Rusiya Federasiyasına ixrac olunan pomidor məhsuluna tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı növbəti görüş keçirilib
26 Yanvar 2021 18:20
Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti qurumlarla birgə zəruri tədbirləri davam etdirir.
Yanvarın 26-da AQTA sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") sədr müavini Yuliya Şvabauskenenin başçılıq etdiyi nümayəndə heyətləri arasında videokonfrans formatında növbəti görüş keçirilib. Tərəflər arasında Azərbaycandan Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində görüləcək işlər müzakirə olunub.
Ölkəmizdən ixrac olunan bitkiçilik məhsulları üzərində həyata keçirilən təhlükəsizlik tədbirləri ilə bağlı məlumat verən Q. Təhməzli hər iki qurumun mütəxəssislərinin iştirakı ilə aparılan birgə monitorinqlərin məsələnin həlli istiqamətində əhəmiyyətini diqqətə çatdırıb.
Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin sədr müavini Yuliya Şvabauskene həyata keçirilən birgə nəzarət tədbirlərini yüksək qiymətləndirib və bu istiqamətdə birgə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə iki ölkə arasında qida məhsulları, xüsusilə bitkiçilik məhsulları sahəsində ticarət dövriyyəsinin artırılması istiqamətində fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Bitkiçilik məhsullarının istehsalı sahələrində monitorinqlər davam etdirilir
Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində karantin tətbiq edilən, o cümlədən bitki sağlamlığı sahəsində potensial təhlükə hesab olunan müxtəlif zərərli orqanizmləri, onların mənbələrini, yayılma səbəblərini, sərhədlərini vaxtında müəyyənləşdirmək və fitosanitar sabitliyin qorunması məqsədilə mütəmadi olaraq monitorinqlər həyata keçirir. Milli Monitorinq Planı çərçivəsində Agentliyin Şirvan-Salyan regional bölməsinin əməkdaşları tərəfindən Salyan rayonunun Yolüstü, İkinci Varlı kəndləri, Neftçala rayonunun Kürkənd kəndi, Hacıqabul rayonunun Meyniman, Qubalı, İkinci Udullu və Qubalıbaloğlan kəndlərində yerləşən nar bağlarında monitorinqlər keçirilib, xəstəlik və zərərvericilərlə sirayətlənmə əlamətləri olan meyvə və budaqdan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində tənzimlənməyən zərərli orqanizmlərdən Nar meyvəyeyəninin (Euzophera bigella) mövcudluğu təsdiqlənsə də, karantin tətbiq edilən zərərli orqanizm aşkarlanmayıb.
Bakıda EPPO Şurasının 74-cü sessiyası keçirilir
Bu gün Bakıda ilk dəfə olaraq Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatı (EPPO) Şurasının 74-cü sessiyası işə başlayıb. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və EPPO-nun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Kənd Təsərrüfatı Nazirliyi və təşkilata üzv dövlətlərdən olan nümayəndələr iştirak edir. İkigünlük sessiyanın açılışında çıxış edən AQTA sədrinin müavini Zəkiyyə Mustafayeva bildirib ki, dünya miqyasında bitki sağlamlığının önəmi artır, bitkilərin xəstəlik və zərərvericilərdən mühafizəsi insanlar üçün həyati zərurətə çevrilir. EPPO tərəfindən bitki sağlamlığının qorunması, invaziv zərərli orqanizmlərin yeni ərazilərə keçməsi və yayılmasının qarşısının alınması üçün strategiyaların hazırlanması, zərərli orqanizmlərə qarşı müasir, təhlükəsiz və elmə əsaslanan effektiv mübarizə üsullarından istifadənin təşviq edilməsi isə olduqca əhəmiyyətlidir.
AQTA ilə Özbəkistanın Bitkilərin Mühafizəsi və Karantini Agentliyi arasında əməkdaşlığa dair Fəaliyyət Planı imzalanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Özbəkistan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitkilərin Mühafizəsi və Karantini Agentliyinin nümayəndə heyəti ilə görüş olub. Görüş zamanı AQTA sədrinin müavini Balarəhim Quliyev Özbəkistanın Bitkilərin Mühafizəsi və Karantini Agentliyinin direktoru İbrohim Erqaşevin rəhbərlik etdiyi nümayəndə heyətinə ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib. Daha sonra iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın gücləndirilməsi, o cümlədən qida məhsullarının dövriyyəsinin genişləndirilməsi müzakirə edilib, idxal və ixrac üzrə statistik göstəricilər nəzərdən keçirilib. Həmçinin bitkilərə, o cümlədən meyvə və tərəvəzlərə fitosanitar nəzarət, Özbəkistanın E-phyto sisteminə inteqrasiya təcrübəsinin öyrənilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.