Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
Amerika ağ kəpənəyinin yayılmasının qarşısının alınması zəruridir
Amerika ağ kəpənəyinin yayılmasının qarşısının alınması zəruridir

Amerika ağ kəpənəyi respublika ərazisində məhdud dairədə yayılan, karantin tətbiq edilən zərərvericidir. Azərbaycanda Bakı, Abşeron-Xızı, Quba-Xaçmaz, Lənkəran-Astara və Şəki-Zaqatala iqtisadi rayonlarının bəzi ərazilərində rast gəlinir. İqlimə uyğun olaraq il ərzində bir neçə nəsil verə bilir. Zərərvericinin sürfələri yarpaq ayasının əsas toxuması ilə qidalanaraq bitkinin yaşıl kütləsinə ziyan vurur. Meyvə bitkilərinə vurduğu ziyan isə məhsul itkisi ilə nəticələnir. Üçüncü yaş mərhələsində olan sürfələr bir neçə yarpağı bir-birinə bağlayaraq tor yuvalar qurub, sürü halında yayılır və budaqdan budağa keçir. Beşinci yaş mərhələsindən etibarən sərbəst həyat tərzinə qayıdırlar. Azərbaycan şəraitində əsasən tut ağacına ziyan vurur. Amerika ağ kəpənəyinə qarşı aparılan fitosanitar tədbirlərin əsas məqsədi zərərvericinin  sayını azaltmaqdır. Ən təhlükəsiz mübarizə üsulları park, yol kənarı və həyət sahələrində  torlar olan budaqları kəsmək və yandırmaq, tırtılları mexaniki yolla məhv etməkdir. Zərərvericidən qorunmaq üçün payız və erkən yaz dövründə meyvə ağaclarının ölmüş qabıqlardan təmizlənməsi, gövdənin əhənglənməsi, bitki qalıqlarının toplanması və məhv edilməsi, meyvə bağlarında və həyətyanı sahələrdə isə ağacların çətirləri altında torpağın şumlanması işləri yerinə yetirilməlidir. Amerika ağ kəpənəyinin yayılmasının qarşısının alınmasında hər kəsin iştirakı vacibdir. Zərərvericini mexaniki yolla məhv etmək mümkün olmadıqda, aidiyyəti qurumlara məlumat verilməsi xahiş olunur.

Qəhvəyi mərmər bağacığı ilə bağlı mübarizə tədbirləri davam edir
Qəhvəyi mərmər bağacığı ilə bağlı mübarizə tədbirləri davam edir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qəhvəyi mərmər bağacığı ilə bağlı monitorinq və mübarizə tədbirləri elmi əsaslara uyğun şəkildə, zərərvericinin biologiyasına uyğun olaraq mərhələli şəkildə davam etdirilir. Payız mövsümündə qışlamaya üstünlük verdiyi üçün bu zərərverici əsasən yaşayış evlərində, ictimai-iaşə obyektlərində, təsərrüfat tikililərində və digər qapalı məkanlarda müşahidə olunur. Məlumdur ki, qəhvəyi mərmər bağacığı Gürcüstan Respublikasının Azərbaycanla həmsərhəd bölgələrində geniş yayılıb və beynəlxalq mənbələrə əsasən, 2016-cı ildə həmin ölkədə fındıq istehsalına 53–69 milyon ABŞ dolları həcmində iqtisadi ziyan vurub. Gürcüstanda aparılan elmi müşahidələr və mübarizə tədbirləri göstərir ki, zərərverici sentyabr ayının sonlarından etibarən qışlama üçün sığınacaq axtarmağa başlayır ki, bu da onun Azərbaycan ərazilərinə doğru miqrasiyasını sürətləndirir. Son günlər ölkənin müxtəlif bölgələrindən ictimai-iaşə obyektlərində, yaşayış evlərində, təsərrüfat tikililərində, anbarlarda və digər qapalı məkanlarda bu zərərvericiyə daha tez-tez rast gəlinməsi də bununla bağlıdır. Qeyd olunmalıdır ki, qəhvəyi mərmər bağacığı payız dövründə fizioloji aktivliyini itirir, qidalanmır və bitkilər üçün birbaşa təhlükə yaratmır. Lakin qapalı məkanlarda çoxlu sayda toplanması onun populyasiyasının qorunub saxlanmasına və növbəti vegetasiya dövrlərində ciddi iqtisadi risklərin yaranmasına səbəb olur. Bu baxımdan, sahibkarların, fermerlərin və vətəndaşların öz evlərində və təsərrüfat sahələrində aktiv müşahidə aparmaları, zərərvericini fiziki üsullarla toplamaqla məhv etmələri xüsusilə vacibdir. Təkcə dövlət qurumlarının səyləri ilə bu zərərverici ilə mübarizəni tam nəzarətdə saxlamaq mümkün deyil. Cəmiyyətin iştirakı olmadan geniş yayılmanın qarşısını almaq çətinləşir, bu isə növbəti mövsümlərdə kənd təsərrüfatına ciddi ziyan vura bilər. Zərərvericinin qapalı məkanlarda çoxalmasının qarşısı vaxtında alınmazsa, onun təbiətə qayıtdıqdan sonra sürətlə çoxalması və məhsuldarlığa mənfi təsir göstərməsi qaçılmazdır. Bu səbəbdən, hər kəsin bu prosesə məsuliyyətlə yanaşması, sadə və effektiv tədbirlərlə (məsələn, toplayıb məhv etməklə) iştirak etməsi vacib hesab olunur. AQTA bu istiqamətdə monitorinq, elmi qiymətləndirmə və maarifləndirmə tədbirlərini mərhələli şəkildə davam etdirir və zərərvericinin yayılma arealına uyğun olaraq əlavə mübarizə mexanizmləri tətbiq edir.

Göyçayda nar və xurma ixracatçıları ilə görüş keçirilib
Göyçayda nar və xurma ixracatçıları ilə görüş keçirilib

Payız mövsümündə bitkiçilik məhsullarının ixracına hazırlıq çərçivəsində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Göyçay rayonunda nar və xurma ixracatçıları ilə görüş keçirilib. Görüş zamanı ixrac əməliyyatlarının düzgün təşkili, proseslərin səmərəliliyinin artırılması və idxalçı ölkələrin fitosanitar və texniki tələblərinə, xüsusilə də Beynəlxalq Bitki Mühafizəsi Təşkilatının (IPPC) müəyyən etdiyi beynəlxalq standartlara uyğunluğun təmin olunması məsələləri iştirakçıların diqqətinə çatdırılıb. Xüsusilə bitkiçilik məhsullarının düzgün etiketlənməsi, qablaşdırılması, taxta materiallardan istifadə edilərkən zərərli orqanizmlərlə sirayətlənmənin qarşısının alınması, eləcə də məhsulun təhlükəsizlik və keyfiyyət göstəricilərinin ixrac üçün uyğun vəziyyətdə saxlanılması ilə bağlı ətraflı məlumat və tövsiyələr təqdim olunub. Tədbir çərçivəsində Agentlik əməkdaşları tərəfindən nar bağlarına, onların çeşidlənməsi sahələrinə, eləcə də məhsulun saxlanması üçün nəzərdə tutulan soyuducu kameralara baxış keçirilib. Baxış zamanı bitkilərin xəstəlik və zərərvericilərdən qorunması üçün zəruri aqrotexniki qulluq tədbirləri, məhsulun keyfiyyətinin qorunması məqsədilə müvafiq qablaşdırma və saxlanma qaydaları barədə sahibkarlara praktiki tövsiyələr verilib. Eyni zamanda ixraca hazırlanan məhsulların təhlükəsizlik göstəricilərinin laboratoriya sınaqları ilə yoxlanılması məqsədilə bitkiçilik məhsullarından nümunələr götürülüb və müvafiq qaydada sınaqlara yönləndirilib. Görüşün əsas məqsədi ixrac proseslərinin beynəlxalq norma və tələblərə uyğun şəkildə təşkili, eləcə də bitki sağlamlığı sahəsində risklərin minimuma endirilməsi istiqamətində sahibkarlarla birgə əməkdaşlığın gücləndirilməsi olub.

Bitkiçilik məhsullarının ixracına hazırlıqla bağlı sahibkarlarla görüş keçirilib
Bitkiçilik məhsullarının ixracına hazırlıqla bağlı sahibkarlarla görüş keçirilib

Qida Təhlükəsizliyi Agentliyi payız mövsümü ilə əlaqədar bitkiçilik məhsullarının ixracına hazırlıq məqsədilə bitkiçilik məhsullarının istehsalı, idxalı və ixracı sahəsində fəaliyyət göstərən sahibkarlarla onlayn görüş keçirib. Görüşdə “Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası”nın sədri Bəşir Quliyev və “Azərbaycan Giləmeyvə İstehsalçıları və İxracatçıları Assosiasiyası”nın sədri Nemət Seyfullayev də iştirak edib. Tədbirdə Agentliyin sədr müavini Əziz Şərifov ölkədə bitkiçilik məhsullarının ixrac potensialının artırılması istiqamətində AQTA tərəfindən həyata keçirilən dəstək tədbirlərindən söz açıb, ixrac prosesində istehsalçı və ixracatçıların qarşılaşa biləcəyi məsələlərdən danışıb, mövcud tələblər və idxalçı ölkələrin standartlarına uyğunluğun təmin edilməsi ilə əlaqədar geniş məlumat verib. Görüşdə idxalçı ölkələrin bitkiçilik məhsullarına dair fitosanitar tələblərinə, həmçinin məhsulların etiketlənməsi və qablaşdırmasına dair tələblərə ciddi şəkildə əməl edilməsinin vacibliyi vurğulanıb. Taxta materiallarına dair beynəlxalq tələblər, pestisid qalıqlarının yol verilən miqdarı, istehsalatda sağlam əkin materiallarından istifadə olunması kimi məsələlər də sahibkarların diqqətinə çatdırılıb.  Sonda sahibkarların problemləri dinlənilib və onların həlli istiqamətində müzakirələr aparılıb, aidiyyəti üzrə müvafiq göstərişlər verilib.

Nar və xurma istehsalçıları ilə görüş keçirilib
Nar və xurma istehsalçıları ilə görüş keçirilib

Qida Təhlükəsizliyi Agentliyi kənd təsərrüfatı məhsullarının təhlükəsiz istehsalının təmin edilməsi, zərərli orqanizmlərin nəzarətdə saxlanılması və beynəlxalq fitosanitar tələblərə uyğunluğun artırılması istiqamətində tədbirlərini davam etdirir. Bu çərçivədə nar və xurma istehsalında qida təhlükəsizliyi və fitosanitar tələblərə riayət olunmasının təmin edilməsi məqsədilə yerli istehsalçılarla görüş keçirilib. Görüşdə istehsal prosesinin bütün mərhələlərində təhlükəsizlik və uyğunluğun təmin olunmasına dair bir sıra mühüm məsələlər müzakirə edilib. Zərərli orqanizmlərin yayılmasının qarşısının alınması məqsədilə profilaktik fitosanitar tədbirlərin görülməsi, istehsal sahələrində bitki sağlamlığının izlənilməsinin təmin edilməsi və monitorinq sistemlərinin tətbiqi ilə bağlı tövsiyələr verilib. Tədbirdə pestisidlərin tətbiqi zamanı düzgün dozanın, tətbiq intervallarının və gözləmə müddətlərinin qorunmasının məhsulun təhlükəsizliyi və keyfiyyəti üçün önəmli olduğu vurğulanıb. Bildirilib ki, məhsulların qablaşdırılmasında istifadə olunan ağac mənşəli materialların ISPM 15 beynəlxalq standartlarına cavab verməsi vacibdir. Bu xüsusilə ixrac prosesində fitosanitar risklərin minimuma endirilməsi baxımından əhəmiyyətlidir.

Video
İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab

İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab