AQTA şənlik mərasimlərinin keçiriləcəyi məkanların sahibləri ilə görüş keçirib
29 İyun 2021 15:45
Nazirlər Kabinetinin qərarına əsasən, 2021-ci il 1 iyul tarixindən müəyyən olunmuş tələblərə riayət etməklə şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilir. Şənlik mərasimlərinin keçirildiyi məkanlarda koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları ilə həmin məkanların məsul şəxsləri arasında videokonfrans formatında görüş keçirilib. Görüşdə 80-ə yaxın şənlik mərasimlərinin keçiriləcəyi məkanların məsul şəxsləri iştirak edib.
İclas zamanı yoluxma hallarının effektiv idarə edilməsi, qonaqlara, işçi heyətə və digər əlaqəli tərəflərə bu cür hallarla bağlı təsirlərin minimuma endirilməsi üçün məsul şəxslər tərəfindən operativ nəzarətin mütəmadi qaydada həyata keçirilməsinin zəruriliyi görüş iştirakçılarının diqqətinə çatdırılıb. Bildirilib ki, şənlik mərasimində xidmət göstərən işçi heyətin tibbi maskadan, əlcəkdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir. İclasda şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı karantin rejiminin qaydalarına əməl edilməsi ilə bağlı şənlik və məkan sahibi arasında müştərək məsuliyyət barədə iltizamnamə imzalanmasının vacibliyi vurğulanıb. Eyni zamanda, müəyyən olunmuş tələblərin pozulması hallarına görə məkan və şənlik sahibinin birgə cavabdehlik daşıması iclas iştirakçılarının nəzərinə çatdırılıb. Qeyd olunub ki, AQTA əməkdaşları tərəfindən portalda müvafiq icazələrin alınıb-alınmaması, işçi heyətin tibbi maska, əlcək və s. qoruyucu vasitələrdən düzgün istifadəsi, müəssisədə çalışan şəxslərin 80%-də “COVID-19 vaksin sertifikatı” və ya “COVID-19 immunitet sertifikatı”nın mövcudluğu, eyni zamanda sıxlıq normaları və adambaşına düşən məsafə kimi məsələlərə nəzarət olunacaq.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb və şənlik mərasimlərinin keçirilməsi ilə bağlı Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş tələblərə sözsüz əməl olunmasının vacibliyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Oxşar xəbərlər
Ölkə üzrə heyvanların identikləşdirilməsi genişləndiriləcək – Dövlət Proqramı
Prezidentin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvanların identikləşdirilməsi və məlumatların Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminə (AQTİS) daxil edilməsi nəzərdə tutulur. Prosesin icrası ilə heyvan sağlamlığına nəzarət gücləndiriləcək və heyvan mənşəli məhsulların izlənilməsi təmin olunacaq. Bu çərçivədə heyvan sahibləri və fermerlər identikləşdirilmə prosesinin vacibliyi və tələbləri barədə məlumatlandırılacaq, müvafiq təlimlər keçiriləcək. Dövlət Proqramında heyvanların identifikasiyası və qeydiyyatı ilə bağlı rəqəmsal imkanların inkişafına da xüsusi diqqət yetirilir. Sənəddə Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) əhatə dairəsinin genişləndirilməsi və funksionallığının artırılmasının heyvan sağlamlığı və biotəhlükəsizliyin təmin olunması baxımından əhəmiyyəti vurğulanır. Sistem heyvanların düzgün qeydiyyatını, sağlamlıq vəziyyətinin izlənilməsini və müvafiq tədbirlərin vaxtında həyata keçirilməsini dəstəkləyir.
Sahibsiz heyvanların sığınacaqla təmin edilməsi istiqamətində tədbirlər həyata keçiriləcək
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvan sağlamlığı və biotəhlükəsizliyə nəzarət sisteminin təkmilləşdirilməsi istiqamətində sahibsiz heyvanların sığınacaqlarla təmin edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Dövlət Proqramında nəzərdə tutulan tapşırıqların icrası ilə bağlı məsələlərə aydınlıq gətirib. Ətraflı:
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - VİDEO
Heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunmasında heyvanların identifikasiyası və izlənilməsi mühüm əhəmiyyət daşıyır. Belə ki, heyvan doğulduğu andan etibarən onun fərdi identifikasiyası aparılır. Əldə olunan məlumatlar Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) qeydiyyata alınır. Sistem vasitəsilə heyvanın saxlanıldığı təsərrüfat, onunla bağlı həyata keçirilən baytarlıq tədbirləri barədə məlumatların izlənilməsi təmin edilir. Bu, heyvanın təsərrüfatdan bazara və kəsim məntəqəsinə qədər hərəkətinin izlənilməsinə imkan yaradır. İdentifikasiya və izlənilmə sistemi heyvan xəstəliklərinin vaxtında aşkarlanması və qarşısının alınması, baytarlıq tədbirlərinə nəzarətin gücləndirilməsi, həmçinin heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunması baxımından əhəmiyyətlidir. Beləliklə, istehlakçının aldığı ətin mənşəyi ilə bağlı məlumatın geriyə doğru izlənilməsi heyvanın yetişdirildiyi təsərrüfata qədər mümkündür. Bu imkanın əsasını isə heyvanların identifikasiyası təşkil edir. Daha ətraflı:
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş