Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında Məşvərət Şurası “Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir” kampaniyasını davam etdirir. Kampaniya çərçivəsində hazırlanan növbəti videoçarxda Şuranın üzvü, “Azprotein Foods” MMC-nin sədri Vüsal Qafarlı heyvanlara baytarlıq nəzarətinin əhəmiyyətindən və bunun insan sağlamlığına təsirlərindən bəhs edir. “Fermadan süfrəyə” prinsipi üzrə izlənilmə sistemlərinin rəqəmsallaşdırılması heyvan xəstəliklərinin vaxtında aşkarlanmasına, qarşısının alınmasına və məhsulun mənşəyinin tam şəffaf şəkildə izlənilməsinə şərait yaradır. Heyvanların identifikasiyası və qeydiyyatı sistemi vasitəsilə hər bir heyvana hansı vaksinlərin, baytarlıq preparatlarının tətbiq edildiyi və digər mühüm məlumatlar dəqiq şəkildə qeydə alınır və izlənir. Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir! Gəlin, təhlükəsiz qida ilə sağlam gələcəyə birlikdə addımlayaq! Videoçarxla aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:
Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsinə dair Tədbirlər Planının icrası çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki-Zaqatala regional bölməsinin əməkdaşları Zaqatala və Balakən rayonlarında sakinlərlə növbəti maarifləndirici görüşlər keçirilib. Görüşlər zamanı payız-qış mövsümündə zərərvericiyə qarşı aparılacaq mexaniki mübarizə tədbirləri barədə ətraflı məlumat verilib. Zərərverici ilə mübarizədə mexaniki üsullardan geniş istifadə edildiyi qeyd olunur. Bununla yanaşı, Mazımçay sərhəd-keçid məntəqəsində nəqliyyat vasitələrinin sürücüləri ilə profilaktik söhbətlər aparılıb, nəqliyyat vasitələrinin dezinseksiya edilməsinin zərərvericinin uzaq məsafələrə yayılmasının qarşısının alınmasında mühüm rol oynadığı vurğulanıb.
Çin Xalq Respublikasının Şanxay şəhərində bu ölkənin Baş Gömrük Administrasiyasının təşkilatçılığı ilə "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində İdxal və İxracda Qida Təhlükəsizliyi sahəsində Əməkdaşlığa dair Konfrans işə başlayıb. 50 ölkənin nümayəndə heyətinin təmsil olunduğu konfransda Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Məmmədrəhim Nəcəfov və sədrin müşaviri Elxan Mikayılov iştirak edir. İki gün davam edəcək tədbirin əsas məqsədi "Bir kəmər, bir yol" təşəbbüsündə iştirak edən ölkələr arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın qurulmasıdır. Tədbir çərçivəsində "Bir kəmər, bir yol" təşəbbüsünə daxil olan ölkələr üçün “İdxal və İxracda Qida Təhlükəsizliyi üzrə Əməkdaşlıq Mexanizminin Fəaliyyət Şərtləri” sənədi imzalanıb. Bu sənədlə Azərbaycan, Çinin təşəbbüsü ilə yaradılmış platformaya rəsmi olaraq qoşulub. Sözügedən platforma vasitəsilə iki ölkə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açılıb. Sənədin məqsədi qida təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirmək, idarəetmə və tənzimləmə mexanizmlərinin qarşılıqlı anlaşılmasını təmin etmək, beynəlxalq qaydaların təkmilləşdirilməsini, həmçinin idxal və ixrac proseslərində qida təhlükəsizliyi risklərinin birgə aradan qaldırılmasını təşviq etməkdir. Bu təşəbbüs, “Bir kəmər, bir yol” ölkələri arasında qarşılıqlı etimad, fayda və innovasiya prinsiplərinə əsaslanan əməkdaşlıq platformasının qurulmasına xidmət edir və qida təhlükəsizliyi üzrə effektiv informasiya mübadiləsi, fövqəladə hallara birgə reaksiya və qida ticarətinin təhlükəsiz inkişafını dəstəkləyir.
Rusiyada istehsal olunan bir sıra çay məhsullarında təhlükəli kimyəvi maddələrin aşkarlanması ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırmalar aparılıb. Rusiya istehsalı olan ölkəmizə idxal edilmiş çay brendlərindən - "Greenfield" və "Tess" çeşidlərindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Aparılan müayinələr nəticəsində hər iki çayın sınaq nəticələri qənaətbəxşdir, hər hansı uyğunsuzluq müəyyən edilməyib.
Zoonoz xəstəliklərin baş vermə riskinin aradan qaldırılması və biotəhlükəsizliyin qorunmasına təhlükə hesab ediləcək qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində nəzarət tədbirləri gücləndirilib. Bu məqsədlə vəhşi heyvanların, quşların saxlanıldığı ictimai iaşə müəssisələrində və ailəvi istirahət məkanlarında monitorinqlər aparılır. Onların miqdarı və növləri müəyyən edilir, toplanıb müvafiq tələblər gözlənilməklə təbiət ərazisinə buraxılması və ya heyvan rifahı tələblərinə cavab verən heyvanat parklarına təhvil verilməsi, saxlandığı yerlərdə təmizlənmə, dezinfeksiya və digər baytarlıq-sanitariya tədbirlərinin görülməsi ilə bağlı sahibkarlıq subyektlərinə tapşırıqlar verilir. Tapşırıqlara əməl olunmayacağı təqdirdə qanunvericiliyə uyğun zəruri tədbirlər görüləcəyi diqqətə çatdırılır. Aparılan monitorinqlər zamanı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 2094 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Ələkbərzadə Fərid Fərhad oğluna məxsus “Kolorit” kafesində müəyyən edilmiş baytarlıq nəzarəti olmadan saxlanılan heyvan və quşlar (5 baş göyərçin, 15 baş dovşan, 2 baş xoruz, 4 baş tısbağa) aidiyyəti üzrə təhvil verilib və digər zəruri tədbirlər görülür.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin (“Rosselxoznadzor”) nümayəndələri arasında görüş olub. Onlayn formatda keçirilən görüşdə iki ölkə arasında qida məhsullarının idxal-ixracı sahəsində mövcud vəziyyət nəzərdən keçirilib. Görüşdə məhsulların idxalı zamanı aparılan laborator müayinələrdə tətbiq olunan metodlar, nümunəgötürmə və tədqiqat üsulları diqqətə çatdırılıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çin Xalq Respublikasına (ÇXR) səfərləri ikitərəfli əlaqələrə yeni təkan verib, dövlətlərarası münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan Çin Sədri Si Cinpinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biridir. “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyəti Çinə səfər edib. Məqsəd Azərbaycanın qida məhsullarının ixrac coğrafiyasının şaxələndirilməsidir. Belə ki, dünya bazarında yüksək keyfiyyəti və zəngin dadı ilə seçilən, Azərbaycanda yetişdirilən fındıq və badam artıq Çinə də ixrac olunacaq. Bununla əlaqədar AQTA ilə ÇXR-in Baş Gömrük Administrasiyası arasında keçirilən görüşdə “Azərbaycan Respublikasından Çin Xalq Respublikasına ixrac edilən fındıq və badamın yoxlanılması, karantini və sanitariya tələblərinə dair Protokol” layihəsi imzalanıb. Həmçinin tərəflər “İdxal və İxracda Qida Təhlükəsizliyi sahəsində Əməkdaşlıq Mexanizmi üzrə Sənəd Layihəsi”ni imzalayıblar. Görüşdə quş əti, akvakulturada yetişdirən və vəhşi təbiətdən əldə olunan dəniz məhsulları, albalı, alma, xurma və narın ixracı ilə bağlı məsələlər müzakirə olunub. Əldə olunmuş razılaşmalar Azərbaycan məhsullarının ixracını həyata keçirmək istəyən sahibkarlar üçün geniş imkanlar açır. Qeyd edək ki, AQTA-nın Aparat rəhbəri Məmmədrəhim Nəcəfov və sədrin müşaviri Elxan Mikayılov Şanxayda keçirilən “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində idxal və ixracda qida təhlükəsizliyi sahəsində əməkdaşlığa dair konfransda iştirak edirlər.
Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri davam edir. 300-dən çox bitki növü ilə qidalanan zərərverici payız dövründə fizioloji aktivliyini itirir və bitkilər üçün birbaşa təhlükə yaratmır. Bu mövsümdə qışlamaya üstünlük verdiyi üçün zərərverici əsasən yaşayış evlərində, ictimai-iaşə obyektlərində, təsərrüfat tikililərində və digər qapalı məkanlarda müşahidə olunur. Qida Təhlükəsizliyi Agentliyi və əlaqədar qurumların təmsil olunduğu Regional Əlaqələndirmə Mərkəzləri tərəfindən vəziyyət nəzarətdə saxlanılaraq müvafiq tədbirlər görülür. Lakin yaşayış sahələrində kimyəvi mübarizə tədbirlərinin aparılması insan sağlamlığı üçün risklər yarada bilər. Buna görə də sakinlərin zərərvericiləri mexaniki üsullarla toplayaraq məhv etməsi xüsusilə vacibdir. Qeyd edək ki, beynəlxalq təcrübədə də Qəhvəyi mərmər bağacığı ilə mübarizədə mexaniki üsuldan geniş istifadə olunur. Bura aldadıcı tələlər, süni yaradılmış sığınacaq yerləri daxildir. Bağacıq üçün süni qışlama yerləri əsasən boş karton və ya qəzetlə doldurulmuş adi bir qutudan hazırlanır. Vətəndaşlar Qəhvəyi mərmər bağacığı ilə mübarizədə diqqətli və məsuliyyətli olmalıdırlar. Hazırki qışlama dövründə aparılmalı olan mexaniki yolla mübarizə üsulu zərərvericinin populyasiyasının qarşısını ala bilər.
Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin əməkdaşları tərəfindən cari ilin 9 ayı ərzində Bakı şəhərində keçirilən yoxlamalar zamanı 521 ictimai iaşə müəssisəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Bunlardan insan həyatı və sağlamlığı üçün təhlükə yaradan 23 müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Həmin müəssisələrdən 11-i tam sağlamlaşdırılaraq, yəni qida təhlükəsizliyi tələblərinə uyğunluğu təmin edilərək fəaliyyəti bərpa olunub, 7-də müvafiq tədbirlər görülməkdədir, 5 sahibkar isə həmin obyektdə fəaliyyətini tamamilə dayandırıb. Sözügedən müəssisələr aşağıdakılardır:
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonunun Uğurbəyli kəndində fəaliyyət göstərən, Qəribov Pərviz Tofiq oğluna məxsus “Aristokrat” restoranında yoxlama keçirib. Baxış zamanı restoranın manqal sahəsində tavan və divarların təmirsiz olduğu, müvafiq təmizlik işlərinin görülmədiyi, istifadə edilən masaların dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, məhsulların donunun açılması üçün sahənin mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Aşkar edilmiş nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub və icrası məcburi göstərişlər verilib.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Litva Respublikasının Kaunas, Tauraq, Klayped, Mariyampol bölgələrində, İtaliya Respublikasının Trentino-Alto Adice regionunda, Rumıniyanın Sibiu bölgəsində, Belçika Krallığının Valoniya regionunda, Macarıstanın Zala bölgəsində blutanq xəstəliyi, Amerika Birləşmiş Ştatlarının Minnesota ştatında, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Fermanah və Oma inzibati ərazilərində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq edilib. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyev və Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Sərdar Hacıyev Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinin gedişi ilə tanış olmaq məqsədilə Balakən və Zaqatala rayonlarına səfər edib. Səfər çərçivəsində hər iki qurumun rəhbər şəxsləri yerli təsərrüfatlara baş çəkib, zərərverici ilə mübarizə istiqamətində görülən işlər, tətbiq olunan metodlar və profilaktik tədbirlərin icrası ilə maraqlanıblar. Fermerlərə zərərvericinin yayılmasının qarşısının alınması üçün aparılan müşahidə və maarifləndirmə işləri barədə ətraflı məlumat verilib, vətəndaşlara praktik tövsiyələr təqdim olunub. Qəhvəyi mərmər bağacığının yayılma xüsusiyyətləri, təsərrüfata vurduğu zərərlər və məhv edilmə üsulları barədə maarifləndirici söhbətlər aparılıb. Səfər zamanı Balakən və Zaqatala rayon icra hakimiyyətlərində məsul şəxslərlə də görüş keçirilib, zərərvericiyə qarşı mübarizənin təşkilində yerli idarəetmə orqanlarının və icmaların birgə fəaliyyətinin əhəmiyyəti nəzərə çatdırılıb. Daha sonra rəhbər şəxslər Mazımçay Sərhəd-Gömrük Keçid Məntəqəsində olub. Burada Qəhvəyi mərmər bağacığının ölkə ərazisinə daxil olmasının qarşısının alınması məqsədilə həyata keçirilən fitosanitar nəzarət tədbirləri ilə tanış olublar və sərhəd nəzarətində qabaqlayıcı tədbirlərin vacibliyini qeyd ediblər. Ölkə üzrə fitosanitar sabitliyin təmin olunması, zərərvericinin yayılma ocaqlarının ləğvi və mübarizə tədbirlərinin sistemli şəkildə həyata keçirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Giriş