AQTA sədri Qoşqar Təhməzli Yaponiyanın Azərbaycandakı səfiri ilə görüşüb
23 Oktyabr 2020 18:19
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yaponiyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi ilə görüşüb.
Q. Təhməzli səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibəti ilə təbrik edib və ona uğurlar arzulayıb. Görüş zamanı Qoşqar Təhməzli səfirə Ermənistanın ölkəmizə qarşı son hərbi təxribatları və Azərbaycanın öz ərazisində apardığı əks-hücum əməliyyatları barədə ətraflı məlumat verib. Humanitar atəşkəs barədə razılıq əldə olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından kənarda yerləşən yaşayış məntəqələrinə hücumları, o cümlədən Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə raket zərbələri nəticəsində mülki əhalinin həlak olmasını diqqətə çatdırıb.
AQTA sədri qeyd edib ki, Azərbaycan Ordusu ölkəmizin hüdudları çərçivəsində düşmənə qarşı uğurlu əks-hücumlar həyata keçirərək, işğal altında olan torpaqlarımızın bir hissəsini azad edib. Bu, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü bərpa etmək məqsədi daşıyır. Bildirib ki, rəşadətli Azərbaycan Ordusu tərəfindən Ermənistanın hərbi təcavüzünə qarşı keçirilən əməliyyatlar nəticəsində işğaldan azad olunan ərazilərdə çəkilən kadrlar Ermənistanın uzun illər həyata keçirdiyi ekoloji terror nəticəsində həmin ərazilərdə bitki örtüyünün çox hissəsinin məhv edildiyini aydın göstərir.
AQTA sədri səfir V. Cüniçiyə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən respublikamızın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarda istehsal edilən qida məhsullarının Ermənistan tərəfindən bəzi ölkələrə ixracı və qanunsuz satışının həyata keçirilməsinin qarşısının alınması istiqamətində görülən tədbirlər barədə məlumat verib.
Q. Təhməzli ölkəmizin Yaponiya ilə əlaqələrin inkişafına hər zaman xüsusi əhəmiyyət verdiyini və əməkdaşlığı genişləndirmək istiqamətində addımlar atıldığını diqqətə çatdırıb.
Görüşdə qonağa ölkəmizdə qida təhlükəsizliyi sahəsində həyata keçirilən islahatlar barədə məlumat verilib. Qeyd olunub ki, Qida Təhlükəsizliyi Agentliyi qida zəncirinin bütün mərhələlərində qida məhsullarının izlənilməsi sisteminin təşkili, qida təhlükəsizliyi (heyvan və qeyri-heyvan mənşəli), fitosanitar və baytarlıq sertifikatlarının qarşılıqlı tanınması, qida təhlükəsizliyi riskləri, heyvan və bitki xəstəlikləri zamanı baş verə biləcək risklərin elmi tədqiqatlarının aparılması, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) tələblərinə uyğun olaraq, iki ölkə arasında məlumat mübadiləsinin həyata keçirilməsi, bir tərəfin ərazisindən digər tərəfin ərazisinə idxal, ixrac və tranzit zamanı karantin zərərvericilərinin yayılmasının qarşısının alınması üçün lazımi tədbirlərin həyata keçirilməsi, qida təhlükəsizliyi və heyvan xəstəliklərinin diaqnostikası üzrə təcrübə mübadiləsinin aparılması istiqamətində Yaponiyanın aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq etməkdə maraqlıdır. Sözügedən istiqamətlər üzrə müvafiq müddəaların 21 noyabr 2019-cu il tarixində Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilmiş Azərbaycan Respublikası və Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının və Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin 10-cu birgə iclasının protokoluna daxil edildiyi səfir V. Cüniçinin diqqətinə çatdırılıb.
Səfir V. Cüniçi Azərbaycanda diplomatik fəaliyyəti dövründə qida təhlükəsizliyi sahəsində əməkdaşlıq və ikitərəfli əlaqələrin geniş müstəvidə təşkili üçün səylərini artırmaq əzmində olduğunu vurğulayıb.
Görüşdə iki ölkə arasında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Ölkələrimiz arasında qida məhsullarının ticarət dövriyyəsinin artırılması məqsədilə “Qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” və “Bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Saziş layihələrinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən hazırlanaraq Yaponiya tərəfinə göndərildiyi barədə məlumat verilib. Səfir ölkəsinin bu sahələrdə hüquqi çərçivənin yaradılmasında maraqlı olduğunu vurğulayıb.
V. Cüniçi səmimi görüşə görə təşəkkür edib, diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasındakı münasibətlərin hərtərəfli inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.
Oxşar xəbərlər
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - VİDEO
Heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunmasında heyvanların identifikasiyası və izlənilməsi mühüm əhəmiyyət daşıyır. Belə ki, heyvan doğulduğu andan etibarən onun fərdi identifikasiyası aparılır. Əldə olunan məlumatlar Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) qeydiyyata alınır. Sistem vasitəsilə heyvanın saxlanıldığı təsərrüfat, onunla bağlı həyata keçirilən baytarlıq tədbirləri barədə məlumatların izlənilməsi təmin edilir. Bu, heyvanın təsərrüfatdan bazara və kəsim məntəqəsinə qədər hərəkətinin izlənilməsinə imkan yaradır. İdentifikasiya və izlənilmə sistemi heyvan xəstəliklərinin vaxtında aşkarlanması və qarşısının alınması, baytarlıq tədbirlərinə nəzarətin gücləndirilməsi, həmçinin heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunması baxımından əhəmiyyətlidir. Beləliklə, istehlakçının aldığı ətin mənşəyi ilə bağlı məlumatın geriyə doğru izlənilməsi heyvanın yetişdirildiyi təsərrüfata qədər mümkündür. Bu imkanın əsasını isə heyvanların identifikasiyası təşkil edir. Daha ətraflı:
Ölkədə fəaliyyətə başlayan heyvan bazarlarının sayı 20-yə çatıb
Cəlilabad və Zaqatala rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar əraziləri asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə rampalar və çardaqlar quraşdırılıb. Eyni zamanda, baytar həkimlərin nəzarəti həyata keçirməsi üçün xüsusi məntəqə yaradılıb. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Bundan başqa yeni tikilən və yenidən qurulan heyvan bazarlarında identifikasiya sisteminin tətbiqi üçün də şərait təmin olunub. Bu sistem heyvanların təsərrüfatlar arasında, eləcə də təsərrüfatlardan kəsimxanalara qədər izlənilməsinə imkan verir. Qeyd edək ki, ölkə üzrə artıq 20 heyvan bazarı AQTA Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Hazırda ölkənin bir sıra heyvan bazarlarında yenidənqurma və abadlaşdırma işləri davam etdirilir. Link:
Heyvanların uçotu və qeydiyyatı üzrə tədbirlər davam etdirilir - VİDEO
Heyvanların fərdi uçotunun aparılması və qeydiyyatının təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Növbəti tədbir Bərdə rayonunda fəaliyyət göstərən təsərrüfatlardan birində həyata keçirilib. Burada saxlanılan 200 baş heyvana fərdi birkalar vurulub, onların nömrələri üzrə müvafiq məlumatlar qeydiyyata alınıb. Proses baytar həkim tərəfindən həyata keçirilib və təsərrüfatda mövcud heyvanların uçota alınması təmin edilib. Heyvanların fərdi uçotu onların hərəkətinin izlənilməsi, baytarlıq nəzarətinin gücləndirilməsi, eləcə də epizootik sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, təsərrüfatlarda heyvanların uçotunun dəqiqləşdirilməsi və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq həyata keçirilir. Daha ətraflı:
Giriş