İctimai iaşə obyektlərində operativ nəzarətin gücləndirilməsi ilə bağlı sahibkarlar tərəfindən təyin olunmuş məsul şəxslərlə görüş keçirilib
5 Fevral 2021 16:21
Nazirlər Kabinetinin qərarına əsasən, koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları ilə ictimai iaşə obyektlərinin rəhbərləri tərəfindən daxili qaydada təyin olunmuş məsul şəxslər arasında videokonfrans formatında görüş keçirilib. Görüşdə respublika üzrə 100-ə yaxın məsul şəxs iştirak edib.
İclas zamanı Agentliyin şöbə müdiri Əkbər Əliyev yoluxma hallarının effektiv idarə edilməsi, qonaqlara, işçi heyətə və digər əlaqəli tərəflərə bu cür hallarla bağlı təsirlərin minimuma endirilməsi üçün məsul şəxslər tərəfindən operativ nəzarətin mütəmadi qaydada həyata keçirilməsinin zəruriliyini görüş iştirakçılarının diqqətinə çatdırıb. Bildirilib ki, xəbərdaredici məlumatların qonaqlara, işçi heyətə və digər əlaqəli tərəflərə çatdırılması, işçi heyət üçün gigiyena və sanitariya qaydaları ilə bağlı təlimlərin təşkili məsul şəxslərin vəzifələrindəndir, ictimai iaşə müəssisələrinə təyin olunan məsul şəxslər bütün təmizlik və dezinfeksiya tədbirlərinin ardıcıl olaraq qeydiyyatının aparılması üçün gündəlik nəzarət formalarını, habelə keyfiyyətə nəzarət cədvəllərini tərtib etməli və onların icrasına nəzarəti həyata keçirməlidir. Diqqətə çatdırılıb ki, məsul şəxslər barədə müvafiq məlumatların AQTA-ya təqdim edilməsinə monitorinqlər zamanı ciddi nəzarət olunur, monitorinqlər zamanı belə müəssisələr aşkar olunduqda onların fəaliyyəti barədə qanunnvericiliyə uyğun tədbirlər görülür.
Daha sonra təyin edilmiş məsul şəxlərin gördüyü işlər barədə hesabatlar dinlənilib, onların sualları Agentlik mütəxəssisləri tərəfindən cavablandırılıb, bu görüşlərin mütəmadi olaraq həyata keçirilməsi qərara alınıb.
Qeyd edək ki, qanunvericiliyə əsasən, ictimai iaşə obyektləri tərəfindən nəzarət üzrə məsul şəxs təyin edilməli və həmin şəxs haqqında müvafiq məlumatlar Agentliyə təqdim edilməlidir. Belə ki, sahibkarlar ictimai iaşə obyektində fəaliyyət göstərəcək məsul şəxs haqqında məlumatları Agentliyə şəxsi kabinetləri vasitəsilə və ya monitoring@afsa.gov.az elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar xəbərlər
Zaqatalada qəhvəyi mərmər bağacığı ilə bağlı Regional Əlaqələndirmə Mərkəzinin iclası keçirilib
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericiyə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə payız-qış mövsümündə həyata keçirilən fitosanitar monitorinqlərin nəticələrinin qiymətləndirilməsi, mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə Mərkəzi və Yerli icra orqanlarının iştirakı ilə Zaqatala rayonunda Regional Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib. Regional Əlaqələndirmə Mərkəzinin rəhbəri, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əli Nəbiyevin iştirakı ilə keçirilən toplantıda qəhvəyi mərmər bağacığının mövcud yayılma vəziyyəti, aparılmış fitosanitar monitorinqlərin nəticələri, zərərvericinin aşkar edildiyi ərazilər və mövcud yayılma ocaqlarında həyata keçirilən mübarizə tədbirlərinin effektivliyi müzakirə olunub. Bildirilib ki, havaların soyuması ilə əlaqədar zərərvericinin qışlama yerlərinin müəyyənləşdirilməsi məqsədilə monitorinqlər intensivləşdirilib, potensial riskli ərazilər nəzarətdə saxlanılır. Qeyd olunub ki, payız-qış mövsümündə qəhvəyi mərmər bağacığı qışlamaq məqsədilə yaşayış evlərinə, anbarlara, təsərrüfat tikililərinə və digər qapalı məkanlara sığınır. Bu dövrdə zərərvericinin kütləvi toplandığı yerlərin vaxtında aşkar edilməsi və mexaniki üsullarla məhv olunması onun populyasiyasının azaldılmasına xidmər edir. Eyni zamanda, zərərvericiyə qarşı mübarizədə əhalinin fəal iştirakının təmin edilməsi və maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. İclasda, həmçinin qəhvəyi mərmər bağacığının transsərhəd yayılma riskləri, aidiyyəti dövlət qurumları arasında məlumat mübadiləsinin gücləndirilməsi və birgə monitorinqlərin təşkili məsələlərinə toxunulub. Yekunda qışlama dövründə zərərvericiyə qarşı mexaniki mübarizə tədbirlərinin prioritet istiqamət kimi həyata keçirilməsi, monitorinqlərin intensivləşdirilməsi, əhalinin mübarizə tədbirlərinə fəal cəlb olunması və aidiyyəti qurumlar arasında fəaliyyətin əlaqələndirilməsinin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Daha sonra fermer təsərrüfatlarına baxış keçirilib.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərdə aparılan işlərlə bağlı mediatur keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi işləri ilə bağlı media nümayəndələri üçün mediatur keçirilib. Mediatur çərçivəsində jurnalistlər Hacıqabul rayonunun Muğan qəsəbəsində aparılan təmizləmə işləri ilə tanış olublar. Bildirilib ki, hazırda pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsizlik tələblərinə uyğun qablaşdırılması həyata keçirilir. Növbəti mərhələdə qablaşdırılmış qalıqların “Cəngi pestisid poliqonu”na daşınaraq xüsusi bunkerlərdə yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlərin əsas məqsədi ətraf mühitin və insan sağlamlığının qorunması, çirklənmə mənbələrinin yarada biləcəyi risklərin azaldılmasıdır.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi davam edir
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, eləcə də həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsiz şəkildə ərazilərdən çıxarılması istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə Hacıqabul rayonunun Muğan qəsəbəsi, Saatlı rayonunun Sarıcalar kəndi və Sabirabad rayonunun Qaratəpə kəndində istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazinin təmizlənməsi üzrə işlərə başlanılıb. Ərazinin mövcud vəziyyətinin qiymətləndirilməsi başa çatdırılıb, hazırda isə pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların qablaşdırılması üzrə işlər aparılır. Növbəti mərhələdə isə qablaşdırılmış pestisid qalıqlarının və çirklənmiş torpaqların müvafiq təhlükəsizlik tələblərinə uyğun xüsusi nəqliyyat vasitələri ilə “Cəngi pestisid poliqonu”na daşınması və müəyyən edilmiş qaydada yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlər AQTA tərəfindən cəlb edilmiş müvafiq lisenziyaya malik ixtisaslaşmış şirkət tərəfindən aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə həyata keçirilir. Yaxın günlərdə Salyan, Biləsuvar və Cəlilabad rayonlarının 8 məntəqəsi üzrə keçmiş “Kənd kimya” birliklərinin ərazisində də analoji tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Qeyd edək ki, əvvəlki illərdə həyata keçirilmiş tədbirlər nəticəsində Ağstafa, Beyləqan, İmişli, Samux və Füzuli rayonlarından ümumilikdə 2000 tondan artıq istifadəyə yararsız pestisid və həmin maddələrlə çirklənmiş torpaq təhlükəsizlik tələblərinə uyğun qablaşdırılaraq “Cəngi pestisid poliqonu”na daşınıb və xüsusi bunkerlərdə yerləşdirilib. Görülən işlərin əsas məqsədi uzun illər ərzində formalaşmış çirklənmə mənbələrinin ətraf mühitə və insan sağlamlığına yaratdığı risklərin azaldılması, ekoloji təhlükəsizliyin təmin edilməsi və dayanıqlı kənd təsərrüfatının inkişafına töhfə verilməsidir.
Giriş