AQTA spirtli içkilərdən zəhərlənmə halları ilə bağlı mətbuat konfransı keçirdi
30 Dekabr 2019 17:14
Son günlər ictimai iaşə obyektlərində spirtli içkidən zəhərlənmə faktlarının artması ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bu gün keçirilən mətbuat konfransında əhaliyə çağırış edib. Bildirib ki, daxil olan faktlarla bağlı aparılan əməliyyat tədbirləri zamanı "Baku City", "Everest", "Piano", "Madonna", “Haştaq” restoranlarında və Abşeron rayonu, Qobu qəsəbəsində Yeni Məhəllə 2 ünvanında spirtli içkilərdən zəhərlənmə faktları təsdiqini tapıb. Bununla bağlı olaraq, Agentlik əməkdaşları tərəfindən aidiyyəti qurumların nümayəndələri ilə birlikdə genişmiqyaslı əməliyyat tədbirləri həyata keçirilib. 101 adda müxtəlif əmtəə nişanlı spirtli içkilərdən nümunələr götürülərək laborator analizlərə cəlb olunub və "Chivas Regal 12" əmtəə nişanlı içkinin tərkibində 76,6 faiz metil spirti aşkar edilib. Q.Təhməzli bildirib ki, metil spirtinin normadan artıq olması insan orqanizmi üçün olduqca təhlükəlidir.
Agentlik sədri qeydə alınan faktların cinayət əməli olduğunu və bu kimi hallara yol verən işbazlara qarşı ən sərt tədbirlər görüləcəyini, qida sahəsində fəaliyyət göstərən hər bir sahibkarın öz fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun qurmalı olduğunu diqqətə çatdırıb.
AQTA sədri istehlakçılara müraciət edərək, bu kimi qanunazidd hallarla rastlaşdıqda və hər hansı məlumat əldə etdikdə Qida Təhlükəsizliyi Agentliyinin 1003 – Çağrı Mərkəzinə məlumat verməyi xahiş edib. Eyni zamanda istehlakçılardan xahiş olunub ki, ictimai iaşə, satış və digər məkanlarda qida məhsulları alarkən məhsulun qablaşdırmasına, etiket məlumatlarına diqqət yetirsinlər, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun sənədləri tələb etsinlər.
Oxşar xəbərlər
Ölkədə fəaliyyətə başlayan heyvan bazarlarının sayı 20-yə çatıb
Cəlilabad və Zaqatala rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar əraziləri asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə rampalar və çardaqlar quraşdırılıb. Eyni zamanda, baytar həkimlərin nəzarəti həyata keçirməsi üçün xüsusi məntəqə yaradılıb. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Bundan başqa yeni tikilən və yenidən qurulan heyvan bazarlarında identifikasiya sisteminin tətbiqi üçün də şərait təmin olunub. Bu sistem heyvanların təsərrüfatlar arasında, eləcə də təsərrüfatlardan kəsimxanalara qədər izlənilməsinə imkan verir. Qeyd edək ki, ölkə üzrə artıq 20 heyvan bazarı AQTA Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Hazırda ölkənin bir sıra heyvan bazarlarında yenidənqurma və abadlaşdırma işləri davam etdirilir. Link:
Heyvanların uçotu və qeydiyyatı üzrə tədbirlər davam etdirilir - VİDEO
Heyvanların fərdi uçotunun aparılması və qeydiyyatının təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Növbəti tədbir Bərdə rayonunda fəaliyyət göstərən təsərrüfatlardan birində həyata keçirilib. Burada saxlanılan 200 baş heyvana fərdi birkalar vurulub, onların nömrələri üzrə müvafiq məlumatlar qeydiyyata alınıb. Proses baytar həkim tərəfindən həyata keçirilib və təsərrüfatda mövcud heyvanların uçota alınması təmin edilib. Heyvanların fərdi uçotu onların hərəkətinin izlənilməsi, baytarlıq nəzarətinin gücləndirilməsi, eləcə də epizootik sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, təsərrüfatlarda heyvanların uçotunun dəqiqləşdirilməsi və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq həyata keçirilir. Daha ətraflı:
Arıçılıq təsərrüfatlarında epizootoloji monitorinqlər keçiriləcək
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən arıçılıq təsərrüfatlarında bioloji təhlükəsizliyin təmin edilməsi, arılar arasında xüsusi təhlükəli, ekzotik, infeksion və invazion xəstəliklərin erkən aşkarlanması məqsədilə epizootoloji monitorinqlər keçiriləcək.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş