Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatı
26 Sentyabr 2018 00:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dayanıqlı sosial-iqtisadi inkişaf kursunun başlıca prioritetlərindən biri kimi əhalinin sağlamlığının qorunması, qida təhlükəsizliyinin təmin edilməsi və bu növ məhsulların təhlükəsizliyinə nəzarət sisteminin səmərəliliyinin daha da artırılması istiqamətində reallaşdırılan ardıcıl və məqsədyönlü tədbirlər davam etdirilməkdədir.
Lakin, bəzi hallarda ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən şəffaf prosedurlar əsasında sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyindən sui-istifadə edilməklə qida təhlükəsizliyi qaydalarının pozulması hallarına yol verilir ki, belə hallara qarşı ən ciddi mübarizə tədbirləri görülməkdədir.
Belə ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ilə birgə müvafiq sahədə mövcud olan xidmət qaydalarının pozulması hallarının qarşısının alınması məqsədi ilə müxtəlif ünvanlarda yerləşən emal sahələrinə baxış keçirilərkən Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində Rəsulov Əlfiqar Əmi oğlu və Hacıyev Fizuli Salman oğluna məxsus qanunsuz fəaliyyət göstərən kəsim sexlərində normativ-hüquqi aktlara və sanitar-gigiyena tələblərinə əməl edilmədən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaratmaqla cəmi 1664 sayda broyler istehsalı olan toyuq və 68 kq toyuq içalatının mənşəyi məlum olmayan kimyəvi maddədən istifadə edilib rənglənərək “kənd toyuğu” adı altında satışının həyata keçirilməsi müəyyən edilmişdir.
Agentlik tərəfindən aşkar edilmiş hüquqpozma faktlarının araşdırılması və aidiyyəti şəxslər barəsində qanuni tədbirlərin görülməsi məqsədilə Baş Prokurorluğa müraciət edilmiş, keyfiyyətsiz toyuq məhsullarının qanunsuz dövriyyəsi ilə əlaqədar toplanmış materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində fakta görə Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq, yəni etibardan sui-istifadə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 192.1-ci (qanunsuz sahibkarlıq vətəndaşlara, təşkilatlara və ya dövlətə xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanmışdır.
Agentliyin Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasında aparılan sınaqlar nəticəsində Əlfiqar Rəsulova məxsus kəsim sexindən götürülmüş serebris toyuq, broyler toyuq və toyuq içalatında ümumi mikrob sayının normativ tələblərlə müəyyən edilmiş məqbul səviyyədən çox olduğu, həmçinin patogen mikroorqanizmlərin və “Salmonella”nın mövcud olması aşkar edilmişdir. Həmçinin su nümunələrində aparılan müayinələr nəticəsində Salmonella (S.typhimurium), E.coli və işçilərin əllərindən götürülmüş yaxma nümunələrində aparılmış müayinələrə əsasən bağırsaq çöpü qrupu bakteriyaları (E.coli) aşkar edilmişdir. Toyuğun rənglənməsində istifadə olunan boyaq maddənin xromotoqrafiya üsulu ilə müayinəsi nəticəsində qida sənayesində istifadəsinə icazə verilməyən kimyəvi maddə olduğu aşkar edilmişdir.
Aparılmış istintaqla Əlfiqar Rəsulovun vergi orqanlarında uçota alınmadan qanunsuz sahibkarkarlıqla məşğul olmaqla başqa şəxslərlə qabaqcadan əlbir olub ayrı-ayrı şəxslərdən mənşəyi məlum olmayan diri toyuqları almasına, ona məxsus həyətyanı sahədə yerləşən tikilidə bunun üçün heç bir xüsusi avadanlıqla təchiz edilməyən, normativ aktların tələblərinə və sanitar-gigiyenik qaydalara cavab verməyən şəraitdə toyuqların kəsimini, təmizlənməsini və saxlanılmasını həyata keçirdikdən sonra qəsdən həmin toyuqların tam keyfiyyətli, buna dair normativ aktların tələblərinə və sanitar-gigiyenik qaydalara cavab verən satışa hazır məhsul olmasını ayrı-ayrı ticarət obyektlərinin nümayəndələrinə yalandan bildirərək, ümumilikdə 23 min 407 manat dəyərində belə məhsulları onlara satmasına, habelə cəmi 3 min 255 manat dəyərində toyuq məhsullarını aldatma yolu ilə satmağa cəhd etməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən ona Cinayət Məcəlləsinin 29,178.2.1, 29,178.2.2, 178.3.2 və 192.1-ci maddələri ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Həmçinin Füzuli Hacıyevə məxsus kəsim sexindən götürülmüş serebsris toyuq, broyler toyuq və toyuq içalatında aparılan müayinələr nəticəsində ümumi mikrob sayının normativ tələblərlə müəyyən edilmiş məqbul səviyyədən çox olduğu, həmçinin patogen mikroorqanizmlərin və “Salmonella”nın mövcud olması aşkar edilmişdir. Eyni zamanda toyuq cəmdəyinin daxili orqanlarında bakterioloji əkmə, mikroskopik və bioloji müayinələr aparılmışdır. Spesifik boy vermiş əkmələrdən yaxmalar hazırlanaraq mikroskopiya edilmişdir. Həmçinin işçilərin əllərindən götürülmüş yaxma nümunələrində aparılmış müayinələrə əsasən müvafiq olaraq Salmonella (Sştyphimurium), E.coli və Qızılı stafilokokk (S.aureus) aşkar edilmişdir.
İstintaqla Fizuli Hacıyevin ayrı-ayrı şəxslərdən mənşəyi məlum olmayan diri toyuqları almasına, ona məxsus həyətyanı sahədə yerləşən tikilidə bunun üçün heç bir xüsusi avadanlıqla təchiz edilməyən, normativ aktların tələblərinə və sanitar-gigiyenik qaydalara cavab verməyən şəraitdə toyuqların kəsimini, təmizlənməsini və saxlanılmasını həyata keçirdikdən sonra qəsdən həmin toyuqların tam keyfiyyətli, buna dair normativ aktların tələblərinə və sanitar-gigiyenik qaydalara cavab verən satışa hazır məhsul olmasını ayrı-ayrı ticarət obyektlərinin nümayəndələrinə yalandan bildirərək, ümumilikdə 1 548 manat dəyərində belə məhsulları onlara satmasına, habelə cəmi 2 min 642 manat dəyərində toyuq məhsullarını aldatma yolu ilə satmağa cəhd etməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən ona Cinayət Məcəlləsinin 178.2.2 və 29,178.2.2-ci maddələri ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının pozulmasına yönəlmiş hər növ qanun pozuntularının qarşısının alınması istiqamətində bundan sonra da ən ciddi tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Ölkədə fəaliyyətə başlayan heyvan bazarlarının sayı 20-yə çatıb
Cəlilabad və Zaqatala rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar əraziləri asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə rampalar və çardaqlar quraşdırılıb. Eyni zamanda, baytar həkimlərin nəzarəti həyata keçirməsi üçün xüsusi məntəqə yaradılıb. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Bundan başqa yeni tikilən və yenidən qurulan heyvan bazarlarında identifikasiya sisteminin tətbiqi üçün də şərait təmin olunub. Bu sistem heyvanların təsərrüfatlar arasında, eləcə də təsərrüfatlardan kəsimxanalara qədər izlənilməsinə imkan verir. Qeyd edək ki, ölkə üzrə artıq 20 heyvan bazarı AQTA Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Hazırda ölkənin bir sıra heyvan bazarlarında yenidənqurma və abadlaşdırma işləri davam etdirilir. Link:
Heyvanların uçotu və qeydiyyatı üzrə tədbirlər davam etdirilir - VİDEO
Heyvanların fərdi uçotunun aparılması və qeydiyyatının təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Növbəti tədbir Bərdə rayonunda fəaliyyət göstərən təsərrüfatlardan birində həyata keçirilib. Burada saxlanılan 200 baş heyvana fərdi birkalar vurulub, onların nömrələri üzrə müvafiq məlumatlar qeydiyyata alınıb. Proses baytar həkim tərəfindən həyata keçirilib və təsərrüfatda mövcud heyvanların uçota alınması təmin edilib. Heyvanların fərdi uçotu onların hərəkətinin izlənilməsi, baytarlıq nəzarətinin gücləndirilməsi, eləcə də epizootik sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, təsərrüfatlarda heyvanların uçotunun dəqiqləşdirilməsi və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq həyata keçirilir. Daha ətraflı:
Arıçılıq təsərrüfatlarında epizootoloji monitorinqlər keçiriləcək
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən arıçılıq təsərrüfatlarında bioloji təhlükəsizliyin təmin edilməsi, arılar arasında xüsusi təhlükəli, ekzotik, infeksion və invazion xəstəliklərin erkən aşkarlanması məqsədilə epizootoloji monitorinqlər keçiriləcək.
Giriş