Xətai rayonunda antisanitar şəraitdə süd və süd məhsulları istehsal edən sexin fəaliyyəti məhdudlaşdırılıb
5 İyul 2019 08:10
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Bu məqsədlə fəaliyyətlərini standartlara uyğun təşkil etməyən müəssisələrdə qanunvericiliyin tələbləri çərçivəsində monitorinqlər aparılmaqdadır. Həyata keçirilən nəzarət tədbirləri ilə yanaşı, Agentliyin “Çağrı mərkəzi”nə konkret faktlara əsaslanan müraciətlər daxil olmaqdadır. Həmin şikayətlər əsasında plandankənar (növbədənkənar) yoxlama tədbirləri aparılır və məhsullardan götürülən nümunələr laborator müayinələrə cəlb edilir.
Agentliyə paytaxtın Xətai rayonu, Nobel prospekti 84 ünvanında yerləşən süd və süd məhsulları istehsalı sexində sanitar-gigiyena və texniki normativ sənədlərin tələblərinə əməl edilməməsi barədə məlumat daxil olub. Daxil olan müraciət əsasında süd və süd məhsulları sexinə baxış keçirilib. Baxış zamanı müəyyən edilib ki, müəssisədə xam südü qəbul etmək və saxlamaq üçün xüsusi sahə mövcud deyil. Gətirilən xammal birbaşa sexdə quraşdırılmış pasterizasiya çəninə ötürülür. Bundan başqa, təhlükəsizlik göstəriciləri sayılan südün turşuluğu, pH və antibiotik test müayinəsi aparılmır.
Bəlli olub ki, xam südün alındığı heyvandarlıq təsərrüfatının sağlamlığı haqqında müvafiq sənədlər mövcud deyil. Müəssisədə eyni sahədə südün pasterizasiyası aparılır, xama, qatıq, dovğa, kərə yağı, kəsmik istehsalı həyata keçirilir.
Yoxlama zamanı müəssisədə südün qatılığının artırılması üçün məhsula qarğıdalı nişastasının vurulduğu, bununla bağlı etiket məlumatlarında hər hansı məlumatın qeyd olunmadığı müəyyən edilib.
Müəssisədə çənlərin iç hissəsində, pasterizə olunmuş südün və qablaşdırlan şor məhsulunun üzərində müxtəlif həşəratlar aşkar edilib. Müəssisənin sanitar-texniki və sanitar gigiyenik vəziyyətinin qeyri-qənaətbəxş olduğu, işçilərin işçi geyimi ilə təmin olunmadığı, onların dövri tibbi müayinədən keçmədikləri müəyyən edilib.
Aşkar olunmuş nöqsanlar əsasında süd və süd istehsalı sexinin fəaliyyəti məhdudlaşdırılıb və məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Sahibsiz heyvanların sığınacaqla təmin edilməsi istiqamətində tədbirlər həyata keçiriləcək
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvan sağlamlığı və biotəhlükəsizliyə nəzarət sisteminin təkmilləşdirilməsi istiqamətində sahibsiz heyvanların sığınacaqlarla təmin edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Dövlət Proqramında nəzərdə tutulan tapşırıqların icrası ilə bağlı məsələlərə aydınlıq gətirib. Ətraflı:
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - VİDEO
Heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunmasında heyvanların identifikasiyası və izlənilməsi mühüm əhəmiyyət daşıyır. Belə ki, heyvan doğulduğu andan etibarən onun fərdi identifikasiyası aparılır. Əldə olunan məlumatlar Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) qeydiyyata alınır. Sistem vasitəsilə heyvanın saxlanıldığı təsərrüfat, onunla bağlı həyata keçirilən baytarlıq tədbirləri barədə məlumatların izlənilməsi təmin edilir. Bu, heyvanın təsərrüfatdan bazara və kəsim məntəqəsinə qədər hərəkətinin izlənilməsinə imkan yaradır. İdentifikasiya və izlənilmə sistemi heyvan xəstəliklərinin vaxtında aşkarlanması və qarşısının alınması, baytarlıq tədbirlərinə nəzarətin gücləndirilməsi, həmçinin heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunması baxımından əhəmiyyətlidir. Beləliklə, istehlakçının aldığı ətin mənşəyi ilə bağlı məlumatın geriyə doğru izlənilməsi heyvanın yetişdirildiyi təsərrüfata qədər mümkündür. Bu imkanın əsasını isə heyvanların identifikasiyası təşkil edir. Daha ətraflı:
Ölkədə fəaliyyətə başlayan heyvan bazarlarının sayı 20-yə çatıb
Cəlilabad və Zaqatala rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar əraziləri asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə rampalar və çardaqlar quraşdırılıb. Eyni zamanda, baytar həkimlərin nəzarəti həyata keçirməsi üçün xüsusi məntəqə yaradılıb. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Bundan başqa yeni tikilən və yenidən qurulan heyvan bazarlarında identifikasiya sisteminin tətbiqi üçün də şərait təmin olunub. Bu sistem heyvanların təsərrüfatlar arasında, eləcə də təsərrüfatlardan kəsimxanalara qədər izlənilməsinə imkan verir. Qeyd edək ki, ölkə üzrə artıq 20 heyvan bazarı AQTA Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Hazırda ölkənin bir sıra heyvan bazarlarında yenidənqurma və abadlaşdırma işləri davam etdirilir. Link:
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş