Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Göygöl rayonunun Quşqara kəndində fəaliyyət göstərən, “Okeanus” MMC-yə məxsus hisə verilmiş balıqların istehsalı sexində yoxlama keçirib. İstehsal obyekti qida təhlükəsizliyi sahəsində təsdiq olunmadan qanunsuz fəaliyyət göstərir. Həmçinin obyektdə sanitar-texniki və sanitar-gigiyenik vəziyyət tələblərə cavab vermir. Baxış zamanı məhsulların çeşidlənməsi, qurudulması və paketlənməsi üçün sahələrin təşkil edilmədiyi, işçi masaların korroziyaya davamlı materialdan təşkil olunmadığı, havalandırma sisteminin quraşdırılmadığı, suyun filtrdən keçirilmədən istehsala verildiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək istehsal sexinə məhdudiyyət tətbiq edilib, icrası məcburi göstərişlər verilib.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağcabədi rayonunun Hacıbədəlli kəndində fəaliyyət göstərən, Abışov Hümmət Xəlil oğluna məxsus pendir sexində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları dondurulub qurudulmuş (sublimasiya edilmiş) məhsullarla bağlı yoxlama keçirib. Yoxlama zamanı "Healthy Chic" MMC-yə məxsus emal müəssisəsində istehsal tarixi qeyd olunmayan emal edilmiş məhsullar və qanunvericiliyə uyğun etiket məlumatları olmayan hazır məhsullar müəyyən edilib. Fiziki şəxs Məmmədov Zaur Bəylər oğluna məxsus “Bizim Çərəz”, fiziki şəxs Əlixanov Elsun Arzu oğluna məxsus "Qozzi" və "Buta Çərəz" MMC-yə məxsus "Buta Çərəz" qida obyektlərində qanunvericiliyə uyğun etiketlənməyən sublimasiya edilmiş məhsulların satışa çıxarıldığı aşkarlanıb. Faktla bağlı sahibkarlıq subyektləri barəsində inzibati protokol tərtib edilib, məhsulların satışının dayandırılması və dövriyyədən çıxarılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib. Nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib. İclasda əvvəlcə İctimai Şuranın sədri, Şuranın sədr müavini və Şuranın katibinin seçilməsi məsələsinə baxılıb. Səsvermə yolu ilə Azərbaycan Dövlət İqtisad Universitetinin nümayəndəsi Mehriban Məhərrəmova Şuranın sədri, media nümayəndəsi Pərvin Abbasov Şuranın sədr müavini, “Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədrinin müavini Aytac Zülfüqarlı isə Şuranın katibi seçilib. İclasda qida təhlükəsizliyi sahəsində hazırda icra edilən və gələcəkdə həyata keçirilməsi planlaşdırılan tədbirlərlə bağlı məsələlər müzakirə olunub. Eyni zamanda, istehlakçılar arasında sağlam qidalanmanın təşviqi, sahibkarlar tərəfindən qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərinə əməl olunmasının vacibliyi, İctimai Şura tərəfindən bir sıra mövzularda maarifləndirmə işlərinə dəstəyin göstərilməsi və ictimaiyyətə zəruri tövsiyələrin verilməsinin önəmi diqqətə çatdırılıb. Daha sonra Şuranın gələcək fəaliyyəti və digər cari məsələlərlə bağlı müzakirələr aparılıb.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Zəngilan rayonunun Ağalı kəndində fəaliyyət göstərən, “Xan Çinar 2020” MMC-yə məxsus çörək və unlu məmulatların emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisədə istifadə müddəti bitmiş bir sıra xammal məhsulları aşkarlanıb. Həmçinin qida məhsullarının donunun açılması prosedurunun normalara uyğun həyata keçirilmədiyi, sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən olunub. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, icrası məcburi göstərişlər verilib. İstehlaka yararsız qida məhsullarının dövriyyədən çıxarılaraq məhv edilməsinə dair müvafiq qərar qəbul edilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyinin nümayəndələri arasında onlayn formatda görüş keçirilib. Görüşdə bioloji aktiv qida məhsulları və qida əlavələri üzrə icazə, qeydiyyat və tənzimləmə mexanizmləri, bu məhsullar üçün Azad Satış Sertifikatının verilməsi prosedurları və səlahiyyətli qurumlar barədə İsrailin təcrübəsi müzakirə olunub. Tərəflər həmçinin pestisid qalıqlarının tənzimlənməsi, o cümlədən aktiv maddə və formulasiya üzrə qeydiyyat prosedurları üzrə təcrübə mübadiləsi aparıblar. Görüşdə yeni növ qida məhsullarının (novel foods) qiymətləndirilməsi zamanı tətbiq edilən elmi risk qiymətləndirilməsi metodologiyaları diqqət mərkəzində olub. İsrailin müvafiq qurumları tərəfindən tətbiq olunan yanaşmalar AQTA-nın mütəxəssisləri ilə paylaşılıb. Eyni zamanda qida təhlükəsizliyi sahəsində rəqəmsal nəzarət mexanizmləri, “ağıllı” yoxlama metodologiyaları, o cümlədən Düzgün İdxalçı Statusu və Onlayn Bəyanetmə Sisteminin tətbiqi üzrə İsraildə mövcud olan təcrübə ilə bağlı müqabil tərəfdən ətraflı məlumat verilib. Sonda bu cür görüşlərin qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi və qida təhlükəsizliyi sahəsində əməkdaşlığın inkişafı baxımından əhəmiyyəti vurğulanıb.
Brusellyoz xəstəliyinə görə epizootoloji şəraitin öyrənilməsi məqsədilə Naxçıvan da daxil olmaqla, respublikanın şəhər və rayonlarının yaşayış məntəqələrində fəaliyyət göstərən südlük təyinatlı iribuynuzlu heyvanların saxlandığı fərdi və fermer təsərrüfatlarında 2026-cı ilin 9-20 fevral tarixlərində seroloji monitorinqlər keçiriləcək. Monitorinqlər çərçivəsində südlük təyinatlı iribuynuzlu heyvanlardan laborator müayinələrin aparılması üçün diaqnostik nümunələr götürüləcək. Habelə təsərrüfatlara ümumi baxış keçirməklə baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görüləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin rayon (şəhər) Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin əməkdaşlarının iştirakı nəzərdə tutulub.
Son dövrlərdə quru dondurma adı altında təqdim edilən və müasir emal texnologiyalarından, o cümlədən liyofilizasiya (freeze-drying) üsulundan istifadə edilməklə istehsal olunan qida məhsullarının satışı həyata keçirilir. Bu proses məhsulun əvvəlcədən dondurulmasından sonra vakuum şəraitində tərkibindəki suyun maye fazaya keçmədən birbaşa buz halından qaz halına çevrilməsi (sublimasiya) prinsipi əsasında həyata keçirilir. Bu texnoloji proses nəticəsində məhsulun maye miqdarı minimuma endirilir, fiziki forması və qida dəyəri isə əsasən qorunub saxlanılır. Sublimasiya prosesi mikrobioloji riskləri azaltsa da, tam aradan qaldırmadığından, bu cür məhsulların təhlükəsizliyinin təmin olunması xammaldan başlayaraq istehsalın bütün mərhələlərində müvafiq gigiyenik tələblərə ciddi riayət edilməsini zəruri edir. Ölkə ərazisində istehsalı geniş şəkildə aparılmayan quru dondurma məhsulları, minimum keyfiyyət və təhlükəsizlik tələblərinə cavab verdikləri, xammalın təhlükəsizliyi təmin olunduğu, istehsal və emal prosesində gigiyenik normalara riayət edildiyi hallarda insan sağlamlığı üçün hər hansı bir təhlükə yaratmır. Qida təhlükəsizliyi sahəsində nəzarət tədbirləri çərçivəsində bu məhsulların idxalı, istehsalı və dövriyyəsi zamanı mövcud qanunvericiliyin tələblərinə uyğunluq təmin edilir, normativ tələblərə cavab verməyən məhsulların dövriyyəsinə yol verilmir və aşkar edilmiş uyğunsuzluqlar üzrə qanunvericiliyə uyğun tədbirlər görülür. AQTA istehlakçıları bu tip məhsulları alarkən etiket məlumatlarına, istehsalçı barədə informasiyaya, istehsal və son istifadə tarixinə, eləcə də saxlanma şəraitinə diqqət yetirməyə çağırır. Qida məhsulları ilə bağlı şübhə doğuran hallarla rastlaşdıqları təqdirdə isə Agentliyin “1003-Çağrı Mərkəzi”nə müraciət etmələri tövsiyə olunur. Daha ətraflı məlumatı videosüjetdən əldə edə bilərsiniz:
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib. Görüşdə Agentlik sədrinin müavini Balarəhim Quliyev öncə 23 yanvar 2026-cı il tarixində keçirilən növbəti seçkilər zamanı AQTA yanında İctimai Şuraya üzv seçilən 7 nəfərə fəaliyyətlərində uğurlar arzulayıb. Yeni formalaşan İctimai Şuranın qida təhlükəsizliyinin təmin edilməsinə, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsinə, müvafiq qərarların qəbuluna, institusional inkişafa əhəmiyyətli töhfə verəcəyinə ümidvar olduğunu bildirib. Görüş zamanı Agentliyin fəaliyyət istiqamətləri, əldə edilən nəticələr, qarşıya qoyulan hədəflər, ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması istiqamətində beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə İctimai Şuranın üzvlərinə geniş məlumat verilib. Tədbirdə çıxış edən İctimai Şura üzvləri səsvermə prosesinin mövcud qanunvericiliyin tələblərinə uyğun təşkil olunmasına, eyni zamanda seçkinin tam şəffaf və ədalətli keçirilməsinə görə AQTA rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Eləcə də ölkədə qida təhlükəsizliyinin təmin olunması istiqamətində səlahiyyətləri çərçivəsində bütün səylərini səfərbər edəcəklərini vurğulayıblar.
Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin müfəttişləri Şəki rayonunun İnçə və Zunud kəndlərində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin müəllim kollektivləri ilə qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə maarifləndirici görüşlər keçirib. Görüşlərdə kənd təsərrüfatına və ətraf mühitə ziyan vuran qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinin əhəmiyyəti diqqətə çatdırılıb. Zərərvericinin bioloji xüsusiyyətləri, yayılma arealı, kənd təsərrüfatı bitkilərinə vurduğu ziyan, eləcə də onunla mübarizə üsulları barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, qış dövrü qəhvəyi mərmər bağacığına qarşı mexaniki mübarizə tədbirlərinin aparılması üçün ən əlverişli mərhələ hesab olunur. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, maarifləndirici kitabçalar paylanılıb.
Bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin istehsalı, idxalı, saxlanması, satışı və istifadəsi sahəsində fəaliyyət göstərən şirkətlərin üzləşdiyi aktual məsələlərin və mövcud çətinliklərin müzakirəsi, eyni zamanda bu sahədə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyində sahibkarlarla görüş keçirilib. Görüş zamanı pestisid və aqrokimyəvi maddələrin dövriyyəsində təhlükəsizliyin təmin olunması, qanunvericiliyin tələblərinə riayət edilməsinin vacibliyi və nəzarət tədbirləri barədə ətraflı məlumat verilib. Preparatların anbarlarda qalıq miqdarına dair statistik hesabatların vaxtında və düzgün təqdim edilməsi, anbarlarda saxlanma və təhlükəsizlik qaydalarına əməl olunması, preparatların açıq halda satışına yol verilməməsi, yalnız müvafiq rəy verilmiş anbarlardan istifadə olunması ilə bağlı tələblər sahibkarların diqqətinə çatdırılıb. Bildirilib ki, istifadəyə yararsız və yararlılıq müddəti bitmiş preparatlarla bağlı inventarlaşdırma komissiyasına müraciət edilməsi vacibdir, idxal olunan məhsulların laborator nəticələr əldə edilmədən dövriyyəyə buraxılması isə yolverilməzdir. Azərbaycan dilində etiketləmə tələblərinə və preparatların tətbiqi zamanı normativ tələblərə (məsarif norması, preparatın son tətbiqi ilə məhsul yığımı arasında gözləmə müddətinin nəzərə alınması və s.) ciddi əməl olunmalı, məhsulların fiziki-kimyəvi göstəricilərində dəyişiklik baş verdikdə Agentliyə əvvəlcədən məlumat verilməlidir.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən həyata keçirilən “Ulduz-reytinq” layihəsi çərçivəsində “Intercontinental Hotel Baku” nəzdində fəaliyyət göstərən “Xəmsə” restoranında qiymətləndirmə aparılıb. Nəticələrə əsasən, müəssisədə qida təhlükəsizliyi tələblərinin yüksək səviyyədə tətbiq olunduğu müəyyən edilib və ölkədə ilk dəfə bir otelin nəzdində fəaliyyət göstərən restorana “5 ulduz” sertifikatı təqdim olunub. “Ulduz-reytinq” layihəsi çərçivəsində ictimai iaşə müəssisələrinin qida təhlükəsizliyi, xidmət keyfiyyəti, fəaliyyət standartlarına uyğunluğu sistemli şəkildə ölçülərək qiymətləndirir və müvafiq olaraq 3, 4 və 5 ulduzla qiymətləndirilir. Bu yanaşma həm ictimai iaşə obyektləri üçün keyfiyyət göstəricisi sayılır, həm də yerli və xarici müştərilər üçün daha etibarlı seçim imkanı yaradır. Layihə çərçivəsində indiyədək 100-dən çox müraciət daxil olub, qiymətləndirmə nəticələrinə əsasən 4 restorana ən yüksək göstərici olan “5 ulduz” sertifikatı təqdim edilib. Qeyd edək ki, qiymətləndirmə prosesi sahibkarların könüllü müraciəti əsasında həyata keçirilir. Bunun üçün iaşə obyektləri info@afsi.gov.az elektron poçt ünvanına rəsmi müraciət göndərməlidirlər. İctimai iaşə obyektlərinin risk göstəriciləri əsasında reytinqini müəyyənləşdirmək və “Ulduz-reytinq” layihəsi barədə daha ətraflı məlumat almaq istəyən sahibkarlar “1003-Çağrı Mərkəzi”nə zəng edə bilərlər.
Giriş