COP29 tədbiri ilə əlaqədar ticarət və ictimai iaşə müəssisələrində monitorinqlər davam etdirilir
24 May 2024 12:22
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsi ilə əlaqədar nəzarət tədbirlərini davam etdirir.
Cari ilin 22-23 may tarixlərində 46 ticarət və 75 ictimai iaşə müəssisəsində monitorinq keçirilib. Monitorinqlər zamanı 42 ticarət və 75 ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.
Monitorinqlər zamanı aşkarlanmış nöqsanlar aşağıdakılardır:
- qida təhlükəsizliyi qeydiyyatının alınmasına dair çıxarışın olmaması;
- məhsulların minimum keyfiyyətini və təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlərinin mövcud olmaması;
- izləmə sisteminin (QR kod) tətbiq olunmaması;
- mal qonşuluğu prinsipinin pozulması;
- temperatur rejiminə riayət olunmaması;
- süd məhsullarının tələblərə uyğun etiketlənməməsi, vitrində yerləşdirilməməsi və xüsusi işarələrin mövcud olmaması;
- istifadə müddəti bitmiş, Azərbaycan dilində markalanması, etiket məlumatları və mənşəyi məlum olmayan məhsulların mövcud olması;
- sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmaması;
- mütəmadi olaraq təmizlik və dezinfeksiya işlərinin aparılmaması;
- obliqat qrupuna daxil olan işçilərin ilkin və dövrü tibbi müayinədən keçməməsi və sanitar geyimlə təmin olunmaması.
Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı məsul şəxslərə icrası məcburi göstərişlər verilib.
AQTA bu cür nəzarət tədbirlərini mütəmadi olaraq davam etdirəcəkdir.
Oxşar xəbərlər
Xırdalanda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə fəaliyyət göstərən, fiziki şəxs Əmiraslanov Vasif Hidayət oğluna məxsus “Güvən Lahmacun” restoranında planlı yoxlama keçirib. Baxış zamanı ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların bir sıra tələblərinin pozulduğu, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı məlum olub. Belə ki, mal qonşuluğu prinsipinin pozulduğu, işçi heyətin məcburi tibbi müayinədən keçmədiyi, mətbəxdə və anbar sahəsində divarların asan yuyulub təmizlənən, dezinfeksiyaedici məhlulların təsirinə davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin qurulmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, yuyucu maddələrin və dezinfeksiyaedici vasitələrin xüsusi ayrılmış yerdə saxlanmadığı, ağzı kip bağlanan və qoxu yaymayan tullantı qablarından istifadə olunmadığı və digər nöqsanlar müəyyən edilib. Həmçinin mətbəxdə mənşəyi məlum olmayan qida məhsulları aşkarlanıb. Faktla bağlı müəssisə rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub, restoranın fəaliyyəti məhdudlaşdırılıb.
İstehlaka yararsız ət və subməhsullarının satışının qarşısı alınıb
Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən yerli icra orqanlarının əməkdaşları ilə birgə Ağcabədi rayonunun Aşağı Avşar kəndində fiziki şəxs İsmayılov Cəmil Yunis oğluna məxsus həyətyanı sahədə keçirilən monitorinq zamanı istehlaka yarasız ət məhsulları və normativ hüquqi aktların tələblərinə cavab verməyən kustar üsullarla təchiz edilmiş metal konstruksiyalı kəsim qurğuları aşkarlanıb. Baxış zamanı satış məqsədilə kəsimi həyata keçirilmiş heyvanın aqoniya halında kəsilməsinə və bakterioloji çirklənməsinə əsaslı şübhələr yarandığı üçün ümumilikdə 171 kq ət və subməhsulu (heyvanın daxili orqanları) müsadirə olunub. Müayinələrin aparılması məqsədilə nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib. Mənşəyi məlum olmayan ətin geri qalan hissəsi isə saxlanca qoyulub. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.
Suraxanı rayonunda mərasim evinin fəaliyyəti məhdudlaşdırılıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi, ev 12A ünvanında fəaliyyət göstərən, fiziki şəxs Tağıyev Cəfər İbrahim oğluna məxsus “Yurd” mərasim evində plandankənar yoxlama keçirib. Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, mətbəxdə döşəmə, divar, tavan səthlərinin təmirsiz olduğu və asan yuyulub təmizlənə bilən və dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, tərəvəzlərin, alət və ləvazimatların yuyulması üçün ayrıca yuma çanağının təşkil edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar müəyyən edilib. Baxış zamanı yarımzirzəmi sahədə qanunsuz şəkildə dovğa emalının həyata keçirildiyi məlum olub, lakin qablaşdırma materiallarının etiket məlumatlarında məhsulun istehsal ünvanının Beyləqan rayonunun Gödəklər kəndi, istehsalçının isə Əliyev Rizvan Arzuman oğlu olduğu qeyd edilib. Həmçinin soyuducuda qanunvericiliyə uyğun markalanması aparılmayan mayonez qablarında minimum keyfiyyət və təhlükəsizlik sənədləri olmayan 15 ədəd 10 kiloqramlıq qatıq məhsulu aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib.