Qablaşdırma materiallarının beynəlxalq ticarətdə daşınması zamanı karantin tətbiq edilən zərərli orqanizmlərin giriş və yayılma riskini azaltmaq üçün taxta materiallar (yeşiklər və s.) Fitosanitar tədbirlərə dair 15 nömrəli “Beynəlxalq ticarətdə ağac qablaşdırma materiallarının tənzimlənməsi üzrə standart”ın tələblərinə uyğun qaydada zərərsizləşdirilməli və markalanmalıdır. Adıçəkilən standarta əsasən, müvafiq zərərsizləşdirilmə tədbirlərinə məruz qalmış taxta qablaşdırma materialları qabıqsız olmalı, xüsusi simvol, ölkə kodu, zərərsizləşdirmə üsuluna dair iki hərfdən ibarət kod, markalanmanı tətbiq edən səlahiyyətli müəssisəyə aid kodu ehtiva edən qaydada markalanmalıdır. Markalanma əllə aparılmamalı, oxunaqlı olmalı, qırmızı və ya narıncı rəngdə olmamalıdır, taxta qablaşdırma materiallarının ən azı iki əks tərəfində gözlə görünən yerinə yerləşdirilməlidir. Göstərilənlərə əsasən, qeyd olunan tələblərə uyğun olmayan taxta qablaşdırma materialları vasitəsilə daşınan bitki və bitkiçilik məhsullarının idxalına və ixracına qadağalar tətbiq edilir.
Belçika Krallığının istehsalçı şirkəti “S.A. Corman”a məxsus kərə yağı məhsulunda aşkarlanmış uyğunsuzluqla əlaqədar Qida Təhlükəsizliyi Agentliyi tərəfindən idxalla bağlı qoyulan müvəqqəti məhdudiyyət aradan qaldırılıb. Belə ki, AQTA-nın bildirişi əsasında, Belçikanın aidiyyəti qurumu tərəfindən istehsalçı müəssisədə nəzarət tədbirləri görülüb və laborator müayinələr aparılıb. Müvafiq sağlamlaşdırma tədbirləri ilə bağlı AQTA-ya ətraflı məlumat verilib. Belçika tərəfindən gücləndirilmiş nəzarət tədbirlərinin görülməsi, həmçinin qarşılıqlı idxal-ixrac əməliyyatları ilə bağlı müvafiq tələblərə əməl olunacağına dair zəmanətin verilməsi nəzərə alınaraq, istehsalçının respublikamıza məhsul idxalına qoyulmuş müvəqqəti məhdudiyyət aradan qaldırılıb. AQTA-nın qərarı ilə bağlı Belçika Krallığının Qida Zəncirinin Təhlükəsizliyi üzrə Federal Agentliyinə müvafiq məlumat verilib.
Bitkiçilik məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarlıq subyektləri məhsul partiyalarını ixraca hazırlayarkən beynəlxalq standartların tələblərinə ciddi əməl etməlidirlər. Xüsusilə qablaşdırma və etiketlənmə zamanı yolverilən səhvlər ixrac prosesinin ləngiməsi, hətta məhsulun geri qaytarılması ilə nəticələ bilər. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Əkbər Əliyev sahibkarlara müraciət edərək, ixracla bağlı bir sıra mühüm məqamları diqqətə çatdırıb. O, bildirib ki, sahibkarlıq subyekləri öz məhsullarını ixraca hazırlayarkən yalnız beynəlxalq standartların deyil, həmçinin idxalçı ölkələrin qablaşdırma və etiketlənmə tələblərini nəzərə almalı və ixrac partiyalarını ona uyğun şəkildə hazırlamalıdırlar. Mövzu ilə bağlı hazırlanmış videonu linkdən izləyə bilərsiniz:
Ukraynanın istehsalçı şirkəti “Vinnyts Ka Ptahofabryka” MMC-nin “Pererobniy Compleks” filialına məxsus dondurulmuş toyuq məhsulunda aşkarlanmış uyğunsuzluqla əlaqədar Qida Təhlükəsizliyi Agentliyi tərəfindən idxalla bağlı qoyulan müvəqqəti məhdudiyyət aradan qaldırılıb. Belə ki, AQTA-nın bildirişi əsasında, Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehsalçı müəssisədə baytarlıq nəzarəti tədbirləri görülüb və laborator müayinələr aparılıb. Müvafiq sağlamlaşdırma tədbirləri və epizootoloji monitorinqlərlə bağlı AQTA-ya ətraflı məlumat verilib. Ukrayna tərəfindən baytarlıq norma və qaydalarına, həmçinin qarşılıqlı idxal-ixrac əməliyyatları ilə bağlı müvafiq tələblərə əməl olunacağına dair zəmanətin verilməsi nəzərə alınaraq, istehsalçının respublikamıza məhsul idxalına qoyulmuş müvəqqəti məhdudiyyət aradan qaldırılıb. AQTA-nın qərarı ilə bağlı Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müvafiq məlumat verilib.
Qida Təhlükəsizliyi Agentliyi bitkiçilik məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarlara müraciət edərək, beynəlxalq ticarətdə tətbiq olunan qablaşdırma və etiketlənmə tələblərinə ciddi şəkildə əməl olunmasının vacibliyini xatırladır. Bu istiqamətdə Agentlik tərəfindən sahibkarlarla dəfələrlə görüşlər keçirilib və ixrac zamanı mümkün risklərin qarşısının alınması məqsədilə vacib məsələlər diqqətə çatdırılıb. Belə ki, ixrac olunan məhsulların etiketləri məhsul barədə bütün zəruri məlumatları əks etdirməli, tara üzərində dayanıqlı, oxunaqlı və möhkəm şəkildə yerləşdirilməlidir. Həmçinin idxalçı ölkələrin müxtəlif bitkiçilik məhsulları üzrə tövsiyə olunan qutu növlərindən istifadə edilməlidir. Bitkiçilik məhsullarının daşınmasında istifadə olunan meşə materiallarından hazırlanmış altlıqlar və taxta qablaşdırma materialları “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiyaya əsasən, təsdiq edilmiş 15 nömrəli Fitosanitar Tədbirlər üzrə Beynəlxalq Standartın tələblərinə uyğun şəkildə işlənməlidir. Bildiririk ki, sahibkarlar ixrac zamanı qablaşdırma və etiketlənmə ilə bağlı beynəlxalq tələblərə tam əməl etməli, məhsullar düzgün tərtibatda və təhlükəsiz şəkildə təqdim olunmalıdır. Qeyd olunan tələblərin pozulması halları gələcəkdə ixrac prosesində ciddi fəsadlara yol aça bilər. Qida Təhlükəsizliyi Agentliyi bütün sahibkarları bir daha diqqətli olmağa, beynəlxalq tələblərə ciddi yanaşmağa və ixrac prosesi zamanı heç bir riskə yol verməməyə çağırır.
Nəzarət tədbirləri çərçivəsində “Mirtorq” MMC-nin Rusiyadan idxal etdiyi "Miratorq-Zapad" müəssisəsinin istehsalı olan 639 kq soğan halqası məhsulundan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində patogen bakteriya (Listeria monocytogenes) aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilərək məhsul partiyası məhv edilib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Çin Xalq Respublikasının (ÇXR) Baş Gömrük Administrasiyasının nümayəndələri arasında görüş olub. Onlayn formatda keçirilən görüşdə ölkəmizdən Çinə fındıq, badam, quş əti və quş əti məhsulları, həmçinin meyvə ixracı ilə bağlı müzakirələr aparılıb. Görüşdə Agentlik və Çinin Baş Gömrük Administrasiyası arasında məhsulların ixracı zamanı müvafiq protokolların razılaşdırılması ilə bağlı ÇXR-nin idxal tələbləri nəzərdən keçirilib. Sonda qarşılıqlı əməkdaşlıq və etimad şəraitində bundan sonra da qida məhsullarının idxalı və ixracı zamanı işlərin daha operativ və səmərəli həyata keçiriləcəyi bildirilib.
Nəzarət tədbirləri çərçivəsində Çindən idxal edilən “Hebei Huabang Biotechnology Co.Ltd”nin istehsalı olan “Yeni Tetravit” əmtəə nişanlı baytarlıq preparatından Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən nümunələr götürülərək müayinələrə cəlb edilib. Sınaq nəticəsində məhsul partiyalarında Vitamin A, C, E göstəriciləri üzrə uyğunsuzluq aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul olunaraq 26900 ədəd 100 ml-lik (suspenziya) və 20400 ədəd 10 ml-lik (ampul) baytarlıq preparatı məhv edilib.
Ölkəmizdən Çin Xalq Respublikasına quş əti və quş əti məhsullarının ixracı ilə bağlı müvafiq tədbirlər davam etdirilir. Hazırda bu çərçivədə AQTA ilə Çinin Baş Gömrük Administrasiyası arasında müvafiq işlər görülməkdədir Eyni zamanda, Çinə həmin məhsulların ixracını həyata keçirmək istəyən quş əti istehsalçıları ilə görüş keçirilib və bu ölkənin idxal tələbləri barədə ətraflı məlumatlar verilib.
Ölkəmizdən Çin Xalq Respublikasına fındıq və badam məhsullarının ixracı üçün intensiv tədbirlər həyata keçirilir. Bu çərçivədə AQTA ilə Çinin Baş Gömrük Administrasiyası arasında müvafiq işlər aparılır. Eyni zamanda, Çinə fındıq və badam məhsullarının ixracını həyata keçirmək istəyən sahibkarlarla görüşlər keçirilib və idxal tələbləri barədə ətraflı məlumatlar verilib.
Nəzarət tədbirləri çərçivəsində "Frozen Products" MMC-nin Rusiyadan idxal etdiyi “Куриное Царство” müəssisəsinin istehsalı olan (30.03.2025 - 26.09.2025 istehsal və son istifadə tarixli) 1.3 ton dondurulmuş toyuq dərisi məhsulu partiyalarında müayinələr nəticəsində nümunələrdə salmonella aşkarlanıb. Aşkarlanmış uyğunsuzluqla əlaqədar AQTA tərəfindən müvafiq tədbirlər görülüb, Rusiyanın müvafiq qurumuna ixracın dayandırılmasına dair müraciət ünvanlanıb.
Nəzarət tədbirləri çərçivəsində “Vertex Commerce” MMC-nin İtaliyadan idxal etdiyi "İtalkali" müəssisəsinin istehsalı olan 144 kq və fiziki şəxs İbiş Qasımovun Türkiyədən idxal etdiyi “Şifay Gıda İthalat İhracat Sanayi Ticaret Anonim Şirketi"nin istehsalı olan 2100 kq yodlaşdırılmış duz məhsulundan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində yodun miqdarının normadan aşağı olduğu aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilərək, məhsul partiyası məhv edilib.
Giriş