AQTA-nın sədr müavini Əziz Şərifov media nümayəndələrinin diqqətinə çatdırıb ki, Azərbaycandan İsrailə dondurma, makaron məmulatları, alkoqollu içkilər, meyvə şirələri bir sıra məhsulların ixracı üzrə icazələrin davamlılığı təmin edilib. Hazırda isə alma, armud, şaftalı, nektarin, heyva kimi bitkiçilik məhsulları və eyni zamanda baytarlıq nəzarətində olan ərzaqlıq yumurta, balıq, ət və süd məhsullarının ixracı üzrə icazələrin əldə olunması istiqamətində qarşı tərəf ilə intensiv işlər aparılır. Yüksək riskli məhsullar hesab edilən balıq kürüsü, ərzaqlıq və damazlıq yumurtanın BƏƏ-yə ixracının davamlılığı təmin edilib, BƏƏ-nin nümayəndələri keçirilən görüşlərin və aparılan işlərin nəticəsi olaraq, ət və ət məhsulları, süd və süd məhsulları, dəniz məhsulları, bal və digər arıçılıq məhsulları üzrə baytarlıq sertifikatları razılaşdırılıb, həmin məhsulların eləcə də diri iri və xırda buynuzlu heyvanların ixracı üzrə müvafiq razılıq əldə olunub. Qeyd edək ki, bu tədbirlər Azərbaycan sahibkarlarının fəaliyyətini daha da stimullaşdırır.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 2025-ci il üzrə fəaliyyətinin yekunlarına həsr olunan mətbuat konfransı keçirilib. AQTA-nın sədr müavini Əziz Şərifov ötən il ərzində Agentliyin əsas fəaliyyət istiqamətləri barədə məlumat verib. Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, qida zəncirində risk əsaslı dövlət nəzarətinin əhatə dairəsi genişləndirilib, saxta və təhlükəli məhsulların dövriyyədən çıxarılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Bununla yanaşı, laborator müayinələr gücləndirilib, idxal və ixrac proseslərində beynəlxalq standartlara uyğunlaşma təmin olunub, elektron nəzarət sistemləri tətbiq edilib və yerli məhsullar üçün yeni bazarlara çıxış imkanları yaradılıb. Qeyd olunub ki, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın icrası uğurla yekunlaşıb, növbəti dövrü əhatə edən yeni Dövlət Proqramı hazırlanıb. “Bitki sağlamlığı haqqında” və “Heyvan sağlamlığı haqqında” qanun layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim olunub. Qida təhlükəsizliyi sahəsində mövcud normativ bazaya dəyişikliklər edilib, 10-a yaxın yeni sanitariya norma və qaydalar hazırlanıb. Xüsusi həssas qruplar üçün 1994-cü ildən bəri istifadə olunan normalar yenilənib və Nazirlər Kabinetinin 2025-ci il 21 oktyabr tarixli 314 nömrəli Qərarı ilə tibb, təhsil və sosial müəssisələrdə istifadə üçün təsdiq edilib. Əziz Şərifov qida zənciri üzrə dövlət nəzarətinin nəticələrinə dair statistik göstəriciləri diqqətə çatdırıb. Bildirib ki, 2025-ci ildə 4 304 müəssisədə yoxlama aparılıb və 3 739 müəssisədə uyğunsuzluq aşkarlanıb. Qanunvericiliyin tələblərinə əsasən, tədbirlər görülüb. Eyni zamanda 7 halda kərə yağı adı altında bitki tərkibli yağların satışı faktı aşkar edilərək istehlakçıların aldadılmasının qarşısı alınıb. 561 dönərxana və 21 çiy dönər emalı müəssisəsində nəzarət tədbirləri həyata keçirilib, 373 dönərxanada və 18 çiy dönər emalı müəssisəsində nöqsanlar aşkar edilib. 497 müəssisədən 600 nümunə götürülərək müayinəyə cəlb olunub, 107 müəssisəyə məxsus 122 nümunədə uyğunsuzluq aşkarlanıb. Yoxlamalar zamanı mal əti adı ilə satılan məhsullardan götürülən nümunələrdə bir sıra hallarda at və camış ətinin DNT-si aşkarlanıb. İstehlakçıları aldatmaq məqsədilə “kənd toyuğu” görüntüsü yaratmaq üçün sintetik boyaq maddələrindən istifadə edilərək toyuqların süni şəkildə sarı rəngə boyanması faktlarının qarşısı alınıb. Bəzi məhsullarda dadlandırıcı maddələrin normadan artıq istifadəsi halları müəyyən edilərək müvafiq tədbirlər görülüb. Ov ətlərindən qanunsuz istifadə faktlarına da rast gəlinib. Hətta 7 obyektdə “Qırmızı kitab”a daxil edilmiş oxlu kirpi və turac ətlərinin satışa və ya istifadəyə cəlb edilməsi aşkarlanıb və qanunvericiliyə uyğun tədbirlər həyata keçirilib. Eyni zamanda Agentlik İDEA İctimai Birliyi ilə birgə aparılan monitorinqlərdə vəhşi heyvanların və quşların ictimai iaşə müəssisələrində qanunsuz saxlanılması və nümayiş etdirilməsi faktları aşkar edilib. AQTA-nın sədr müavini Əziz Şərifov bildirib ki, heyvanların bu cür şəraitdə saxlanılması və nümayiş etdirilməsi vətəndaşların zoonoz xəstəliklərinə yoluxması riskləri yaradır. Ötən il ərzində alkoqollu içkilərin dövriyyəsi üzrə aparılan nəzarət tədbirlərində ümumilikdə müxtəlif növ 8 197 ədəd saxta alkoqollu içki aşkarlanaraq satışdan kənarlaşdırılıb və zəruri tədbirlər görülüb. Əziz Şərifov bildirib ki, ölkəmizə il ərzində 107 ölkədən müxtəlif növ qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətə dair məhsullar idxal olunub. İdxal zamanı 787 uyğunsuzluq halı aşkarlanıb, təhlükəsizlik və keyfiyyət göstəricilərinə cavab verməyən 2 min ton və 308 min ədəd məhsulun dövriyyəyə buraxılmasının qarşısı alınıb. Yoxlamalar zamanı tərkibində qadağan edilən maddə aşkar olunan energetik içkilər, uyğunsuzluq aşkar edilən uşaq qidası, eləcə də təhlükəsizlik göstəricilərinə görə uyğunsuzluq müəyyən edilmiş ət və ət məhsulları, quş əti, bitkiçilik məhsulları, qənnadı məmulatları və digər məhsullar məhv edilib. 7 müxtəlif ölkənin 19 istehsalçı müəssisəsindən Azərbaycan Respublikasına məhsul idxalına qadağa tətbiq olunub. Görülən məqsədyönlü işlərin nəticəsi olaraq hazırda Azərbaycandan dünyanın 73 ölkəsinə qida, baytarlıq və fitosanitar nəzarətində olan məhsulların ixracı həyata keçirilir. 2025-ci ildə idxalçı ölkələrin tələbləri nəzərə alınmaqla 1 milyon tona yaxın bitkiçilik, 103 milyon ədəddən çox heyvan mənşəli, eləcə də 28 min tona yaxın müxtəlif növ emal olunmuş qida məhsullarına nəzarət beynəlxalq standartların tələblərinə uyğun olaraq həyata keçirilərək ixracı təşkil edilib. Bitkiçilik məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 23 faizdən çox artıb və rekord həcmdə, 187,5 min ton xurma məhsulu idxalçı ölkənin tələblərinə uyğunlaşdırmaqla ixrac edilib. Avropa İttifaqı ölkələrinə kürü məhsulunun ixracı üçün icazənin davamlılığı təmin edilib, akvakulturada yetişdirilən balıqların ölkəmizdən Avropa İttifaqına ixracına dair müvafiq icazə alınıb və balıq məhsulları dünyanın bir sıra ölkələrinə ixrac olunub. Ölkəmizin quş qripi xəstəliyindən azad statusu qorunduğu üçün ABŞ və BƏƏ də daxil olmaqla bir sıra ölkələrə, ümumilikdə 90 milyondan çox ərzaqlıq yumurta ixrac olunub. Balıq məhsullarının Böyük Britaniyaya ixracına icazənin əldə olunması üçün intensiv işlər davam etdirilir. Hesabat ilində Çinə bitkiçilik məhsullarından fındıq və badam üçün ixrac icazələri alınıb. 2025-ci il 20 oktyabr tarixində Agentliyin Çinin CIFER (Çinə Qida Məhsulları İdxal edən Müəssisələrin Qeydiyyatı Sistemi) sistemində qeydiyyatı uğurla tamamlanıb və Agentliyə giriş məlumatları təqdim edilib. Ölkəmizdən İsrailə dondurma, makaron məmulatları, alkoqollu içkilər, meyvə şirələri və bir sıra digər məhsulların ixracı üzrə icazələrin davamlılığı təmin edilib. AQTA-nın sədr müavini bildirib ki, qida təhlükəsizliyi dövlət, sahibkar və istehlakçı arasında qarşılıqlı etimad və əməkdaşlıq üzərində qurulan sistemdir. Bu sistemin effektivliyi hər üç tərəfin məsuliyyətli davranışından asılıdır. Burada sahibkarların da üzərinə xüsusi məsuliyyət düşür. Sahibkarlar məhsulların təhlükəsizlik və keyfiyyət göstəricilərinə diqqət yetirməklə yanaşı, beynəlxalq ticarət tələblərini nəzərə alaraq, xüsusilə qablaşdırma, etiketlənmə və daşınma şərtlərinə ciddi şəkildə əməl etməlidirlər. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə heyətinin sədri Əli Nəbiyev isə bildirib ki, ötən il AQTİ-nin 17 laboratoriyasında 759 mindən artıq müayinə həyata keçirilib və 50 yeni müayinə metodu tətbiq olunub. Bununla da metodların sayı 990-a çatıb. Nəticələrimizin etibarlılığı Almaniya, Türkiyə, Fransa, Böyük Britaniya və Niderlandın beynəlxalq səviyyədə tanınmış nüfuzlu qurumları tərəfindən təşkil olunan səriştəlik sınaqlarında təsdiqlənib. Əli Nəbiyev bildirib ki, 2025-ci ildə "1003 – Çağrı Mərkəzi"nə daxil olan müraciətlər əsasında aparılan araşdırmalar nəticəsində 51 qida zəhərlənməsi faktı təsdiqlənib. Ümumilikdə 401 zərərçəkən qeydə alınsa da ölüm faktı olmayıb. Təhlillərə görə zəhərlənmələrin 65%-i məişət zəminində baş verib. Əsas səbəblər isə məişət şəraitində hazırlanan konservləşdirilən məhsullar, qarışıq qidalar və ictimai iaşədə dönər məhsulları olub. Ə. Nəbiyev xüsusi olaraq vurğulayıb ki, bəzi hallarda mediada qeyri-peşəkar şəxslər tərəfindən qida zəhərlənmələri ilə bağlı təhrif olunmuş statistik məlumatlar paylaşılır. Diqqətə alınmalıdır ki, qida zəhərlənməsinin diaqnostikası yalnız laborator şəraitdə təsbit edilə bilər. AQTİ-nin İdarə heyətinin sədri Əli Nəbiyev bildirib ki, 2025-ci ildə AQTİ-nin "Halal" uyğunluq sertifikatlaşdırması genişləndirilib, ölkədə ilk dəfə tətbiq edilən "Ulduz-reytinq" layihəsi çərçivəsində isə artıq 3 restoran (Manqal, Dukkan, Çinar) "5 ulduz" sertifikatına layiq görülüb. AQTA və AQTİ ISO 9001:2015 – “Keyfiyyət İdarəetmə Sistemi. Tələblər” standartı üzrə sertifikatla təltif olunub. Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) 15 yeni funksionallıq istifadəyə verilib. İdentikləşdirilmiş heyvanların sayında isə 26.2% artım müşahidə olunub və bu günə qədər HİQS-də 869 773 baş heyvan qeydiyyata alınıb. Daha sonra media nümayəndələrinin sualları cavablandırılıb.
Qida təhlükəsizliyi və şəxsi gigiyena qaydalarına əməl olunmaması bəzi hallarda xoşagəlməz nəticələrə gətirib çıxarır. 2025-ci il ərzində "1003 – Çağrı Mərkəzi"nə daxil olan müraciətlər əsasında aparılan araşdırmalar nəticəsində 51 qida zəhərlənməsi faktı təsdiqlənib. Bu hadisələrdə ümumilikdə 401 zərərçəkən qeydə alınıb. Ölüm faktı qeydə alınmayıb. Təhlillər göstərir ki, zəhərlənmələrin 65%-i məişət zəminində baş verib. Əsas səbəblər isə məişət şəraitində hazırlanan konservləşdirilən məhsullar, qarışıq qidalar və ictimai iaşədə dönər məhsulları olub. Bu fikirləri Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 2025-ci ildə fəaliyyətinə həsr olunmuş brifinqdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə heyətinin sədri Əli Nəbiyev deyib. Ə. Nəbiyev xüsusi olaraq vurğulayıb ki, bəzi hallarda mediada qeyri-peşəkar şəxslər tərəfindən qida zəhərlənmələri ilə bağlı təhrif olunmuş statistik məlumatlar paylaşılır. Diqqətə alınmalıdır ki, qida zəhərlənməsinin diaqnostikası yalnız laborator şəraitdə təsbit edilə bilər. Bu zaman şəxsin qusuntu kütləsindən və ya digər bioloji materialından nümunə götürülərək laborator tədqiqatı aparılmalıdır. Əks halda baş vermiş hər hansı sağlamlıq, o cümlədən mədə-bağırsaq pozğunluğunun qida zəhərlənməsi kimi qələmə verilməsi yanlışdır.
2025-ci ildə AQTİ-nin 17 laboratoriyasında 759 mindən artıq müayinə həyata keçirilib və 50 yeni müayinə metodu tətbiq olunub. Bununla da metodların sayı 990-a çatıb. Nəticələrimizin etibarlılığı Almaniya, Türkiyə, Fransa, Böyük Britaniya və Niderlandın beynəlxalq səviyyədə tanınmış nüfuzlu qurumları tərəfindən təşkil olunan səriştəlik sınaqlarında təsdiqlənib. Hazırda laboratoriyamız milli, o cümlədən 3 sınaq laboratoriyamız beynəlxalq (DAkkS və TÜRKAK) akkreditasiyadan keçib. İnstitut tərəfindən ötən ildən etibarən qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəricilərinin təmin olunması məqsədilə “Rəf ömrünün təyini” sınaqları həyata keçirilir. Sınaqlar nəticəsində məhsulun nə qədər müddətdə həm təhlükəsiz, həm də keyfiyyətli saxlanılması müəyyən oluna bilir. Bu fikirləri Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 2025-ci ildə fəaliyyətinə həsr olunmuş brifinqdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə heyətinin sədri Əli Nəbiyev deyib.
Aparılan yoxlamalar zamanı mal əti adı ilə satışa təqdim olunan məhsullardan götürülmüş nümunələrdə bir sıra hallarda at və camış ətinə məxsus DNT-nin mövcudluğu aşkar edilib. İstehlakçıları aldatmaq məqsədilə “kənd toyuğu” görüntüsü yaratmaq üçün sintetik boyaq maddələrindən istifadə edilərək toyuqların süni şəkildə sarı rəngə boyanması faktlarının qarşısı alınıb. Eyni zamanda bəzi məhsullarda dadlandırıcı maddələrin normadan artıq istifadəsi halları müəyyən edilərək müvafiq tədbirlər görülüb. Bundan başqa, ov ətlərindən qanunsuz istifadə faktlarına da rast gəlinib. Hətta 7 obyektdə “Qırmızı kitab”a daxil edilmiş oxlu kirpi və turac ətlərinin satışa və ya istifadəyə cəlb edilməsi aşkarlanıb, qanunvericiliyə uyğun tədbirlər həyata keçirilib. Bu fikirləri Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 2025-ci ildə fəaliyyətinə həsr olunmuş brifinqdə Agentliyin sədr müavini Əziz Şərifov səsləndirib.
Zaqatalada dövlət qurumlarının iştirakı ilə qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınmasına həsr olunmuş tədbirlər müzakirə olunub. Zaqatala rayonunun Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Balakən, Zaqatala və Qax rayon icra hakimiyyətlərinin rəhbərləri, Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları və bitki mühafizəsi sahəsində çalışan mütəxəssislər iştirak ediblər. Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, xatirəsi ehtiramla yad edilib. Tədbirdə bitki zərərvericilərinə, o cümlədən qəhvəyi mərmər bağacığına qarşı sistemli mübarizə tədbirləri barədə məlumat verilib. Bu istiqamətdə görülən işlərdən danışılıb. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxışında qəhvəyi mərmər bağacığının kənd təsərrüfatı bitkiləri və ekosistem üçün ciddi təhlükə yaratdığını vurğulayıb. Bildirib ki, zərərvericinin yayılma arealının müəyyənləşdirilməsi, mübarizə tədbirlərinin təşkili və maarifləndirmə işləri üzrə aidiyyəti qurumların iştirakı ilə mütəmadi monitorinqlər aparılır. 2025-ci ildə bu monitorinqlər 32 rayonu əhatə edib və ən yüksək sirayətlənmə Balakən, Zaqatala və Qax rayonlarında müşahidə olunub. Mübarizə tədbirlərinin effektivliyinin artırılması üçün yerlərdə ixtisaslaşmış mübarizə dəstələrinin formalaşdırılması, özəl sektorun prosesə cəlb edilməsi, bioloji mübarizə üsullarının tətbiqi, əkin sahələri və kənd ətrafı meşəliklərin vegetasiya dövründə dərmanlanması vacibdir. Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov qəhvəyi mərmər bağacığının ekoloji baxımdan təhlükəli zərərverici olduğunu qeyd edərək, nazirliyin yerli qurumlarının meşəlik və meşəətrafı ərazilərdə digər qurumlarla birgə mütəmadi tədbirlər həyata keçirdiyini bildirib. O, miqrasiya dövründə sərhəd bölgələrində zərərvericinin operativ izlənməsi məqsədilə Dövlət Sərhəd Xidməti əməkdaşlarının qərargah toplantılarına cəlb edilməsinin vacibliyini vurğulayıb. Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev Regional Əlaqələndirmə Mərkəzlərinin qəhvəyi mərmər bağacığına qarşı mübarizə çərçivəsində gördüyü işlər barədə məlumat verib, keçirilən görüşlər və həyata keçirilən tədbirlər haqqında hesabat təqdim edib. Sonda qərargahların fəaliyyətinin gücləndirilməsi ilə bağlı təkliflər səsləndirilib. 2026-cı ildə qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinin təşkili ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
AQTA-nın sədr müavini Əziz Şərifov dövlət nəzarəti çərçivəsində görülən işlərin statistikasını açıqlayıb. Bildirib ki, 2025-ci il ərzində 4 304 müəssisədə yoxlama aparılıb, 3 739 müəssisədə uyğunsuzluqlar aşkarlanıb və qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Eyni zamanda 7 fakt üzrə kərə yağı adı altında bitki tərkibli yağların satışı müəyyən edilib və istehlakçıların aldadılmasının qarşısı alınıb. Bundan əlavə, 561 dönərxanada və 21 çiy dönər emalı müəssisəsində nəzarət tədbirləri həyata keçirilib. Yoxlamalar zamanı 373 dönərxanada və 18 çiy dönər emalı müəssisəsində müxtəlif nöqsanlar aşkar edilib. Ümumilikdə 497 müəssisədən 600 nümunə götürülərək laborator müayinələrə cəlb olunub. Nəticələrə əsasən, 107 müəssisəyə məxsus 122 nümunədə normativ tələblərə uyğunsuzluq müəyyən edilib.
Ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün icra olunan Dövlət Proqramının monitorinqi aparılıb, icra göstəricisi 92 faiz səviyyəsində qiymətləndirilib. Növbəti dövr üçün yeni Dövlət Proqramı hazırlanır. Bu fikirləri Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 2025-ci ildə fəaliyyətinə həsr olunmuş brifinqdə Agentliyin sədr müavini Əziz Şərifov deyib. Sədr müavini qanunvericilik və tənzimlənmə sahəsində görülən işlər barədə media nümayəndələrinə məlumat verib. Bildirib ki, “Bitki sağlamlığı haqqında” Qanun layihəsi hazırlanıb və razılaşdırma mərhələsindədir, “Heyvan sağlamlığı haqqında” Qanun layihəsi hazırlanaraq hüquqi ekspertizadan keçirilib. Eyni zamanda qida təhlükəsizliyi sahəsində mövcud normativ bazaya dəyişikliklər edilib, 10-a yaxın yeni sanitariya norma və qaydalar hazırlanıb. 30 ildən sonra 1994-cü ildən bəri istifadə olunan xüsusi həssas qruplar üçün normalar yenilənib və Nazirlər Kabinetinin 2025-ci il 21 oktyabr tarixli 314 nömrəli Qərarı ilə tibb, təhsil və sosial müəssisələrdə istifadə üçün təsdiq edilib.
2026-cı il 23 yanvar tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında İctimai Şuranın üzvlərini müəyyənləşdirmək məqsədilə seçki keçirilib. Səsvermə prosesinin mövcud qanunvericiliyin tələblərinə əsasən təşkilini, eyni zamanda tam şəffaf və ədalətli keçirilməsini təmin etmək məqsədilə, bütün lazımi sənədləri özündə ehtiva edən məlumat lövhələri, səsvermə qutusu və digər zəruri avadanlıqlarla təmin edilmiş seçki otağı hazırlanıb. Səsvermə prosesində qeydiyyatdan keçmiş vətəndaş cəmiyyəti institutunun nümayəndələri iştirak edib. Səsvermənin nəticələrinə əsasən, namizədliyi irəli sürülmüş aşağıda adları qeyd olunan 7 namizəd İctimai Şuranın üzvü seçilib. 1. Abbasov Pərvin Əkbər oğlu – Media nümayəndəsi; 2. Zülfüqarlı Aytac Sədrəddin qızı – “Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədrinin müavini; 3. Ömərov Asəf Məmməd oğlu – Azərbaycan Diplomatik Akademiyasının nümayəndəsi; 4. Qəniyeva Qalina Sədirovna – Azərbaycan Tibb Universitetinin nümayəndəsi; 5. Abdullayev Elnur Əbdülhüseyn oğlu – “Azərbaycan Bitki Mühafizəsi Vasitələri, Gübrə İstehsalçıları və İdxalçıları Assosiasiyası”nın sədr müavini; 6. Məhərrəmova Mehriban Həmid qızı – Azərbaycan Dövlət İqtisad Universitetinin nümayəndəsi; 7. Qulubəyov Fuad Mamay oğlu – “Ət və Ət Məhsulları İstehsalçıları” İctimai Birliyinin qanuni təmsilçisi. Qeyd edək ki, İctimai Şura mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığı, ictimai nəzarətin həyata keçirilməsi, dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasını təmin etmək məqsədilə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq yaradılan məşvərətçi qurumdur.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağdam rayonu, Qaradağlı kəndində fəaliyyət göstərən, Məmmədov Ramiz Qəzənfər oğluna məxsus “Ağdam” şadlıq evində yoxlama keçirib. Baxış zamanı şadlıq evində sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub və icrası məcburi göstərişlər verilib, nöqsanlar aradan qaldırılanadək ictimai iaşə müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Sosial şəbəkədə saxta, süni krevetkaların satışının həyata keçirilməsi barədə yayılan məlumatla bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırma aparılıb. İstehlakçıdan əldə edilən məlumat əsasında məhsulun Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi, 3 mkr, ev 5A ünvanında fəaliyyət göstərən, fiziki şəxs Qasımov Tamerlan Şükrət oğluna məxsus “Krevetka” mağazasından alındığı və müvafiq idxal sağlamlıq aktı ilə təmin edildiyi məlum olub. Məhsulun satışının həyata keçirildiyi qida obyektində plandankənar yoxlama keçirilib. Baxış zamanı yayılan videoməlumatdakı məhsulla eyni əmtəə nişanlı ümumi çəkisi 28 kq dondurulmuş (soyulmuş, kəsilmiş) krevetka məhsulu müəyyən edilib. Mikrobioloji və tərkib elementlərinin yoxlanılması məqsədilə məhsuldan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Yoxlama zamanı qida obyektində müvafiq icazə sənədləri olmayan və qanunvericiliyin tələblərinə uyğun etiket və markalanma ilə təmin edilməyən ümumi çəkisi 30 kq yerli krevetka məhsulu da aşkarlanaraq satışdan kənarlaşdırılıb. Nöqsanlarla bağlı mağaza rəhbərliyi barəsində inzibati protokol tərtib edilib. Araşdırmalar davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcək.
Ağcabədi rayonu, Rəncbərlər kəndi ərazisində yerləşən heyvan bazarının fəaliyyətinə icazə verilib. Belə ki, bazarda asfalt-beton örtüyü salınıb, heyvanların rahat və təhlükəsiz hərəkəti üçün rampalar və çardaqlar quraşdırılıb və baytar həkimin nəzarəti üçün məntəqə tikilib. Eyni zamanda, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazarın giriş və çıxış qapısında dezbaryerlər, həmçinin yem anbarı, iri və xırdabuynuzlu heyvanların satış sahələri yenidən qurulub. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Qeyd edək ki, bundan öncə İmişli, Şamaxı, Göyçay, Salyan, Göygöl və Bərdə heyvan bazarları fəaliyyətə başlayıb. Daha ətraflı məlumatı videosüjetdən əldə edə bilərsiniz:
Giriş