AQTA və Rusiya Federasiyasının müvafiq qurumunun mütəxəssisləri istixanalarda birgə videomonitorinqlər keçirir
18 Yanvar 2021 18:03
Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor məhsuluna tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumlarla Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") mütəxəssislərindən ibarət nümayəndə heyətləri arasında intensiv görüşlər davam etdirilir.
Həyata keçirilən birgə nəzarət tədbirləri çərçivəsində yanvarın 18-də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin və Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin əməkdaşlarının iştirakı ilə Sabirabad rayonunda yerləşən “H and M Agro” MMC və Salyan rayonunda yerləşən “BVB Fermer Təsərrüfatı” MMC-yə məxsus pomidor məhsulu yetişdirilən istixanalarda videomonitorinqlər keçirilib.
Videomonitorinqlər zamanı təsərrüfatların ümumi sahəsi, o cümlədən hazırda pomidor əkini altında olan sahə, yetişdirilən sort, gözlənilən istehsal, istixananın işıq və istilik rejimi, yerinə yetirilən bitki mühafizə tədbirləri barədə rusiyalı mütəxəssislərin sualları cavablandırılıb, eyni zamanda götürülmüş bitki və meyvə nümunələri Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin müvafiq laboratoriyalarında müayinə edilməsi üçün nümunə paketlərinə qoyularaq plomblanıb.
Qeyd edək ki, AQTA və Rusiya Federasiyasının müvafiq qurumunun mütəxəssislərindən ibarət işçi qrupunun birgə həyata keçirdiyi videomonitorinqlər növbəti günlərdə respublikamızın digər regionlarında yerləşən istixanalarda davam etdiriləcək.
Oxşar xəbərlər
Bir sıra kartofçuluq təsərrüfatlarında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb
AQTA Cəlilabad rayonunun Maşlıq, Əliqasımlı, Üçtəpə, Söyüdlü, Privolnaya, Ocaqlı, Bədirli, Qarazəncir, Kazımabad, Masallı rayonunun Ləngan, Əhmədli, Təklə kəndlərində yerləşən ümumilikdə 100 kartofçuluq təsərrüfatında monitorinqlər keçirib.
İlkin istehsal sahələrində monitorinqlər davam etdirilir
Qida Təhlükəsizliyi Agentliyi karantin tətbiq edilən və potensial təhlükə törədən müxtəlif zərərli orqanizmlərin aşkarlanması və yayılmasının qarşısını almaq məqsədilə bitkiçilik məhsullarının ilkin istehsalı təsərrüfatlarında mütəmadi olaraq müşahidə və monitorinqlər aparır.
Pestisidlərdən istifadə qaydaları haqqında videoçarx hazırlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida məhsullarında pestisid qalıqlarına dair yeni videoçarx hazırlanıb.