AQTA sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyəti Fransa və Belçikada səfərdə olub
1 Aprel 2019 10:15
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyəti Fransaya səfər edib.
Agentliyin nümayəndə heyəti Avropa və Aralıq Dənizi Bitki Mühafizəsi Təşkilatının (EPPO) baş direktoru Nico Horn, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OİE) baş direktoru Monik Eluan, Fransanın Qida üzrə Baş Direktorluğunun (DGAL) Avropa və beynəlxalq sanitar məsələlər üzrə departamentinin rəhbəri Şarl Martən və Qida, Ətraf Mühit, Əmək Sağlamlığı və Təhlükəsizliyi üzrə Milli Agentliyin (ANSES) Tədqiqatlar üzrə baş direktoru doktor Jil Salvanın rəhbərlik etdiyi nümayəndə heyətləri ilə görüşüb.
Görüşlərdə Q. Təhməzli dövlət başçısı tərəfindən aparılan institusional islahatlar çərçivəsində yaradılmış Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin missiyası və fəaliyyət istiqamətləri ilə bağlı iştirakçılara geniş məlumat verib.
Avropa və Aralıq Dənizi Bitki Mühafizəsi Təşkilatının (EPPO) baş direktoru Nico Horn ilə görüşdə əhalinin sağlam qida məhsulları ilə təmin olunması istiqamətində Agentlik tərəfindən həyata keçirilən tədbirlərdən, bitki mühafizəsi sahəsində mövcud vəziyyət və qarşıya çıxan problemlərdən bəhs edib. Bildirilib ki, ölkəmizin 20 faiz torpaqları erməni işğalı altındadır və bu torpaqlar nəzarətdən kənar olduğu üçün bitki mühafizəsi sahəsində zərərvericilərə qarşı mübarizə aparmaq, onların qarşısını almaq mümkün deyil və bu fitosanitar nəzarət sahəsində və bitkiçilik məhsullarının ixracında müəyyən çətinliklərin yaranmasına səbəb olur. İşğal altında olan torpaqlarda bitki sağlamlığını təmin etmək və zərurət yarandıqda karantin tətbiq etmək hazırki şəraitdə qeyri-mümkündür. Bildirilib ki, EPPO nüfuzlu beynəlxalq təşkilat kimi bu istiqamətdə öz missiyasına uyğun olaraq, müəyyən tədbirlər həyata keçirə və işğal olunmuş Azərbaycan torpaqlarında fitosanitar vəziyyəti diqqətdə saxlaya bilər.
Görüşdə EPPO-nun e-fresco Komissiyası çərçivəsində ölkəmizdə bitki sağlamlığı və fitosanitar nəzarət üzrə elmi tədqiqat işlərinin aparılmasına, eləcə də bitki sağlamlığı və fitosanitar nəzarət sahəsi üzrə kadr hazırlığına müvafiq texniki dəstək göstərməsinə dair müzakirələr aparılıb. “2020-ci il Beynəlxalq bitki sağlamlığı ili” üzrə EPPO-nun regional tədbirlərindən birinin Azərbaycan Respublikasında keçirilməsi təşəbbüsü irəli sürülüb.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının baş direktoru Monik Eluanın rəhbərlik etdiyi nümayəndə heyət ilə görüşdə heyvan sağlamlığı sahəsində həyata keçirilən tədbirlər və yeni yaradılacaq heyvanların identifikasiya sistemi ilə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda Abşeron yarımadasının “xəstəliklərdən azad zona” statusu almasına, Qida Təhlükəsizliyi İnstitutu ilə OİE-nin Elmi Komissiyası arasında əməkdaşlıq əlaqələrinin yaradılmasına, heyvan xəstəlikləri ilə mübarizə sahəsində elmi tədqiqatların aparılmasına, eləcə də heyvan sağlamlığı və baytarlıq nəzarəti üzrə kadr hazırlığı ilə bağlı müvafiq texniki dəstək göstərilməsi məsələləri müzakirə olunub.
Fransanın Qida üzrə Baş Direktorluğunun (DGAL) Avropa və beynəlxalq sanitar məsələlər üzrə departamentinin rəhbəri Şarl Martənin və Qida, Ətraf Mühit, Əmək Sağlamlığı və Təhlükəsizliyi üzrə Milli Agentliyin (ANSES) Tədqiqatlar üzrə baş direktoru Jil Salvanın rəhbərlik etdikləri nümayəndə heyətləri ilə görüşlərdə qida məhsullarının idxal və ixracı prosedurları, qida zəncirinin bütün mərhələlərində məhsulların izlənilməsinə dair təcrübə mübadiləsinin aparılması məsələsi müzakirə olunub. Qida təhlükəsizliyinə nəzarət üzrə regional idarəetmə sistemi ilə bağlı fikir mübadiləsi aparılıb.
Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyəti həmçinin Belçikaya da səfər edib. Nümayəndə heyəti Belçika Krallığının Qida Təhlükəsizliyi üzrə Federal Xidmətinin baş icraçı direktoru Herman Diriks ilə görüşüb.
Görüşdə qida zəncirinin bütün mərhələlərində qida məhsullarının izlənilməsi və geri götürülməsi sisteminin təşkili üzrə təcrübə mübadiləsinin aparılması, qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrdə kadr hazırlığı üzrə əməkdaşlığın həyata keçirilməsi, heyvanların identifikasiyası və qeydiyyatı sisteminin yaradılması zamanı Belçika Krallığının təcrübəsindən istifadə olunması məsələləri müzakirə edilib.
Tərəflər qida təhlükəsizliyinin müxtəlif xidmətləri üzrə mütəxəssislərin mübadiləsi, subyektlərin qida təhlükəsizliyi qeydiyyatının tətbiqi, eləcə də laboratoriyaların strukturunun öyrənilməsi və kadr hazırlığının gücləndirilməsi üzrə Belçika təcrübəsinin öyrənilməsi, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun beynəlxalq statusu, akkreditasiyası kimi məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
Ölkədə fəaliyyətə başlayan heyvan bazarlarının sayı 20-yə çatıb
Cəlilabad və Zaqatala rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar əraziləri asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə rampalar və çardaqlar quraşdırılıb. Eyni zamanda, baytar həkimlərin nəzarəti həyata keçirməsi üçün xüsusi məntəqə yaradılıb. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Bundan başqa yeni tikilən və yenidən qurulan heyvan bazarlarında identifikasiya sisteminin tətbiqi üçün də şərait təmin olunub. Bu sistem heyvanların təsərrüfatlar arasında, eləcə də təsərrüfatlardan kəsimxanalara qədər izlənilməsinə imkan verir. Qeyd edək ki, ölkə üzrə artıq 20 heyvan bazarı AQTA Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Hazırda ölkənin bir sıra heyvan bazarlarında yenidənqurma və abadlaşdırma işləri davam etdirilir. Link:
Heyvanların uçotu və qeydiyyatı üzrə tədbirlər davam etdirilir - VİDEO
Heyvanların fərdi uçotunun aparılması və qeydiyyatının təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Növbəti tədbir Bərdə rayonunda fəaliyyət göstərən təsərrüfatlardan birində həyata keçirilib. Burada saxlanılan 200 baş heyvana fərdi birkalar vurulub, onların nömrələri üzrə müvafiq məlumatlar qeydiyyata alınıb. Proses baytar həkim tərəfindən həyata keçirilib və təsərrüfatda mövcud heyvanların uçota alınması təmin edilib. Heyvanların fərdi uçotu onların hərəkətinin izlənilməsi, baytarlıq nəzarətinin gücləndirilməsi, eləcə də epizootik sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, təsərrüfatlarda heyvanların uçotunun dəqiqləşdirilməsi və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq həyata keçirilir. Daha ətraflı:
Arıçılıq təsərrüfatlarında epizootoloji monitorinqlər keçiriləcək
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən arıçılıq təsərrüfatlarında bioloji təhlükəsizliyin təmin edilməsi, arılar arasında xüsusi təhlükəli, ekzotik, infeksion və invazion xəstəliklərin erkən aşkarlanması məqsədilə epizootoloji monitorinqlər keçiriləcək.
Giriş