Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi idmançılar və gənclər arasında sağlam və təhlükəsiz qidalanma vərdişlərinin formalaşdırılması, həmçinin idman qidaları və bioloji aktiv qida məhsullarından düzgün istifadənin təşviqi məqsədilə həyata keçirdiyi “Doğru seçim, yüksək nəticə!” maarifləndirmə kampaniyasını davam etdirir. Layihənin növbəti qonağı yunan-Roma güləşi üzrə U23 Avropa çempionu Elmin Əliyevdir. Gənc idmançı idmanla məşğul olan insanlara çağırış edərək bildirib ki, idman qidaları və bioloji aktiv qida məhsullarının düzgün seçilməməsi və mütəxəssis məsləhəti olmadan istifadə edilməsi sağlamlıq üçün ciddi risklər yarada bilər. Onun sözlərinə görə, xüsusilə dövlət qeydiyyatından və nəzarətdən keçməyən idman qidalarının istifadəsi təhlükəli ola bilər. Peşəkar güləşçi hər hansı idman qidasından istifadə etməzdən öncə məhsul haqqında ətraflı məlumat əldə etməyin vacibliyini diqqətə çatdırıb. Ətraflı:
2026-cı il 20-30 aprel tarixlərində Epizootiya Əleyhinə Tədbirlər Planına uyğun olaraq respublika ərazisində, o cümlədən Naxçıvan Muxtar Respublikasında təkdırnaqlı heyvanların xüsusi təhlükəli xəstəlikləri üzrə epizootoloji monitorinqlər həyata keçirilib. Monitorinqlərin əsas məqsədi xəstəliklərin erkən aşkarlanması, epizootoloji vəziyyətin qiymətləndirilməsi, atların Afrika xəstəliyi üzrə xəstəlikdən azad statusunun qorunub saxlanılması və beynəlxalq hesabatlılığın təmin edilməsindən ibarət olub. Atçılıq təsərrüfatlarında və fərdi qaydada saxlanılan təkdırnaqlı heyvanlardan diaqnostik nümunələr götürülüb. Təsərrüfatlara baxış keçirilib, heyvan sahiblərinə maarifləndirici çap materialları təqdim edilib. Monitorinqlər zamanı götürülən nümunələr və epizootoloji vəziyyətə dair məlumatlar “Epicollect5” proqramına daxil edilib. Aparılan müşahidələrin və laborator müayinələrin nəticələrinə əsasən, təkdırnaqlı heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə şübhə yaradan klinik əlamətlər qeydə alınmayıb, həmçinin həmin xəstəliklərin törədiciləri aşkar edilməyib.
Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsində fərdi sahibkar Piriyev Rabil Fikrət oğluna məxsus yeni heyvan bazarı fəaliyyətə başlayıb. Qeyd edək ki, bu obyekt mövcud bazanın bərpası deyil, müasir tələblərə uyğun şəkildə inşa olunmuş yeni heyvan bazarıdır. Bazar baytarlıq-sanitariya və biotəhlükəsizlik tələblərinə uyğun infrastrukturla təmin olunub. Obyektdə baytarlıq nəzarətinin həyata keçirilməsi üçün müvafiq şərait yaradılıb, kliniki baxış platforması, dezbaryerlər, izolyatorlar, heyvanların çəkisinin və bədən temperaturunun ölçülməsi üçün müvafiq avadanlıqlar quraşdırılıb. Eyni zamanda, heyvanların saxlanılması, nümayişi, yüklənməsi və boşaldılması üçün xüsusi bölmələr təşkil edilib, su və yem təchizatı, işıqlandırma və tullantıların idarə olunması sistemləri tam şəkildə qurulub. Xatırladaq ki, bundan əvvəl Bərdə, Göygöl, Salyan, Göyçay, Şamaxı, İmişli, Ağcabədi, Beyləqan, Biləsuvar, Kürdəmir, Abşeron, Masallı və Ağsu rayonlarında da heyvan bazarları fəaliyyətə başlayıb. Qeyd edək ki, heyvan bazarları Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının qərarı ilə təsdiq edilmiş norma və qaydalara uyğun şəkildə yenidən qurulmalıdır. Yenidən qurulan bazarlar yalnız Agentliyin müvafiq komissiyasının yekun qiymətləndirilməsindən sonra fəaliyyətə başlaya bilər.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağcabədi rayonu, Təzəkənd kəndində fəaliyyət göstərən sahibkar Cəfərov Xalid Fehruz oğluna məxsus pendir istehsalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı istehsal müəssisəsinin qida təhlükəsizliyi sahəsində təsdiq olunmadan fəaliyyət göstərdiyi məlum olub. Müəssisədə müşayiətedici sənədləri olmayan pendir istehsal olunduğu, istifadə edilən suyun filtrdən keçirilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Son illərdə populyarlıq qazanan su pəhrizi müəyyən müddət ərzində yalnız su qəbuluna əsaslanan qidalanma üsuludur. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) eksperti Tutu Zeynalovanın sözlərinə görə, bu üsul arıqlamaq üçün effektiv vasitə deyil, əksinə, orqanizm üçün ciddi risklər yaradır. Mütəxəssis bildirir ki, insan yalnız su qəbul etdikdə orqanizm artıq piy ehtiyatlarını deyil, ilk növbədə daxili rezervləri – suyu və xüsusilə əzələ kütləsini sərf etməyə başlayır. Uzun müddət ac qalmaq maddələr mübadiləsinin zəifləməsinə, elektrolit balansının pozulmasına səbəb olur. Bu vəziyyət ürək ritminin pozulması, qan şəkərinin kəskin enməsi, böyrək funksiyalarının zəifləməsi və saç tökülməsinin sürətlənməsi kimi ciddi sağlamlıq problemlərinə yol aça bilər. Bundan əlavə, bu cür sərt pəhrizlərdən sonra itirilən çəkinin qısa müddətdə geri qayıtma ehtimalı da artır. Tutu Zeynalova vurğulayır ki, çəki vermək istəyən şəxslər sağlam və balanslı qidalanma prinsiplərinə əməl etməli, eyni zamanda müntəzəm fiziki aktivliyi həyat tərzinə çevirməlidirlər.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bakı Regional Bölməsinin müfəttişləri tərəfindən Binəqədi və Nəsimi rayonları ərazisində Amerika ağ kəpənəyinin yayılma vəziyyətinin öyrənilməsi və zərərvericilərə qarşı mübarizə tədbirləri çərçivəsində fitosanitar monitorinqlər həyata keçirilib. Monitorinqlər zamanı zərərvericinin vaxtında aşkarlanması, yayılma arealının müəyyənləşdirilməsi və ümumi fitosanitar vəziyyətin qiymətləndirilməsi məqsədilə müşahidələr aparılıb. Eyni zamanda, may ayında quraşdırılmış feromon tələlərə baxış keçirilib. Müşahidələr göstərir ki, son illərdə Abşeron ərazisində Amerika ağ kəpənəyinin kütləvi yayılması tut, ağcaqayın və digər sahib bitkilərə ciddi ziyan vurur. İnsanların yaşadığı yaşayış məntəqələrində pestisidlərin tətbiqi məhdud olduğundan, zərərvericiyə qarşı ən effektiv mübarizə üsulu tırtılların yaratdığı torlu yuvaların mexaniki üsulla məhv edilməsidir. AQTA tərəfindən həyata keçirilən bu kimi monitorinqlər zərərvericinin yayılmasının qarşısının alınması, fitosanitar sabitliyin təmin edilməsi və ətraf mühitin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan heyvanların sağlamlığının qorunması, yoluxucu xəstəliklərin yayılma riskinin azaldılması və heyvan rifahının yaxşılaşdırılması məqsədilə daşınma şərtlərinə dair yeni tələblər müəyyən edib. Qərara əsasən, 2027-ci il yanvarın 1-dən etibarən ölkəyə idxal olunan heyvanların daşınması yalnız Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nin tələblərinə cavab verən ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə həyata keçiriləcək. Keçid dövrü çərçivəsində, 2027-ci il yanvarın 1-dək heyvanların uyğunlaşdırılmış nəqliyyat vasitələrində bir mərtəbədə daşınmasına icazə veriləcək. Maksimum yüklənmə norması iribuynuzlu heyvanlar üçün 60, xırdabuynuzlu heyvanlar üçün isə 150 baş müəyyən olunub. Yeni tələblər heyvanların təhlükəsiz və rifah standartlarına uyğun daşınmasını, həmçinin sərhəd baytarlıq nəzarətinin effektivliyinin artırılmasını hədəfləyir. AQTA sahibkarları müəyyən edilmiş keçid dövründə fəaliyyətlərini yeni qaydalara uyğunlaşdırmağa çağırır.
Son illər energetik içkilərin istehlakı, xüsusilə də gənclər arasında nəzərəçarpacaq dərəcədə artıb. İsti hava şəraitində bəzi insanlar bu məhsulları sərinləşdirici içki kimi qəbul etsələr də, energetik içkilər tərkibi və təsirinə görə adi sərinləşdirici içkilərdən fərqlənir. Bu cür məhsulların tərkibində kofein, taurin, quarana, jenşen, inozitol, B qrupu vitaminləri, qlükoronolakton və digər bitki mənşəli komponentlər mövcud ola bilər. Mövcud tələblərə əsasən energetik içkilərin 18 yaşdan aşağı şəxslərə satışı qadağandır. Həmçinin bu məhsulların alkoqollu içkilərlə birlikdə və ya qarışdırılaraq istifadəsi tövsiyə edilmir. Energetik içkilərin yaşlı şəxslər, hamilə və süd verən qadınlar, eləcə də diabet, ürək-damar sistemi xəstəlikləri, böyrək çatışmazlığı, hipertoniya, sinir oyanıqlığı, yuxusuzluq və metabolizm pozuntuları olan insanlar tərəfindən istifadəsi məsləhət görülmür. Energetik içkilərin gündəlik istehlak həcminin 500 millilitrdən artıq olmaması tövsiyə olunur. Bundan əlavə, bu məhsulların idman və digər intensiv fiziki fəaliyyətlərdən əvvəl, fəaliyyət zamanı və sonra istifadəsi məqsədəuyğun hesab edilmir. Qanunvericiliyə uyğun olaraq energetik içkilərin etiketində mütləq şəkildə “Energetik içki” ifadəsi yazılmalıdır. Ətraflı:
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəmizdə xırdabuynuzlu heyvanların taunu, atların və donuzların Afrika taunu, eləcə də quş qripi xəstəlikləri üzrə azad statusun qorunub saxlanılması, habelə dabaq və quduzluq kimi transsərhəd heyvan xəstəlikləri üzrə epizootoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə mütəmadi monitorinqlər aparılır və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına hesabatlar təqdim edilir. Bu tədbirlər çərçivəsində 6-10 iyul tarixlərində respublikanın bir neçə şəhər və rayonlarını əhatə edən ovçuluq təsərrüfatları, milli parklar, dövlət təbiət qoruqları və yasaqlıqlarda bu xəstəliklərə həssas vəhşi heyvanlar üzrə monitorinqlər aparılacaq. Monitorinq zamanı ərazilərdə müşahidələr aparılacaq, xəstə və ya tələf olmuş heyvanlara rast gəlinərsə, onlardan diaqnostik nümunələr götürüləcək. Eyni zamanda, müşahidə aparılacaq ərazilər barədə epizootoloji məlumatlar “Epicollect 5” proqramına daxil olunacaq. Monitorinqdə AQTA, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin rayon (şəhər) Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları iştirak edəcək.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib. Tədbirdə çıxış edən AQTA-nın Hüquq və insan resursları şöbəsinin müdir müavini, Hüquqi təminat sektorunun müdiri Nərgiz Şükürova insan hüquqlarının qorunmasının dövlət idarəçiliyində və ictimai münasibətlər sistemində mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Daha sonra Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı, hüquq tədqiqatçısı Araz Abdullasoy çıxış edərək, Azərbaycanda insan hüquqlarının inkişafı istiqamətində həyata keçirilən islahatlar və formalaşdırılmış hüquqi baza barədə danışıb. O, çıxışında qida təhlükəsizliyinin insan hüquqlarının mühüm tərkib hissəsi olduğunu vurğulayaraq, təhlükəsiz və keyfiyyətli qida ilə təminatın insanların fundamental hüquqlarından biri hesab edildiyini qeyd edib. Qeyd olunub ki, Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli 2231 nömrəli Sərəncamına əsasən, hər il 18 iyun tarixi Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi qeyd edilir. Bu tarix ölkədə insan hüquq və azadlıqlarının qorunması, hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini bir daha ön plana çıxarır. Görüşdə Hüquq və İnsan Haqları İnstitutu ilə AQTA arasında əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Debat zamanı idxal olunan məhsulların təhlükəsizliyinin təmin edilməsi, milli maraqların qorunması, istehlakçı hüquqlarının müdafiəsi, əhalinin sağlamlığının və genefondunun mühafizəsi məsələləri müzakirə olunub. Qeyd edilib ki, qida təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər insan hüquqlarının qorunmasına xidmət edən vacib mexanizmlərdən biridir. Sonda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və insan hüquqlarının təşviqi istiqamətində maarifləndirmə tədbirlərinin əhəmiyyəti vurğulanıb.
Multimedia
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib
Çinə ixrac imkanlarımız genişlənir - Real TV
AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır
Giriş