Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri çərçivəsində “Karvan Agro” MMC-nin İran İslam Respublikasından idxal etdiyi istehsalçısı Sajad Babaiee olan ümumi çəkisi 21.200 kq portağal məhsulundan nümunələr götürülüb. Laborator müayinə nəticəsində məhsulda istifadəsinə yol verilməyən rəngləyici maddə - "Sitrus qırmızısı -2" üzrə uyğunsuzluq aşkarlanıb. Aşkarlanmış uyğunsuzluqla əlaqədar müvafiq tədbirlər görülüb, İranın müvafiq qurumuna Sajad Babaiee istehsalçı müəssisəsindən ixracın dayandırılmasına dair müraciət ünvanlanıb.
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida təhlükəsizliyi sahəsində proseslərin daha səmərəli təşkili və göstərilən xidmətlərin əlçatanlığının artırılması məqsədilə rəqəmsallaşma istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilməkdədir. “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” İnformasiya Sistemi (AQTİS) vasitəsilə idxal və ixrac əməliyyatları ilə bağlı fasiləsiz elektron xidmətlərin göstərilməsi təmin olunur. İdxal olunan məhsullarla bağlı 8, ixrac əməliyyatları üzrə isə 4 növ elektron ərizə forması istifadəyə verilib. Rəqəmsallaşma tədbirləri nəticəsində idxal-ixrac prosedurlarının bütün əsas mərhələləri elektron müstəviyə keçirilib. Belə ki, sahibkarların müraciətlərinin təqdim edilməsi, müraciətlərin aidiyyəti struktur bölmələr tərəfindən emalı və yekun sənədin təqdim olunması mərhələlərinin hər biri artıq elektron qaydada həyata keçirilir. Elektron kabinet vasitəsilə sahibkarlar müraciətlərini onlayn qaydada təqdim edə, müraciətlərin icra vəziyyətini real vaxt rejimində izləyə, ödənişlər barədə məlumat əldə edə və ödənişləri elektron şəkildə həyata keçirə bilirlər. Prosesin yekununda formalaşdırılan sənəd sahibkarın elektron kabinetinə göndərilir və sistem üzərindən qurulmuş avtomatik inteqrasiya vasitəsilə real vaxt rejimində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə ötürülür. Görülən işlər sahibkarlıq subyektləri üçün inzibati yükün azaldılmasına, insan amilinin minimuma endirilməsinə, xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və ümumilikdə qida təhlükəsizliyi sahəsində idarəetmənin müasir tələblərə uyğun şəkildə qurulmasına xidmət edir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən rəqəmsal transformasiya istiqamətində tədbirlərin mərhələli və sistemli şəkildə davam etdirilməsi nəzərdə tutulur.
Nəzarət tədbirləri çərçivəsində “ROSTA M” MMC-nin Gürcüstandan idxal etdiyi 48750 kq və fiziki şəxs Sanıyev Xəyyam Əsəd oğlunun Türkiyədən idxal etdiyi 24800 kq toxumluq kartof məhsuluna Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən baxış keçirilib. Yoxlama zamanı götürülən nümunələrin laborator müayinəsi nəticəsində karantin tətbiq edilən kartof yumrularında halqavari bakterial çürümə aşkarlanıb. Məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilərək məhv edilib.
Nəzarət tədbirləri çərçivəsində ölkəmizə "Vap Cate" MMC-nin Türkiyədən idxal etdiyi “Botafarma Sağlık Ürenleri Tic. Ve San. Ltd. Şti” müəssisəsinin istehsalı olan 504 ədəd “Terris Actıve, Tablet N 90” əmtəə nişanlı bioloji aktiv qida məhsulu (22.09.2025 - 22.09.2028-ci il istehsal və son istifadə tarixli, 501 partiya nömrəli) müayinələrə cəlb olunub. Sınaq nəticəsində məhsul partiyasında “vitamin B12” miqdarının normadan aşağı olduğu müəyyən olunub. Uyğunsuzluq aşkarlanan məhsul partiyası barədə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qərar qəbul edilərək məhv edilib.
Xəbər verdiyimiz kimi, Qida Təhlükəsizliyi Agentliyi mütəmadi olaraq, risk əsaslı yanaşma çərçivəsində ölkəyə idxal olunan xam və istehlaka hazır palma yağları və palma yağı tərkibli qarışıq bitki yağları üzrə nəzarət tədbirlərini həyata keçirir. Eyni zamanda ölkəyə xam şəkildə idxal edilən palma yağlarının növbəti istehsal və emal mərhələlərində də nəzarətin təmin edilməsi məqsədilə yerli müəssisələrdə dövlət nəzarəti tədbirlərini icra edir. Aparılan yoxlamaların nəticələri barədə ictimaiyyət mütəmadi şəkildə məlumatlandırılır. Növbəti belə nəzarət tədbiri "Alda" MMC-nin istehsal müəssisəsində keçirilib. “Alda” şirkətinin Rusiya Federasiyasından idxal etdiyi “Пищевые Ингредиенты” istehsalçı müəssisəsinə məxsus “EFKO” əmtəə nişanlı palma yağında laborator müayinə zamanı kimyəvi emal çirkləndiricisi (3-monoxlorpropan-1,2-diol) müəyyən edilib. Həmçinin bu məhsulun şirkət tərəfindən spred yağlarının istehsalında xammal kimi istifadə edildiyi aşkarlanıb. Hazır məhsullardan götürülmüş nümunələrin sınaq nəticəsində də eyni uyğunsuzluqlar müəyyən edilib. Bununla əlaqədar sahibkar barəsində inzibati tədbir görülüb, məhsul partiyalarının satışının və müəssisədə spred yağlarının istehsalının dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib. Qeyd edək ki, xammal yağının istehsal olunduğu müəssisədən ixracın dayandırılması barədə Rusiya Federasiyasının aidiyyəti qurumuna müraciət olunub.
Nəzarət tədbirləri çərçivəsində “Agro Plant” MMC-nin və fiziki şəxs Əhmədov Elmin Cəlal oğlunun Türkiyədən idxal etdiyi tinglərdən Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub. Tinglərdə karantin tətbiq edilən Şarka virusu aşkarlanıb. Faktla bağlı müvafiq qərar qəbul edilib, sahibkarların müraciətinə uyğun olaraq şaftalı və nektarin tingi məhsul partiyaları məhv edilib. Qeyd edək ki, şarka virusu bitkilərin inkişafını zəiflədir və məhsuldarlığı əhəmiyyətli dərəcədə azaldır.
Nəzarət tədbirləri çərçivəsində “Beneva” MMC-nin Hindistandan idxal etdiyi “JMB Pharmaceutıcals” müəssisəsinin istehsalı olan 4500 ədəd “Pregnola” əmtəə nişanlı bioloji aktiv qida məhsulu (01.05.2025-01.04.2027-ci il istehsal və son istifadə tarixli) müayinələrə cəlb olunub. Sınaq nəticəsində məhsul partiyasının normativ tələblərə cavab vermədiyi müəyyən edilib. Uyğunsuzluq aşkarlanan məhsul partiyası barədə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qərar qəbul edilərək məhv edilib.
“Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” İnformasiya Sistemi (AQTİS) Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin optimallaşdırılması, qida təhlükəsizliyi sahəsində şəffaflığın və hesabatlılığın artırılması, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, dövlət nəzarətinin gücləndirilməsi, həyata keçirilən tədbirlərin operativliyinin və səmərəliliyinin yüksəldilməsi, eləcə də sahibkarların işlərinin asanlaşdırılması məqsədilə daim təkmilləşdirilir. Qeyd edək ki, AQTİS vasitəsilə idxal və ixrac ilə məşğul olan sahibkarlar sistemə fasiləsiz və rahat giriş edir və elektron qaydada müraciət edərək icazə sənədlərini minimum vaxt itkisi ilə əldə edirlər. Həmçinin Agentlik digər müvafiq dövlət qurumları ilə birlikdə təsdiq edilmiş iş rejiminə uyğun olaraq fəaliyyətini davam etdirir. Bundan əlavə, sahibkarlıq subyektləri üçün proseslərin daha çevik və effektiv təşkili sahəsində AQTİS sistemində təkmilləşdirmə işləri davam etdirilir.
Nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Rzayeva Səbinə Mansur qızının Özbəkistandan idxal etdiyi “İmronxon Umarxon Biznes” şirkətinin istehsalı olan 1008 kq qurudulmuş yemiş və “İspanza Oq Kishmish Uzumlari” şirkətinin istehsalı olan 288 kq halva məhsulundan Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən götürülən nümunələrin müayinəsi nəticəsində kif və maya göbələkləri göstəricisi üzrə uyğunsuzluq aşkarlanıb. Məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə müvafiq qərar qəbul edilib. Sahibkarların müraciəti əsasında məhsul partiyaları məhv edilib.
İsveçrədən ölkəmizə idxal edilən “Hochdorf Swiss Nutrition Ltd” müəssisəsinin istehsalı olan “Swissneo 1” əmtəə nişanlı (09.10.2025-09.10.2027-ci il istehsal və son istifadə tarixli) uşaq qidasında “Sereulid” çirkləndiricisinin aşkarlanması ilə bağlı Avropa İttifaqının “Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi” (RASFF) vasitəsilə Qida Təhlükəsizliyi Agentliyinə bildiriş daxil olub. Bildiriş əsasında dərhal araşdırmalara başlanılıb və məhsulun həmin partiyasının dövriyyəyə buraxılmasının qarşısı alınıb.
Məlum olduğu kimi, qida məhsullarının etiketlənməsi “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq həyata keçirilir. Aparılan təhlillər nəticəsində, bəzi yağların ölkəyə idxalı zamanı malların etiketlərində tərkibdə olan yağların ümumi “bitki yağı” ifadəsi altında göstərildiyi, həmçinin İran İslam Respublikasından ölkəyə kərə yağının idxalı zamanı etiketlənmə ilə bağlı qanunvericiliyin tələblərinin pozulduğu müşahidə olunur. Bununla əlaqədar, Qida Təhlükəsizliyi Agentliyində yağ idxalçıları ilə onlayn görüş keçirilib. Görüşdə sözügedən malların etiketlənməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub. Məhsulun tərkibində istifadə edilən yağ və piylərin növlərinin etiketdə ayrı-ayrılıqda və dəqiq şəkildə göstərilməsinin təmin edilməsi ilə bağlı iştirakçılara zəruri göstərişlər verilib. Bildirilib ki, istehlakçıya qida məhsullarının adı, qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, saxlanma şəraiti, tərkibində mövcud olan allergenlər, mənşə ölkəsi, istehsalçının adı və ünvanı, istehsal üsulu və istifadə qaydaları barədə dolğun məlumatlar verilməli, məhsulların etiketlənməsi dəqiq, aydın və istehlakçılar üçün tam başadüşülən formada olmalıdır. Ölkəmizə idxal olunan qida məhsullarının etiketlərində və məhsula əlavə edilən izahat vərəqələrində məhsulun adı, tərkibi, yararlılıq müddəti və istifadə qaydaları barədə məlumatlar xarici dillərdə təqdim edildiyi halda, Azərbaycan dilinə tərcüməsi təmin edilməlidir. Sonda iştirakçıların sualları cavablandırılıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən nəzarət və qiymətləndirmə tədbirləri nəticəsində Salyan rayonunun Şorsulu kəndində fəaliyyət göstərən, “Azarifrog” MMC-yə məxsus ilbiz istehsalı müəssisəsi Avropa İttifaqı ölkələrinə ixrac üçün qeydiyyata alınıb. Agentliyin təqdim etdiyi məlumatlar əsasında müəssisənin ilbiz məhsullarının ixracına dair məlumatlar Avropa İttifaqının TRACES (Trade Control and Expert System) elektron platformasında müvafiq siyahıya daxil edilib. Bununla da sözügedən müəssisə ölkəmizdə ilbiz istehsalı sahəsində Avropa İttifaqı bazarına çıxış əldə edən ilk istehsalçı müəssisə olub. Məlumat üçün bildiririk ki, daha öncə Avropaya dəri, kürü və qurbağa ayağı məhsullarının ixracına icazə alınıb.
Giriş