qədər yüngül və balanslı olmalıdır. Yeməyə yüngül şorba ilə başlamaq həzm sisteminə müsbət təsir göstərir. Sobada bişmiş ət, toyuq və ya balıq, yanında tərəvəzlər, az miqdarda bulqur və ya düyü ideal seçim sayılır. Bu cür qidalanma orqanizmi lazımi zülal, vitamin və minerallarla təmin edir, eyni zamanda ağırlıq hissi yaratmır.  Bununla yanaşı, bəzi qidalardan uzaq durmaq vacibdir. Xəmir xörəkləri, qızartmalar, çox yağlı və souslu yeməklər iftar süfrəsində məhdudlaşdırılmalıdır. Acılı, çox ədviyyatlı və turş qidalar isə həm susuzluğu artırır, həm də mədə-bağırsaq problemlərinə səbəb ola bilər.  Yeməkdən dərhal sonra şirniyyat yemək artıq çəkiyə və həzm pozuntularına səbəb olur. Buna görə şirniyyatların yeməkdən 1-2 saat sonra qəbul edilməsi daha düzgündür. Şərbətli və ağır desertlər əvəzinə südlü şirniyyatlar, meyvələr və ya quru meyvələrə üstünlük verilməsi daha sağlam seçimdir.  Daha ətraflı:

Ramazan ayında necə qidalanmalı?
Ramazan ayında necə qidalanmalı?

Ramazan ayı həm mənəvi, həm də fiziki yenilənmə dövrüdür. Oruc tutarkən düzgün qidalanmaq bədənin gün ərzində enerjili qalmasına və sağlamlığın qorunmasına kömək edir. Bu dövrdə ən vacib məqamlardan biri su balansının qorunmasıdır. İftarla imsak arasında kifayət qədər su içmək, həmçinin maye tərkibli qidalara üstünlük vermək orqanizmin susuz qalmasının qarşısını alır. Orucu ilıq su ilə açmaq daha məqsədəuyğundur. İmsak mütləq edilməlidir, çünki səhər düzgün qidalanma gün ərzində enerji və su balansını qoruyur. Yulaf, düyü və ya bulqur kimi tox saxlayan qidalar, həmçinin yumurta və pendir kimi protein mənbələri seçilə bilər. Tərəvəz və meyvələr isə lifli olduqları üçün həm toxluq hissi yaradır, həm də susuzluğu azaldır. İftar zamanı tələsmədən qidalanmaq vacibdir. Su içdikdən sonra xurma, zeytun və ya yüngül salat qəbul edilə bilər. Bir qədər fasilə verdikdən sonra əsas yeməyə keçmək həzm sistemini yükləmir. Yeməyə əvvəlcə şorba kimi sulu qidalarla başlamaq daha faydalıdır. Ramazan ayında çox yağlı, qızardılmış, xəmir xörəkləri və ağır souslu yeməklərdən uzaq durmaq tövsiyə olunur. Qatıq, kefir və ayran kimi fermentləşdirilmiş süd məhsulları isə həzmi yaxşılaşdırır.  İftardan sonra qidalanmanı bir neçə mərhələyə bölmək, kiçik porsiyalarla və yavaş-yavaş yemək daha məqsədəuyğundur. Qidaların yaxşı çeynənməsi həzm problemlərinin qarşısını alır. Axşam saatlarında yüngül piyada gəzmək və yuxu rejiminə diqqət etmək də Ramazan ayını daha rahat keçirməyə kömək edir.  Daha ətraflı məlumatı videolinkdən əldə edə bilərsiniz:

Bayat yeməklər insan orqanizmində fəsadlar yarada bilər
Bayat yeməklər insan orqanizmində fəsadlar yarada bilər

Bayram süfrəsində istehlak olunmayan yeməklər israf edilməməsi üçün bəzən sonrakı günlərə saxlanılır. Mütəxəssislərin fikrincə, dəfələrlə qızdırılaraq bayat halda yeyilən yeməklər orqanizm üçün ciddi fəsadlara səbəb ola bilər. Yumurta, balıq, ət, toyuq, göbələk, mayonez və oxşar riskli məhsullardan hazırlanmış yeməklər iki saatdan artıq süfrədə qalmamalıdır. Bu qidalar otaq temperaturunda, açıq şəkildə saxlanıldıqda və vaxtında soyuducuya yerləşdirilmədikdə, sonradan yenidən qızdırılıb istehlak edilməsi tövsiyə olunmur. Çünki düzgün saxlanma şəraiti olmadıqda yemək qalıqları mikroorqanizmlərin sürətlə çoxalması üçün əlverişli mühitə çevrilir. El arasında bayat plovun daha dadlı olması ilə bağlı fikirlər mövcuddur. Lakin bayat plovun yenidən isidilərək yeyilməsi sağlamlıq üçün təhlükə yarada bilər. Belə ki, düyü bişirildikdə belə “Bacillus cereus” bakteriyasının sporları sağ qala bilir. Plov düzgün bişirilmədikdə və ya uyğun şəraitdə saxlanılmadıqda bu bakteriyanın inkişafı üçün münbit şərait yaranır. Bakteriyalar tərəfindən sintez olunan toksinlər isə qida mənşəli xəstəliklərə, hətta qida zəhərlənməsinə səbəb ola bilər. Bu zaman şiddətli ürəkbulanma, qusma, bəzən isə qarın ağrısı kimi əlamətlər müşahidə olunur. Əksər hallarda insanlar yeməyin xarab olub-olmadığını qoxulamaq və ya dadmaqla müəyyən etməyə çalışırlar. Lakin qida zəhərlənməsinə səbəb olan bəzi bakteriyalar qidanın dadını və qoxusunu dəyişmədən belə çoxala bilir. Xüsusilə dəniz məhsulları, süd və süd məhsulları, tort və şirniyyatlar təhlükəli mikroorqanizmlərin və onların toksinlərinin daşıyıcısı hesab olunur. Buna görə də bu tip qidaların saxlanmasına və istehlakına xüsusi diqqət yetirilməsi vacibdir.  Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:

Hind quşu əti insan sağlamlığı üçün çox faydalıdır
Hind quşu əti insan sağlamlığı üçün çox faydalıdır

Hind quşu əti insan sağlamlığı üçün çox faydalıdır. Onun tərkibində zülal, vitaminlər, faydalı yağlar, fermentlər və orqanizm üçün vacib olan makro və mikroelementlər var. Bu ət asan həzm olunur və bədən tərəfindən yaxşı mənimsənilir.   Hind quşu ətinin 100 qramında yağlılıqdan asılı olaraq 110–176 kilokalori enerji var. Digər ət növləri ilə müqayisədə bu ətdə xolesterol azdır, bu da onu daha sağlam edir. Hind quşu əti qan azlığı (anemiya), damar sərtliyi (ateroskleroz) riskini azaltmağa kömək edir və immun sistemini gücləndirir. Allergiya yaratmadığı üçün körpələr üçün də təhlükəsiz hesab olunur. Diri hind quşu alarkən onun pipiyinə və ayaqlarına diqqət etmək lazımdır. Körpə hind quşunun pipiyi açıq rəngdə, ayaqları isə boz və hamar olmalıdır. Təzə kəsilmiş hind quşu ətinin dərisi ağ-sarımtıl rəngdə, elastik, qoxusu isə özünəməxsus olmalıdır. Hind quşu əti qida maddələri ilə zəngin olduğu üçün mikroblar üçün əlverişli mühit yarada bilər. Baytarlıq-sanitariya tələblərinə cavab verməyən şəraitdə kəsildikdə, saxlanılması və emalı zamanı sanitar-gigiyenik şərait pozulduqda hind quşu əti faydalı deyil, əksinə bizim üçün zərərli qidaya çevrilə bilər.  Hind quşu əti mal qonşuluğu prinsipi gözlənməklə, soyuducuda 0–4°C temperaturda 72 saat, dərin dondurucuda isə -18°C-də 8 ay və daha uzun müddət saxlanıla bilər. Saxlanma zamanı digər qidalarla təmas etməməsinə diqqət yetirilməlidir.

Bayram günləri qidalanmada yol verdiyimiz səhvlər
Bayram günləri qidalanmada yol verdiyimiz səhvlər

Bayram günlərində ən çox yol verdiyimiz səhvlərdən biri həddindən artıq qidalanmaqdır. Süfrələrin bol və çeşidli olması insanı normadan artıq yeməyə sövq edir ki, bu da mədə-bağırsaq sistemində ağırlaşma, köp, həzm pozğunluğu və ümumi narahatlıq yarada bilər. Bu cür fəsadların qarşısını almaq üçün qidalanmanın optimal rejiminə əməl etmək, porsiyalara diqqət yetirmək və müəyyən həddi gözləmək məqsədəuyğundur. Digər geniş yayılmış səhv müxtəlif qidaların uyğunluğuna fikir verilmədən qarışıq şəkildə istehlak edilməsidir. Zülal, karbohidrat və yağların bir-biri ilə düzgün uyğunlaşdırılmaması həzm prosesini çətinləşdirir və orqanizmdə ağırlıq hissinə səbəb olur. Buna görə də qidalar balanslı şəkildə seçilməlidir. Bayram süfrələrində qızardılmış və yağlı yeməklərə üstünlük verilməsi də sağlamlıq baxımından arzuolunan deyil. Bu cür yeməklər həzm sisteminə əlavə yük salır və artıq çəki riskini artırır. Əslində isə qızartmalar əvəzinə sobada və ya buğda bişirilmiş balıq və ət yeməklərinə üstünlük verilməsi həm daha sağlamdır, həm də qidaların faydalı maddələrinin qorunmasına imkan yaradır. Yüksək kalorili sousların, xüsusilə mayonezin artıq miqdarda istifadəsi də qidalanmada yol verilən səhvlərdəndir. Mayonez əvəzinə qatıq, kefir və ya xamadan hazırlanmış daha yüngül və faydalı souslardan istifadə edilməsi tövsiyə olunur.  Bayram günlərində maye qəbuluna xüsusi diqqət yetirmək sağlamlıq baxımından olduqca vacibdir. Yemək vaxtı və ya dərhal sonra su içilməsi həzmi zəiflədə, qazlı və şəkərli içkilərin qəbulu isə mədə-bağırsaq problemlərinə səbəb ola bilər. Daha düzgün yanaşma suyu yeməkdən təxminən 30 dəqiqə əvvəl ilıq halda içmək, qazlı və şəkərli içkilərdən mümkün qədər uzaq durmaqdır.

Yeni il hədiyyə qutuları alarkən diqqətli olun - VİDEO
Yeni il hədiyyə qutuları alarkən diqqətli olun - VİDEO

Yeni il hədiyyə qutularının satışının artması ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyi istehlakçılara müraciət edib. Uşaqlar üçün şirniyyatla dolu Yeni il hədiyyə qutuları yalnız mağazalar, yarmarkalar və digər rəsmi satış yerlərindən alınmalıdır. Bəzi hallarda qutunun üzərində göstərilən tarix içərisindəki məhsulların deyil, qablaşdırmanın tarixi olur. Ona görə də istehlakçılara qutudakı məhsulların etiket məlumatlarına diqqət yetirməsi tövsiyə olunur. Məhsulların üzərində istehsal tarixi, yararlılıq müddəti, adı, əmtəə nişanı, xalis çəkisi, qida dəyərliliyi, eləcə də istehsalçı müəssisənin adı və ünvanı aydın və oxunaqlı şəkildə göstərilməlidir. Sadalananlarla yanaşı, hədiyyə qutularının qablaşdırılmasının deformasiyaya uğramamasına, əzilməməsinə və korlanmamasına diqqət yetirilməlidir. Xüsusi saxlanma şəraiti tələb edən, müvafiq temperatur rejimi qorunmadıqda tez xarab olan yoqurtlar, kremli qənnadı məhsulları və kəsmik içlikli məmulatların bu cür qutulara yerləşdirilməsi məqsədəuyğun deyil. Xahiş olunur ki, qida məhsullarının tərkibi, yararlılıq müddəti, saxlanma şəraiti və digər hallarla bağlı şübhələr yaranacağı təqdirdə, bu barədə Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat versinlər. Maarifləndirici məlumat üçün linkə keçid edə bilərsiniz:

Video
İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab

İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab