Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
AQTİ “Vahid Sağlamlıq” mentorluq proqramına start verir
AQTİ “Vahid Sağlamlıq” mentorluq proqramına start verir

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən “Vahid Sağlamlıq” (One Health) mentorluq proqramına start verilir. Bu proqramın məqsədi tələbələrin “Vahid Sağlamlıq” yanaşmasına uyğun hazırlanması, onların strateji düşünən və müasir çağırışlara cavab verən peşəkar mütəxəssis kimi formalaşdırılmasıdır.  Mentorluq proqramına seçilən iştirakçılar AQTİ-nin rəhbər şəxsləri və ölkənin aparıcı ekspertləri ilə birbaşa kommunikasiya imkanı əldə edəcəklər. 12 həftəlik inkişaf proqramı çərçivəsində iştirakçılara idarəçilik, elmi yanaşma və qlobal çağırışlara dair tövsiyələr təqdim olunacaq. Təşəbbüs qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı, eləcə də ictimai səhiyyə sahələrində təhsil alan tələbələrin bilik və bacarıqlarını inkişaf etdirməklə, bu istiqamətlərdə gələcəkdə aparıcı rol oynaya biləcək yüksək ixtisaslı insan kapitalının formalaşdırılmasını hədəfləyir. Proqram müddətində mentorluq görüşləri, texniki biliklərin inkişafı və praktiki tətbiqi, həmçinin tematik master-klasslar və sessiyalar iştirakçıların ixtisasına, ehtiyaclarına və motivasiyasına uyğun şəkildə təşkil ediləcək. Müraciət, qiymətləndirmə və seçim prosesi şəffaf və obyektiv meyarlar əsasında aparılacaq. Namizədlər uyğunluq, motivasiya və rəqabət prinsipləri nəzərə alınaraq seçiləcəklər. “Vahid Sağlamlıq” mentorluq proqramı haqqında ətraflı məlumatı AQTİ-nin rəsmi internet səhifəsindən (https://afsi.gov.az/az/mentorship) öyrənmək mümkündür. Proqrama müraciət yaxın günlərdə elan olunacaq.

Qəhvəyi mərmər bağacığına qarşı vaxtında mübarizə aparılmalıdır
Qəhvəyi mərmər bağacığına qarşı vaxtında mübarizə aparılmalıdır

Qəhvəyi mərmər bağacığı ciddi təhlükə yaradan zərərvericilərdən biridir. 300-dən çox bitki növü ilə qidalanaraq məhsuldarlığın azalmasına səbəb olur. Ölçüsü 12–17 mm olan bu həşərat qəhvəyi rəngli, ləkəli və armudvari bədən quruluşuna malikdir. 35–100 km məsafəni uça bilməsi onun sürətlə yayılmasına şərait yaradır. Yaz və yay aylarında əkin sahələrində mütəmadi müşahidə aparmaq vacibdir. Xüsusilə yarpaqların alt hissəsi, tumurcuqlar və meyvə saplaqları nəzərdən keçirilməlidir. Zərərverici aşkar edildikdə sahələrdə və təsərrüfat tikililərində feromon tələlərin quraşdırılması effektiv üsullardan biridir. Yaşayış yerlərində isə mebel arxaları, divar boşluqları və digər gizli sahələr yoxlanmalıdır. Bağacıq aşkar edilərsə, süpürgə və ya tozsoran vasitəsilə toplanaraq məhv edilməsi tövsiyə olunur. Kimyəvi mübarizə tədbirləri isə yalnız mütəxəssis tövsiyəsi ilə və axşam saatlarında aparılmalıdır. Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat almaq üçün aşağıdakı əlaqə vasitələrindən istifadə edə bilərsiniz: - 1003 - Çağrı Mərkəzi - (+994) 99 708 85 88 (qərb rayonları üzrə) - (+994) 99 308 85 88 (şimal-qərb rayonları üzrə) - Aqrar Xidmətlər Agentliyi: 088-588

Gübrə və pestisidlərin istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib
Gübrə və pestisidlərin istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə aqrokimyəvi maddələrin və pestisidlərin istehsalında şəffaflığın və effektiv nəzarətin xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Bildirilib ki, idxal olunan xammal yalnız istehsal edilən məhsulun tərkibinə uyğun şəkildə istifadə edilməli, hər bir məhsul üzrə tərkib isə açıq və dəqiq formada təqdim olunmalıdır.  Bununla yanaşı, xammalın ölkəyə daxil olmasından son məhsulun əldə edilməsinədək bütün istehsal mərhələlərinin izlənilə bilən və müvafiq qaydada sənədləşdirilməsi vacibdir. Sahibkarlara bir daha xatırladılıb ki, ölkəyə idxal edilən bu növ xammalın ayrıca satışına yol verilmir və bu qaydanın pozulması ciddi hüquqi məsuliyyət yaradır.  Eyni zamanda qeyd olunub ki, aqrokimyəvi maddələrin və pestisidlərin istehsalında istifadə olunan xammalın idxalı zamanı prosedurların sadələşdirilməsi, operativliyin artırılması və sahibkarlar üçün daha əlverişli mühitin formalaşdırılması istiqamətində əlavə tədbirlərin görülməsi nəzərdə tutulur. Görüş çərçivəsində sahibkarları maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb.

Video
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib

AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib