Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
FHN-in təşkilatçılığı ilə AQTİ-də kompleks təlim keçirilib - VİDEO
FHN-in təşkilatçılığı ilə AQTİ-də kompleks təlim keçirilib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) inzibati binasında fövqəladə hallara hazırlığın artırılması məqsədilə kompleks təlim keçirilib. Təlimin əsas məqsədi əməkdaşlarda fövqəladə hallar zamanı, xüsusilə yanğın və zəlzələ hallarında düzgün davranış vərdişlərinin formalaşdırılması, təhlükəsizlik qaydaları və təxliyə planları ilə bağlı biliklərin möhkəmləndirilməsi olub. Təlimin nəzəri hissəsində FHN-in mütəxəssisləri tərəfindən AQTA və AQTİ kollektivi üçün geniş maarifləndirici sessiya təşkil edilib. FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin böyük təlimatçısı Nizami Fərəcov fövqəladə hallar zamanı davranış qaydaları, yanğınların başvermə səbəbləri və xilasolma yolları barədə ətraflı təqdimatlarla çıxış edib. Təqdimatlar tematik videoçarxlarla müşayiət olunub. Daha sonra şərti yanğın elan edilərək “Həyəcan” siqnalı verilib. Yanğınsöndürən briqada operativ şəkildə hadisə yerinə cəlb olunaraq şərti yanğının söndürülməsi üzrə tədbirlərə başlayıb. Əməkdaşların təxliyəsi təsdiqlənmiş təxliyə planına uyğun olaraq təhlükəsiz və ardıcıl şəkildə həyata keçirilib. Şərti yanğın zamanı “zərərçəkmişlər” binadan müvafiq qaydalara uyğun çıxarılaraq təhlükəsiz zonaya yerləşdirilib və onlara “ilkin tibbi yardım” göstərilib. Təlimin sonunda iştirakçılar və müşahidəçilər tərəfindən təlimin təşkili və icrası yüksək qiymətləndirilib. Qeyd olunub ki, bu cür praktiki təlimlər əməkdaşların fövqəladə hallara operativ reaksiya vermək bacarıqlarını artırmaqla yanaşı, real vəziyyətlərə hazırlıqlı olmalarına mühüm töhfə verir.

AQTA yanında İctimai Şurada təmsil olunmaq üçün 7 şəxsin namizədliyi qeydə alınıb
AQTA yanında İctimai Şurada təmsil olunmaq üçün 7 şəxsin namizədliyi qeydə alınıb

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında İctimai Şuraya (bundan sonra – İctimai Şura) seçkilərin təşkili məqsədilə yaradılmış Seçki Komissiyası (bundan sonra – Seçki komissiyası) tərəfindən verilən elana əsasən, İctimai Şuranın üzvlüyünə namizədlərin qeydiyyatı prosesi başa çatıb. İctimai Şura üzvlüyünə 7 nəfərin namizədliyi qeydə alınıb (siyahı əlavə olunur).  Seçki Komissiyasının qərarına əsasən, İctimai Şura üzvlüyünə seçkilər 2026-cı il 23 yanvar tarixində saat 11:00-dan 15:00-dək Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin inzibati binasında (ünvan: Bakı şəhəri, H.Əliyev pr. 185B) vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda keçiriləcəkdir. Namizədlər gizli səsvermə yolu ilə seçiləcək və səsvermədə iştirak edənlərin yarıdan çoxunun səsini toplamış şəxslər Şuraya üzv seçilmiş hesab olunacaqlar. Birgə yığıncaqda təmsilçilərinin iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutlarından seçki gününə on gün qalanadək (13 yanvar 2026-cı il, saat 18:00-dək) öz təmsilçiləri (1 nəfər olmaqla) haqqında zəruri məlumatları (adı, soyadı, atasının adı, təvəllüdü, yaşayış yeri və əlaqə vasitəsi, həmçinin şəxsiyyət vəsiqəsinin və vətəndaş cəmiyyəti institutunun üzvüdürsə, həmin üzvlüyü təsdiq edən sənədin surəti, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qeyri-kommersiya qurumlarının dövlət reyestrindən çıxarış) shura@afsa.gov.az elektron poçt ünvanına göndərməklə Seçki Komissiyasına təqdim etmələri xahiş olunur. İctimai Şura üzvlüyünə qeydə alınmış namizədlərin siyahısı: 1. Abbasov Pərvin Əkbər oğlu – “AZƏRTAC”ın İnformasiya buraxılışı baş redaksiyasının baş buraxılış redaktoru; 2. Zülfüqarlı Aytac Sədrəddin qızı – “Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək” İctimai birliyinin təsisçisi; 3. Ömərov Asəf Məmməd oğlu – Azərbaycan Diplomatik Akademiyasının nümayəndəsi; 4. Qəniyeva Qalina Sədirovna – Azərbaycan Tibb Universitetinin nümayəndəsi; 5. Abdullayev Elnur Əbdülhüseyn oğlu – “Azərbaycan Bitki Mühafizəsi Vasitələri, Gübrə İstehsalçıları və İdxalçıları Assosiasiyası”nın sədr müavini; 6. Məhərrəmova Mehriban Həmid qızı – Azərbaycan Dövlət İqtisad Universitetinin nümayəndəsi; 7. Qulubəyov Fuad Mamay oğlu     – “Ət və Ət Məhsulları İstehsalçıları” İctimai birliyinin qanuni təmsilçisi.

Video
Nümunəvi heyvan bazarı layihəsinin 3D animasiyası

Nümunəvi heyvan bazarı layihəsinin 3D animasiyası